Azərbaycanski "Kaybolan yıllar" - Taleh Yuzbəyovun qadınları kombayn kimi biçdiyi serial

Azərbaycanski "Kaybolan yıllar" - Taleh Yuzbəyovun qadınları kombayn kimi biçdiyi serial
6 iyun 2024
# 10:17

Kulis.az Vüqar Vanın “Alatava” serialı haqqında yeni yazısını təqdim edir.

“Alatava”nın danışdığı hekayə o qədər əhəmiyyətsizdir ki... Uşaq evində böyüyən qəhrəmanlar, bu qəhrəmanların serial boyu düşdüyü çətinliklər, bu çətinliklərin getdikcə daha da mürəkkəbləşməsi, sonda da qəhrəmanların bütün çətinliklərdən necəsə xilas olmağı, şərin məğlubiyyəti, dostluğun, sədaqətin, sevginin, xeyirin qalibiyyəti, bir sözlə, “azərbaycanski kaybolan yıllar”.

Tamaşaçıdan nə gözləyirlər? Qəhrəmanların çətin vəziyyətə düşməyinə kədərlənək? Onların sonda bütün problemlərdən xilasına sevinək? Taleh Yüzbəyovun qadınları kombayn kimi biçməyini alqışlayaq? Əlixanın sevgilisi ilə problemlərinə görə məyus olaq? Uşaq evində böyüyən kişiləşmiş bir qadının acı taleyi bizi məyus etsin?

Təzə yemək bişirməyə başlayanların ən böyük problemi budur ki, onlar hər şeydən çox qoyanda yeməyin daha dadlı alınacağını fikirləşirlər. Amma axı yemək bişirmək belə bir şey deyil. Yeməyin dadlı çıxması üçün bütün inqrediyentlərin miqdarına fikir vermək lazımdır. Misalçün, pomidor yumurtaya çoxlu pomidor tökəndə o dadlı olmayacaq. Pomidor yumurtaya lazımi qədər pomidor əlavə etmək lazımdır.

“Alatava” da buna oxşayır. Baxırsan ki, ölkənin ən məşhur vayner-bloqqer-tik-tokerləri, çox sevilən aktyorları, məşhur, gözəl qadınları hamısı serialın içindədir. Üstəgəl, yetimxana, nakam sevgi, səviyyəsiz zarafatlar, “arabesk” mahnılar.

Bilirsiz? Yarığın ağzı çox geniş deyil. Dünyanın ən klassik hekayələrindən biri: Yetimxanada böyüyən uşaqlar mafiyaya ilişilər.

“Alatava” onda maraqlı, orijinal olardı ki, yetimxanada böyüyən uşaqlar yox, nə bilim, ADA-da, Bakı-Avropa liseyində böyüyən uşaqlar mafiyaya ilişərdilər. Bu, çox sadə standartlardan biridir. Qəhrəmanların həyatı ilə gördükləri iş bir-birinə zidd olmalıdır. Belə baxanda, yetimxanada böyüyən uşaqların mafiyaya ilişməyində elə də qəribə bir şey yoxdur. Onlar onsuz da, küçədə böyüyüblər, küçədən gəlirlər. Amma tutalım Robert kollecində oxuyan hansısa dəstənin birdən küçəyə düşməyi daha gözlənilməz, daha maraqlıdır. Bunun ən gözəl nümunəsi də məşhur Breking Bad serialıdır. Əzik, vicdanlı, bədbəxt bir Kimya müəllimi birdən-birə narkotik alverçisinə çevrilir.

Düzü, “Alatava” haqqında yazmaq istəmirdim. Hətta uşaqların cəhdlərini, səylərini, axtarışlarını təqdir edirdim. Amma dünən “Kulis”də hörmətli Ömər Xəyyamın “Alatava” haqqındakı təəssürat yazısını görəndə fikrimi dəyişdim. Ömərin başdan-ayağa cəfəngiyyat olan yazısından sonra düşündüm, artıq ziyalı mövqeyimi bildirməyin vaxtıdır.

Əvvəla, hörmətli Ömər yazır:

Əlbəttə, aktyor işi, rəng, səs, görüntü, dialoqlar, ssenarinin “diapazonu”, obrazların “nəfəsi” haqqında yazmaq, digər texniki qüsurları da baltalamaq olar, fəqət mən, doğrudan, bu layihəni uğurlu hesab edirəm, üstəlik, qətiyyətlə yazıram ki, “Alatava” milli film sənayesi üçün yeni cığır, yeni nəfəs, yeni mərhələdir, özü də, bu mərhələ motivasiya xarakterlidir, başqa bədii-vizual layihələrdən ötrü pillədir.

Yaxşı, əziz Ömər, aktyor işi, rəng, səs, görüntü, dialoqlar, ssenarinin “diapazonu”, obrazların “nəfəsi” haqqında yazmaq, digər texniki qüsurları da baltalamaq olarsa, nə üçün bu haqda yazmırsan? Və daha vacib bir sual: Bu qədər problemli bir iş necə ola bilər ki, yeni nəfəs, yeni mərhələ, motivasiya, yeni cığır yaratmaqda iddialı olsun?

İkincisi, dəyərli Ömər yazır:

Hər şeyə lağ eləmək, hər şey mız qoymaq bizim köhnə adətimizdir. Gəlin, bu xasiyyətimizi tərgidək, gəlin milli kino sənayemiz adına işıqlı cəhdlər edən gənclərin ayağından dartmayaq, əksinə onlara dəstək olaq, əlbəttə, qüsurlarını da etik-estetik qaydalar çərçivəsində demək şərtiylə…

Ay Ömər, kim “Alatava”ya lağ eləyir, mız qoyur ki? Mən hələ elə bir adama rast gəlməmişəm. Səhv eləmirəmsə, sənin yazın da serial haqqında ilk geniş təəssürat mətni idi. Buna qədər mətbuatda mənfi nəsə yazılmayıb.

Təkcə Sovet hökumətinin xiffətini çəkən, başı ştamp-qəlib, heç kimə lazım olmayan bir-iki xalq artistindən başqa, indiyə qədər harada və kim serialı pisləyib?

Sizin Yutubda serialın altında yazılan rəylərdən xəbəriniz var? Sevda Sultanova da bu haqda qısa bir şey yazmışdı, bizdə belə tamaşaçı tipi var. Təzə nə görür yazır ki, “nəhayət, Azərbaycanda da serial çəkildi”. “Bu uşaqlar kinomuzu yuxarı daşıyacaqlar”. “Gəlin səviyyəli işlərə dəstək olaq”. Bir sözlə, oradakı rəylərdə Əlixan Rəcəbov olub Marlon Brando, Taleh Yüzbəyov da Cek Nikolson.

Bezdik day bu “dəstək olaq, dəstək olaq, gənclər iş görürlər” söhbətlərindən. Nə qədər dəstək olmaq olar? “Alatava”ya bütün ölkə dəstək olur. Əvvəla, İtv-nin eşşək boyda resurs dəstəyi var, ikincisi, adicə hər serial Yutubda 300-400 min (hətta daha çox) arası baxış yığır, hələ televizorda nə qədərdir, Allah bilir. Kim bunlara dəstək olmur ki, Ömər belə gileyli-gileyli danışır? Elə ölkədə kinodan yaxşı başı çıxan adamlardan biri kimi Ömərin özü də onlara dəstək olub. Daha nə qədər dəstək istəyirsiz? Bu dəstəklə də ortada bir şey yoxdur.

Ümumiyyətlə, bizdə “dəstək olmaq” xəstəliyi var. Ölkə üçün təzə, dünya üçün köhnə bir şey görən kimi ona dəstək olmaq istəyirik. Axı nə üçün? Əgər bir şey pisdirsə, deməli, pisdir. Onun Azərbaycanda ilk dəfə olmağı, ilk dəfə çəkilməyi həmin işi pis olmaqdan xilas eləmir.

Qarabağ futbol klubu Avro-liqanın 1/16 mərhələsinə düşmüşdü, camaat konkret özünü buraxmışdı, biri mahnı bəstələyirdi, biri hekayə yazırdı, biri himn sözləri quraşdırmışdı, biri sənədli film çəkəcəkdi. Şərhçilər ifrat dərəcədə tərəf tuturdular, rəqiblərin alınmayan hücumları ilə məzələnirdilər, alçaldıcı tonda danışırdılar, bizim futbolçular açıq-aşkar qaydanı pozurdular, heç kim etiraf etmirdi ki, günah bizim futbolçuda idi. Nə üçün bu qədər emosionallığı özlərinə icazə verirlər, başa düşmürəm? Bəyəm, bizim ölkə olaraq səviyyəmiz “Alatava”ya qədərdir? Onun pis tərəflərini desək, tənqid etsək, bir də ölkədə serial çəkilməyəcək?

Üçüncüsü, qiymətli Ömər, yazır:

Yerli işləri yerli müstəvidə qiymətləndirmək lazımdır.

Məsələn, birinci kinomuzun ağsaqqalları nəzərə alınmalıdır, ikincisi, xatırlamalısan ki, “kinonun müdirləri”, o qalstuklu yaramazlar kinomuzun anasını necə ağladırlar, necə çapıb-talayırlar, sonra senzuraları götür-qoy eləməlisən; bu yanda uydurulmuş “efir mədəniyyəti” klişesi var, üstünə gəl siqaret çəkən qızları ucdantutma fahişə kimi damğalayan “yaxşı oğlanları”... topla, vur, çıx, lap istəsən, min cür düstur qur, vəziyyət budur, bu cürdür.

Bu nə deməkdir? Mən nə üçün hansısa səviyyəsiz, bayağı bir seriala qiymət verərkən kinomuzun ağsaqqallarını nəzərə almalıyam? Nə üçün “efir mədəniyyəti” klişesini nəzərə almalıyam? Nə üçün yaxşı oğlanları nəzərə almalıyam? Nə üçün senzuraları götür-qoy etməliyəm?

Uşaqlar haqqında danışmaq üçün mütləq uşaq olmaq lazımdır?

Yarımvəhşi həyat tərzi sürən hansı Azərbaycanlı tamaşaçı seriala qiymət verərkən kinomuzun ağsaqqallarını, efir mədəniyyətini nəzərə alır? Ən gülməlisi də odur ki, elə o yarımvəhşi həyat tərzi sürən azərbaycanlı tamaşaçılar serialı bəyənirlər, özü də kinomuzun ağsaqqallarını, efir mədəniyyətini nəzərə almadan, senzuraları götür-qoy etmədən.

Yaxşı, indi daha bir sual:

Kinomuzun ağsaqqallarını nəzərə almadan “Alatava”nı bəyənən yarımvəhşi tamaşaçılarla kinomuzun ağsaqqallarını nəzərə alıb “Alatava”nı bəyənən Ömər arasında nə kimi fərqlər var?

Dördüncüsü, çox hörmətli Ömər yenə yazır:

Artıq “Alatava”nın sonuncu seriyası yayımlanacaq.

Ümid edirəm, Cavanşir müəllimi qara-qura işlərdən arındırıb saf, mübarək namizəd kimi sırımayacaqlar…

Başa düşmədim. Əgər sonuncu seriyada Cavanşir müəllimi saf, mübarək bir namizəd kimi bizə sırısalar, onda Ömərin bütün o yeni cığırları, təzə nəfəsləri, növbəti mərhələləri gedir zibil qabına? Yazdığından belə başa düşürəm ki, əgər sonda Cavanşir müəllimi saf obraz kimi bizə təqdim etsələr, Ömər çox məyus olacaq və “Alatava”ya bəy tərifi vurduğu üçün xəcalət çəkəcək. Belə də iş olar? Əgər serialın yaxşı olub-olmamağından əmin deyilsənsə, gözlə, sonuncu seriya da çıxsın, dəqiqləşdir, aydınlaşdır, ondan sonra oturub yaz. Kaş Cavanşir müəllimi saflaşdırıb bizə təqdim edələr, Ömər də səhvini başa düşüb, “Alatava”nı təriflədiyi üçün peşman ola.

Sonda isə dəyərli oxuculara ev tapşırığı:

Elə düşünün ki, “Alatava” serialında Taleh Yüzbəyov, Əlixan Rəcəbov və digər məşhur simalar yoxdur. Bu adamların şöhrətini bir kənara qoysaq, əlimizdə nə qalacaq? “Alatava” yenə də bu qədər maraqlı olacaqmı?

# 3612 dəfə oxunub

Müəllifin son yazıları

# # #