Qeybət janrında verilişlər yayımlayan Anten FM - Rüstəm Əliyevin diqqətinə

Qeybət janrında verilişlər yayımlayan Anten FM - Rüstəm Əliyevin diqqətinə
13 aprel 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin "Radionun “101 tonu”" adlı yazısını təqdim edir.

Hekayələr hər zaman olub. Çünki dünyanı qavramaq çətindir, amma dünyaya aid hekayələri başa düşmək mümkündür. Dünyanı başa düşmək üçün isə müxtəlif hekayə danışan üsullar var: qəzet, radio, roman, televizor, sosial şəbəkələr və həyatımıza istər-istəməz daxil olan müxtəlif vasitələr.

Həmin bu vasitələrlə gün ərzində necəsə kontakda oluruq. Məsələn, hansısa saytdan bir xəbər tapırsan, televizordan nəsə eşidirsən, kiminsə həyatını romandan oxuyursan. Taksidə olanda məcburi olaraq radioya qulaq asırsan və s. Və bu vasitələrlə hekayə dinləyirsən, dünyanı digər insanların gözündən dərk edirsən.

Bu gün işə gələrkən taksidə radioya qulaq asırdım, 101.1 fm-ə. Aparıcısı xanım olan (səhv eləmirəmsə, Əzizə İsmayılova idi) bu verilişin mövzusu “boşanandan sonra cütlüklərin bir-birinə münasibəti” idi. Xanım dinləyicilərə sual verir ki, “nə üçün boşanan cütlüklər, boşanandan sonra bir-birini rahat buraxmırlar, onları narahat edirlər və s.”.

Bir az ağlı və məntiqi olan bir insan bu mövzunu eşidən kimi başa düşər ki, mövzu, həqiqətən, bayağı, banal, səviyyəsiz və ucuz bir mövzudur. Adətən, bu cür mövzularda moderator heç kimin fikrinə münasibət bildirmir, hər kəs ağzına nə gəldi danışır və o da həmin fikirləri oxuyur.

Hər bir xalqın kodları var ki, bu kodlardan istifadə edərək istənilən situasiyada özünü qəhrəman və ya anti-qəhrəman kimi göstərə bilərsən. “Boşanma” mövzusu da bikar azərbaycanlıların ən həssas, ən yaralı nöqtəsidir deyə, zəng edən, mesaj yazan kim varsa, ağzına nə gəldi danışır, üyüdüb tökürdülər. Aparıcıya və işlədiyi radioya da nə lazımdır? Əlbəttə ki, bu cür səviyyəsiz insanlar. Aparıcı özünü bu məsələdən narahat olan kimi göstərsə də, əslində, bu onun heç vecinə deyildi.

Məsələn, cütlüklərin boşanandan sonra bir-birinə fiziki və psixoloji şiddət göstərməsindən danışıb, narazılıq edərkən, bir neçə dəqiqə sonra zəng edən bir dinləyicinin “əgər kimsə mənim bacımı narahat etsə, onun gözünü çıxardaram” ifadəsinə dedi ki, “bəli, bəli, düz deyirsiz. Məncə də, bütün qardaşlar bacıları haqqında belə fikirləşməlidirlər”.

Siz bu biabırçılığı görürsüz? Artıq bu ifadəsindən sonra tamamilə başa düşdüm ki, nə bu veriliş, nə də bu radio səmimidir. Kütləyə oynayaraq, səviyyəsiz, ucuz və bayağı mövzuları götürüb, qızdırıb-qızdırıb camaata verirlər. Hələ fikirlərimi çox mədəni formada ifadə edirəm.

Bu qadının, görəsən, üstünə götürdüyü məsuliyyətdən xəbəri varmı? Bilirmi ki, ona nə qədər adam qulaq asır və həmin adamların əksəriyyətinin öz fikirləri yoxdur. Radioda, televizorda, tik-tokda, feysbukda nə eşitsələr onu danışırlar, o cür hərəkət edirlər. Tutaq ki, bu söhbətdən sonra bir kişi bacısını narahat edən başqa bir kişinin gözünü çıxartsa, bu hadisədə günahkar kim olacaq? O bilirmi ki, taksi şoferi bu ifadədən sonra dedi ki, halal olsun, düz deyirlər. Əgər eşitsəm ki, mənim bacım boşanıb, onu öz əllərimlə öldürərəm.

Ay Əzizə xanım, mən indi o taksi şoferinə nə deyim, hə? Ona doğrunu niyə və necə başa salım? Nə qədər olar, sizin kor-koranə, ucuz fikirlərinizlə zəhərlədiyiniz insanlara qarşı mübarizə aparmaq?

Bu fikirlərlə doldurulmuş insanlar sabah cəmiyyətin ən təhlükəli adamları olmayacaqmı? Və bu cəmiyyətdə təkcə mən yox, həm də sizin kimi insanlar da o adamlarla bir yerdə yaşayırlar.

Bir ara istədim zəng edib, bu verilişə və aparıcıya bir-iki kəlimə deyəm ki, “ay qardaş, ay bacı, siz bu camaatdan nə istəyirsiz? Nə üçün qoymursuz rahat oturaq yerimizdə? Əgər qadın cinayətlərinə ürəyiniz yanırsa, durub bu haqda bir veriliş hazırlayın və cəmiyyəti maarifləndirin və s.” .

Ümumiyyətlə, verilişin ən alt qatlarında aparıcının da, dinləyicilərin də bir qayda olaraq boşanmalara yaxşı baxmadığı hiss olunurdu. Bu da təbiidir də. “Bacısını narahat edən adamın gözünü çıxaran qardaşa” əhsən deyən aparıcı, yəqin ki, “o evdən ancaq kəfənin çıxar”, “kişinin səhvini səbirlə, qadının səhvini qəbirlə” deyimlərini də qəbul edir. Aparıcı, arabir bilərəkdən, yaxud bilməyərəkdən deyirdi ki, “boşanmayın da, niyə boşanırsız, boşanmayın”. Sonra da başlayırdı ki, “qadın qətlləri də çoxalıb-zad”. Bəsdir görək, bu necə qadın qətllərinə ürəyi yanmaqdır ki, deyirsən “boşanmayın”.

Hələ çox seksist söhbətlər də edirdi, müxtəlif cinsi ayrı-seçkiliyi andıran ifadələr də işlədirdi, amma təəssüf ki, bu mənasız söhbətləri yadımda saxlaya bilmədim. İşə gecikirdim və qanım qaralmışdı. Bir dənə “kişi öldürən qadın, demək olar ki, yoxdur” ifadəsini xatırlayıram. Başa düşmədik. Bu nə deməkdir? Kişini öldürən qadınlar da çoxalsın?
Sonra da bir proqram da açasız ki, “kişi qətlləri niyə çoxaldı?”.

Bu söhbətlərin son istifadə tarixi çoxdan bitib e, əziz 101.1 fm. Kim boşanır, kim boşanmır, kim boşanandan sonra kimi narahat edir - bunların sizə heç bir dəxli yoxdur. “Qadın qətlləri” kimi həssas mövzudan istifadə edib, saxtakarlıq etməyin. Verin musiqinizi, nə bilim, yol hərəkəti qaydalarından danışın, havadan danışın, bu cür mövzular, el dili ilə desək, sizin başınız üçün deyil.

Gedin, öz balaca dünyanızda yaşayın da. Qeybət janrında mövzularınızla, kiflənmiş düşüncələrinizlə, mentalitet qoruyuculuğunuzla, sovet təfəkkürünüzlə bu cür mövzularda özünüzü deşifrə edirsiz, kamuflyajınız itib-gedir, maskanız düşür.

Əgər bu formatınız tutursa, camaatda necəsə maraq oyada bilirsinizsə, sizə bu cür mövzular verə bilərəm.

Misalçün, qabaqdan yay gəlir, şortik temasını aktuallaşdırın. O dəyərli dinləyicilərinizdən soruşun ki, “şortik geyinən oğlan yaxşı oğlandır, yoxsa pis oğlan?”. “Şortik geyinənlərin də gözünü çıxarmaq olar, yoxsa sadəcə qulaqlarını kəssən bəs edər?”. Daha sonra soruşun ki, “evli ola-ola başqa adamla danışan qadınlara münasibətiniz necədir?”, “orucluqda toy etmək olarmı?-filan”.

Əgər bir xalqın radiosunda “başbilən” aparıcıları “101 ilin çeynənmiş” mözvularından bəhs edirsə, hələ də bu aparıcılar özlərini ağıllı hesab edib camaat məsləhət verirlərsə, kimsə bunlara bir “dur” deməlidir.

Əgər durmasalar, vəziyyət lap pisləşəcək.


# 3448 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #