Şiddətin və təhsilin fabulası ətrafında

Şiddətin və təhsilin fabulası ətrafında
4 oktyabr 2022
# 12:50

Kulis.az Vüqar Babazadənin “Şiddətin və təhsilin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Yazıma təcili bir elanla başlamaq istəyirəm. Mənə tabut düzəldən bir adam lazımdır. Uzunluğu 2 metr, eni 70 sm olan bir tabut lazımdır. Narahat olmayın, ölüm düşməyib. Nə də özümü öldürmək istəyirəm.

Tabutu ona görə istəyirəm ki, ölmüş Azərbaycan təhsilini aparıb basdıraq.

Yasini özüm oxuyacağam. Hər kəs dəvətlidir. Xudmani bir ehsan da təşkil edərik. Əgər adam çox olsa, xeyir-şər evi də tutmaq olar. Saqqal da saxlayacağam. Hökməli qəbiristanlığında yer də danışmışam. Bizdən nə qədər uzaq olsa, o qədər yaxşıdır. Qərəz, ədəb-ərkanla, bütün dini qaydalara əməl edərək, artıq aparıb təhsilimizi basdırmalıyıq. Çünki qaldıqca iy verməyə başlayır. Qaldıqca murdarlaşır.

Yayılan məktəbli videosunu, yəqin ki, görmüsünüz. Görməmisinizsə, xoşbəxt adamsınız. Demək, 112 saylı tam orta məktəbin (nə qədər tam olduğu məlum deyil, natamam da ola bilər) sinif otağında bir azyaşlı məktəbli öz sinif yoldaşı digər azyaşlı məktəblini döyür. Bunları da başqa bir sinif yoldaşları telefona çəkir.

Azərbaycan təhsilini ona görə basdırmalıyıq ki, artıq sinif otağında uşaqlar rahat şəkildə dalaşa və bu döyüşlərini rahatca telefona çəkə bilirlər. Nazirliyin səhifəsində direktorun adını təəssüf ki, tapa bilmədim. Direktor vəzifəsini müvəqqəti icra edən Lətifə Mustafayevadır. Məktəbin direktoru da yoxdur. Əslində, olsaydı guya nə olacaqdı ki?

Direktoru, təhsili, müəllimi qoyaq bir qırağa. Onlara cəza veriləcək. Keçək mətləbə.

I hissə – Tərbiyə

Azərbaycanlı öz uşağını tərbiyə etmir. Azərbaycanlı öz uşağına təcrübə siçanı kimi davranır. Azərbaycanlı öz uşağına minib, onu sürür. Bu təcrübələr vasitəsilə özünü kəşf edir. Azərbaycanlı valideyndən soruşsanız ki, uşaq sənin üçün nədir? Deyəcək ki, uşaq mənim üçün həyata keçməmiş arzularımdır. O, ümumiyyətlə, bilmir ki, öz iylənmiş və həyata keçməmiş arzuları uşağında işə yarayacaq, yoxsa yox? Bu heç kimə maraqlı deyil. Boşlayın getsin. Kimə lazımdır? Əsas odur ortada həvəssiz seksdən əmələ gələn bir uşaq var və həmin uşağın taleyi ilə istədiyin formada oynaya bilərsən.

Onu rahatlıqla öz həyata keçməmiş arzularının əsirinə çevirə, bədbəxt edə bilərsən.

Siz allah, azərbaycanlı valideynin həyata keçməmiş arzusuna baxın. Sintezator çalmaq, güləş, muğam oxumaq, futbol. Hansı ki, bu arzuları onun valideyni vaxtilə ona icazə verməyib, o da istəyir ki, öz uşağında reallaşdırsın. Gedin övladını musiqiyə qoyan bir valideyndən soruşun ki, uşağını nə üçün musiqiyə qoymusan? Deyəcək, o vaxt papam məni qoymurdu ki, sintezator öyrənim, istədim ki, mənim övladım sintezator öyrənsin. SORUŞSAN Kİ, BƏLKƏ, UŞAĞIN İSTƏMİR SİNTEZATOR ÇALSIN? Mal kimi alnına baxacaq.

Azərbaycanlı öz uşağına Allahlıq edir. Azərbaycanlı öz uşağına müdirlik edir, ustalıq edir, müəllimlik edir. Amma heç bir formada valideynlik etmir.

Öz murdar arzularını uşaqlarında təcrübə keçən bu şüursuz varlıqlar qocalanda da deyir ki, mənə qulluq et, dişlərimi düzəltdir, maşında gəzdir, evə əlavə balkon tik. Soruşursan ki, nə üçün? Deyir ki, səni uşaq vaxtı sintezatora qoymuşdum.

Bəli, deyərsiz ki, azərbaycanlı deyib, ümumiləşdirmək doğru deyil. Övladını adam balası kimi böyüdən, övladını övlad kimi böyüdən, hətta övladını şəxsiyyət kimi böyüdən peşəkar, işini bilən, ciddi azərbaycanlı valideynlər də var. Bəli, var.

Amma, siz Allah, bunlardan hansı daha çox azərbaycanlı valideyn profilidir? Uşağını şəxsiyyət kimi böyüdənmi, yoxsa uşağını eşşək kimi böyüdənmi?

Valideynlərin ideal profillərinin əsas elementlərindən biri uşaqlarıdır. Onların əksəriyyəti uşaqlarına olan sevgilərini uşaqlardan çox başqalarına isbatlayanda rahat olurlar. Bu isə çox uzun söhbətdir, yaxşısı budur bu mövzuya toxunmayaq.

II hissə – “Kişilik”

Videodan görünür ki, uşaqlar hansı ailədən çıxıb. Gedək sinif yoldaşını döyən uşağın evinə baxaq, görərik ki, atası da anasını eləcə döyür. Yaxud babası nənəsini elə döyür. Birə-bir eyni.

Həyat və yaradıcılığında uğursuz olan tipik azərbaycanlı errrrrrkek adam içib-içib axşam evə gəlir. Ailəsini düzür “stroya”. Başlayır onları minməyə. Əvvəlcə arvadını döyür, sonra uşaqlarını döyür, ürəyi soyumur, yenə arvadını döyür. Uşaq da fikirləşir ki, eybi yox, mən də sabah sinif yoldaşlarımı belə döyəcəyəm, eybi yox, mən də arvadımı belə döyəcəyəm. Yəqin, doğrusu budur.

Azərbaycanlı uğursuz errrrkek adam elə bilir ki, bütün uğursuzluqların səbəbi arvadı və uşaqlarındadır.

Amma bilmir ki, qadın güclü olanda, kişi də güclü olur.

Əslində, azərbaycanlı kişilərin kişilikdən danışmağına baxmayın. Oğurluq edən, rüşvət alan, kiminsə üzünə duran, cındırlıq edən, bir-birinə pul atan, aldadan, əclaflıq edən, başqasının ailəsinə sataşan adamların hamısı kişilərdir.

Müqəddəs kişi kultu? Buraxın getsin. Kişilik nədir?

Azərbaycanlılar hər şeylə olduğu kimi onunla da məzələnirlər. Errrkek adam qadını mətbəx əşyası edəndə başa düşmür ki, doğrudan da, o da qadını kimi olmağa başlayır. Bir növ ilahi ədalət öz yerini tapır. Mətbəx qadını qisasını ərindən alır. Onu yalançı, oğraş, cındır, əclaf, yaltaq, üzəduran, satqın edir. Niyə? “Bir tikə çörəyə” görə.

Kiçik bir haşiyə çıxım.

Cənubi Azərbaycanda ictimai-siyasi fəal, Azərbaycanın milli haqları uğrunda mübarizə aparanlardan biri, 8 dəfə həbs olunan Abbas Lisaninin haqq mübarizəsində ən böyük dəstəyi həyat yoldaşı Rüqəyya Əlizadə vermişdi. Abbas Lisani tutulanda Rüqəyya xanım öz səsini bütün dünyaya çatdırırdı. Niyə? Çünki arrrrvad yox, həyat yoldaşı idi.

III hissə – Absurda yaşamaq

Təbii ki, hamımız məktəbdə döymüşük, döyülmüşük, dalaşmışıq-filan. Burda əsasən sosial şəbəkələrin rolu böyükdür. Adamlar (elə içi mən qarışıq) qınamağa material axtarırlar. Məni hətta məktəb vaxtı bir qız döyüb. Şillə-təpiklə. Əməlli başlı. Yaxud kimsə dalaşırdı, söyüş qoyurdular ki, ayıran “bınnandı”. Heç kim “bınnan” olmamaq üçün ayırmırdı, hətta bir dəfə müəllimimiz də ayırmaq istədi, öyrəndi ki, “bınnan” çıxacaq, ayırmadı, çıxdı getdi işinin dalınca.

Qərəz, çox da sağlam cəmiyyətdə yaşamırıq. Adamlar sakitləşmək, nifrətlərini boşaltmaq üçün yer axtarırlar. Təbii ki, kütlənin qəzəbinə səbəb olacaq başqa şeylər də var. Hansı ki, sinif otağında telefonla çəkilən dava, yazıq bir uşaq, quldurluq, “reketlik”lə böyüyən nəsil, şiddət, bullinq. Kədərli və ağır, eyni zamanda, adi və sıradan bir mənzərədir.

Şəxsən, mən videoya baxandan sonra bir az sarsıldım. Çünki atam içkili gəlib, məni evdə döyməyib, (anam döyüb, o sayılmır) yaxud məktəbdə o formada kimisə döyməmişəm. Bizə mərhəmətli olmağı öyrətmişdilər.

Bu yazının məqsədi ağzından süd iyi gələn iki uşağın davasını dartışmaq deyil, əslində, məqsəd başqa bir fenomenə nəzər yetirməkdir: yeni dövrün reallıqları, sosial şəbəkələr, oğru qanunları ilə böyüdülən müasir nəsil, ölmüş təhsil sistemi və şiddətə meylli azərbaycanlı valideynlərdir.

Mən artıq alışmışam. Burda absurd yaşamaqdan başqa çarə yoxdur. Tam səmimi deyirəm. Metroda oxuduğum kitabı tərsinə tutub, ciddi-ciddi mütaliə edirəm. Camaat baxır təəccüblənir, gülür. Yaxud günəşli gündə çətirlə gəzirəm. Özümə karandaşla bığ qoyuram, ayaqqabımın bir tayı başqa olur, bir tayı başqa. Camaat pilləkəndən düşəndə, mən qalxıram. Piyada keçidindən əllərimin üstündə yeriyə-yeriyə keçirəm. Çörək almağa çəhrayı gecə paltarımla gedirəm. Məhəllədə adım çıxıb.

Belə getsə, nə olacaq? Uzağı dəli olacam. Olsun da, indiyə kimi ağıllı olub nə etmişəm ki?

Onsuz da, burda yaşamaq üçün ya kefli İsgəndər olmalısan, ya da “milli valyuta”.

# 4725 dəfə oxunub

Müəllifin son yazıları

# # #