"Mənə təpik vurub qaçırlar" – Kukladan reportaj

"Mənə təpik vurub qaçırlar" – Kukladan reportaj
2 mart 2022
# 09:00

Kulis.az “Həyatın içindən” layihəsindən Vüqar Babazadənin Tarqovıdakı kukladan yazdığı reportajı təqdim edir.

– Sən haralısan?

– Lerikdən.

– Aa, mən də Lerikdənəm. Talışca bilirsən?

– Həə, bilirəm.

– Onda səndən reportaj hazırlaya bilərik?

– O nədi?

– Reportaj da, bir az söhbət edək səninlə, bunu yazacağıq.

– Nəyinizə lazımdır ki?

– Jurnalistik də.

– Yazıb neyniyəcəksiz?

– Saytda paylaşacağıq. Bax sən necə burda çörək qazanırsan, biz də belə qazanırıq.

– Beş manat verərsiz, verərəm.

Doğrudan, verərsən? Həqiqətən, razılaşırsan? – Ayxan təəccüb qarışıq sevinclə dillənir.

Həə, bunda nə var ki?

– Yaxşı, onda başlayaq. – deyirəm.

Uzun gəzinti və axtarışlardan sonra axır ki, bir nəfər reportaja razılaşır. Klişe təsvirlə desək, Ayxanla mən sevincimizdən qanadlanıb uçuruq. Bir anlıq gözüm Ayxanın qanadlarına sataşır. Onun qanadları balaca, qap-qara, bir tərəfi cırılmış, yarım-yamalaqdır. O qanadlanmışkən uçub isti, düz-əməlli nəşriyyat sistemi olan ölkələrə getmək istəsə də, ayaqlarından tutub saxlayıram. Axı reportaj hazırlamalıyıq.

Həmyerlim və reportaja razılaşan adam “mişka” paltarı geyinib, “Tarqovuda” uşaqları əyləndirən, onlarla şəkil çəkən peşənin yiyəsidir. Nə qədər eləsək də, başındakı “mişka” papağını çıxarmır. Torlu papaqdan ancaq gözlərini görə bilirəm. Hər dəfə onun gözlərinə baxanda elə bilirəm ki, “voronok”da aparılan hansısa məhbusu izləyirəm. Təxminən o da həyata məhbus kimi gəlib. “Həyat məhbusu” kimi.

– Adın nədir?

– Elnur.

– Neçə yaşın var, Elnur?

– 33.

– Neçə ildir məşğulsan bu işlə?

– 10 ilə yaxındır.

– Bəs nə qədər qazanırsan, soruşmaq ayıb olmasın.

– Olur da, Allah bərəkət versin.

– Dolana bilirsən də?

– Şükür Allaha.

Olar başındakını çıxarasan? Üzün düşməyəcək, qıraqdan çəkəcəyik. – Ayxan deyir.

– Qurban olum, elə şey istəməyin məndən.

Deyəsən, işinə görə problem yaşamaqdan qorxur. Hələ hiss edirəm ki, tam başa düşə bilmir ki, biz ondan nə istəyirik. Sonda onda pul verəcəyikmi, verməyəcəyikmi?

Dünya elə bir yerə çevrilib ki, heç kim heç kimə güvənmir. Bu hal məni olduqca narahat edir. Kaş insanların alınlarında neçə faiz insan olduqlarını görə biləydik. Misalçün, mən "60-70% insanam". İnsanlıq dərəcəsi 50 faizin aşağısında olan adamlarla heç danışmayaydıq. Həyatımıza daxil etməyəydik. Kaş...

– Yaxşı, işin çətindir bəs?

– Gəlib şəkil çəkdirirlər, sonra da vurub qaçırlar.

Ayxanla ikimiz də təəccüblənirik.

– Necə yəni vururlar?

– Həə, gəlib arxadan təpik vurub qaçırlar .

– Çox olur eləyən?

– Olur daa...

– Bəs nə reaksiya verirsən onlara?

– Nə reaksiya verəcəm e, çörəyimi qazanıram.

Nə deyəsən... Bu yazını oxuyan adamlardan ərkyana bir xahişim var. Əgər sizdən kimsə, yaxud tanışlarınızdan kimsə küçədə kukla işləyən adamları vurursa, onlarla məzələnirsə, daha eləməyin. Ayıbdır.

– Qazancını demədin axı. Bir şəkli neçəyə çəkdirirsən?

– Baxır da, gündəlik 20-30 manat qazanıram. Şəklin də birini üç-beş manata çəkdirirəm.

Elnurun iş yoldaşlarından biri - seçə bilmədim ki, o hansı formanı geyinib - mənlə Ayxana yaxınlaşıb, görüşür. Müxtəlif zarafatlar edir. Deyir ki, mənlə də şəkil çəkdirin. Elnur isə cavab verir ki, bunlar şəkil çəkdirmirlər. Başqa şey üçün gəliblər.

Bunu eşidən kimi Elnurun dostu çıxıb, gedir. Qaldığımız yerdən davam edirik.

– Heç olub ki, şəkil çəkdirib pul verməyiblər?

– Olub.

– Necə olub, danış da bizə.

– Necə olacaq, şəkil çəkdirib vermirlər də. Deyirlər, olanda verərik. Nə deyim. Heç kim bunu ­– formasını göstərib deyir – kefindən geyinmir ki...

– Ailəlisən, Elnur?

– Bəli.

– Uşaq var?

– Bir oğlum, bir qızım var.

– Allah saxlasın. Evə gedəndə səni bu formada görürlər?

– Yox, görmürlər.

– Onda sənin bu işdə işlədiyini bilmirlər?

– Yox, bilmirlər.

Bu anda Ayxanla bir-birimizə baxırıq. Hisslərimiz itiləşib. Dünyada elə bir əzab olmaz ki, onu duymaya bilək. Bu hadisə də xeyli kədərlidir. Atalarının “Tarqovuda”kı “mişka”lardan biri olduğunu bilməyən iki uşaq... Görəsən, onlar bilsələr ki, ataları “mişka” paltarındadır, buna münasibətləri necə olar?

Özümü o uşaqların yerinə qoyanda, düşünürəm ki, əgər atam “mişka” paltarı geyinib çörək qazansa, mən bundan utanmaram. Hətta gedib, özüm də atama kömək edərəm. Əgər uşaqlar böyüyəndə mərifət əhlindən olsalar, onlar da atalarının bu peşəsindən utanmazlar, həmişə ona qahmar çıxarlar. Ümid edirəm ki, elə də olar.

– Ən böyük arzun nədir, Elnur?

– Sənətim aktyorluğa yaxındır deyə, həmişə istəmişəm ki, aktyor olum.

– Hansı rolda oynamaq istəyərdin?

– İstənilən bir rolda. Bilirsiniz, forma geyinib gəzməklə deyil. İnsanları əyləndirmək lazımdır. Mən formamı çıxaranda da uşaqlarla zarafatlaşıram, onları güldürürəm. Bu mənim xarakterimdir. İnsanlarla ünsiyyət qurmaq lazımdır. Onlarla danışmaq, söhbətləşmək. Bu şeylər vacibdir. Yoxsa hər kəs bir-birini yola verir.

Bir dahi deyirdi ki, insan özünə lazım olan sözləri mütləq həyatında bir dəfə də olsa eşidir. Amma həmin söz ya yersiz vaxtda gəlir, ya da dəxilsiz bir adamdan çıxır. Elnurun bu sözlərini dinləyərkən ağlımdan keçirdi ki, onun danışdığı şeylər mənə lazım olan sözlərdir. Amma həm vaxtsız gəlib, həm də gözlənilməz bir adamdan çıxıb.

– Elnur, Azərbaycanlılar əylənə bilirlər?

– Əyləndirsən, niyə əylənmirlər?

Bu vaxt iki uşaq yaxınlaşıb Elnurla mənə əl uzadırlar. İkimiz də salamlaşırıq. Uşaqlar elə bilir ki, mən də Elnur kimi bu peşə ilə məşğulam. Elə ondan bir fərqim yoxdur. Bircə formam çatışmır. "Maşa Medved" formasından filan olsaydı, geyinib mən də uşaqları əyləndirərdim. Ümumiyyətlə, Elnurun yanında olanda fikirləşdim ki, yazının daşını atım, keçim bu sənətə. Necə gözəldir, uşaqlarla qucaqlaşmaq, onları güldürmək, şənləndirmək.

Bir az sonra uşaqlar Elnurla şəkil çəkdirib, gedirlər. Pul da vermirlər. Elnur da heç istəmir. Mən onun səmimiyyətinə bu hadisədən sonra tamamilə inanıram ki, o, doğrudan da, işini sevə-sevə görür.

Elnurla nə danışmaq lazımdırsa, hamısını danışırıq. Cibinə beşlik basıb, sağollaşaraq onu tərk edirik.

***

Bir azdan Ayxanın bayaqkı qanadları çıxır. Bunu görən kimi mən də qanadlarımı çıxarıram. Bütün dünyanı dövrə vurub, Lerikə uçuruq. Lerikin dumanlı səmasında uça-uça Ayxana göstərirəm.

– Bax, ora filan yerdir, orda anam məni döyüb, burda filan qonşumuz vardı.

Bu anda ətrafına çoxlu uşaq toplaşmış qoca bir kişi görürük. Uşaqlar əllərində soğan-çörək qoca kişinin sağında-solunda dayanıblar. O, nəsə danışır və uşaqlar gülməkdən uğunub gedirlər. Bu mənzərə o qədər xoşumuza gəlir ki, yerə enib onların yanına yaxınlaşırıq.

Uşaqların arasından qoca kişinin gözlərini görə bilirəm. Nə vaxtsa, cavanlıqda hansısa xatirəm yadıma düşür. Amma xatırlaya bilmirəm. Sanki “Voronokdan” kiməsə baxmışam kimi gəlir mənə.

Qoca kişi bizi görüb, yanına çağırır. Soruşur ki, siz nə işlə məşğulsunuz?

Cavab veririk ki, əvvəllər jurnalist idik. İndi heç kimik. Uzaqlara baxıb deyir ki, əvvəllər, hansı ki, onda mən də cavan idim. İki cavan oğlan məndən reportaj hazırlamışdılar. Heç bilmədim o reportajın axırı nə oldu?

Ondan adını soruşuruq. Deyir ki, adım Elnurdur. Sual veririk ki, ailəlisənmi? Deyir ki, bir qızım, bir oğlum vardı. Məndən utandıqları üçün, rayona gətirib atdılar. İndi özləri şəhərdədilər. Mən də burda tək yaşayıram. Rayonun uşaqlarını əyləndirirəm, onlardan başqa heç kimim yoxdur. Özü də rayondakı uşaqlar, şəhərdəkilərdən daha tərbiyəlidir.

Sakitcə Ayxana baxıram və yavaş-yavaş oradan aralaşırıq. Havada yenə gözüm Ayxana sataşır. İllər onu necə dəyişdirib. Sabah, deyəsən, Diləyin 30 yaşı olacaq...

# 5390 dəfə oxunub

Müəllifin son yazıları

# # #