Nazim Hikmətin intihardan xilas etdiyi azərbaycanlı

Nazim Hikmətin intihardan xilas etdiyi azərbaycanlı
15 yanvar 2018
# 10:35

Anar Məmmədli

Bu gün Nazim Hikmətin doğum günüdür. Son günlər artan intihar xəbərləri arasında Nazimlə bağlı həbsxana xatirəsi yadıma düşdü.

Kürdəxanada ilk yerləşdiyim kamerada qəsdən adam öldürmə ittihamı üzrə 50 yaşlarında bir mühəndis də saxlanılırdı. Qapalı adam idi. Ali təhsilini Rusiyada almış, uzun müddət Rostovda yaşamışdı. Azərbaycana 80-ci illərin əvvəlində qayıtdıqdan sonra həbs edilənədək dəmiryolu sistemində mühəndis işləmişdi. Ölüm işini dediyinə görə bunu mübahisə zəminində özünü müdafiə məqsədilə törətmişdi. Öldürdüyü şəxs biznesmen idi. Olay yerində ikisi olduğundan onun dediklərinə tam olaraq inanıb-inanmamaqda tərəddüd edirdim. Amma hadisəni törədəndən sonra ilk tibbi yardım üçün çalışmamasını, 12 saata yaxın polisdən gizlənməsini də qeyd etməliyəm. Adamı cəmi bircə bıçaq zərbəsi ilə öldürmüşdü. Biznesmen ölərkən çox qorxmuşdu. Və bu qorxu onu tərk etmirdi. Üstəlik peşmançılıq və utanc hissi yaranmışdı. Həyatdan küskün idi. Nadir hallarda gülürdü. Cəmi bircə dəfə mənə başına gələn işgəncələrdən danışmışdı. Yaşadıqları sadəcə dəhşət idi. Cinayətdə başqalarının iştirakı və soyğunçuluq məsələsi saxlanılarkən əsas suallardan olub.

Ailəsi ilə görüşə könülsüz çıxırdı. Yalnız qardaşı və kürəkəni ilə görüşürdü. Sonra onun məhkəmə prosesləri başladı. Bir ay sonra mənim də məhkəməm başladı. Mən kameraya gələnədək bir dəfə özünəqəsd etmək istəmişdi, amma alınmamışdı. Məhkəmənin sonunda – prokuror iş istəyəndə çox qəmgin vəziyyətdə kameraya qayıtdı. Səhəri gün intihara cəhd etdi. Kamerada heç kim yox idi. Cəhdi alınmadı. Sonra məhkəmə hökmü verildi – 14 il (5 ili qapalı rejimdə olmaqla). Apelyasiya müddətində növbəti dəfə intihara cəhd etdi. Bu dəfə kamera yoldaşlarımızdan biri içəridə idi. Onun telefona çıxmasından istifadə edib cəhd etmişdi. Bu olay kamerada xeyli kədərli durum yaratmışdı, bir yandan da yoxlamalar-izahat filan. Onunla bir xeyli söhbət etdik. Əmindik ki, imkan düşən kimi yenə intihara cəhd edəcək. Hərəmiz bir üsulla onu dilə tuturduq.

Bir gün ona Nazim Hikmətdən danışmağa başladım. Onun həbsindən, siyasi mübarizəsindən, həyat eşqindən və yaradıcılığından. Nazimin şeirlərini rusdilli olduğu üçün yaxud türkcə zəif bildiyi üçün yaxşı anlaya bilmirdi. İzah edirdim. Xüsusən də həbsxana şeirlərini oxutdururdum. Təxminən 10-12 gün kamerada Nazim şeiri günləri yaşandı.

Bu müddətdə xeyli açılışdı və etiraf etdi ki, övladlarından utanır, onlara görə xəcalət çəkir. Ona təklif etdim ki, övladlarına məktub yazsın. Böyük qızı və oğluna yazmağa cəsarət etmədi. Amma kiçik qızına yazdı.

Və təxminən iki həftə sonra qızından məktub gəldi. Adam gəzinti otağına keçib məktubu oxumağa başladı. İki-üç gün məktubu göz yaşlarıyla dəfələrlə oxudu. Qızı ondan idman etməyi, yeməyinə fikir verməyi və onun azad olunduğu günədək ailə qurmayacağını yazmışdı.

Qızın 17 yaşı olardı. Məktub onu dəyişdi. Artıq deyib-gülürdü, idman edirdi. Əvvəlki tək saatlarla çarpayıda uzanmırdı, kitablar oxuyurdu. Sonra onu həbsxanaya etap etdilər.

Gedərkən mənim şahmatımı və Nazim Hikmətin şeirlər kitabını da özü ilə apardı.

# 2089 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

14:30 20 mart 2026
Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

15:00 15 mart 2026
Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

14:10 11 mart 2026
"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..."  - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..." - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

12:00 9 mart 2026
“Mənim heç kimim qalmadı...” -  Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

“Mənim heç kimim qalmadı...” - Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

12:00 7 mart 2026
Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

Xudadat bəyin acı taleyi... - Sovet hökumәti cümhuriyyәt dövrünün kadrlarından necə istifadə edirdi?

10:00 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər