Bağçalardakı səssiz zorakılıq - Kamerasız otaqlarda nələr baş verir?

Bağçalardakı səssiz zorakılıq - Kamerasız otaqlarda nələr baş verir?
8 may 2026
# 12:29

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bağça vaxtlarımdan nələr yadımda qalıb? Açığı, çox az şey. Keçmiş film lentləri olur ee, tez-tez qırılır, sonra yenidən haradansa başlayır, mənim də bağça xatirələrim belədir. Bir az qorxu da var idi. Anam beş-on dəqiqə gec gələn kimi ürəyim sıxılırdı, elə bilirdim ki, gəlməyəcək. Ancaq bu hiss çox tez keçdi məndə. Niyəsini bilmirəm. Bəzən iki-üç saat gəlmirdi, ancaq yenə də narahat olmurdum.

Məhəbbət müəllim tez-tez çığırırdı üstümüzə. Anamın beş-on dəqiqə gecikməsinə dözə bilmədiyim vaxtlarda hər dəfə çığıranda ağlayırdım. Ancaq sonradan, bu hiss məni əbədi tərk eləyəndən sonra nəinki ağlayır, hətta qarşılıq verirdim. Ev-eşikdə, ailədə nə olurdusa, gəlib uşaqlardan çıxırdı. Təbii ki, o vaxtlar bunu bilmirdim, ancaq bir uşaq fəhmi ilə hiss eləyirdim.

Bağçalarda baş verən bu kimi hallar mənə həmişə bu hadisələri xatırladıb. Dünən qabağıma çıxan video da həmçinin.

Gəncədə yerləşən özəl bağçaların birindən yayılan görüntülər, o bağda gül-çiçək yox, qorxu, travma və aqressiya yetişdirildiyini bütün çılpaqlığı ilə ortaya qoydu. Sosial şəbəkələrdə ildırım sürəti ilə yayılan o qısa videoda bir tərbiyəçinin azyaşlılara qarşı kobud rəftarı, onların mənliyini tapdalayan təhqiramiz ifadələri əslində, təkcə bir bağçanın yox, ümumilikdə cəmiyyətimizin təhsilə, uşağa və gələcəyə münasibətinin lakmus kağızıdır.

Bu hadisə sadəcə bir "kriminal xronika" və ya "məişət insidenti" deyil. Ortada çox ciddi psixoloji və sosioloji böhran var.

Hadisəyə münasibət bildirən valideynlərdən birinin fikirləri, əslində, müasir Azərbaycan cəmiyyətindəki valideyn psixologiyasının, çarəsizliyin və absurdluğun ən bariz xülasəsidir.

O deyir ki, istəmərik ki, bağça bağlansın, amma müəllimlər dəyişdirilsə, daha yaxşı olar.

Valideyn üçün "tədris prosesi" nədir? Dörd-beş yaşlı uşağın mexaniki şəkildə şeir əzbərləməsi, yaxud ingiliscə rəqəmləri sayması? Bir uşağın şəxsiyyəti təhqir olunursa, ona fiziki və ya mənəvi zorakılıq tətbiq edilirsə, oradakı "tədrisin yaxşı keçməsi"nin nə əhəmiyyəti var? Amma cəmiyyət olaraq biz uşağın psixoloji sağlamlığından daha çox, onun bizə gətirəcəyi "uğurlara” köklənmişik.

Digər tərəfdən, valideynlər övladlarını etibar etməyə yer tapmırlar. Dövlət bağçalarında yer məhdudiyyəti, özəl bağçaların isə od qiymətinə olması valideyni "girov" vəziyyətinə salır. Valideyn o qədər əlacsızdır ki, uşağının təhqir olunduğu müəssisənin bağlanmasını yox, sadəcə tərbiyəçinin dəyişilməsini istəyir. Çünki yeni bağça axtarmaq, yenidən adaptasiya prosesi, əlavə xərclər onun üçün övladının aldığı travmadan daha real, daha yorucu bir problem kimi görünür.

Və bir də "videonun yayılması" və "oğlunun orada yer alması" narahatlığı var. Bəzən bizim üçün uşağın döyülməsi yox, bunun "el içində" bilinməsi daha böyük dərddir. Mentalitetimizin ən qaranlıq tərəflərindən biri də məhz budur. Ayıb olan hadisənin özü yox, onun səs-küyüdür.

Bağçanın əməkdaşı isə deyir ki, məsul şəxs işdən azad edilib və polis tərəfindən məsələ araşdırılır.

Sanki ortada xarab olmuş bir avadanlıq var idi və onu yenisi ilə əvəz etdilər. Bəs o "məsul şəxs" işə qəbul edilərkən hansı mərhələlərdən keçmişdi? Onun psixoloji vəziyyəti, uşaqlarla işləmək bacarığı, pedaqoji səriştəsi yoxlanılmışdımı? Özəl bağça statusu, yüksək ödənişlər tələb etmək, müəssisəyə parlaq adlar qoymaq o divarların arxasında uşaqlara sevgi veriləcəyinə zəmanət deyilmiş. İdarəçilər "günahkarı kəsib atmaqla" sistemin özündəki çürüklüyü gizlətməyə çalışırlar. Amma hamımız bilirik ki, o uşaqların təhtəlşüuruna vurulan zərbələr bir əmrin altındakı imza ilə silinmir. Bu gün bir müəllim işdən çıxarılır, sabah eyni aqressiya, eyni natamamlıq kompleksi başqa bir simada, başqa bir otaqda yenidən peyda olacaq. Çünki problem kadrın kimliyində yox, kadr seçimindəki meyarların saxtalığındadır.

Gəncədəki bağça hadisəsi lokal bir səs-küy deyil, sevgisizliyin və aqressiyanın təzahürüdür. Biz öz uşaqlarımızı rəngli divarları olan ödənişli qəfəslərə yerləşdirir, sonra da ümid edirik ki, hər şey yaxşı olacaq. Bəli, bu gün sosial şəbəkələrin gücü sayəsində bir neçə uşağın səsi eşidildi, bir video bütün ölkəni ayağa qaldırdı. Bəs kameraların olmadığı, uşaqların qorxudan dilə gələ bilmədiyi o qədər dəbdəbəli, bahalı bağçalarda nə baş verir? Bunu heç kim bilmir.

O videodakı uşaqların qulaqlarında o təhqiramiz səs hələ uzun illər cingildəyəcək. Biz isə bir neçə gün sonra bu xəbəri də unudub, növbəti qalmaqala doğru yol alacağıq. Ta ki, həmin o qırılmış, əzilmiş, "tədrisi yaxşı keçən" amma ruhu xəstə olan uşaqlar böyüyüb bizim cəmiyyətimizin əsas fərdlərinə çevrilənə qədər. Bax onda onlarla heç kim "profilaktik söhbət" aparmaqla vəziyyətdən çıxa bilməyəcək.

# 104 dəfə oxunub

Oxşar xəbərlər

Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

13:07 8 may 2026
Mətanət İsgəndərlinin bacısının evindən külli miqdarda pul oğurlandı

Mətanət İsgəndərlinin bacısının evindən külli miqdarda pul oğurlandı

12:06 8 may 2026
Amerikaya səs saldı, SSRİ-də qadağan edildi – Üzeyir bəyin evində yaşayan Xalq artisti

Amerikaya səs saldı, SSRİ-də qadağan edildi – Üzeyir bəyin evində yaşayan Xalq artisti

11:06 8 may 2026
Akif İslamzadənin son vəziyyəti açıqlandı

Akif İslamzadənin son vəziyyəti açıqlandı

10:40 8 may 2026
Yazıçılar Birliyində “Səhifələrdən obrazlar”  sərgisi açıldı

Yazıçılar Birliyində “Səhifələrdən obrazlar” sərgisi açıldı

10:38 8 may 2026
Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi”  adlı kitabın təqdimatı keçirildi

Sirus Təbrizliyə həsr edilən “Kəramət Mücahidi” adlı kitabın təqdimatı keçirildi

21:39 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər