Düşünə bilməyən vaxt qatilləri

Düşünə bilməyən vaxt qatilləri
7 oktyabr 2021
# 18:30

Kulis.az Aqşin Yeniseyin “Modern cəhalətin inancı - İQ-nün İP-yə qurban verilməsi” yazısını təqdim edir.

O gün bir statusda yazmışdım ki, insan gərək insan(lar)dan çox insanlıqla ünsiyyətdə olsun; yəni fəlsəfəylə, sənətlə, elmlə və s. Bütün xoşagəlməz hadisələr insanlığın iştirak etmədiyi insani münasibətlərdə baş verir.

Türk alimi, dünyaca məşhur Cəlal Şəngörün dilimizə "Axmağı tanımaq” deyə tərcümə edə biləcəyimiz kitabında, təxminən, belə bir fikir var ki, axmağı, cahili həm də yaradıcı deyil, əzbərçi təhsil sistemi yetişdirir. Yəni cahil heç də tamamilə bilikdən, bilgidən məhrum olan adam deyil, bu biliyi, bilgini özününküləşdirə, istifadə edə bilməyən adamdır. Mədəniyyətin şifahi-əzbərçi səviyyəsində ilişib qalmış şəxsdir.

Bu gün də bir çox xalqlar özlərinin mövcudluqlarını şərtləndirən şifahi-əzbərçi folklorik adət-ənənələrini bütün bəşəri dəyərlərdən, yazılı mədəniyyətin gəldiyi nəticələrdən üstün tutaraq, mövcud sivilizasiyanın ümumi inkişafından geri qalırlar. Bu xalqların gündəlik həyatı hələ də təbii-ibtidai qanunlara əsaslanan, Hobbsun sözləri ilə desək, "hamının hamıya qarşı mübarizəsi” rejimində kütləvi nevrozdan, ailəvi psixozdan, şəxsi cırtqozdan qaynaqlanan miskin əziyyətlər içində keçir.

Cəlal Şəngör də İQ (İntelligenz-Quotient) səviyyəsinin genetik ötürüldüyünü söylədiyi üçün bir az irqçi təsiri bağışlayır kitabında. Ateist geoloq deyir: "Zəkanın komponentlərinin başında təbii olaraq fərdin bioloji təməli, yəni beyin tutumu gəlir. Bu tutum məsələsi insanın və ya ətrafındakı insanların ixtiyarında olan bir bacarıq deyil, tamamilə genetik, yəni irsiyyət tərəfindən ötürülür. Ancaq digər komponentlər arasında insanın böyüdüyü mühitin, aldığı təhsilin və ona həvalə edilmiş vəzifə və məsuliyyətlərin də çox əhəmiyyətli olduğu artıq məlumdur".

Azərbaycan insanının bu gün Maleviçin "Qara kvadrat"ını xatırladan "zamanın ikonası” kimi qaraqabaq çöhrəsinin müəllifi özü deyil, bu qaramat Yaxın və Orta Şərq çıxılmazlığına işıq salan mollanəsrəddinçi satiranın, yumorun yerini tutmuş cahil və idxal apokalipsisizmin kölgəsidir. Birimizin sifətindən "ərəb baharının" səmum yelləri əsir, o birimizin ağzından tələyə düşmüş qəzəbli rus ayısının köpüklü heliyi tökülür, başqa birimizin cibindən azadlıq üçün verilmiş muzd qəbzi çıxır və s.

Adda-budda üzlərdə ilişib qalmış tək-tük gülümsəmələr də memorial effektlidir.

Öldürmək sənətlə (meyxana, ara mahnıları) süslənmiş dəbə, öldürülmək İP-ə xidmət edən gündəlik məişət hadisəsinə çevrilib.

İQ-nün İP-yə qurban verildiyi dövrdə yaşayırıq.

Hələ V əsrdə qisası şəxsi deyil, ictimai məsələ kimi müzakirə və mühakimə etmək haqqında qanun qəbul etmiş Roma hüququnun taxta çəkici yenə Furiyaların əlinə keçib. Və belə bir vaxtda ədəbiyyat, media, sənət öz ulu ideallarını unudub cürbəcür dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyi sui-qəsdlərin təsirinə düşərək, qorumalı olduğu ali mənəvi-bəşəri dəyərləri daha şiddətlə dağıtmaqla məşğuldur.

Cəlal Şəngörün dediyi bizi yetişdirən genetik imkanlarımıza təsir edən mühit bu gün xəbər, informasiya zibilliyindən ibarətdir.

Xüsusilə dünya mediası Bekketin "Qodonu gözlərkən” pyesindəki ağa Pozzonun başına ip keçirib arxasınca gəzdirdiyi nökəri Lakinin günündədir. Bir ucdan günlük xəbərlərin düşkününə çevirməklə dünya əhalisini cahilləşdirməklə, mənəvi-psixoloji böhran içində saxlamaqla məşğuldur. Uzağa getməyək, beş-altı ay əvvəl İQ səviyyəsinə görə dünyanın digər ölkələrinə ta bioloq Lamarkın dövründən yuxarıdan-aşağı baxan Avropa ölkələrində pandemiya əleyhinə istifadə olunan maskalarda qurdların varlığını dünyaya göstərən videogörüntülər yayıldı. Almanlar, fransızlar (mənim gördüklərim) təlaş və həyəcanla bir mikroskopun və qaynar su dolu bir kasanın başına yığışıb maskalarda qurd axtarırdılar.

Bu adamlar XXI əsrin informasiya ilə böyüyən, informasiya asılılığından əziyyət çəkən insanları – informatikuslar idilər. Özlərinə lazım olmayan informasiyalarla yaşayan, özləri də bir ucdan sosial şəbəkələrdə hətərən-pətərən informasiyalar istehsal edən insanlıqdan uzaq düşən insanlar.

Onların tez-tez sosial şəbəkələrdə gileyləndiyini eşidirik: "bu gün nəsə sakitlikdir, ortaya bir hadisə (informasiya) atan olsaydı, vaxtımızı öldürərdik (əslində, "psixoloji ehtiyacımızı ödəyərdik” deyirlər). Cəlal Şəngör öz "aptalı”nın xarakterini müxtəlif yönlərdən izah edir. Mənə görə, günümüzün "aptalı”, yəni axmağı vaxtını öldürməyə vasitələr axtaran insandır. Vaxt öldürmək üçün də ən modern və əlçatan vasitə sosial şəbəklərədə lazımlı-lazımsız informasiya zibilliyində eşələnməkdir.

Xroniki informasiya qəbuli ilə xroniki narkotik qəbulu arasında fərqdən çox, oxşarlıq var. Narkotik asıllığı fiziki-cismani keylik, quruluq yaratdığı kimi, informasiya asıllığı da mənəvi-intellektual keylik yaradır.

Rus psixiatr Vladimir Levi deyirdi ki, "Gülməli şey eybəcərliyin bir parçasıdır", yəni gülüşü eybəcərlik yaradır. Bu gün eybəcərliyin qarşılığı ona görə eybəcərlikdir ki, onun bir zərrəsi, bir parçası olan yumoru görəcək intellekual səviyyə aşağı düşüb. Meydan dekorativ effektli "Hollivud gülüşü”nündür, yəni məzmununda heç bir zehni yaradıcılıq olmayan hırıltıların.

Yəqin ki, oxucularımızın bir qismi Viktor Hüqonun "Gülən adam” əsərini xatırlayırlar. Əsərin baş qəhrəmanı Quinplen əbədi gülməyə məhkum edilmişdi, xatırlayırsınızsa. Uşaq oğruları Quinpleni oğurlayıb ağzını qulaqlarına doğru cərrahi yolla elə cırmışdılar ki, yazıq uşaq böyüdükcə ömrü boyu bu şəkildə zorən "gülməyə məcbur olmuşdu" və ölənəcən altı tragediya, üstü komediya olan bir üzlə yaşadı. Bədbəxtliyi üzündə əbədi bir qəhqəhəyə çevrilib ondan əl çəkmədi. Çox güman Hüqo bu obrazı karnaval qəhrəmanlarından götürmüşdü. Karnaval qaraçıları da uşaqları oğurlayıb bu cür ağlamalı, gülməli müxtəlif hallara salaraq pul qazanırdılar.

Günümüzün ağıllı insanları da Quinplen kimidirlər; ağlamaq istəyəndə belə gülməyə, həm də qəhqəhə maskası kimi cansız gülməyə məhkum ediliblər. Sifətlərinin altındakı tragediyanı üstündəki komediya ilə ört-basdır etməyə çalışırlar.

Cünki cəhalət gülüşü sevmir, hətta qadağan edir. "Aptal” həm də gülə bilməyən adamdır və İQ səviyyəsi İP səviyyəsinə qurban verildikcə dünya "aptallarla”, yəni düşünə, gülə bilməyən vaxt qatilləri ilə dolur.

İnformasiya asılılığının yaratdığı zəka çatışmazlığı yumoru həyatımızdan sıxışdırıb çıxarıb. Xəbər dünyasına İP qazandıran neqativin xronikləşməsi hamımızı Maleviçin "Qara kvadrat”ına çevirib. Heç bir İQ əlaməti olmayan cəhalətin dördkünc ikonasına…

Qayanrİnfo

# 6025 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #