Kulis.az Yalçın İslamzadənin maşınqayırma mühəndisi Rezo Əliyev ilə müsahibəsini təqdim edir.
- Rezo bəy, ixtisasınız və hazırki fəaliyyətiniz haqqında məlumat verə bilərsinizmi?
- Mən vaxtilə Azərbaycan Texniki Universitetində maşınqayırma ixtisası üzrə təhsil almışam. 1995-ci ildən Almaniyada yaşayıram. Burada doktoranturada təhsilimi bitirdikdən sonra Frayberq şəhərində maşın hissələri istehsal edən şirkətdə mühəndis kimi çalışıram. Fəaliyyətim çox şaxəlidir. Texnoloji proseslərin işlənməsindən tutmuş, firma daxilində mövcud texnoloji proseslərin inkişafı üçün aparılan elmi-tədqiqat işlərini koordinasiya etməyə qədər geniş bir sahəni əhatə edir.
- Avropada mühəndisliyin inkişaf istiqamətləri hansılardır? Əsasən hansı sahələrdə iddialıdırlar, Yaponiya, Cənubi Koreya, ABŞ kimi inkişaf etmiş ölkələrlə müqayisədə hansı pillədədirlər?
- Əvvəlcə onu qeyd edim ki, Avropa, əsasən də Almaniya kimi inkişaf etmiş sənaye ölkəsinin iqtisadiyyatı mühəndisliyin cəmiyyətə bəxş etdiyi texniki nailiyyətlərə söykənir. Bunu insanlar gündəlik həyatın hər bir sahəsində görür və dərk edirlər. Almaniyanın güclü iqtisadiyyatı olan, superdövlətlər kimi tanınan ABŞ və Çinlə rəqabətə girə bildiyinə görə də öz mühəndislərinə minnətdardırlar. Digər Avropa ölkələri üçün lokomotiv rolunu oynayan Almaniya ixrac məhsulların həcminə görə "dünya çempionu” adlanır. Belə olan halda əlbəttə xaricdən, əsasən də Şərqdən gələn rəqabət yerli mühəndislik maşınının idarəedicilərini narahat etməyə bilməz. Bu problemlərin həlli üzərində iri şirkətlərin mötəbər ali texniki məktəblərlə birgə yaratdıqları birliklərdə gecə-gündüz baş sındırırlar. Qərbdə hamıya bəllidir ki, onlar maşınqayırma, elektrotexnika, kimya sənayesi və digər ağır elm tutumlu sahələrdəki qabaqcıllığı yalnız daimi inkişafla qoruyub saxlaya bilərlər. Hal-hazırda bunun açarını dijital texnologiyalarda görürlər. Bu yeni texnologiya müəssisələrinin müəyyən bir şəbəkə daxilində əlaqələndirilməsi proseslərə sərf olunan vaxtı qısaltmaq, digər tərəfdən informasiya axınının təmərküzləşməsi sayəsində proseslərin avtomatlaşdırılma dərəcəsini yüksəltməyə xidmət edir. "Sənaye 4.0!" adı altında dördüncü sənaye inqilabı adlandırılan bu proqramla alman sənayesi gələcəkdə öz texnologiyalarının Şərq dövlətləri tərəfindən oğurlanmasının qarşısını almaq istəyirlər. Yaponiya və Cənubi Koreya Almaniyanı yalnız elektronika sahəsində qabaqlayırlar, onlar avtomobil sektorunda da müəyyən seqmentə malikdirlər. Amma bu payın həcmi məncə Avropa ölkələri üçün elə də təhlükəli deyil. ABŞ isə Almaniya, eləcə də digər Avropa ölkələri üçün böyük bazardır. Burada o qədər də rəqabət hiss olunmur, əksinə ABŞ-da yaradılan İKT texnologiyalar qısa bir zamanda burada tətbiq olunur. Avropada istehsal olunan maşınlar isə böyük həcmdə ABŞ-a ixrac edilir. Ola bilsin ki, ABŞ-da yeni seçilmiş prezidentin dövründə vəziyyət dəyişsin.
- Yaxında “Alatoran yayınları” tərəfindən kitabınız nəşr olundu. “Elmi işlərin yerinə yetirilməsi metodikası” kitabı, sayca altıncı kitabınızdır. Əvvəlki kitablarınızın mövzuları nələrdir? Son kitabınız hansı oxucu qrupu üçün nəzərdə tutulub? Hansı çatışmazlığı aradan qaldırmaq məqsədi daşıyır?
- Bəli, bu mənim yaxında çapdan çıxmış, azərbaycanlı tələbələr üçün tərtib etdiyim növbəti kitabımdır. Mən maşınqayırma mühəndisi olduğumdan, yazdığım kitabların da, demək olar hamısı bu sahəyə aiddirlər. Almaniyaya gedəndən sonra vətəndə mənimsədiyim təhsilin səviyyəsi mənim üçün aydınlaşmağa başladı. Orada qalıb elmi işlə məşğul olmaq üçün mütləq mən qısa zamanda bilik bazamda olan boşluqları doldurmalı idim. Alman mühəndislik elminin dərinliklərinə baş vurduqca Sovet və Almaniya arasındakı fərqin təkcə elmi biliklərdə yox, həm də elmi tədqiqat və tədris metodikası sahəsində də mövcud olduğu açıq göründü. Bu hər şeydən öncə dərsliklərin yazılmasında aydın nəzərə çarpır. Artıq sənayedə işə başlayandan sonra insanların işə münasibəti, onların problemlərə yanaşma qaydaları və həll yollarının axtarışının rasional olduğun gördüm. Bu vərdişlərə onlar evdə yiyələnməmişdilər. Orta və ali məktəbdə aşılanan analitik düşünmə tərzi hər addımda onları fərqləndirirdi. Mən qısa zamanda bir çox biliklər ala bilsəm də, praktiki işləmə metoduna yiyələnmək müəyyən vaxt tələb etdi. Yazdığım kitabların da əsas məqsədi ali təhsil pilləsində təkcə bilik vermək yox, onu necə, hansı ardıcıllıqla aşılamağın yollarını ötürməkdən ibarətdir. Yazdığım kitabların hamısı AzTU-da dərs vəsaiti kimi istifadə edilir. Aldığım pozitiv rəylər məni yeni kitablar yazmağa, Almaniyada əldə etdiyim bilikləri və metodları Azərbaycan gənclərinə çatdırmağa həvəsləndirir. Ümid edirəm ki, qeyd etdiyim fərqlər yazdığım kitabların təkcə məzmununda yox, həm də stilistikasında özünü göstərir. Sonuncu kitab elə başdan ayağa bu fərqə hesablanıb. Alman düşüncə tərzini sevirəm.
- Siz ozamankı Politexnik İnstitutunda oxumusunuz, Almaniyada təhsilinizə davam etmisiniz. Həm SSRİ, həm Qərb mühəndisliyini bilirsiniz. Əsas fərqlər nədir? Sovet makinalarının iri, ağır, çox material sərf edilmiş, faydalı iş əmsalı aşağı olduğu fikri doğrudur, yoxsa stereotipdir?
