Zorlanmış qız

Zorlanmış qız
7 noyabr 2013
# 17:31

“O yerdən ki, gəlmişik, oraya da qayıdacağıq”.

Anaksimandr

2013-cü ilin noyabrı da bütün sələfləri kimi bomboz bir boşluğun içinə doldurulmuş cəfəngiyatı həyat adı altında bizlərə sırıyacaq, arxayın olun!

***

Lüğətdə E hərfli bir neçə alınma söz ardıcıl düzülüb.

Embrion – rüşeymdir, rüşeymdən inkişaf edir insan.

Ekstensiv – keyfiyyətcə deyil, kəmiyyətcə artımı özündə ehtiva edir.

Eristika – mübahisə etmək, özünün üstünlüyünü gözə soxmaq məharətidir.

Endşpil – sona, yekuna çatmaqdır.

Bu yekunda səni Eşafot – mənəvi edam kürsüsü gözləyir.

Ən nəhayət, son qismətin Epitafiya – başdaşı yazısı olur.

***

Sinoptiklər proqnoz verir ki, son ongünlükdə Türkiyə tərəfdən soyuq hava kütlələri daxil olacaq, temperatur xeyli aşağı düşəcək, sulu qar yağacaq...

Ancaq Sovetlər dönəmində, xatırlayıram ki, soyuq hava kütlələri yalnız Rusiyadan gəlirdi...

***

Əvvəl teoloji, sonra metafizik, sonra abstrakt, sonra elmi inkişaf yolu keçən insan şüuru, əslində, bütün bu inkişaf mərhələlərində yalnız bir aksiomu dərk etməyə hazırlaşır: sənin inkişafın sənin məhvini labüdləşdirir!

***

Müasir Azərbaycan gerçəkliyi: Mütləq birinə əyilməlisən. Və bunun üçün də mütləq birini əyməlisən!

***

90-cı illərin sonlarında bizimlə bir qız işləyirdi, korrektor idi. Qış gecələrinin birində işdən evə gec saatlarda dönərkən qaranlıq dalanda iki nəfər hücum çəkmiş, onu zorlamışdı. Bu dəhşətli hadisədən bir də yarım il sonra o qız yenidən işə çıxdı: Çox qorxaq, ürkək, hər şeyə diksinən. Kiçik bir səs belə onu yerindən dik atırdı. Gözləri o qədər donuq idi ki, orada heç bir həyat əlaməti görünmürdü...

Bəzən hamını unudub saatlarla gözlərini bir nöqtəyə dikib sakitcə ağlayar, inildəyərdi...

İndi hədsiz imkanları olan məmurların, biznes adamlarının şeir, roman yazmaq eşqinə düşməsinin məntiqi sonluğu kimi qalın-qalın kitablarının çıxması, bəstəkarların onların sözlərinə mahnı bəstələməsi, teatrların onların yazdıqlarını tamaşaya qoyması, tənqidçilərin bu cızma-qaralara bəy tərifi vurması, bu «şedevrlərin» tərcümə edilərək xarici ölkələrdə çıxması, bunların hətta orta məktəb dərsliklərinə belə salınacağı perspektivi mənə həmin o zorlanma hadisəsini xatırladır.

Bu halda, zorlanan ədəbiyyatımızdır. Onun qorxaq, ürkək, diksinən halını duymursunuz məgər? İniltisini eşitmirsiniz?

***

Xaos – qayda-qanunun dəfnidir.

***

Nə qədər ki, saat var, demək, saatsaz da olacaq.

***

Dərk etmək – dərd çəkmək deməkdir.

***

Bəziləri deyir, yazıçı oxucularını öz arxasınca aparmalıdır, onların dalınca getməməlidir. Bəziləri deyir, yox, yazıçı oxucularının ardınca getməlidir, onları öz arxasınca aparmamalıdır.

Ayrı-ayrılıqda bunların hər ikisi yanlışdır.

Bəs doğru olan nədir? Yazıçı oxucularını sonradan öz ardınca aparmaq üçün öncə özü onların ardınca getməlidir.

***

Biz həyatımız boyu minlərlə gün yaşayırıq. Və bu günlərin içində adiləri də olur, qeyri-adiləri, əhəmiyyətliləri də. İlk sevgiyə tuş olmağımız, ali məktəbə qəbulumuz, toyumuz, yaxşı vəzifəyə təyinatımız, övladımızın doğulması...

Ancaq bu günlərin içində ən əhəmiyyətlisi məhz ikisidir: doğum və ölüm günlərimiz.…

***

Ehsan süfrəsiydi. Süfrəyə plov verilmişdi. Bir azdan mollanın «fatihə» verməsi ilə plov yemə mərasimi bitəcəkdi.

Nəyə diqqət yetirdim? Kimisi heç bir kompleksi olmadan sürətlə düyünü ovuclayıb iştahla yeyir, əti dişinə çəkir, salata, pendirə əl uzadır, marçıltıyla göyərti çeynəyir, üstündən dovğasını da içib desertə – meyvəyə, şirniyyata keçirdi. Mollanın «fatihə»si onu tam doymuş, həyatından və dünyadan razı və məmnun halda yaxaladı.

Kimisi isə utana-utana, çəkinə-çəkinə, ləng-ləng düyünü qurdalayır, görməmiş kimi görünməkdən qorxurdu.

Süfrədən ac durdu, belələri. Molla «Fatihə» verdi ki, bu əyləşənlər yerlərini çöldə dayanıb içəri keçməyi gözləyənlərə versinlər.

Sən getməlisən ki, digərləri gəlsinlər. Sənə verilən möhlət bitincəyə qədər nə elədin, elədin. Eynən həyat da beləcə yaşanır. Ya doyub gedirsən, ya da doymadan...

***

İç dünyasında matəm olan şəxs bayramlara sevinə bilməz.

***

İntihara əl atanlar – uduzmağı həzm edə bilməyənlərdir.

***

Reytinqlər... Reytinqlər...

BBC-nin Böyük Britaniya üzrə müəyyənləşdirdiyi ən yaxşı kitablar reytinqində «Üzüklərin hökmdarı»nın müəllifi Con R.R.Tolkinin və «Harri Potter»i yazan Coan Roulinqin adları Cerom Selincerin, Çarlz Dikkensin, Marqaret Mitçelin, Qabriel Qarsia Markesin, Aleksandr Dümanın, Viktor Hüqonun, Con Qolsuorsinin, Ernest Heminqueyin adlarını böyük fərqlə qabaqlayır.

Sirr deyil ki, bu gün dünyada müasir bestsellerlər daha çox oxunur. Hansı ölkədə kitab satışı üzrə reytinqlərə baxsaq, orada müasir dünyanın ən ünlü bestseller müəlliflərinin (Paolo Koelyo, Xalid Hüsseyn, Den Braun, Patrik Züskind, Alen de Botton, Piter Ceyms, Mark Levi, Anna Qavalda, Sesilya Ahern, Frederik Beqbeder və s.) adlarını ön cərgədə görürük. Eləcə də bu sırada müasir yerli bestseller yaradıcılarının (məsələn, qonşu Rusiyada Darya Donsova, Türkiyədə Elif Şafak, Polşada Yanuş Vişnevski və s.) adlarına rast gəlirik.

Bir kitab ticarəti termini olaraq ən çox satılan kitaba verilən «bestseller» adı müasir – III minilliyin dünya ədəbiyyatında artıq əlavə bir məna da kəsb etməyə başlayıb. İndi «bestseller» oxucuların marağına səbəb olmaq, qəlblərinə yol tapmaq düsturunun cavabını özündə ehtiva edən bir nəsr janrı anlamını daşımaqdadır.

...Bütün dünyada oxucuların daha çox nə oxuduğunu ortaya qoyub ən populyarları müəyyənləşdirən reytinqlər çox təəccüblüdür ki, bizim ölkədə bir qrup insan tərəfindən tam başqa anlamda qəbul edilir: «Mütləq əksəriyyət kimlərin kitabını alıb oxuyursa, demək, həmin kimlər yaza bilmirlər. Yaxşı əsərləri oxucu almaz və oxumaz!»

***

Əslində, bazarın qarşısında araba ilə yük daşıyan İ. ilə şəhərin ən imkanlılarından sayılan Z. arasında bir elə fərq yoxdur. Onların hər ikisinin pula ehtiyacı var və onların hər ikisi kasıbdır. 1 manat sevdalısı İ. 1 manatın, 1 milyon manat sevdalısı Z. isə 1 milyon manatın kasıbıdır.

***

Biz tələbə olan vaxtlarda imtahana gedəndə soruşurdular:

- Neçə aldın?

Amma indi soruşurlar:

- Neçəyə aldın?

***

Dünyaya gələndə özünlə heç nə gətirmədiyin səbəbindən dünyadan gedəndə də özünlə heç nə apara bilməyəcəksən!

***

Yalnız tərifə layiq olmayanlar başqalarından tərif umurlar.

***

Balıq onu tutan balıqçını sevə bilərmi?

***

Dünya bir səssizlikdir. Bəziləri bu səssizliyi dinləməyə gəlirlər. Belələri əksəriyyətdir. Amma bəziləri bu səssizliyi pozmağa gəlirlər!

***

Sibirdə it arabaları ilə gəzmək bir adətdir. Arabaya iki cərgədə altı it qoşulur, onlar ləhləyə-ləhləyə qarın-buzun üstüylə arabanı çəkib aparırlar. Öndəki itlər arxadakılardan daha yaxşı mövqedə olduqlarından, irəlini yaxşı görə bilir, bir növ rahat irəliləyirlər. Görmə bucağı az olan arxadakılar isə tez-tez müvazinətlərini itirirlər. Biz insanlar isə cəmiyyət adlı arabanı çəkib aparmaqdayıq. Öndə gedəndə sən həm dinamik, həm statik olan hər şeyi görmək, rahat qərar qəbul etmək imkanına maliksən.

Amma kiminsə arxasında qalmaq, kiminsə arxasıyla getmək sənin ömrün boyu yalnız onun kürəyini görməyinə və onun qərarlarının icraçısı olmağına imkan verir.

***

Doğulduğu gündən asılı olmayaraq hər kəs xaraktercə bir fəslə bənzəyir. Yaya və qışa bənzəyənlər daha liberal, payıza və yaza bənzəyənlər daha radikal olur.

***

Bizim sual vermək zamanımız bitib. İndi cavab vermək zamanımızdır.

***

«Körpüləri yandırmaq» adlı bir termin var. Klassik mənası əlaqələri üzməkdir. Amma müasir dövrdə digər mənası da yaranıb: özündən sonrakıları maddi rifahdan məhrum etmək! Özün bu sahilə keçəndən sonra digərlər keçməsin, o sahildə qalsın deyə körpüləri yandırırsan.

Hətta körpüyandırma o qədər dəb halını alıb ki, bəziləri məqsədini anlamadan kor-koranə onu icra etməkdədirlər. Onlar, körpünü özləri keçməmiş yandırırlar...

P.S. Sizə o zorlanmış qız haqqında danışmışdım. Bu günlərdə onu təsadüfən küçədə gördüm. Bu illər bir az da qorxaq, bir az da ürkək, bir az da küskün etmişdi onu. Gözlərinin donuq ifadəsi bir az da buzlaşmışdı. Salam verdim, diksindi.

P.P.S. “Bir azdan sən hər şeyi unudacaqsan. Hər şey də öz növbəsində səni unudacaq”. (Mark Avreli)

# 10776 dəfə oxunub

Müəllifin son yazıları

# # #