Yaqub Zurufçunun mahnısı və anam - Vüqar Vanın essesi

Vüqar Van, yazar

Vüqar Van, yazar

10 mart 2023
# 15:00

Kulis.az Vüqar Vanın “Dənizin fabulası ətrafında” adlı yeni yazısını təqdim edir.

Səhər sahilə enirəm,
saatdan asılı olaraq dalğalar qabarır, çəkilir
və mən ah çəkib deyirəm:
– Necə də yazığam,
Nenyim, necə edim?
Dənizsə
öz qəşəng səsiylə deyir:
“Bağışlayın. Əlimdə işim var”

Mary Oliver

Anam hər gün üç dənə corab geyinir. Soruşuram ki, “ana, niyə üç dənə corab geyinirsən?”. Cavab verir ki, “ayaqlarım üşüyür”. Hər səhər yuxudan tez durub, onun corab geyinməyinə baxıram. Corablarını axşamdan hazırlayıb qoyur. O şən və zarafatcıl qadındır. Məni və həyatı çox da ciddi qəbul eləmir. İdarəçilik Akademiyasında oxuyanda bir kişi professora şillə vurub, kişinin şlyapası yerə düşüb. Akademiyadan qovmaq istəyirmişlər, amma səhv müəllimdə imiş deyə ört-basdır ediblər. Yayda gün eynəyi taxanda, ona lağ edirəm. Günün şər qarışan vaxtı darıxır. Arıqlamaq istəyəndə çoxlu qatıq yeyir. Öz orqanizmini onun kimi idarə edə bilən və yaxşı tanıyan adam hələ görməmişəm. Hərdən qucağıma götürüb, evdə gəzdirirəm. Həyətdə turp və göyərti əkir. Vedrələrə su doldurur ki, su kəsilsə istifadə edək. Evin sənədlərinin yerini tez-tez mənə xatırladır ki, birdən ona nəsə olsa, özümü ələ alım. Elə bilir, evin sənədlərinin yerini bilsəm, o olmasa da, yaşaya bilərəm. Yutuba girə bilmir. Bu gün telefonunu gətirib mənə verdi ki, Yutubdan Yaqub Zurufçunun “Dəniz” mahnısını qoşum.

Musiqilər haqqında yazmaq çətindir. Yaqub Zurufçunun “Dəniz” mahnısı da bu musiqilərdən biridir mənim üçün. Onu anamın sevməyinə görə sevirəm. Anam 20 ildən çox Lerik Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru olub. O illərdə muzey mənim ikinci evim idi. Uşaqlığım yarı-qaranlıq otaqlardakı tozlu və dərmanlı eksponatların arasında keçib. Beş salon vardı. Birində Lerikin “Buzeyir” mağarasında tapılan saxsı qablar, birində mis alətlər, samovarlar, köhnə pullar, musiqi alətləri, birində xalçalar, birində Qarabağ müharibəsindəki şəhidlərin şəkli, birində də rayonun flora və faunasına aid olan nümunələr. Əgər ana evdə olmurdusa, muzeyə gedirdim. Muzeyin telefon nömrəsini də əzbər bilirəm. 4-47-90. Keçmişdə belə yığırdım, indi bilmirəm, dəyişib, ya yox.

Yaqub Zurufçunun “Dəniz” mahnısına hər dəfə qulaq asanda keçmişə qayıdır, muzeyli illəri xatırlayır, anam haqqında düşünürəm.

“Yenə dəniz, tanış dəniz
Dalğalarla danış, dəniz”.

Uşaqlıqda məni muzeydə yatızdırıb iclasa gedibmiş. Yatmamışdan qabaq çoxlu şirniyyat yemişəm. Muzeyin taxta döşəməsindəki qarışqalar şirniyyatın üstünə gəliblər. Ağzım-üzüm bütün qarışqa olubmuş. Gəlib-görübmüş, başdan ayağa qarışqayam. Üzümü təmizləyibmiş qarışqalardan.
O hadisədən yadımda bir anamın “hii” eləməyi qalıb, bir də sakitləşməyim üçün Yaqub Zurufçunun “Dəniz” mahnısını qoşub məni ayağının üstündə atıb-tutmağı.

Ev işlərini yaxşı bacarmaz. İclas, idarə, sənəd-sünəd işlərindən başı çıxır ancaq. Evdə peraşki bişirməyə başladısa, aləmi bir-birinə qatırdı. Peraşki bişirilən gün azı üç dəfə döyülürdüm. Yağ xəmirə, xəmir oxlova, oxlov kartofa, kartof una, un duza qarışırdı. Ev pis günə düşürdü. Bir dəfə peraşki bişirəndə televizorda Yaqub Zurufçunun “Dəniz” mahnısı verilmişdi. Əlləri unlu oynamağa başlamışdı. Mən də divanın üstünə çıxmışdım. Anamı oynayan görəndə, elə bilirəm, o heç vaxt dünyasını dəyişməyəcək.

Dənizə qarşı xüsusi sevgim yoxdur. Üzə bilmirəm. Dənizə baxıb xəyallara dala bilmirəm. Dəfələrlə səma ilə dənizin kəsişdiyi nöqtəyə, üfüqlərə gözümü zilləyib dayanmışam. Amma heç nə hasil olmayıb. Dənizə baxıb, romantik xəyallar qurmağı bacarmıram. Buna çox cəhd etmişəm, amma alınmır. Birinci dəfə dənizi on, ya on bir yaşımda canlı görmüşəm. Bakıya toya gəlmişdik. Maşında yatmışdım. Anam məni oyadıb dedi ki, dur dənizə bax. Dilucu da yoxlamaq üçün soruşdu ki, “bu hansı dənizdir?” Cavab verdim ki, “Xəzər dənizi. Xəzər, əslində, göldür. Çox böyük olduğu üçün dəniz olub”. Gördüm sevindi. Lerikdə, dəniz səviyyəsindən min neçəsə metr hündürlükdə, dənizdən o qədər uzaq ola-ola, dəniz haqqında nəsə bilməyim onun xoşuna gəldi.

“Dəniz” mahnısının sözlərinin müəllifi Nəbi Xəzridir. Onun nəvəsi birinci kursda universitetdə “Nitq mədəniyyəti” dərsini deyirdi bizə. Birinci dərsə girəndə demişdi ki, mən Nəbi Xəzrinin nəvəsiyəm... Nəbi Xəzrinin nəvəsi ilə eyni havanı udmağıma, onun mənə dərs deməyinə, ya da axıra kimi rayondan gəlmiş bir dəstə uşağa “c-ç” problemini izah edə bilməməyinə görəmi, bilmirəm. Niyəsə “Nitq mədəniyyəti” dərsini tədris edən müəllimin Nəbi Xəzrinin nəvəsi olması faktına çox sevinmişdim.

Orhan Pamukun qağayılar haqqında bir essesi var. “Bir qağayı dayanıb dənizə baxır. Sən də başlayırsan yazmağa”. Sənətkarlıq ən incə məqamlarda, ən xırda detallarda üzə çıxmalıdır. Bir qağayının dənizə baxdığı təmkinlə yazmalısan. Bir qağayının dənizə baxmağını yaza bilməlisən.

“Sahil tanış, dalğa tanış,
Keçir bulud, yağır yağış”

Elə bilirəm ki, dənizin müəllifi yoxdur. Dənizin mənası var. Necə ki, sözün. Yaqub Zurufçunun “Dəniz” mahnısını hər dəfə eşidəndə istəməyə-istəməyə də olsa, müdhişanə bir həyat eşqi sinəmə dolur. Birdən-birə qərar verirəm ki, yaşamaq və yazmaq lazımdır. Bapbalaca ömrümün keçmişi lapdan işıqlanır, xatirələrim naxış-naxış olub, mahnını intonasiyası ilə məni dingildədir. Bu nəğmənin daxilindəki həsrət də mənə tanış gəlir. İstəyirəm, mən də ayaqlarımı o qədər çox sevim ki, üst-üstə üç dənə corab geyinim. İstəyirəm, anam yenə unlu əllərini qaldırıb göydə yelləsin. İstəyirəm, “hii” eləyib, üzümə daraşmış qarışqaları təmizləsin.

Abdurrahim Karakoçun gözəl misrası var:

“Təmizlənib gir məzara,
torpaq səndən inciməsin”

Hər kəsin yaddaşında ilişib qalan, işıqlı günlərin carçısı olan belə musiqilər var. Həmin musiqilərə təmizlənmək üçün arada qulaq asmaq və keçmiş haqqında düşünmək lazımdır. Mən bu gün öyrənmişəm ki, anama nəsə olsa, hələ də evin sənədlərinin yerini bilmirəm.

# 2938 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #