Sırtıq olmaq haqqında abırlı məsləhətlər

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

8 avqust 2022
# 15:40

Azərbaycanda yaxşı yaşamaq üçün "sırtıq" olmaqdan başqa çarən yoxdur. Azərbaycan elə yerdir ki, burda sırtıqlığın da növləri var. Biri var, gördüyün işlərdə "sırtıq" olursan, biri də var həyatı məsələlərdə.

Gördüyün işlərdə "sırtıq" olmaq sənə yaxşı yaşayış filan vəd etsə də, hörmətdən, izzətdən, həyadan salacaq, sonda isə ləyaqətsiz bir insana çevriləcəksən. Məsələn, 100 manat qazandığın yerdə sırtıqlığına salıb, əyri işlərə girib, ləyaqətsizlik edəcəksən. Bu, hələ sıradan, xırda bir misaldır.

Amma həyati məsələlərdə "sırtıq" olsan, ömrün uzanacaq, yaşayışın mənəvi cəhətdən düzələcək. Ən azı quruca da olsa ayaq üstə durmağı bacaracaqsan. Əgər sürünə-sürünə də olsa çox yaşamaq istəyirsənsə, sırtıqlıq et.

Elə bir zamana gəlmişik ki, xüsusi ilə getdikcə daha da peşəkar şəkildə sırtıqlaşmalısan, çünki elə getdikcə həyat şərtləri də çətinləşir.

Düşünürəm ki, problemlərdən dolayı "sırtıq" olan insanlar heç vaxt intihar eləməz, məsələn. İndiyə qədər ailəvi problemlərə, başına gələn faciələrə dözməyib intihar edən insanlar, sadəcə, "sırtıq" olmağı bacarmayıblar. Ola bilər, sırtıq sözü sərt səslənə, deyəndə adamın xətrinə də dəyə bilər. Amma neyləmək olar? Belə olmalısan, bunu bacarmalısan. Əslində, bu, həm də həyalı, abırlı qalmağın antonim növüdür. Bu dünyada acı çəkməyən, problemlə üzləşməyən heç kim yoxdur. Elə dərdlər, ağrılar var ki, onlar yaşayış səviyyəsindən, kimliyindən, necəliyindən asılı olmayaraq hamını tapır.

Ona görə də sırtıq olmaq haqqında məsləhətimi əldə bayraq edib, başqa əməllərə yol vermək olmaz. Məsələn, sırtıqlıq edib adamları bezdirməyə ehtiyac yoxdur. Tutalım, bir yerdəki səni istəmirlər, sırtıqlığına salıb ora getməyə, camaatı narahat eləməyə də ehtiyac yoxdur. Adamın abrı, həyası olar. Sırtıq olanda nə olar? Bu məsələdə sırtıqlıq qətiyyən olmaz. Dediyim kimi, sadəcə və sadəcə, həyati şərtlərdə, problemlərdə.

Bunu bir dəfə bir dostumun dilindən eşitmişdim. Ana ölüb, ardınca ata, bacı yox, qardaş itib, özü evlənib, yoldaşı da xəyanət edib. Ən yaxşı halda iflic keçirə bilinəcək hadisələrə, adam sadəcə gülümsəyirdi. Başqa bir dostumuz ona məclisdə "bütün bunlara necə dözdün?" sualına, gülərək "sırtıqlığıma" salıb yaşayıram da demişdi. Düz də demişdi. Olanları qəbullanıb, çıxış yolunu da özünü öldürməkdə filan görməyib. Qıraqdan gülməli, adi görsənsə də, olduqca böyük həqiqətdir. Normal, təbii olaraq başına gələnlərə görə pis olursan, amma bunun da keçəcəyini bilirsən. Məhz dediyim sırtıqlıq budur.

Qismət olsa, mən də başıma işlər gəldikcə, ağrılar, itkilər yaşadıqca daha da sırtıqlaşacam. Çünki bu ölkədə, bu cür şərtlər altında sırtıqlaşmaqdan başqa çarəm qalmır. Həyat isə davam edir. Ən böyük dərdlərdən sonra da.

Həyalı, abırlı adamlardan üzr istəyirəm.

# 2753 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #