Evdə qalan qızların pişik sevgisi

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

20 dekabr 2022
# 15:00

Kulis.az Vüqar Vanın “Heyvanların fabulası ətrafında” adlı yazısını təqdim edir.

Xətai metrosunun çıxışı tərəfdə boş ərazi var. Orada həmişə balaca küçə itləri olurdu. Adamlar da gedib-gəlib onları yemləyirdi. Bir neçə gün əvvəl həmin ərazinin yanlarını bağlayıblar. İtlərə yem verilən hissəyə isə "Balalarınızı evinizdə yemləyin" kimi bir yazı yazıb yapışdırıblar.

Yəni demək istəyirlər ki, sizin balalarınız itdir. Gedin itlərinizi evinizdə saxlayın.

Bir şunu diyen bir yazı 'Balalarınızı evinizda yemlayin' görseli olabilir

Bu şəkli görəndə düşündüm. Bir azərbaycanlının heyvana münasibəti necədir? Bizim heyvanlarla necə bir əlaqəmiz var? Heyvanlardan nə istəyirik? Onlarla alıb-verə bilmədiyimiz nə var? Bu suallara cavab axtara-axtara, gördüm ki, azərbaycanlı və heyvan münasibətlərinə aid yazı əmələ gəldi.

Bizim cəmiyyətdə bir adam başqa bir adama kobud hərəkətinə görə deyir: “Heyvanın biri heyvan”

Biz hər şeyi heyvan saymırıq. Məsələn, Mərkəzi Afrikada yaşayan zebraya oxşayan canlı Akapini, Artiktada yaşayan Narvalı, nə bilim cırcıramaların yaxın qohumu olan Umbonia Spinosa böcəyini heyvan hesab etmirik. Heyvan bizim üçün yeyə bildiyimiz canlıdır. Misalçün, qoyun, inək, keçi, bunlar heyvandır. Digərləri isə canlı.

Bu yaxınlarda qonşumuzgilə kənddən “aynoyun” gəlmişdi. Yağ, pendir, göy-göyərti, pomidor, xiyar… Utanmadan gələn yükləri daşımaq üçün məni də çağırmışdılar. Mən də müqəddəs bazar günündə oxuduğum kitabı yerə qoyub, söyə-söyə yardım etmək məcburiyyətində qaldım! Çarə yox idi… Yükləri liftə qoyub, qaldırdıq… Aşağı düşəndə isə liftin yanında iki qoyun gördüm. Adam yox ey, əməlli-başlı qoyun… Mən daha liftə minmədim! Qoyunları sürüyə- sürüyə liftə mindirib, 6-cı mərtəbəyə qalxdılar…

Heç adam da liftə qoyun soxar? Heç adam da bina evinə qoyun gətirər?

Gör nə günə qaldıq! Sonra öyrəndim ki, qoyunlar qurbanlıqdır. Nə etmək olardı? Adət-ənənəyə sadiq qalaraq bu qoyunların ətini də kabab edəcəklər… Qoyundan axan qanı da kimlərinsə alnının ortasına vuracaqlar.

Bəli, azərbaycanlıların heyvanlara münasibəti bundan artıq ola bilməz.

Küçələrdə gecə-gündüz küçə itlərini güllələyirlər. Adını da qoyublar ki, camaatın balasını qapırlar. Ay qardaş, camaatın balasını qapırlar, başa düşdük. Daha niyə güllələyirsiz? Bunun başqa çarələri var.

Üstəlik, bu güllələnmələr hamının xoşuna gəlir. Ölürlər bu xəbərdən ötrü. “Kimsə küçə itlərini güllələyib”. Bəəh. Nə gözəl xəbərdir, daha küçələrdə rahat, firavan gəzəcəyik. İstədiyimizi edəcəyik. Heç nədən qorxmayacağıq. Elə bil indiyə kimi itlər qoymurdu küçədə nəsə eləsinlər.

“Bacarana can qurban, bacarmayana badımcan”.

Öldürəndən sonra belə deyirlər. İtləri güllələyirlər, pişiklərə təpik vururlar, quşları basıb yeyirlər, ilanların başını əzirlər, qoyunları kabab eləyirlər, inəkləri sağırlar, eşşəkləri minirlər, keçilərdən antrikot düzəldirlər, ördəyin içinə ləvəngi soxurlar, balıqları qızardırlar (zarafat edirəm, yemək məsələsini yaxşı eləyirlər).

Azərbaycanlılar oğlan uşaqlarını kişi kimi böyütmək üçün onlara qarışqa, böcək-zad yedizdirirlər. Bəli, təəccübləndiniz? Vallah, elədir. Kənddə ata öz balaca oğlunu anidən yanına çağırıb belə deyə bilər:

“Oğul, get bir dənə çəyirtkə tut ye hələ. Görüm nə qədər kişi olmusan?”

Yaxud;

Balaca oğlan uşaqlarını keçilərlə güləşdirirlər. Koramal tutub, başını əzdirirlər.

Uşaqlar da qarışqa, çəyirtkə, qurd-filan yeyə-yeyə, keçiylə, buzovla boğuşa-boğuşa böyüyürlər. Belə başa düşürlər ki, eşşək minmək üçün, at çapmaq üçün, it öldürmək üçün, pişik də təpikləmək üçündür. Tərbiyə, nəsihət verəni yoxdur ki, desin, ay bala, heyvanlar yemək və təpikləmək üçün deyil.

Cənubi Koreyalı rejissor Kim-ki Dukun “Yaz, yay, payız, qış...və yenə yaz” adlı əla filmi var. Filmdə hər fəsil bir heyvanla simvolizə olunur. Uşaqlıq (yay) periodunda balaca rahib qurbağalara əziyyət verdiyi və bundan həzz aldığı üçün, böyük rahib onun ayağına qaya parçası bağlayır və həmin qaya parçası ilə yuxarı dırmaşmaq əmri verir. Heyvanların necə əziyyət çəkdiyini, onlara nələr yaşatdığını uşağa əyani yolla, bir az da amansızca başa salır. Daha geniş mənada isə həmin daş uşağın qəlbində ömrünün axırına kimi gəzdirəcəyi əzabla assosiasiya olunur.

Rahib uşağa heyvanlara verdiyi əziyyət nəticəsində onların ölümünə səbəb olduğu üçün hər ölüm qarşılığında ürəyində yekə bir daş daşıyacağını başa salır. Və, doğrudan da, uşaq həmin daşları həyatının axırına kimi qəlbində daşıyır.

Sizif kimi.

Amma xoşbəxt olmur.

Dəhşətlidir. Otur, bax, min dənə nəticə çıxar özünçün.

Budur sənətlə tərbiyə.

Sənətin gücü.

Biz də isə Elza Seyidcahan başına qaz lələyindən üç mərtəbəli şlyapa qoyub, heyvanlara konsert verir. Bayağıdır, gülməlidir, məzəlidir.

Adamın ürəyi bulanır. Onların sənətçisinə baxın, bizim sənətçimizə baxın.

Əgər siz azərbaycanlıya desəniz ki, “mən evimdə tısbağa saxlayıram”.

Belə cavab verəcək:

“At getsin, nəyinə lazımdır? Dəlisən? Tısbağa 600 il yaşayır. Ondansa toyuq saxla. Qonaq gələndə kəs bişir”.

Bəli, burda proses belə işləyir. Əgər sənə xeyir gətirməyəcəksə, başını burax.

Bəzi dostlarım var, elə bilirlər heyvansevərdilər. Halbuki onlar ət, süd, yumurta-filan sevirlər. Deyirlər ki, heyvan sevirik. Məsələn, Ulucay Akif. Deyir ki, inəkləri çox sevirəm. “İnəklərin alqı-satqısı” qrupunda inəklərin qiyməti ilə, hansı cinsi olması ilə, neçəyə satılması ilə maraqlanır. Elə bilir ki, inəkləri çox sevir. Halbuki inəkləri yox, inək ətini sevir. Gözlərimlə görmüşəm ki, süfrəyə antrikot gəlib, inək sevən Ulucay, xüsusi amanasızlıqla onu basıb yeyib.

Sözüm ona, bizdə sevilən heyvanlar sadəcə ətləri dadlı olduğu üçün sevilir.

Son zamanlar it, pişik saxlayanlar artıb. Onlar da ayrı aləmdir. O adamları ciddi qəbul edə bilmirəm. Onlar elə bilir ki, dünyanın faunası ancaq it və pişikdən ibarətdir.

Xüsusən, cavan qızlar pişik sevdalısı olublar. Harada pişik görürlər şəkil çəkdirirlər, öpürlər, qucaqlayırlar, deyirlər “bu pişiklərin anasıyıq, nə bilim, pişiklər bizim uşaqlarımızdır”. Belə fuflo-fuflo söhbətlər. Xüsusən, diqqətlə müşahidə etsəniz görərsiz ki, ərə getməyən, ərə gedə bilməyən qızlar pişiklərin şəklini paylaşıb yazır ki, “balam, qızım, ananın balası”. Əməlli-başlı adam dolamaqdır. Bununla, yəqin, demək istəyirlər ki, baxın, ərə getməsək də, analıq instiktimiz var, analıq edə bilirik. Ərə getmək üçün pişiyə də analıq edirlər. Bütün məharətlərini göstərirlər. “Bu pişiklər mənim balamdır” deyən qıza baxın, 100% ərə getməyib. Evdə qalıb. Bilmir neynəsin. Ürəyi az qala partlayacaq. Özünü də göstərmək üçün pişiklə şəkil çəkdirir, pişiyi öpür, deyir ki, pişik mənim uşağımdır. Belə şey olar? Ərə gedəndən sonra da pişikləri rədd edirlər. Çox müşahidə etmişəm. Ərə getməzdən əvvəl pişiklərin anası olan qızlar, ərə gedəndən sonra pişiyi nəinki içəri buraxmır, çöldə görəndə iyrənir, deyir ki, bunlar murdardır. Hər cür xəstəlik var. İyrənirəm. Ona görə belə deyirlər ki, qayınanaları pişik sevmir. Onlara da nə lazımdır? Əlbəttə ki, ər. Evlənməzdən qabaq pişiklərin anası olan qız, ərə gedəndən sonra bir pişiyə yolda təpik vurdu. Öz gözlərimlə gördüm. Dəhşətə gəldim.

Hələ yerli-yersiz harada pişik gördü, gedib ona yemək alan, yemək verən adamlar var. Onlar da dəhşətdir. Elə bilirlər ki, pişikləri harada gördünsə, gərək yemək verəsən. Daha bilmir ki, bu pişik xəstə ola bilər, yaxud piylənmədən əziyyət çəkə bilər, mədəsində problem olar bilər. Elə bir ucdan yemək verirlər. Şüursuz varlıqlardır. Nə bilsinlər? Gözlərini bir az açıb diqqətlə baxsalar, görərlər ki, hazırda pişiklərin əksəriyyəti piylənmədən, köklükdən əziyyət çəkir. Yeriyə bilmirlər, nəfəs ala bilmirlər, heyvani instinktlərini itirirlər.

Norveçdə yaşayan yazıçı Günel xanım keçən dəfə belə status yazmışdı:

“Oğlumun aylardır gözlədiyi tısbağanı bu gün ala bildim. Satıcı tısbağanı mənə satmazdan əvvəl evdə terrarium, isitmə lampası, su və yemək qabı, vitaminlər, xüsusi qida, üstündə gəzməli olduğu yumşaq material və s. şeylərin bizdə olub-olmadığını soruşdu.

Dedi ki, bütün bunlar olmasa, heyvanı bizə satmaq ixtiyarı yoxdur. Bunların hamısını almışdıq. Satıcı iki saata yaxın bizimlə söhbət elədi. Tısbağanın saxlanmalı olduğu temperaturdan, gəzməyə nə qədər yer lazım olduğundan, hansı hallarda həkimə aparmalı olduğumuzdan danışdı. Bütün bunları dəyəndən sonra tısbağanı normal heyvani şərtlər əsasında saxlayacağıma dair sənədlər imzaladım. Üstəlik, satıcı tələb elədi ki, tısbağaya yaxın zamanlarda qulaq yoldaşı, yəni ikinci tısbağa da alaq, dedi ki, tısbağanın həm də sosiallaşmaq hüququ var...

Evə qayıdanda yolboyu düşündüm. İndi də düşünürəm. Bütün müqəddəslərə and olsun ki, Norveçdə tısbağaya qoyulan dəyəri, hörməti, qayğını mən bir qadın olaraq, uşaqlığımdan bu yana heç vaxt, heç bir yaxınımdan görməmişəm...”

# 3018 dəfə oxunub

Müəllifin son yazıları

# # #