"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR

"Göz yaşlarını onun gəlişinə saxlamışdı..." - Bayramların ən gözəli: ZƏFƏR
8 noyabr 2025
# 17:13

Kulis.az Orxan Həsəninin “Vətən Müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad”dan reportajını təqdim edir.


Metrodayam. Parada gedirəm.

Qarşı oturacaqda əyləşən, yanaqları göy, qırmızı, yaşıl boyanan uşaq əlindəki bayrağı yelləyə-yelləyə anasına göstərib, deyir:

– Ana, bax, Azərbaycan.



Uşağın əlində yellənən bayrağa tamaşa eləyə-eləyə fikirləşirəm. Bütün bayramlar balalar üçündür; buna ən çox onlar sevinir, ən çox onların üzü gülür. Uşaqlığımı, rayonların işğal tarixlərini əzbərlədiyimi xatırlayıram, həmin tarixlərdə keçirilən məktəb tədbirləri, qaboy səsi, kədər, qüssə, əlacsızlıq, məğlubiyyət; yaddaşıma daşa yazılan kimi yazılan bu mənzərələri heç vaxt unutmayacağımı bilirəm. Bilirəm, ona görə əlində bayraq yelləyə-yelləyə sevinən balalara tamaşa eləmək mənə şirin bir dinclik verir.

“Zəfər” bayramların ən gözəlidir.

2020-ci ildə bu xəbəri eşidəndə yaşadığım məcburi köçkün qəsəbəsinə şəhid, yaralı xəbərləri tez-tez gəlirdi. Çətin də olsa, hamı bu xəbərləri mətanətlə qəbul edir, hamının ürəyi Qarabağda döyünürdü. Azad olunan şəhər və kəndlərin siyahısında öz kəndlərinin adını eşidənlərin göz yaşları vətən uğrunda canından keçənlər üçün axan göz yaşlarına qarışırdı. Vətən bu iki göz yaşının qarışmasında özünü möhürləyirdi.

O vaxt anam rayon xəstəxanasında tibb bacısı işləyir, yaralı əsgərlərə qulluq eləyirdi. Həmin gün səhər mənə zəng vurub dedi:

– Orxan, təzə gələn əsgərlər deyir, Şuşada idik. Onlar Şuşadan gəlirlər.

Anamın səsində həyəcan vardı, bunu duyurdum, ağlamamaq üçün özünü güclə saxlayırdı, o vaxt qardaşım müharibədə idi və ağır döyüşlərdən keçdiyini hamımız bilirdik. Günlərdir xəbər gəlmirdi. Bəlkə də, göz yaşını onun gəlişinə saxlayırdı. Bilmirəm.

Sonra cənab prezidentin çıxışı:

– Şuşa, sən azadsan!

Qatardan düşürəm. Sahil metrostansiyasındayam. Əli bayraqlı izdiham eskalatora doğru addımlayır. Onların arasında qalan metrostansiya işçisi gülə-gülə axının əksinə getmək istəyir. Bu gün hamı sevinir, bu gün hamının üzü gülür.

Düzdür, bayrama ən çox uşaqlar sevinir, ancaq elə bayramlar var, adamı uşaqlaşdırır. Əvvəl uşaqlaşdırır, sonra uşaq kimi sevindirir. Fikirləşirsən, birdən üzünə gülüş yayılır, sevinirsən, niyə sevindiyini bilirsən.



Sahil metrostansiyasının qarşısındakı küçə maşınlara bağlanıb. Adamların arasıyla addımlayıb bulvara çıxaran keçidə çatıram. Özümə yer tapıb güc-bəla keçirəm və budur, bulvardayam. Saatımı yoxlayıram, lap az qalıb.

Adam əlindən tərpənmək olmur deyə hərbi maşınların keçəcəyi yolu görmək mümkün deyil. Rayondan gəldiklərini deyən adamların söhbətlərini eşidirəm. Hərbi maşınları görmək üçün səbrsizliklə gözləyirlər. Kənarda sinəsi medallı, hərbi mündirli qazi skamiyada əyləşib. Gedib onun yanında otururam.

– Salam, əsgər əmi, – uşaqlardan biri gəlib ona əlini uzadır. Balaca əl iri əlin içində itir.

– Salam, – onun üzündəki sərt xətlər aydın görünür, amma gülümsəyəndə bu xətlər yerini dəyişir, sərtlik, mülayimliklə əvəzlənir.
Salamını alan uşaq qaça-qaça qabaqda gedən anasına çatır.

– Hansı istiqamətdə döyüşmüsünüz? – söhbət açıram.

– Füzuli, Hadrut... Şuşaya qədər getmişəm, – “Şuşa” sözü onun döyüş yolunu ümumiləşdirir.

– Füzulidə ağır döyüşlər gedib. Xətti yarmaq çətin idi.

– Döyüşdə olmusan?

– Olmamışam, amma çox maraqlanmışam. Özüm də o tərəflərdənəm.

– Hardansan?

– Xocavənddən.

– Xocavənddə də döyüşmüşəm... Hə, Füzulidə çətin idi. Çox itki verdik.

– Amma çəkilmədiniz.

– Qardaşım Füzulidə şəhid oldu... – susur, əvvəl ciblərini yoxlayır. Axtardığını tapmayanda söhbətinə davam edir, – onu gözümün qabağında vurdular. Yıxılmağı hələ də yadımdadır. Mən səngərdə idim, o, bir az aralıda. Çıxmağa qoymadılar. Çıxsam, məni də vuracaqdılar. Ancaq onu görürdüm. O da məni görürdü. Eləcə baxdı. Gözləri doldu, amma ağlamadı. İgid oğlan idi. Vətən sağ olsun.

– Vətən sağ olsun.



Qalxıb, adamların arasına qarışıram. İzdiham böyüyür. Yola yaxın yer tapmayanlar bulvara səpələniblər. Bəzi uşaqlar ağaclara dırmaşıblar.



Birdən qabağıma şair Həmid Herisçi çıxır.

İşə bax.

Qucaqlaşıb görüşürük.

Türk yazıçılarından birinin təbirincə desək, dərhal həyata, yaşamağa, sənətə dair söhbətləşməyə başlayırıq. Ancaq ətrafda o qədər adam var, ağız deyəni qulaq eşitmir. Pakistan və Türkiyədən gələnlər də az deyil. Uşaqların dırmaşdığı ağaca doğru yaxınlaşıb, davam edirik. Bura nisbətən seyrəkdir. Həmid Herisçi başını yuxar dikib deyir:

– Uşaqlar Şuşaya dırmaşanlara baxmaq üçün ağaca dırmaşıblar.



Budur, fit səsləri eşidilir. Deyəsən, parad başladı. Bulvardan çıxıb yolun o üzünə keçirik. Yol kənarındakı binaların giriş pilləkənlərinə qalxıb, hərbi maşınları aydın görürük. Həmid Herisçi gördüyü hərbi maşınların əvvəl adını deyir, sonra onu istehsal eləyən ölkəni, sonra nə işə yaradığını. Birdən susur, yox, yorulmadı, eləcə fikrə daldı, ətrafda uşaqlar sevinir, orta yaşılılar isə dayanıb lal-dinməz keçən maşınlara, maşınların içindən əl yelləyən hərbçilərə baxırlar. Bu baxışların altında nəyin yatdığını yaxşı bilirəm. Zəfərə ən çox sevinənlər məğlubiyyətin nə olduğunu bilənlərdir.

– Maşallah, – yanımızdakı orta yaşlı qadının dilindən bu söz çıxır.

Maşınların yerini təyyarələr alır. Bakı səması qatardakı qızın yanaqları kimi üç rəngə bürünür; göy, qırmızı, yaşıl.

Parad bitdi. Adamlar sevinə-sevinə evlərinə dağılışırlar. Həmid Herisçi ilə əl verib sağollaşıram.

Metroya yox, Sahil bağına doğru addımlayıram və nədənsə qardaşımın müharibədən sağ-salamat qayıtdığı gün yadıma düşür, həmin gün, gözəl idi, hə, həmin gün... anamın doyunca ağladığı həmin gün.

# 379 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağın ən məşhur  tarixi abidələri

Qarabağın ən məşhur tarixi abidələri

15:00 8 noyabr 2025
"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

"Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı keçirilib

10:40 8 noyabr 2025
Mətanət Vahid:  "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

Mətanət Vahid: "Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik..."

10:00 8 noyabr 2025
"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

"Oğulların qanı ilə boyandı bayrağının qırmızısı..." - Nuray Rəşid

10:00 8 noyabr 2025
"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

"Avropanın vicdanı" adlandırılan yazıçı - Onun ölümündə kimlərin əli var idi?

17:40 7 noyabr 2025
Son illərini "Qocalar evi"ndə keçirən azərbaycanlı rejissor - Onu niyə həbs etmişdilər?

Son illərini "Qocalar evi"ndə keçirən azərbaycanlı rejissor - Onu niyə həbs etmişdilər?

17:38 7 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər