Paranoid monoloq - Elmir Həsənin hekayəsi

Paranoid monoloq - Elmir Həsənin hekayəsi
10 sentyabr 2026
# 11:01

Kulis.az Elmir Həsənin "Paranoid monoloq" adlı yeni hekayəsini təqdim edir.

Keçmişi xatırlamayanlar onu yenidən yaşamağa məhkumdurlar.

Corc Santayana

Gözləri şəhərin oyanmasına tamaşa etsə də, ruhu keçmişin labirintlərində ələk-fələk qalmışdı. Uşaq vaxtı anasının əsəbi, kobud sifəti hələ də yadındaydı. Ona elə gəlirdi ki, anasının gözlərindəki kinli baxışlar, evlərindəki mübahisələr, atasının səssizliyi və siqaret tüstüsü ilə boğulan dərin hüzn onu qarabaqara izləyir.

Yayın adamyandıran, nəfəs almağa aman verməyən istisində günortalar anası bir saatlıq da olsa yuxusunu almalı idi. Havanın od tutub düzü-dünyanı yandırdığı vaxt, damında ilan qaynaşan otağın kələ-kötür polunun üstündə yuxuya getmiş anasının yanında yatmağa çalışır, gözünə yuxu getməyəndə isə nəfəsini dərməyə belə çəkinirdi. Qəfildən çöl-bayırda səs-küy qopardısa, sayaq yatan anası yuxudan oyanıb hirsini ondan çıxarırdı. Sanki içib keçmişi ortaya tökən sərxoş kişilər kimi:

–Qanına bələnəsən, dincliyini Allah kəsib elə bil, başını qoy yat!

O isə anasının ayağa durub zəhərli ilan kimi üstünə fısıldayacağından qorxaraq hürkək səslə “yaxşı” deməklə bir az da küncə qısılırdı.

Şövkət gözünü açandan anasının zəhmli görünüşü onun təsəvvüründəki ən dəhşətli, tükürpədən görüntü idi. Anasının əhvalı yüksək vaxtında isə qəlbində baş götürən bütün təlatümlü ağrılarını və qəlbi duyğularını zəhər kimi onun üzünə qusurdu.

Otağın günəş görməyən üzü daim kölgə içində olduğundan qışda quzey soyuq otağı buza döndərirdi. Yayda isə həmin otağa günəş düşməsə də, bürkü ağır olurdu. Otağın zirzəmisində torpaq nəmişlikdən qum kimi ərimişdi.

Şövkət atasını ancaq bir aydan bir görürdü. Evdən uzaqda işlədiyi üçün onun üzünü də yadırğamışdı. Daha əvvəllər – atası bütün günü evdə parçası dirsəklənməkdən yeyilmiş və rəngi ağarmış kresloya yayxanırdı. Gün ərzində heç bir yaralı barmağa işəməyib günün ötürürdü. Elə o vaxtlar atası ilə anasının davalarının arası kəsmirdi; hələ də yadındaydı, mətbəxlərindəki qabların qırıqları bir dəfə həyətdə ayaqlarını da doğramışdı. Anasının kövrək və sıtqıyan səsi sanki yerlə sürünürdü. Atası qanı qara dirsəyini pəncərənin kərpicdən olan yaşmağına söykəyib siqaret tüstüsünü enli burunlarından pəncərədən çölə üfürürdü. Anlayırdı ki, siqaretin tüstüsü atasının qəlbindəki qançanağını qurumla örtür, bulandırır. Siqaretin tünd və eybəcər qoxulu tüstüsü evin şirəli, boz divarını qapqara hisə bulamışdı. Durar-tutmaz evə ayaq basan belə başa düşərdi ki, pas bağlamış peçin ağzı bütün qışı açıq qalıb. Qış fəsli girəndən çıxana qədər qar torpaqdan 5 sm yuxarıda olan evin qapısının ağzını kəsdirirdi. Qapıdan içəri girən kimi sağda öz yerini tutmuş odun peçinin hava borusu pəncərənin yuxarı yarımkasından çölə uzanır, küləyin tərsliyi tutanda isə ev tüstüdən boğulurdu.

Günün təkəmseyrək çağlarında kərpic evlərinin uçuq-sökük küncündə oturub təkbaşına düşünür və darıxırdı. Yayda anası ilə birlikdə hamıdan çox istidən qovrulur, qışda hər kəsdən daha çox üşüyürdülər. Hər il yayın qiyamətində kövrək peysəri qapqara kömürə dönürdü. Anasının “nə yayı yaydır, nə qışı qışdır” sözləri yaddaşına saqqız kimi yapışmışdı. Evlərindən yüz metr qarşıda – ipək yolunun o tayında ucsuz-bucaqsız düzən ərazilər uzanır, yovşan və sarıya çalan qılpınlıq düzənin ün yetməyən o biri sahilini görməyə gözün taqəti çatmırdı. Uzaq olsa da, görünürdü ki, o tayda ilğım bərq vurur, sanki yerlə göy arasında külək əsmək əvəzinə əriyirdi. Sıx kolluqların nəfəslik yerində torun ortasında hörümçək gecə-gündüz ovunun yolunu gözləyirdi. Böyürtkəni sevdiyindən əlində termos qapağı ilə böyürtkənlə bir az da rəngi qaralmış sıx və tünd yaşıl kolluqların canına düşürdü. Əli qapqara, ağzıayrıq şəpiyin ucunda – ayaq barmaqlarında tikan yaraları qızarırdı.

Kimsə tərəfindən ciddiyə alınmayanda qaşını düyünləyir, üzünü turşudurdu. Evlərində, qohumlarda nadirən kimsə üzügülər idi. Hamının üzündən zəhrimarlıq yağırdı.

Atasının yaşına çatmağa o qədər qorxurdu ki, artıq böyümək üçün də tələsmirdi. Anasının heç nəyi bəyənməməsi, dava üçün bəhanələr axtarması atasından çox onun zəhləsini tökürdü. Atası vahiməli davalardan sonra otağa girib TV-ni açıb səbirsizcəsinə kanalları çevirir, hansısa proqramların birinə gözünü zilləyir, ya da günlərlə yatırdı. Qanıqara, bikarçılıq olanda evlərində şüşəsi rəng verib-rəng alan TV açılırdı. Atası içkili vaxtında siqareti anasının üzünə üfürürdü. O isə təəccüblü və məhzun baxışla evə girməyə eymənirdi, fikirləşirdi ki, qapını açsa, dava yenidən körüklənəcək.

Tutqun günün səhərisi bağın lap ətəyində ağac yarpaqları arasından görünən günəş torpağa xalça naxışı çəkməyə başlamışdı. Evlərinin qarşısında anası toyuqları yemləyir, amma danışmırdı. Ancaq bilirdi ki, anasının da, atasının da danışmağa çox sözləri, hətta mübahisə üçün mövzuları da var, amma ikisi də susmuşdu, biri yuxuda, digəri oyaq-oyaq.

Yazıq-yazıq anasının yanına gələrək toyuq yalağını çevirib üstündə oturub, gözlərini anasına – aşağıdan yuxarıya milləyib onun tulumlanmış sifətinə baxaraq:

–mama

Cavab gəlmədi

–Nolar, dalaşmayın, niyə dalaşırsız axı?!

Anasının gözləri həyətin ayaq tərəfində istidən titrəyirmiş kimi görünən xaraba qalmış çəpərə yol çəkirdi. Ayağının üzü, qıçları ağcaqanadın dişləməsindən qıpqırmızı qançır olmuşdu, gözləri həyətlərinin ayaq tərəfinə anası ilə bərabər yol çəkirdi. Həyət sanki xaraba qalmışdı, çəpəri bir həftə əvvəlki şiddətli külək yerlə bir eləmişdi. Külək bütün gücü ilə əsəndə anası sifətini turşudaraq:

- Allah kəssin sənin küləyini, avadanı xaraba qoydu.

Anası ən çox küləkdən qorxurdu.

Cücələri qarğadan qorumaq vəzifəsini anasından təhvil almışdı. Onun hay-küylü səsi, düyünlənmiş qaşı Şövkətin canına titrətmə salırdı. Bir an qarğa onun gözünü oğurlatsaydı, dünya başında dumana dönərdi.

***

Bir-birinə bənzəyən səhərlərin boş-boşuna keçdiyi günlərdə anası ilə atası anlaşılmaz dildə nədənsə danışırdı. O isə fikri tez-tez yayındığı üçün deyilənlərin çoxunu yarımçıq eşidirdi. Bircə onu anlamışdı ki, dumanla bürünmüş səhərlərin birində kənddən olan bir məktəbli oğlan heyvanlarını örüşə ötürüb geri qayıdarkən onun ağzına bir yekə torba parça basaraq öldürülmüşdülər. Oğlan üç qardaşdan biri idi. Hadisə kənddə uzun müddət səngiməyən gərginlik yaratmışdı. Qatilin axtarışı uzanmış, sonradan məlum olmuşdu ki, cinayət şəxsi intriqa zəminində baş verib. Qatil tutulmuş, illərlə həbsdə yatmışdı. Amma kənddə söz-söhbət bununla bitməmişdi. Məktəbdə uşaqlar bir-birilə pıçıldaşırdılar ki, oğlanın qanı dumana qarışıb, ona görə də duman o yerlərdən çəkilmir. Heç kim bunu görməmişdi, amma hamı inanırdı. O gündən-bu günə dumandan üşənmişdi. Yadındaydı, bir dəfə səhərin gözünü ovuşdurduğu, dumanın hələ tam sıxlaşmadığı vaxt çəpərlərinin o tayında yolla gedən tünd geyimli bir kölgəyə həyətlərindəki iti qısqırtmışdı. İt ani bir işıq sürətilə irəli atılmış, dumanın içinə şığıyıb gözdən itmişdi. Sanki duman onu udmuşdu.

O gündən sonra it bir-iki gün gözə dəymədi. Səsi gəlmədi, ayaq izləri görünmədi, çörək dalınca qapı ağzına yaxın durmadı — tövlənin ətrafında onun varlığına aid heç nə qalmadı. Üçüncü gün həyətdə bar verməyə can çəkən yekə bir nar ağacının yanında iti Allahdan can diləyən gördü — qan içində, torpağa qarışmış, canı bədəninə ağır gəlirmiş kimi uzanmışdı. Gözləri qorxudan böyüdü, uşaq bədəni içindən boşalıb yerə çökdü. O an nə qışqıra bildi, nə ağlaya — səsi boğazında ilişib qaldı. İt həmin günün səhəri yaralı canını tapşırdı. Və duman onun yaddaşında ikinci dəfə qatil oldu.

Anası heyvanları o qədər də çox sevmirdi. Bir dəfə həyətin ən ucqar yerində, günün istisində zəncirə bağlanmış it susuzluqdan, aclıqdan ölmüşdü. O isə bir küncdə oturub göz yaşını ətəyinə tökürdü. Heyvanın vəngiltisi gözünün qabağından çəkilmirdi. Ürəyi ağrıyırdı; özünü bir anlıq itin yerində, çarəsiz hiss edirdi. Əli-qolu boşalmışdı, bütün bədənini sel kimi tər basırdı. Dilsiz-ağılsız heyvanın canı zəncirin ucunda qalmışdı.

Ağlını məşğul edən əsas şey itin daim köhnə dəmir parçasına bağlı olması idi. Əvvəllər anası hər gün itə 3 dəfə çörək atırdı, sonra isə evdəki dava-şavaların əlindən günlər həftələrə çevrildi. Sonda itin yazıq canı buxov arasında ağrıya dözmədi. O isə fikirli tərzdə bir müddət heykəl kimi evə girib, çölə çıxırdı, ya da həyətlərindəki tövlənin küncünə söykənirdi. Amma daha sonra hirslə anasına məzəmmət edirdi:

— Bizə görə öldü o it

— Kəs səsini! Canın çıxaydı, gedib qabağına bir qab su qoyardın. Veyil-veyil ancaq aşağı-yuxarı gəzirsən!

Ağlaya-ağlaya özünü sıxdı:

— O heyvanın naləsi bizim başımıza daş salacaq, yezid!

— Cəhənnəm ol, gözümün öyündən! Səni görüm Allah əlimdən alsın! Hər şeyin arxasınca özüm düşməyəcəm, canın çıxardı gedib baxardın vaxtlı-vaxtında.

Onun isə həmişəkindan daha çox indi ürəyi darıxırdı. Gözünün qarşısında uşaqlıq günahları dayanırdı. Özünü heç cür bağışlaya bilmirdi.

Qara qarğanın qarıltısı qulaqlarında anasının vahiməsi kimi qalmışdı. hər dəfə qarğanın səsi meşəliyin dərinliklərindən ətrafa yayılanda canına üşütmə düşürdü, sanki həmin səs bu gündən keçmişə “exo” kimi yayılırdı. Hələ bildiyi qədər heç kəs ölməmişdi həyətlərində, yaşadıqları həyətə köçməmişdən əvvəl isə orda heç kəs yaşamırmış deyilənə görə. Səhər yuxudan tez oyanmalı idi, bir az gec oyananda, anasının səs-küyü qalxırdı. Həmin anda yarıyuxulu canından qızdırma üşütməsi keçirdi, sanki belinin ortasına möhkəm çubuq çəkilirdi.

Anası o vaxt belinə banka qoyanda od parçası kürəyinə düşmüşdü, az qala canı çıxmışdı. Çox eşitmişdi bu sözləri "kürəyin yansın", “canın çıxsın”, "ciyərin yansın", kürəyi də həmin sözlərin fikri ilə yanmışdı.

***

Ərşə qalxan zil səs yuxusunu gözündəcə qoydu, əlini tez kürəyinə vurdu, sonra sakitləşdi – tərləmişdi, başını qaldırıb günəş şüası ilə işıqlanmış pəncərəyə baxdı, gözü pəncərənin çərçivəsini görməyə imkan tapdı, tutqunlaşmış və avazımış təsəvvürü ətrafı boz rəngdə dərk edirdi. Pəncərə yanındakı hündür qapının arasından içəri toz burulurdu, pəncərə sanki qapıya söykənmişdi.

-Çıx çölə!

Anasının soprano səsli müğənniləri xatırladan səsi düzü-dünyanı bürümüşdü. Hələ də yaddaşındaydı. Gözünü açandan ən çox gəzib-tozduğu ana və ata nənəsinin evi idi. Ana nənəsi təbiətcə “ataman” olsa da, onu ən çox da sevən də məhz ana nənəsi idi. Nənəsinin əsəbi vahiməli baxışları onu yerindəcə səksəkəyə salırdı. Nənəsinin gülümsəməklə arası yox idi. O güləndə:

– dişinin üstünü ört, dişini ağartma. Cəhənnəm edəcəm bu dəqiqə səni qapıdan çölə, – deyə üz-gözünü turşudurdu. Nənəsini görəndə anasına qaçırdı.

O, nənəsinə baş çəkməyə anası ilə gedirdi, amma hər dəfəsində qıpqırmızı səhər çağı. Sınaqdan çıxarmışdı – imisti və xoş keçən günün sonunda – axşam çağı göyün üzünü qapqara buludlar alır və hər tərəfi leysan götürürdü, ardınca isə göyqurşağı uzaq qərbdən paltar ipi kimi sallanırdı. Otların rəngi öz rəngini təzəliyir, hava isə sanki nanəli saqqız çeynəyirdi, qısası, dünya yenidən yaranmış kimi görünürdü. Amma nənəsinin Şövkətə qarşı qəribə münasibəti onun üçün qarmaşa görünürdü. Onun xatirələri yalnız Gülsüm nənəsi ilə bağlı deyildi. Ana nənəsi ona anasını, ata nənəsi atasını xatırladırdı. Şükurə nənəsigilin həyətlərindəki sınıq-salxaq çardaqdan başını aşağı dikən üzüm salxımları günəşin yandırıcı istisindən qapqara mazuta dönmüşdü, həmin mazut da həyəti sərin kölgəyə bürüyürdü. Qədimi böyük teştlər(adətən, mürəbbə bişirilər, halva çalınardı) “Şirvanşahı” üzümü ilə dolub-daşır, babası isə həyətin kələ-kötür bir küncündə üzünün tükünü təmizləyir, ayağı ilə də dəqiqədə bir toyuqlara kış-kış edirdi. Babasıgildən evlərinə qayıdanda sanki boğulurdu. Öz otağındakı çarpayıdan tavana gözü yol çəkib gəlirdi. Xəyalları bir-birinə dolaşmışdı. Anasının otağına qapını aralayıb daxil olanda onu divarda göy və boz rəngin qarışığı orta çərçivəli rəhmətlik ana babasının şəkli qarşılayırdı. Otağın divarları tutqun rəngdə idi.

Bir dəfə məktəbdən gələndə anası onun qarşısına çıxmışdı. İbtidai sinifi bitirənə qədər anası aparıb-gətirirdi, yoxsa ki, tək gələndə üstü-başı tozun-torpağın içində, qançırma olurdu. Sanki uşaqlar bir-birinin ətini yeyirdilər. May ayının bürkülü, ürəkçəkən istisində əynindəki ağ köynəyi qan-tərə bulamışdı. Anası həmişəki kimi onu məzəmmət edirdi

– daş başına, yenə pintiliyindən qalmırsan.

Tozlu və daş-qalaqlı yolla qaçaraq addımlar onun zəhrini yarsa da, anasının qarışıq və qıvrım saçları onu anasından geri qalmamağa vadar edirdi.

– Dabanqırma, ürəyin çəkilsin, ürəyimi çəkdin sən!

Çiynindəki çantasını anası öz çiyninə keçirmişdi, amma Şövkətə elə gəlirdi ki, bu çanta sadəcə yük deyil — içində evlərinin xatirələri, uşaqlığının səsi, hələ baş verməmiş itkilərin ağırlığı var. Alnından üzünə axan tər bir anlıq su deyil, sanki əriməkdə olan zaman idi; hər damla keçmişdən qopub ayaqlarına doğru axırdı. Qarşıdan təngnəfəs onlara tərəf qaçan, qorxusu ayaqlarına zəncirlənən qonşu qızını seçmək istəyəndə, onun üzü qəribə şəkil almağa başladı, o gah tanış simaya dönür, gah da uzaqdan tros kimi burulan tüstünün içində əriyib yoxa çıxırdı. Sanki o qız yox, hallusinasiyadan gözünə görünən diksindirici qaraltı idi.

Ev tərəfdən qalxan qara tüstü göyə yox, yerə doğru enirdi. Tüstü qalxmırdı — sürünürdü. Həyətdə dolaşan qatı duman divarlara toxunduqca pıçıltıya çevrilirdi; kiminsə adı çəkilirdi, kiminsə ahı eşidilirdi. Şövkət bir anlıq anladı ki, bu tüstü odun yox, xatirələrin yanmasıdır. Anasının iti və vahiməli yerişi artıq adi yeriş deyildi — o, sanki görünməz bir uçurumun kənarı ilə gedirdi. Ayaqları yerə yox, havada qalan kölgələrin üzərinə basırdı. Amma yenə də heç nə demirdi; sükutu, sanki hər şeyi daha ucadan danışırdı.

Həyətləri qurumun içində idi, amma bu qara his təkcə divarlara yox, insanların üzünə də hopmuşdu. Qonşuların səsi səsə qarışmırdı — əksinə, hər səs ayrı bir istiqamətə qaçırdı, sanki hər kəs öz qorxusunun içində itirdi.

Şövkətin ağ köynəyi qap-qara olmuşdu, amma o köynəyin üzərindəki his bəzən tərpənirdi — xırda kölgələr kimi sürüşür, yenidən yerini dəyişirdi. O ağlayanda göz yaşları yerə damcılamırdı; havada asılı qalır, tüstüyə qarışıb yox olurdu. Bədəni qan-tər içində idi, amma bu tər artıq bədənindən deyil, içindən axırdı — qorxunun, çaşqınlığın, dərk olunmayan bir itkinin təri idi.

Alovun ərşə qalxan yaxası göyü yandırmırdı — göy artıq yanmış kimi qaralmışdı. Kəndin yaddan çıxan tərəfindən gələnlər su tökürdü, amma tökdükləri su alova dəyən kimi buxara çevrilmir, əksinə, alovun içində donub qalırdı.

Tövlə isə artıq tövlə deyildi. O, cıbrıq kimi yanan bir yaddaş qapısı idi — hər alışında içindən köhnə səslər çıxırdı: inəklərin mələşməsi, camaatın səs-küyü… Amma bu səslər alovun içində əyilir, uzanır, tanınmaz hala düşürdü. Şövkətə görə, bu yanğın sadəcə bir evin yanması deyil. Bu, gerçəkliyin özünün alışması idi. Burada heç nə əvvəlki kimi qalmayacaqdı, hətta yanmayan şeylər belə.

***

Qəfil yuxudan oyanıb səhər günəşinin açıq rəngli şəfəqinin binanın yola baxan kəlləsinə şığıdığını gördü və tez sağ tərəfindəki masanın üzərindəki telefona əl atdı. Saat 11-ə işləyirdi, amma hələ də bir işə yaramamışdı. Vaxtın su kimi şırıltı ilə axması qulağını cingildətdi.

— Allah bilir, kim yenə hüdülüyür, — deyib əllərini başının altına qoydu, gözlərini tavana zillədi. Uzun müddət əvvəl ayrıldığı qızı düşündü, darıxdı, ürəyi tənginəfəs oldu. Onu düşünmək üçün həmişə vaxtı olurdu. Yaddan çıxarmağa cəhd etmişdi də, edirdi də, amma kimsə onu sanki yaddaşına mismarlamışdı. Qadını qadın unutdurur deyirlər. Nəysə... Onsuz bütün mənəvi bağlar ölümə qədər baş aldatmaq üçündür.

— İndi görəsən, neynir, nə iş görür?

Dərindən nəfəs çəkdi, öz-özlüyündə düşündü: vaxt var idi, bir saat ayrı qala bilmirdik. İndi az qala üç ildir ki, varlığı ilə yoxluğu bilinmir. Yavaş-yavaş hər şeydən soyuyur, həvəsdən düşürdü. Uzun illər idi ki, ömrü sıxıntı içində keçirdi. Vaxtilə onun üçün ciddi, zəhmli görünən hər kəs adi adamlara dönmüşdülər. Çıxılmaz durumlar, cavabsız sualların sayı çoxalmışdı Hərdən “vecsiz yaşayacam” deyib özünə təsəlli verirdi, amma bu çox çəkmirdi — anlayırdı ki, dayanmaqla yol getmək olmur.

Telefonu yenidən masanın üstünə qoydu. Otağın içindəki səssizlik elə bil illərdir boğazına yığılan sözlərin susduğu yer idi. Gözlərini yumdu, yatağın yanında qalmış boş melatonin qutusuna baxdı. Gecələr yuxu gətirən həmin kiçik dənələr onun bütün həyatını yuxusuzluğun içində gizlətməyə gücü çatmayan təkgah idi. Birdən elə hiss etdi ki, kimsə otağın qapısını cırmaq-cırmaq açır. Anasının səsi eşidildi:

— Çıx çölə!

Gözünü açdı. Otaq bomboş idi. Heç kim yox idi. Əlləri əsdi. Ayağı qalxıb pəncərənin yanına getdi. Üzünü şüşənin çölündə günəşin altında əriyən qovrulmuş asfalta sərdi. Və elə o anda, illərdir qəlbinin bir küncündə gizlətdiyi gerçəkliyi anladı: Həyətlərindən bir daş parçası da inciməmişdi. O tüstü, çığırtılar, vahimə — hamısı illərin içində qanadlanan qorxunun qılaflı şəkilləri idi. Yaşadıqları həyətlərindəki torpağın, havanın, evin divarlarına çökmüşdü. Uşaqlıq yaddaşı qaranlığı şişirdib alova döndərmişdi. Əllərini şüşənin üstünə qoydu. Barmaqları titrədi, əlləri tərlədi. Telefon işıqlandı — Zəng gəldi:

– Alo

–alo

–nətərsən, başua dönüm?

Bu səs ürəyini həyəcandan titrətdi, canı rahatlıqla rəngləndi. Özünü toparlayıb anasının doğma və şirin səsinə cavab axtardı:

—Çox sağ ol, mama, həmişəki kimi yaxşıyam.

Anası mehriban səsi ilə onu tumarladı. Bu səs onun qəlbini ovudan ən yaxın, musiqili səs idi. Amma telefon sönən kimi səs də qaranlıq otaqda əriyib yox oldu, susqunluq isə otağa leş kimi çökdü. Düşünürdü. Gözü yol çəkirdi: Anası sanki uşaq kimi olmuşdu. Onu ağlayan görməmişdi, indi əl vursaydın ağlayacaqdı elə bil. Çəkinirdi. Utanırdı.

İlk dəfəydi bu fikir içinə belə aydınlıqla dolurdu: bəlkə o, ömrü boyu qapının yanlış tərəfində dayanıb? Bəlkə qapı heç vaxt açılmayıb, o isə açıldığına inanıb, o inamın kölgəsində yaşayıb?

Bu yarıqaranlıq taleni kimin üstünə qoyacağını bilmirdi — Tanrınınmı, insanınmı? Hərdən ona elə gəlirdi ki, səbəbi axtarmaq insanı cavaba yox, daha dərin dolaşıqlığa aparır. Yenə də içində zəif, solğun bir hiss yaşayırdı: bəlkə hər şeyi anlamaq vacib deyil; bəlkə insanın payına sadəcə yoluna davam etmək düşür.

Bildiyi bircə şey vardı — yorğunluq. Bu yorğunluq bədənindən gəlmirdi. Sanki təkrar olunan günlər, eyni səslər, yarımçıq söhbətlər və adamların dəyişməyən sifətləri yavaş-yavaş içinə çökürdü. O da hiss etmədən adamlardan aralanır, hər kəsə qarşı qəribə bir laqeydlik qazanırdı. Heç kimi itirməkdən qorxmurdu. Bəlkə ona görə ki, artıq heç nə yaddaşında əvvəlki bütövlüyü ilə qalmırdı. Xatirələr də köhnə parçalar kimi solur, səslər bir-birinə qarışır, üzlər yaddaşın dərinliyində seçilməz olurdu. Amma qəribəsi buydu ki, bəzən, heç bir səbəb olmadan, içindən kimisə itirmək qorxusu keçirdi. Bu qorxunun adı yox idi, səbəbi də bilinmirdi; qəfil gəlir, yenə qəfil də çəkilib gedirdi. Xoşbəxtlik dedikləri şeyin səbəbləri gözündə get-gedə qaralırdı. Elə bil ruhu yavaş-yavaş içindən çəkilib uzaqlaşırdı. Ruhsuz adam qurumuş ağaca bənzəyir — yerində dayanır, küləyə tab gətirir, amma yaşamır.

Bununla belə, bəzən öz-özünə düşünürdü: bəlkə elə dayanmağın özü də yaşamağın başqa şəklidir? Bu fikri nə ürəklə qəbul edə bilir, nə də ondan birdəfəlik üz döndərirdi.“Allah xatirinə yaşayacam,” – dedi öz-özünə. Amma bu qərarın içi boş idi, istəksizliklə dolu.
Yenə də qərar idi. Və bəlkə də insan bəzən içi boş qərarlarla ayaqda qalır. O, hamının güldüyü yerdə gülə bilmirdi. Səma ona yad idi. Amma bəzən elə gəlirdi ki, səma da ona baxıb onu tanımır. Başdaşı kimi səssiz idi — təkcə zaman üzünün rəngini dəyişirdi.
Zaman dəyişdirirdi, amma tamamlamırdı. Köhnə şəkillərə baxır, sonra üzünə toxunurdu — sanki öz varlığını yoxlayırdı. Barmaqlarının altında hər şeyin yavaş-yavaş yoxluğa çevrildiyini hiss edirdi. Amma o yoxluğun içində belə bir iz qalırdı. Silinməyən, amma oxunmayan bir iz. Və anlayırdı: bu yorğunluq birdən gəlməyib. Günlərin, səslərin, susqunluqların içində yığılıb qalıb — indi isə onun yerinə yaşayırdı.
O isə hələ də qərar verə bilmirdi: yaşamaq yorğunluğu yaradır, yoxsa yorğunluq yaşamağın başqa adıdır.

Anasının səsi kəsiləndən sonra otaq bir az da böyüdü, sonra yenə daraldı. Qaranlıq qalınlaşdı. Telefonun sönmüş ekranında öz əksini gördü — tanımadı. Elə bil kiminsə yerində dayanmışdı. Ayağa qalxdı. Hara getdiyini bilmədən. Otağın içində addımladı, divarın yanında dayandı. Nəfəsi təntidi. İçində nəsə yerindən tərpəndi, amma hisslərə ad verə bilmirdi. Güzgü gözünün ucunda qaldı. Uzun müddət baxmadığı bir şey kimi. Yaxınlaşdı. Güzgü çoxdan silinməmişdi. Şüşənin üzündə barmaq izləri, tozun içində qalmış xırda işıq qırıntıları vardı. O, güzgünün qarşısında dayananda hiss etdi ki, otaq yavaş-yavaş daralır, sanki divarlar onu eşitdiyi bütün səslərlə birlikdə içinə alır. Günəş şüası pəncərədən əyilə-əyilə girir, üzünü tam deyil, yalnız alnını və yanağının bir hissəsini işıqlandırırdı. Güzgüdə gördüyü adam ona tanış idi, amma yad idi. Uşaqlıqda anasının yanında nəfəsini içinə çəkərək səssiz qalmağa çalışdığı o uşaq indi böyümüşdü; yalnız qorxusu yaşlanmamışdı. Üzünə bir az da diqqətlə baxanda sol yanağında solğun, qəribə bir kölgə gördü. Əvvəlcə elə bildi işığın oyunudur. Sonra anladı ki, bu kölgə işıqdan asılı deyil. Ləkə idi. Nə yara, nə çirk. Sanki çox qədim bir meyvənin – vaxtında qoparılmamış, ağacda unudulmuş bir heyvanın kölgəsi üzünə düşmüşdü. Heyva kimi sarımtıl, amma qurumuş, qoxusu xatirədə qalmış bir iz. O ləkənin nə vaxt yarandığını bilmirdi, amma bilirdi ki, bu evdə, bu sükutda, bu səsin içində yaranmışdı.

Birdən onun yadına anasının illər əvvəl danışdığı bir əhvalat düşdü. Qadın bunu həmişə gülə-gülə söyləyərdi və o vaxt bu söhbət ona sadəcə köhnə ailə xatirələrindən biri kimi gəlirdi. Anası deyirdi ki, ona hamilə olduğu günlərin birində heyva gülü canı çəkibmiş. Meyvənin çiçəyindən dadandan sonra bilmədən əlini sağ böyrəyinin üstünə aparıb saxlayandan sonra da öz sadə təbəssümü ilə əlavə edirmiş:

– Canımın çəkdiyi yerə toxundum.

Uşaq doğulandan sonra isə evdə bunu qəribə bir hadisə kimi danışmışdılar. Sağ böyrəyinin üstündə, dərinin altında sanki rəngi çəkilmiş bir kölgə kimi, heyva gülünü xatırladan solğun bir ləkə görünmüşdü. Ləkə elə həmin yerdə idi — qadının illər əvvəl əlini qoyduğu yerdə. Sonralar o ləkəyə hər baxanda qəribə hiss keçirirdi. Elə bil anasının əli yapışıb qalmışdı kürəyində. Sanki yaddaş insanın şüurunda yox, daim cismində yaşayırdı.

O xatırlayırdı. Elə bil bu xatirə ona sonradan yox, doğulduğu gündən qalmışdı. Bədənindəki o ləkə təkcə dərinin üzərində deyildi; anasının səsi, qorxusu, qadağası da o ləkənin içində yaşayırdı. Hər dəfə güzgüyə baxanda, sanki dərisinin altından saralmış bir heyva qoxusu gəlirdi, nə tam çürümüş, nə də təzə. Zaman o ləkəni itirmirdi, yumruq kimi ovucunda saxlayırdı. Əksinə, bədxassəli yara kimi sanki yayılırdl. Bilirdi ki, bunu nə yaş, nə yol, nə də unutmaq aparacaq. Ölənə qədər də yadında qalacaqdı.

Qulağına səs gəldi. Səs otağın içindən yox, sanki güzgünün arxasından gəlirdi:


— Çıx çölə.

Bu dəfə ürəyi təngimədi. Səs ona yad deyildi. İllər boyu içində dolaşan, hər dəfə başqa ovqatla eşidilsə də, mahiyyətini dəyişməyən həmin səs idi. Lakin qəribəydi — o səsin sahibini sanki yalnız indi, ilk dəfə tanıyırdı.

Güzgüdəki adam dodaqlarını tərpətdi, nəsə demək istədi, sonra susdu. Susqunluq otağın içinə ağır bir kölgə kimi yayıldı. Və o an anladı ki, bu səs artıq ona qorxu gətirmir. Bir vaxtlar içini sıxan, gecələr üstünə yeriyən həmin vahimə indi qəribə bir həzinliyə dönmüşdü; insanın uzun ayrılıqdan sonra öyrəşdiyi köhnə ağrı kimi. Bəlkə azadlıq da elə budur, — deyə düşündü, — səsin birdəfəlik susması yox, onunla bir dam altında yaşamağı öyrənmək.

Əlini qaldırıb ləkəyə toxunmaq istədi. Barmaqları yarı yolda, havanın içində dayandı. Toxunmadı. Silməyə də cəhd etmədi. Çünki anlayırdı ki, bəzi ləkələr dəridən silinsə belə yox olmur; sadəcə yerini dəyişir, başqa şəkillərə, başqa izlərə çevrilir.

Güzgüdən üzünü çəkdi.

Otaq əvvəlki kimi idi — bağlı qapı, gün işığına həsrət döşəmə, divarlara hopmuş köhnə sükut. Heç nə dəyişməmişdi, amma nədənsə, hər şey ona əvvəlki kimi də görünmürdü. İndi bilirdi ki, əslində uşaqlıq heç vaxt bitmir. İnsan böyüyür, illər onun səsinə, baxışına, taleyinə qarışır, amma uşaqlıq hardasa gizlində yaşayır. Sonra da silinmək üzrə olan bir ləkə kimi insanın üzünə, ruhuna hopur və ömrünün sonuna qədər onunla yaşayır.

# 94 dəfə oxunub

Oxşar xəbərlər

"Tarix bizə baxır və ümid edirəm ki, ürəyi bulanmaz..." - Yazıçı Stefano Bennidən sitatlar

"Tarix bizə baxır və ümid edirəm ki, ürəyi bulanmaz..." - Yazıçı Stefano Bennidən sitatlar

13:30 9 sentyabr 2026
Güvəc Alyoşa - Lev Tolstoyun hekayəsi

Güvəc Alyoşa - Lev Tolstoyun hekayəsi

10:00 9 sentyabr 2026
"Sevgi hər şey olduğunu bilməkdir..." - Məşhur hind filosofdan deyimlər

"Sevgi hər şey olduğunu bilməkdir..." - Məşhur hind filosofdan deyimlər

15:30 8 sentyabr 2026
"Ağıl və dərrakə hisslərin könüllü qullarıdır..." - Alman mütəfəkkirdən sitatlar

"Ağıl və dərrakə hisslərin könüllü qullarıdır..." - Alman mütəfəkkirdən sitatlar

13:50 8 sentyabr 2026
"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" - Amerikalı romançıdan sitatlar

"Məgər gülüş sayəsində insan qala bilmərikmi?" - Amerikalı romançıdan sitatlar

16:00 7 sentyabr 2026
Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

Mərcan xala və polipləri - Orxan Saffarinin hekayəsi

13:36 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər