Ciddi oğlanların fabulası ətrafında

Ciddi oğlanların fabulası ətrafında
21 oktyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Ciddi oğlanların fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bir qız köçür, bizim dağın maralı,
Bir qız köçür, qüssələrdən aralı,
Bir qız köçür, ana qəlbi yaralı,
İstəməzdim ürəklərdə xal görüm,
Çal, qardaşım, həzin-həzin çal görüm.

Tərəkəmə çalın siz, oynamaq istəyirəm,
Öz qəlbimdə vulkantək qaynamaq istəyirəm,
Tərəkəmə çalın siz, hamı qalxsın ayağa,
Ulu əcdadım gəlir mənimlə oynamağa.

Qiymətli nəzm nümunələri

Dünən metroda bir ciddi oğlan başqa bir ciddi oğlanın çiyninə toxundu. Və onlar mübahisə etməyə başladılar. Ciddi oğlan-1 dedi ki, “yoluna bax da, ala, korsan?!”. Ciddi oğlan-2 isə cavab verdi ki, “mənə deyirsən?!”. Ciddi oğlan-1 dedi ki, “hə, sənə deyirəm!”. Ciddi oğlan-2 əsəbiləşdi, dərindən nəfəs alıb, gözlərini yuxarı qaldırdı, dodaqlarını bir-birinə sıxdı, qollarını tərpədib cavab verdi ki, “gəl çıxaq çöldə söhbət eliyək, görüm nə deyirsən!”. Ciddi oğlan-1 də eyni hərəkətləri edib dedi ki, “eşidirsən, sənin bağırsaqlarını yerə tökərəm, ağıllı ol!”. Ciddi oğlan-2 də bildirdi ki, “sənin çaşdun ha, uje!”. Nəysə, başladılar bir-birinə söyüşlər söyməyə, mənasız-mənasız hərəkətlər eləməyə, söhbət xırdalamağa.

Daha sonra polis gəlib dedi ki, “vətəndaş, nolub burda?”. Hər ikisi də, “heç nə rəis, heç nə olmayıb” dedi. İndi guya bunlar “sukalıq” eləmirlər də. Əsl kişi belə olmalıdır. Baş kəssən də yanında ağzından söz çıxarmamalıdırlar. Gördüm ki, əla materialdır, bunlarla məzələnməsəm ürəyim partlayar, tez qaçıb polisə dedim ki, “bağışlayın, bunlar bayaqdan ictimai asayişi pozurlar, camaatı narahat edirlər, səhərdən dava-dalaş salıblar metroda. Üstəlik, deyəsən, bıçaqları da var. Çünki bir-birini təhdid edirdilər”.

Ay Allah, həmin an ciddi, qara kurtkalı, qara ayaqqabılı, barmaqlarına “vor v zakone” üzüklər taxan, təsbehli, ömründə heç vaxt toyuq başı kəsməyən, amma özünü daima adam başı kəsmiş qatil kimi aparan, idmançı oğlanların sifətini görməli idiniz. Quzuya dönmüşdülər. Hər ikisi elə büzüşmüşdü ki, elə bil bayaq bir-birinin bağırsaqlarını yerə tökməyə hazırlaşan ciddi və əsəbi oğlanlar bunlar deyil. Söhbətin axırı bilmədim necə oldu. Mən çıxdım getdim, onlar qaldı orda yalvara-yalvara.

Ciddi oğlanların istifadə kitabçası

Şəhərdə küçə ilə gedərkən uzaqdan Polad Ələmdardan, Yamaç Koçovalıdan, Mematidən bərk təsirlənmiş bir gənc düz sənin üstünə gəlir. Ona baxanda dərhal bilmək olur ki, balaca beyni ilə “Google”a yazdığı “oqru alemi haçab yarnib”, “perbiz bulbule resad daqli deysume”, “dolya mahnisi bulvar Elish gitarafa” və s. şeylər axtarıb,
bir-iki rus sözü öyrənib, “minenyası” əsl mujik “minenyasıdı”, daima qeyrətin keşiyindədir.

Hə, gəlir düz sənin üstünə! Baxırsan ki, bu gənc qarşısındakına yol vermək naminə bir qarış da qırağa çəkilmək istəmir. Halbuki, belə hallarda qəfil qarşı-qarşıya gələn normal adamlar, eyni zamanda, bir-birinin qarşısından yarıbayarı çəkilərək heç bir toqquşma yaratmadan ötüb keçirlər.

Ancaq bizim bu “Yamaç Koçovalı” çox ciddidi, heç kimin qarşısından çəkilməz! Qarşısından tam çəkilməyəni ən azı çiyni ilə vurub özünü enlikürək göstərməyə çalışmalıdır. Kiməsə yol vermək, kiminsə üzünə gülümsəmək onlarda “zapadlo” sayılır. Ona görə yerli “Polad Ələmdar”ımız qarşınıza çıxarsa, bəri başdan bilin ki, o, heç vaxt kənara çəkilməyəcək. Ayaqlarının altında qalmamaq üçün bəri başdan özünüzə gün ağlayın.

Bu tip gənclər həmişə başlarını dik tutaraq irəlidəki hansısa qeyri müəyyən nöqtəyə baxırlar. Əl-qol hərəkətlərinə ciddi idmançı jestləri qatmaq istəsələr də yerişləri əttökən olur. Çox vaxt Amerika filmlərinin gözü eynəkli killerlərinin də parodiyasını yaradırlar.

Yerli “Memati”lər ictimai yerlərdə həmişə özlərini asayişin könüllü keşikçiləri bilirlər. Belələrinə şəhərin hər tərəfində rast gəlmək mümkündür. Uzun saçlı oğlan görəndə, qısa ətəkli qız görəndə, rəngli geyinən gənc görəndə onları lağa qoyur, ələ salır, söz atırlar.

Onlar metro vaqonlarının bir tərəfində durub hamıya nəzarət eləyirlər. İçəridəkilərin hamısını öz “zəhmli” baxışları altında əzməklə məşğul olurlar. Vaqonun qapısı bir saniyə gec açılsa, qapıya təpik vururlar. Tutacaqdan tutmurlar. Çiyinlərini yuxarı qaldırıb, tez-tez çolkalarını düzəldirlər, ayaqqabılarına baxırlar. Hər 5-3 saniyədən bir burunlarına toxunurlar. Valideynlərinin qayğısına qalmırlar. Bir dəfə zibil atmazlar, bir dəfə həyət-bacada hansısa işin qulpundan yapışmazlar. Bütün gün, “çaaaay nolduuu?”, “acaam” deyib qışqırırlar. Dindirsən mütləq deyəcək ki, “mən həyat universitetini qurtarmışam, neynirəm ali təhsili-filan”.

Arada telefonu çıxarıb saata nəzarət edirlər. Əllərində tutduğu içi bom-boş portmanatlarını tez-tez gah sağ əldə tuturlar, gah sol əldə, telefon zəngləri ciddi musiqilər olur, Niva, nol yeddi, BMW alıb, içində yüksək səslə mahnıya qulaq asmaq istəyirlər. Hələ tatuları varsa, “fso da brat, vot takaya dolya varavskaya, asdım, soxdum, basdım, yatdım, çıxdım”.

Onlar hər bir söhbəti islam şəriətinə uyğun “xırdalayırlar”. Beyinlərində elmdən, mütaliədən bir toz da yoxdu. Onlar əlində kitab tutan adamlara nifrət eləyirlər. Ən sevimli məşğuliyyətləri hansısa saqqallı adamdan hədis eşitməkdi. Öz “razborka”larında bu hədislərdən gen-bol istifadə edir, qarşıdakını ərəb imamların məsəlləri və adları ilə qorxudub zor-xoş haqsız çıxara bilirlər. Qarşıdakına ən çox “burda xalxın ana-bacısı var” kəlməsilə təzyiq eləməyi xoşlayırlar. Çürük sarsaq hərəkətlərinə dini, ya da adət-ənənə mənaları verərək özlərinə mərifətli oğlan imici yaratmağa çalışırlar. Özlərini müdrik, hər şeyi bilən, elmli, lazım olarsa, arxalı, bütün vəzifəliləri tanıyan ağzıdualı adam kimi göstərirlər.

Bu “Polad Ələmdar”ların vəzifəli adamlara qulluq göstərmək, onların yolunda canlarını qurban vermək kimi şakərləri də var. Vəzifəli adam görəndə özlərini yığışdırar, mərifətli oğlan adı altında, hətta əllərini aşağı salarlar. Onlar vəzifəli şəxslərə mərifət və qanacaq donu altında yaltaqlanar, başmaq cütləyərlər. Fağır və kimsəsiz adamların üstünə şahin kimi şığımağa daima hazırdırlar.

Kiminsə üzünə gülümsəməyi özlərinə sığışdırmasalar da, polis görən kimi o dəqiqə üzlərində təbəssüm yarana bilir.

Bu ciddi oğlanların ən uzağı içib kimisə bıçaqlamağı mövcuddur. O da niyə? Çünki belələrinin psixikası həmişə laxlamış halda olur və gərgin vəziyyətdə özlərini kimisə bıçaqlamaqdan saxlaya bilmirlər. Lakin ayılandan sonra kimə desən yalvarmağa hazır olurlar.

Yaxşı oğlanlar gəzdikləri qızlardan danışırlar. Restoranda yemək yeyib, hesabı qıza ödətdirdiyini fəxrlə, qəhrəmanlıq etmiş kimi danışmağa başlayır, adamın zəhləsini tökürlər. O biri yaxşı oğlanlar qəti qərar verirlər ki, o qız əxlaqsızdı, onu "fırratmaq" lazımdı. Sonra yaxşı oğlanlar başqa fırratmalı qızlardan söhbət açırlar. Axırda qərara gəlirlər ki, o qızların yiyəsi yoxdur. Sonda hamı bir ağızdan deyir ki, “elə bacıları olsa, o dəqiqə başlarını kəsərik”.

Yaxşı oğlanlar bu söhbətləri hündürdən edir, başqalarını narahat etdiklərinin qəti fərqinə varmır, elə bilirlər ki, hər kəs bu söhbətlərə qulaq asmalı və hələ onlara da minnətdar olmalıdır. Onlar başqalarını narahat etdiklərinin fərqində olmurlar. Fərqində olsalar da, bundan həzz alırlar.

Yaxşı oğlan şit zarafatlar edir. Yaxşı oğlan qarşısındakı adama «siz» deyə bilmir. Yaxşı oğlan başqasını narahat etməkdən həzz alır. Yaxşı oğlan özünü apara bilmir. Yaxşı oğlanın corabından iy gəlir. Yaxşı oğlan kitaba ikrahla baxır. Yaxşı oğlan kitab oxuyanlara ikrahla baxır. Yaxşı oğlan şit, tərbiyəsiz, bayağı, düşük, ucuz söhbətlər edir. Yaxşı oğlan gəzdiyi qızlardan danışır. Yaxşı oğlan kubik sındırmaq istəyir...

Ölən ümidlər...

Adamlar xoşbəxtliyi, uğur qazanmağı kitabda, elmdə, məktəbdə yox, mahnı oxumaqda, mahnı yarışmalarında, təlxəklik etməkdə, güləşməkdə, idman zallarında görürlər. Artıq adamlar özləri övladlarının müğənni, təlxək, güləşçi olmasını arzulayır. Onları məktəbdən ayırıb, idman zallarına göndərirlər. Bir Avropa çempionunun hörməti bütün fikir adamlarının hörmətindən çoxdur. İncəsənət adamları, yazarlar, elm adamları hətta yaxınlarının belə gülüş, istehza obyektinə çevrilib. Faktiki olaraq, müğənnilər, təlxəklər, idmançılar bizim ölkənin televiziya verilişlərinin qəhrəmanına çevrilib. Onlar bizə nə geyinməyi, nə yeməyi, necə yaşamağı öyrədirlər.

Olimpiya çempionu xoşbəxtliyin, uğurun rəmzinə çevrildiyi ölkədə, əlbəttə, kitab oxuyan adama güləcəklər. Onların rahat həyatı efir vasitəsi ilə təbliğ olunur. Beləcə, zamanın nəbzini tutmaq istəyənlər övladlarını həvəslə idman zallarına, mahnı yarışmalarına göndərirlər. Bəlkə də, gələcəyin yaxşı bir rəssamını, şahmatçısını zorla karate zalına göndərib, sakit, mədəni, istedadlı bir uşağı idmançıya çevirmək istəyirlər.

Biz, bir ovuc kitab-dəftərlə məşğul olan azlıq hər kəsə, hər şeyə uduzuruq. Məndən əvvəl bu yazılar yüz dəfə yazılıb, yüz dəfə deyilib, min dəfə qabardılıb. Amma göz-görə arxaya getməyə davam edirik. Hər keçən gün kimsə kimsənin başını kəsir, kimsə kiməsə təcavüz edir, qadına şiddət artır, bir manatın üstündə adam bıçaqlanır, cəmiyyət vəhşiləşir. Müdir, məmur, arvad tərəfindən əzilən qara adamlar heç nəyi bir-birinə keçmirlər. Heç bir səhvi bağışlamırlar. Yox yerdən problem yaradırlar.

# 3585 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #