"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı
3 noyabr 2025
# 15:00

Bu gün tanınmış fransız filosof, yazıçı və feminist Olimpiya de Qujun (Olympe de Gouges) anım günüdür.

Kulis.az ədibin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Karyerasına yazıçı olaraq başlayan Olimpiya de Quj çox keçmədən siyasi yazıları ilə məşhurlaşıb. Fransa burjua inqilabı ərzində aktiv fəaliyyət göstərən yazıçı edam cəzasının ləğvi, məhkəmələrdə xalq heyətinin qurulması, Fransa müstəmləkəsində olan kölələrin azad edilməsi, evlilikdən kənar doğulan uşaqların hüquqi olaraq tanınması, övladlığa verilməsi, gəlir vergiləri arasında ədalətsizlik və yoxsulluqla bağlı məsələlərinin həlli üçün mübarizə aparıb.

Olimpiya 1748-ci ildə Fransanın Montauban şəhərində anadan olub. 1765-ci ildə ondan yaşca böyük olan Lüi Obri ilə zorla evləndirilib. Bir neçə il sonra ərinin vəfat etməsi onu Parisə köçməyə vadar edib.

1770-ci ildə Parisə gələn Olimpiya de Quj, öz evlilik əleyhinə və azadlıqsevər fikirlərini, bərabərlik arzularını paylaşa biləcəyi sənətçilər, yazıçılar və siyasətçilərdən ibarət geniş bir mühitlə tanış olub. Elə bu dövrdən etibarən o, tarixdə ilk feminist kimi tanınmasına səbəb olan fəaliyyətlərini başlayıb.

1789-cu ildə “İnsan və yurddaş hüquqları bəyannaməsi” yayımlanıb. Bu sənəd insanların azad və bərabər doğulduğunu, zülmə qarşı müqavimət göstərmək hüququna sahib olduqlarını və dövlət rəhbərlərinin xalq qarşısında məsuliyyət daşıdığını vurğulayan, demokratiya və azadlığın ən mühüm simvollarından biri olub. Lakin bu bəyannamədə qadın hüquqları nəzərə alınmamışdı. Olimpiya de Quj bunu gördü və dərhal reaksiya verdi.

1791-ci ildə Olimpiya “Sosial dairə” adlı dərnəyə qoşuldu. Bu dərnək qadın hüquqları müdafiəçilərinin evlərində təşkil edilirdi və məqsəd qadınların kişi ilə bərabər siyasi, sosial, iqtisadi hüquqlara sahib olmasını təmin etmək idi.

Burada o məşhur cümləsini səsləndirib: “Qadın dar ağacına çıxmağa icazə alır; o halda kürsüyə çıxmaq hüququ da olmalıdır”.

Eyni il o, tarixi bir sənəd – “Qadın və qadın yurddaş hüquqları bəyannaməsi”ni hazırladı. Bu bəyannamə “İnsan və yurddaş hüquqları bəyannaməsi”nə cavab olaraq tərtib olunub, oradakı maddələr qadınları da əhatə edəcək şəkildə dəyişdirilib. İlk maddə belə idi: “Qadın azad doğulur və kişi ilə bərabər hüquqlara malik olaraq yaşayır. İctimai fərqliliklər yalnız ümumi xeyir üçün qəbul edilə bilər.”

Olimpiya de Quj kişilərə verilmiş hər hüququ qadınlar üçün də tələb edib. Bəyannamənin ön sözü qadın və kişi bərabərliyinin cəmiyyət üçün vacibliyini vurğulayır. O, yazırdı:

“Biz, analar, qız uşaqları, bacılar, millətin nümayəndələri, Milli Məclisə qəbul edilməyi tələb edirik. Cəmiyyətin bərbadlığı və siyasi hakimiyyətlərin pozulmasının başlıca səbəbləri qadın hüquqlarının tanınmaması, unudulması və ya görməzlikdən gəlməkdir. Qadınların təbii, bölünməz və müqəddəs hüquqlarını bu bəyannamə ilə elan edirik”.

Bəyannamə qısa və sadə olmasına baxmayaraq, qadın-kişi bərabərliyini hərtərəfli təmin etməyə çalışırdı.

Olimpiya de Quj universal hüquq və prinsiplərin əslində, yalnız kişiləri qoruduğunu görüb və buna qarşı çıxmağa cəsarət edib. Bu səbəbdən onu tarixdə ilk feminist kimi xatırlayırlar. O, bəyannaməni yazdıqdan sonra Mari Antuanetə ithaf edib ki, nüfuzlu bir qadından dəstək almaqla təsirini artırmaq istəyib.

Olimpiya de Quj həmçinin Jan-Jak Russonun “Cəmiyyət müqaviləsi” əsərinə cavab olaraq öz “Cəmiyyət müqaviləsi”ni yayımlayıb və burada da cinsiyyət bərabərliyini müdafiə edib.

Olimpiya de Quj inqilab dövrünün çətinliklərinə baxmayaraq, prinsiplərindən dönməyib. Həmişə öz dəyərlərinə sadiq qalıb, yazılar, əsərlər və bəyannamələr yayımlamağa davam edib.

Onun razılaşmadığı məsələlərdən biri də XVI Kral Lüinin edamı olub. Bu mövzuda yazdığı əsərlərə görə üç aylıq həbsdən sonra 3 noyabr 1793-cü ildə gilyotinlə edam edilib.

Olimpiya de Quj günümüzdə qadın hüquqlarının müdafiəçisi kimi tanınır. Qujun əsərləri qadın və insan hüquqları aspektində böyük əhəmiyyətə malikdir.

# 167 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər