Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?
11 sentyabr 2026
# 12:00

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri Əhməd bəy Pepinovun doğum günüdür.

Kulis.az "Tarixin kulisi" layihəsindən İradə Əliyevanın onun haqqında yazısını təqdim edir.

XX əsr tariximiz Azərbaycan ictimai fikrinin inkişafında, cəmiyyətimizin mədəni-mənəvi tərəqqisində mühüm rol oynamış şəxsiyyətlərimizlə zəngindir. Ötən əsrin əvvəllərində yaşamış belə şəxsiyyətlərimiz haqqında danışarkən dərhal yada düşən bir ad da var: Əhməd bəy Pepinov.

Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm rol oynamış Əhməd bəy Pepinov Milli Şuranın, daha sonra Cümhuriyyət parlamentinin üzvü və katibi olub. Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə qurulan 5-ci hökumətdə əmək və əkinçilik naziri vəzifəsində çalışıb. Azərbaycanın ilk ali təhsil ocağı - Bakı Dövlət Universitetinin yaradılmasında yaxından işirak edib. Parlament üzvü kimi bir sıra mühüm qanun layihələrinin yaradılmasına töhfələr verib.

Əhməd bəy Pepinov yüksək təhsil almış ziyalılarımızdan idi. Azərbaycanın tanınmış maarif xadimi, dövrünün qüdrətli qələm sahibi Ömər Faiq Nemanzadənin bacısı oğlu idi. Tiflisdəki zadəgan məktəbini bitirdikdən sonra o, 1912-ci ildə eyni vaxtda Moskva Universitetinin həm Hüquq, həm də İqtisadiyyat fakültələrinə daxil olmuşdu. Bir neçə xarici dilə mükəmməl yiyələnmişdi. Universitetdə təhsil alarkən o, publisistika ilə ciddi şəkildə məşğul olur, "Açıq söz" qəzetində "Axalkalakili Əhməd Cevdet" imzasıyla yazılar dərc etdirirdi.

Ə.Pepinovun Moskva Universitetini bitirdiyi 1917-ci ildə, məlum olduğu kimi, çar Rusiyasında çox əhəmiyyətli siyasi hadisələr baş verirdi. Artıq burjua inqilabı olmuş, çar devrilmiş, qısa müddətdən sonra bolşeviklər hakimiyyəti ələ keçirmişdilər. Əhməd bəy Moskvadan evlərinə qayıdanda bu hadisələrin təsirləri əyalətlərə də keçmişdi. Universitetdə kifayət qədər zəngin bilik və təcrübə toplamış gənc Əhməd bəy də bu axından, təbii ki, kənarda qalmır, dövrünün maarifpərvər insanları cərgəsində ictimai-siyasi fəaliyyətə qoşulur.

Moskva Universitetinin mühitindən irəli gələrək marksizm onun dünyagörüşünə əhəmiyyətli təsir göstərmişdi. Bu siyasi cərəyanın fəlsəfəsini, təməl prinsiplərini dərindən bilirdi. Siyasi əqidə etibarilə özünü bu cərəyana aid edirdi. 1917-ci ildən Hümmət Sosial-Demokrat Təşkilatında təmsil olunmağa başlamışdı və sağ hümmətçi düşüncələrini dəstəkləyirdi. 1917-ci ildə Əhməd bəy yüksək təhsilli gənc ziyalı kimi Cənubi Qafqazdan Müəssislər Məclisinə üzv seçilir. 1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman sosialist blokuna daxil olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şurada sosialist fraksiyasının üzvü kimi irəli çəkilir. Dövlət quruculuğu proseslərində yaxından iştirak edir.

Cümhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin bu savadlı, bacarıqlı gəncə böyük rəğbəti vardı. Pepinovun bu dövrdəki ən böyük xidmətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrə universitet təhsili almaq üçün göndərdiyi 100 tələbə ilə bağlıdır. Belə ki, parlamentin xaricə göndəriləcək gəncləri seçmək üçün yaratdığı müsabiqə komissiyasında Əhməd bəy Pepinov da təmsil olunurdu.

Cümhuriyyətin süqutu günlərində Əhməd bəy Pepinov Bakıda deyildi. O, işğalçı XXI Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə danışıqlar aparmaq üçün 1920-ci il aprelin əvvəllərində Azərbaycan parlamentinin digər üzvü Rəhim bəy Vəkilovla birgə Qroznı şəhərinə göndərilmişdi. Pepinov bolşeviklərin həmin vaxt tanınmış liderlərindən Serqo Orconikidze ilə tanış idi. Qroznıdakı görüş zamanı, insafən, S.Orconikidze Əhməd bəyə Moskva ilə danışacağını vəd verir və vədini də yerinə yetirir. Amma nəticə uğursuz olur. Bakını işğal edən bolşevik cəlladları Cümhriyyət xadimlərinə qarşı qanlı repressiyalara başlayırlar. Cümhuriyyət hökumətinin aparıcı üzvlərindən biri kimi Əhməd bəy Pepinovu da böyük təhlükələr gözləyirdi. Bunu nəzərə alaraq Serqo Orconikidze qafqazlı xarakterinə sadiq qalıb onu qorumaq üçün Bakıya zəmanət teleqramı göndərir. Pepinovdan dəyərli kadr kimi faydalanmağı tövsiyə edir. Bu zəmanət teleqramı müəyyən dövr ərzində Əhməd bəyin həyatını xilas edir. Sovet dövründə ona kiçik vəzifələr verirlər. 1922-ci ildə isə onu Xalq Maarif Komissarlığına göndərirlər. Komissarlığın Kollegiya üzvü seçilir, həmin illərdə Azərbaycan təhsilinin, maarifinin inkişafı üçün mühüm işlər görür. Təkcə bir faktı diqqətə çatdıraq ki, latın qrafikası əsasında Azərbaycan əlifbasının ilk variantının yaradıcılarından biri məhz Əhməd bəy Pepinov olmuşdur.

Məlumatlara görə, 30-cu illərə az qalmış Türkiyədən gələn bir dostu buralarda vəziyyətin getdikcə pisləşəcəyini, gec-tez tutulacağını deyərək ona ailəsini də götürüb Türkiyəyə keçməyi tövsiyə edir. Amma Əhməd bəy özünü təqsirsiz saydığından bununla razılaşmır. Sonralar həbsxanada görüş zamanı qaynanası Xədicə xanıma səhvini etiraf edir ki, gərək onda gedəydim.

Amma millətçi tənəsi ilə təqib və təzyiqlər ara vermirdi. O illərdə repressiyaya məruz qalan Azərbaycan ziyalılarının istintaq sənədlərində Əhməd bəy Pepinovun da adı tez-tez hallandırılırdı. Müstəntiqlər dindirdikləri şəxslərdən müxtəlif işgəncə metodlarının köməyi ilə onunla bağlı ittihamlar əldə edib istintaq sənədlərinə daxil etmək istəyirdilər və buna nail olurdular. Ə.Pepinov digər ziyalılarla birgə Azərbaycanda millətçi əksinqilabçı blok formalaşdırmaqda günahlandırılırdı.

Nəhayət, 1930-cu il dekabrın 8-də 1012 nömrəli orderlə Əhməd bəy də həbs edilir və onunla eyni vaxtda həbsə atılmış 52 nəfərlə birgə xaricdəki əksinqilabi, antisovet mərkəzləri ilə əlaqələrdə təqsirləndirilir. Həbs olunanda 37 yaşı vardı. Günahını boynuna alması və digərləri əleyhinə də ifadə verməsi üçün Əhməd bəyə qarşı ağır işgəncə üsulları tətbiq edilir, amma o bütün əziyyətlərə mətanətlə sinə gərir.
Əhməd bəy Pepinovu həbs etmiş NKVD səlahiyyətlilərini ən çox onun vaxtilə Türkiyənin Bakıdakı konsulu vəzifəsində çalışan Məmduh Şövkət bəylə yaxın dostluq münasibətləri maraqlandırırdı. Məmduh Şövkət Bakıda işlədiyi müddətdə müsavatçıların bütün gizli fəaliyyətlərindən xəbərdar idi. NKVD-nin əldə etdiyi müəyyən dəlillərə görə, o, diplomatik imkanlarından istifadə edərək Məhəmməd Əmin Rəsulzadə ilə Azərbaycandakı müəyyən şəxslər arasında rabitənin qurulmasına da kömək göstərirmiş. Ona görə Türkiyə konsulunun yaxın dostu kimi Əhməd bəy Pepinovun üzərinə çox ciddi şübhələr yönəlmişdi. O həm də Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçmasına kömək göstərməkdə ittiham olunurdu.

Azərbaycan Milli Mərkəzinin Türkiyə, Fransa və İrandakı şəbəkələri ilə əlaqələrdə günahlandırılaraq həbs edilən digər şəxslər Əhməd bəyin əleyhinə müəyyən ifadələr vermişdilər. Bu ifadələrdə göstərilirdi ki, "Azərbaycan Milli Mərkəzinin üst qatında" "Türk Millətinin İstiqlaliyyəti" partiyası da varmış. Mərkəz Türkiyədən alınmış tövsiyə əsasında formalaşdırılmışdı. Məqsəd həmin mərhələdə Azərbaycandakı antisovet hərəkata rəhbərliyi tədricən ələ alan, gələcəkdə isə müstəqilliyini bərpa edəcək məmləkətdə hakim partiya funksiyasını daşımaq idi. İfadələrdə partiyanın Mərkəzi Komitəsinin ilk iclaslarının 1928-ci ilin aprel, mayında Əhməd bəy Pepinovun evində keçirildiyi göstərilirdi. Araşdırma materiallarına əsasən, 1931-ci ildə həmin mərkəzin işi ilə bağlı tutulanlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti nazirlərindən Məmməd Həsən Hacinski olmuşdu. Dekabrın 31-də Tiflisdə həbs edilən M.Hacınski onu sonda nələrin gözlədiyini bilərək kamerada intihar etmişdi.

Əhməd bəy Pepinovu da oxşar tale gözləyirdi. 1931-ci il sentyabrın 30-da Baş Siyasi İdarə onu ən ağır cəzaya - güllələnməyə məhkum edir. Ancaq 1932-ci ildə hökm dəyişir. Cəza əvvəlcə 10 il həbslə, daha sonra müddəti tutulduğu gündən sayılmaqla 5 illik sürgünlə əvəzlənir. Bəzi mənbələrə görə, bu dəfə də onun xilasında Serqo Orconikidzenin müəyyən rolu olur. Əhməd bəyin həbsindən sonra bacısı Kəbirə xanım Serqo Orconikidzenin yanına gedib qardaşına kömək göstərməsini xahiş edir. S.Orconikidze yenə də köməyini əsirgəmir, dərhal Bakı ilə əlaqə saxlayaraq Əhməd bəy Pepinovun işinə yenidən baxılmasına, haqqındakı ölüm cəzasının dəyişdirilməsinə, cəzanın sonda 5 illik sürgünlə əvəz edilməsinə nail olur.

Əhməd bəy Pepinov Cümhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin qızı Xurşid xanımla ailə qurmuşdu və bu izdivacdan bir övladları - illər sonra Azərbaycanın məşhur aktyoru Lütfəli Abdullayevin həyat yoldaşı olacaq Sevda Pepinova dünyaya gəlmişdi. Həbsindən sonra əfsus ki, Əhməd bəyin ailəsi də dağılır. Xurşid xanım başqası ilə ailə qurduğundan balaca Sevda ana nənəsi, Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanımın himayəsində qalır.

Həbsdə verilən işgəncələr Əhməd bəy Pepinovun səhhətinə ciddi təsir göstərmişdi. O, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Həbsinin qalan müddətini Ulyanovsk şəhərində sürgündə keçirir. 1935-ci ilin yazında sürgünün bitməsi barədə sənədləri alıb Moskvaya gedir. Orada Serqo Orconikidze və kiçik qardaşı Zəki bəylə görüşür. Köhnə tanışı Serqo ona işləmək üçün Qazaxıstana getməyi, Bakıdan, o zamanlar Azərbaycanda hökmfərma olan cəllad Mircəfər Bağırovdan mümkün qədər uzaq olmağı tövsiyə edir. Əhməd bəy isə 1936-cı ilin mayında Bakıya gəlir. Bu zaman NKVD-dən çağırıb ona əməkdaşlıq təklif edirlər. Kommunist Partiyasına daxil olarsa, məsul vəzifə veriləcəyini boyun olurlar. Amma Əhməd bəy bu təklifi qəbul etmir, 1936-cı ildə Alma-Ataya yollanır. Əvvəlcə tikinti sahəsində iqtisadi planlaşdırma məsələləri üzrə çalışmağa başlayır, müəyyən müddətdən sonra isə Qazaxıstan SSR maarif nazirinin müavini vəzifəsində işləyir.

Zaman 1937-ci ilə yaxınlaşdıqca Bakıdakı məşhur ziyalıların kütləvi həbsinin sorağı Alma-Ataya çatdığından ozü də bilirdi ki, azadlıqdakı bu günləri müvəqqətidir. O, Alma-Atadan əvvəl Ulyanovska, oradan Moskvaya yollanır. Moskvadan Bakıya xəbər göndərib doğmalarından qızı Sevdanı sonuncu dəfə görmək üçün kömək göstərmələrini xahiş edir. Qardaşı Zəki bəy Pepinov onun bu istəyini yerinə yetirir. Sonra Əhməd bəy Ulyanovska qayıdır. Burada onu dərhal həbs edib Bakıya gətirirlər. Həbsxanada səkkiz ayadək davam edən istintaq prosesində yenə də əksinqilabçı, antisovet, millətçi təşkilatın rəhbəri olmaqda, əvvəlki istintaqda həqiqətləri gizlətməkdə təqsirləndirilir. Sonuncu dəfə 1938-ci il iyulun 3-də NKVD binasındakı 100-cü otaqda onu şəxsən Mircəfər Bağırov özü dindirir. Pepinov bu görüşdə də günahkar olmadığını, istintaqdan heç nə gizlətmədiyini, həmişə namusla yaşadığını bildirir. Onun iradəsindən, mətinliyindən qəzəblənən Mircəfər Bağırov həmin görüşdə Əhməd bəyi şəxsən özü qətlə yetirir.

Bu, əfsuslar olsun ki, həyatın reallığıdır: şər xeyirlə, ədalətsizlər adillərlə, düşüncələri zülmətə qərq olmuşlar işıq zərrələri ilə qarşılaşanda zorakılıqdan, öldürməkdən, qətl etməkdən başqa əl atacaqları bir vasitə tapa bilmirlər. Amma unudurlar ki, ölüm onların əbədiyyət ömrünün başlanğıcıdır.

# 105 dəfə oxunub

Oxşar xəbərlər

Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

13:10 31 avqust 2026
Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat -  Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi?

15:00 27 avqust 2026
Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

Seyid Cəfər Pi­şə­və­rinin müəmmalı ölümü... - Qərb mətbuatı onun haqqında nə yazırdı?

12:00 26 avqust 2026
Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

Azərbaycan və Özbəkistanın ortaq intellektual-mədəni körpüsü: Yusif Qarabaği

13:00 24 avqust 2026
Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

Səfəvilər, milli kimlik və tarixə qeyri-profan yanaşma haqqında - Elvüsal Məmmədov

10:00 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər