Rusiyanı bu qədər sevirsənsə... - Oqtay Ataxana cavab

Oqtay Ataxan

Oqtay Ataxan

18 aprel 2022
# 15:00

“Eşşəgin biri eşşəg
Dur yubanmaginən, əcləfin biri əcləf
əlim-əyağım sənə dəyməmiş rədd ol burdan”

Məşədibaba

Dünən sosial şəbəkələrdə bir video yayıldı. Oqtay Ataxan adlı bir adam kişi-kişi telefonu yandırıb, kameranı qoşub, başlayır danışmağa. Bu adam Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi olub. Söhbət təxminən belədir:

“Mən həmişə demişəm. Rusiyaya, rus millətinə, rus dilinə, rus mədəniyyətinə qarşı çıxış edən o eşşəklər, eşşək nəslindən olan azərbaycanlılar, hansılar ki, mən demişəm, siz Rusiyanın arxasını öpməlisiniz gündə 15 dəfə. Çünki rus milləti, Rusiya gəldi bizi heyvan vəziyyətindən çıxardı, adam vəziyyətinə qaldırdı. Rusiya bunu elədi. Bizim heç nəyimiz yox idi. Onlar imkan yaratdılar ki, içimizdən ziyalı, ağıllı adamlar çıxsın. Bunu Amerika etməyib, bunu Fransa, Almaniya etməyib. Bunu Rusiya edib. Rusiya, rus milləti bizi köləyə çevirməyib. Böyük Britaniyanın, Almaniyanın, Fransanın və digər millətlərin üzərində elədiyini bizim üstümüzdə eləməyib. Heç kimin etmədiyini Rusiya edib bizim üçün. Və bunu unutmaq olmaz”.

Əvvəlcə, gəlin “Eşşək” nədir və yaxud kimdir ona baxaq. Eşşək (latınca – Equus asinus) təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid Afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövüdür. Eşşəklərin hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Təsərrüfatda rolu və əməyi danılmazdır. Həm iş qüvvəsi kimi, həm də nəqliyyat vasitəsi kimi rayonlarımızda bu gün də istifadə olunur. Hətta XIII əsrin məşhur səyyahı Marko Polo məlumat verirdi ki, Azərbaycanda sağlam, möhkəm, aclığa və susuzluğa davamlı uzunqulaq yetişdirilir ki, onların hər biri 30 markaya satırlar. Yerli tacirlər uzaq səfərlərə uzunqulaqla yola düşürlər. Eşşək həm də dünyada ən gözəl gözləri olan canlılardan biridir. Eşşəyin bir xüsusiyyəti də var ki, “ş” samitini uzadıb, təhqir kimi də istifadə etmək olur. Bir sözlə, eşşək nə edirsə, etsin, yarınmır ki, yarınmır. Yazıq.

İndi isə “müdrik kəlamlar söyləyən” bu çox hörmətli müəllimə sual oluna bilər ki, siz hansı eşşək növünü nəzərdə tutub, azərbaycanlıları “eşşək” və “eşşək nəslindən olan” adlandırırsınız? Əgər Afrikada yaşayan, vəhşi eşşək növünü nəzərdə tutursunuzsa, mən bütün Azərbaycan xalqının adından deyə bilərəm ki, “eşşək sizsiniz”. Yox, əgər təsərrüfatda işlənən, sadə, zəhmətkeş, sakit, səmimi və gözəl gözləri olan eşşəyi nəzərdə tutursunuzsa, bu haqda nəsə deməyə lüzum görmürəm. Sadəcə o cür gözəl canlını təhqir kimi istifadə etdiyiniz üçün siz heç eşşək də deyilsiniz.

Bu arada eşşəklər, atlar və ruslardan söz düşmüşkən Yekatrina müəlliməni xatırlamasaq olmazdı. Allah rəhmət eləsin, ya da rus demiş, Tanrı günahlarını bağışlasın, rahat uyusun. Hər nəysə.

Dünən rusiyalı blogger Hüseyn Həsənov park-bulvara gəlmişdi. Açığı bu soxhasoxda o niyə gəlmişdi, bilmirəm. Yəqin, hamı həmin izdihamı, həmin qarğaşanı görüb. Artıq sözə nə hacət? Və məlum oldu ki, həmin izdihamın əksəriyyəti rus sektorları olan gənclərdir. Hansı ki, rus sektorları azərbaycanlı uşaqlara bayağı, səviyyəsiz adamlar kimi baxırlar.

“Eşşək” sözündən gen-bol istifadə edən müəllim isə bu tərəfdən başlayıb ki, ziyalılıq belə gəldi, mədəniyyət elə getdi. Hansı mədəniyyətdən danışırsan ki, cavan-cavan uşaqlar bir blogger üçün dünən aləmi vurmuşdular bir-birinə. Elə mədəniyyət olar? Ümumiyyətlə, mədəniyyətdən dəm vuran müəlliminin danışdığı mədəniyyət nədir? Mədəniyyət deyəndə nəyi nəzərdə tutur? Gəlsin açıqlasın, görək ruslar bizə hansı mədəniyyəti veriblər.

Ay insafsız, rus mədəniyyət paylayanda, bəs sən harada idin? Nə üçün onun payladığı mədəniyyətdən öz qabına bir-iki qaşıq qoymamısan? Rusun verdiyi mədəniyyət sənin simanda təzahür edəcəksə, kül o mədəniyyətin başına. Rusları, Rusiyanı bu qədər sevirsənsə, nə üçün onları camaata söydürürsən?

Oqtay Ataxanın bu "çıxışı" Rusiyaya qarşı, rus dilinə qarşı aqressiya yaratmaqdan başqa heç nəyə səbəb ola bilməz. Əgər Oqtay "müəllim"in məqsədi bu idisə, təbrik edirik, işinin öhdəsindən yaxşı gəldi.

Şəxsən mən heç bir insana milliyətinə görə dəyər verməyin tərəfdarı deyiləm, nəinki danışdığı dilə görə.

Hərənin öz fikri var. Kim nə istəyir, düşünə bilər. Bu, azadlıqdır. Düşüncə azadlığı. Kim nə istəyir, fikirləşə bilər. Kim necə istəyir, geyinə, davrana bilər. Bu, postmodernizmdir. Amma bilə-bilə ki, nifrətli, heç bir məzmunu olmayan, səviyyəsiz çıxış edəcəksən və səni birmənalı olaraq söyəcəklər, buna rəğmən yenə də özünü söydürməyin, vallah, bizim günahımız deyil. Yəqin, tərbiyəçin rus olub və o sənə belə öyrədib.

Mən daha heç kimi qınamıram, sosial şəbəkələrdə danışan adamlara əsəbiləşmirəm.

Çünki İmam Hüseynə ağlayan adamları da gördük, onlara gülənləri də gördük dünən. Hərə bir şeylə diqqət çəkir. Hərə bir şeylə yada düşmək istəyir. Dekartı bir az təhrif edək: “Yada düşürsənsə, deməli, varsan”.

Mənim yada düşməyə, yadda qalmağa ehtiyacı olan adamlara yazığım gəlir. Çünki onlar mənəvi olaraq ölüblər və bu həyatdan ölmək üzrə ikən nəsə qoparıb getmək istəyirlər. Sizi tam əmin edirəm ki, bu müəllim ona söyülən söyüşləri görüb bundan həzz alır. Çünki yada düşüb, özünü necəsə insanların diqqətinə çatdırıb.

P.S. “Mədəniyyət” müəllimi öz çıxışında bir çox qeyri-etik ifadələr də işlətmişdi, hansı ki, onları burda təəssüflər olsun verə bilmirəm.

# 6865 dəfə oxunub

Müəllifin son yazıları

# # #