-Hal-hazırda alman texnologiyasını oğurlayan ölkə Çin olduğu kimi, keçmişdə də bu işlə Sovetlər məşğul olublar. Bu mənim şəxsi fikrimdir. Mən doktoranturaya qəbul üçün sənədlərimi təqdim etdikdən sonra universitetin dekanlığında yoxlama aparıldı və keçdiyimiz fənlər arasında heç bir fərq üzə çıxmadı. Yəni SSRİ-də və Almaniyada eyni fənlər tədris olunub. Çünki sovetlərin texniki məktəblərinin strukturu, tədris olunan fənlərin tərkibi Almaniyadan götürülüb. Amma illər ötdükcə, Almaniyada mühəndisliyin daha sürətlə inkişaf etməsi, güclü texniki bazaya malik olması tədrisdən də yan keçməyib. Bu fərq soyuq müharibə dönəmində daha da dərinləşib. Sovet alimləri maşınların nəzəri hesablamalar üzərində baş sındırdıqları, qəliz analitik düsturlar işlədikləri halda, Qərbdə mühəndislik elmi başdan ayağa insanların güzəranının yaxşılaşdırılmasına, yəni daha çox praktiki problemlərin həllinə yönəlmişdi. Burada mühəndislər təbii resursların insanlar üçün əlverişli və faydalı istismarına çalışırdılar, bu sahədə baş sındırırdılar. Təbii resursları tükənməz olan sovetlərdə isə bu məsələ aktual deyildi. Nəticədə eyni funksiyanı icra edən, qeyri-dəqiq, avtomatlaşdırma dərəcəsi və səmərəliliyi çox aşağı olan kobud sovet maşınları Qərb maşınları ilə müqayisədə əhəmiyyətsiz bir şeyə çevrildi. Sivilizasiyanın inkişafı ilə ayaqlaşa bilməyən bu maşınlar əlbəttə sonda iqtisadiyyatın zəifləməsinə və məlum problemlərə aparıb çıxardı. İndi isə bu boşluqları doldurmaq üçün keçmiş sovet respublikaları Qərbdən müasir avadanlıqlar almaq məcburiyyətindədirlər.
- Sovet mühəndisliyinin geri qalmasının əsas səbəbləri ideologiyadan doğan iqtisadi münasibətlərlə izah etmək olarmı? Xüsusi mülkiyyət, qazanc stimulu, rəqabətin olmaması sovet mühəndisliyinin geri qalmasına səbəb oldumu? Deyəsən, sovet istehsalatında xərclərin nəzərə alınması çox sonralar, 80-ci illərdən sonra baş verdi. Onda da artıq gec idi.
- Mən Sovet mühəndisliyinin geri qalmasının əsas səbəbini sualınızda qeyd etdiyiniz kimi, xüsusi mülkiyyətin olmamasını və bundan irəli gələn rəqabətin yoxluğu ilə bağlayardım. Bu da birbaşa sovet ideologiyası ilə şərtlənirdi. “Hər şey hamı üçün” prinsipi insanlarda şəxsi motivasiyanı gücləndirən amil deyildi. Yəqin ki, psixoloqlar bu haqda daha ətraflı məlumat verə bilərlər. Lısenko kimi psevdo alimlər əlbəttə o dövrdə texniki sahələrdə də əngəllər törədiblər. SSRİ-də texniki geriliyin vacib amillərindən biri olan, kibernetikadan uzun müddət imtinanı buna misal göstərmək olar. Qərb və Sovet mühəndisinin düşüncə tərzindəki fərqə aydınlıq gətirmək üçün çalışdığım firmanın fəlsəfəsi haqqında qısa danışım. Bizim firma 1995-ci ildə mənim də təhsil aldığım universitetin məzunu olan bir mühəndis tərəfindən yaradılıb. Bu mühəndis dijital texnologiya sahəsində mövcud olan yenilikdən istifadə edərək klassik texnologiyada bir növ inqilab sayılan 3D texnologiyasını-çapetmənin bir üsulunu - ixtira edib. İdeyasını patentləşdirdikdən sonra investorlar tapıb, firmanı yaradıb. Firmanın əsas şüarı texnoloji üstünlüyü əldən verməməkdir. Bu üstünlüyü saxlamaq üçün nələr etmək lazım olduğunu təsəvvür etmək çətin deyil. Hər il bizdə tətbiqi sahələrdəki elmi yeniliklər izlənir, onların uğurlu nəticələri qısa zamanda tətbiq olunur. Müştərilərlə təmas xüsusi strategiya ilə daima yüksək səviyyədə saxlanılır ki, araya rəqiblərin girməsinə imkan verilməsin. İndi özünüz təsəvvür edin, Sovet vaxtı Bakı neft maşınqayırma zavodunun texnoloqunu hansı suallar maraqlandırırdı, məni hansı suallar maraqlandırır? Sovet vaxtı mühəndislərin əldə etdikləri az-çox yeniliklər istehsala tətbiq olunmurdu. Çünki onların gətirdikləri mənfəət sovet iş saatına verilən qəpiklərlə hesablandıqda heç də nəzərə çarpmırdı. Rəqabətin olmaması isə bu yeniliklərə marağı daha da zəiflədirdi. 80-ci illərin sonlarında müəssisələrə bir növ sərbəstlik verildi. Bu, artıq dağılmaqda olan sənayeni xilas etmək iqtidarında deyildi. O, əksinə mövcud istehsal sahələrinin talanmasını gücləndirdi.
- Öz iş təcrübəmdən bilirəm, bizdə alim və mühəndis dedikdə gözümüzün önündə yaşlı, saçları tökülmüş, qalın plastmas çərçivəli gözlük taxmış, sarı kağızlarda uzun, qarışıq hesablamalar aparan insanlar canlanır. Bizim yaşlı mühəndislər yerli və xarici gənc mühəndisləri bir az “uşaq kimi” görürlər. Siz bir dəfə dediniz ki, Qərbdə MDB məkanı mühəndislərinin beyin əməyinə, çoxlu vəsait sərf olunmuş uzun hesablamalarına vaxt itkisi kimi baxırlar. Qərbdə, digər sahələrdə olduğu kimi, mühəndislikdə də gəncləşmənin səbəbi nədir? Səhvləri aradan qaldıran hansı səhv düzəltmə mexanizmləri var? Tutaq ki, səhv etməyən və vaxt qazandıran hesablama metodları bunlardan biridir.
- Qərbdə mühəndislərin məşğul olduğu elm əvvəl qeyd etdiyim kimi, insanların güzəranını yaxşılaşdırmağa xidmət edir. Bu ideologiya ola bilsin ki, hamı üçün böyük məna daşımır, amma sənaye ölkələrində o artıq düşüncələrə həkk olunmuşdur. Əlbəttə, mütərəqqi mühəndislər müasir avadanlıqlarla təchiz olunmuş bürolarda çalışırlar. 80-ci illərin sonunda Bakıda praktika keçdiyim zavodları xatırlayıram. Orada konstruktorların və texnoloqların oturduqları çox pis təchiz olunmuş otaqlar gözümün önündə canlanır. Bu acınacaqlı vəziyyət adamı kədərləndirirdi.
O ki qaldı mühəndislik yaradıcılığındakı fərqə, burada onu qeyd edim k, Qərbdə rəqabət təzyiqi altında işləyən mühəndislər kreativ olmalıdırlar. Onların uzun-uzadı düsturlar işləməsinə vaxtları olmadığından problemlərin imkan daxilində qısa yollarla texniki həlləri axtarılır. Beləliklə, əldə olunan texniki biliyin toplanması baş verir. MDB məkanında mühəndislik elminin kreativliyi hər şeyin riyazi düsturunu almaqdan ibarətdir, çünki onların qarşısında praktiki tələbatdan irəli gələn məsələ durmur. Alman mühəndisləri isə daha çox praktikada sınaqdan keçmiş empirik düsturlar əsasında yaradılmış simulyasiya proqramlarından geniş istifadə edirlər. Bu yolla hesablamalara sərf olunan vaxtı kəskin azaltmaq mümkündür.
O ki, qaldı qocaların gənc nəsillə tam əvəzlənməsinə, mən bunu burada o qədər də hiss etmirəm. Qatıldığım mötəbər elmi tədbirlərdə demək olar ki, bütün nəslin nümayəndələri iştirak edirlər. Almaniyada mühəndislik çatışmazlığı dövründə onlar yaşdan asılı olmayaraq istənilən mütəxəssisdən möhkəm yapışırlar. Burada gənc və yaşlı nəsil arasında çox sağlam, səmimi mühit hökm sürür. İndiyə qədər çalışdığım kollektivlərdə gördüyüm və məni valeh edən hadisələrdən biri də bütün mütəxəssislərə yaşından və millətindən asılı olmayaraq eyni münasibətin bəslənməsidir. Belə olan halda problemlər üzərində kreativ işləməyə münbit şərait yaranır.
- Dünyanın ən böyük sərnişin təyyarəsi Airbus A380 yaradılarkən, mühəndislərin həll etməli olduqları bir neçə problem vardı. Hazırkı hava limanları təyyarələrin qanad məsafəsinə limit qoyur. Qaldırma qüvvəsini artırmaq məqsədiylə qanadı istənilən qədər uzada bilməyəcəkləri üçün, mühəndislər limit daxilində qanadı modifikasiya etdilər, uzun məsafələrə uça bilmək üçün yanacağa qənaət etmək lazım gəlirdi - təyyarə gövdəsini daha yüngül və dayanıqlı kompozit materialdan düzəltdilər. Sərnişin sayı çox olacağına görə, əvvəlki təhlükəsizlik zamanı təxliyə mexanizmi kifayət etmirdi. Onu da yenidən dizayn etdilər. Monqol oxu, qartalın qanadları, fişəng - mühəndislərin ilhamlandığı ixtiralar bunlar idi. Üstəlik, zamana qarşı yarışırdılar, təyyarə söz verilən vaxtda hazır edilməsə idi ilkin sifarişçilərə külli-miqdarda cərimə ödəməli idilər. Hazırda mühəndislər, mühəndislik həlləri axtararkən nələrdən ilham alırlar və hansı limitlər daxilində-komfort, qənaət, ekoloji həllər tapmalıdırlar?
- Maraqlı sualdır. İlk öncə deyim ki, mühəndislərin layihələndirdikləri məmulatların işləmə prinsipi fundamental elmlərin qanunlarının cızdığı çərçivə daxilində mümkündür. Bu qanunlardan kənarda heç bir maşın işləyə bilməz. Əks təqdirdə çoxdan “daimi mühərrik” hazırlanmış olardı. Ona görə də yeni ideyaların prototiplərinin funksionallığı mexanikanın qanunları çərçivəsində layihələndirilir və optimallaşdırılr. Sualınızda qeyd etdiyiniz kimi təyyarənin qanadları buna aydın misaldır. Mühəndislərin ilhamlanması onların konkret fəaliyyət sahəsi ilə bağll olan emosiyalardan asılıdır. Mühəndisləri mən prinsipial olaraq iki qrupa bölərdim: yeni məhsulları yaradanlar, yəni dizaynerləri və yeni məmulatları hazırlayanlar, yəni texnoloqlar. İkincilər artıq konkret məhsul üzərində çalışdıqları halda birincilərin kreativliyi bir növ fitri istedadla əlaqəlidir. Amma hər iki halda mühəndislərin yatıb yuxuda yeni telefon və ya avtomobil görmələri mümkün deyil. Ağıla hər hansı bir sahə üzrə ideyanın gəlməsi üçün mütləq həmin şəxs o sahədəki problem üzərində işləməli və ya azından düşünməlidir. Motivasiya mənbələri fərqlidir. Hər şeydən öncə mütəxəssisdə peşəsinə məhəbbət, bağlılıq olmalıdır. İş mühiti də önəmli amildir. Son zamanlar mühəndislikdə ideya axınına bionika elmindən əldə olunan biliklərin təsiri də böyükdür. Belə baxanda hər şey insan beyninin məhsuludur. Amma bu beyində o məhsulun formalaşması üçün ilkin şərtlər və yaranma mühitləri fərqlidir.
Siz bu sualınızla çoxdan mənim beynimdə gəzdirdiyim bir kitabın mövzusuna toxundunuz. Gələcəkdə mühəndislik fəaliyyətində tətbiq olunan kreativlik metodları haqqında da bir kitab yazmaq arzusundayam. Orada ilham qaynaqlarından və yeni ideyaların meydana çıxması yollarından bəhs ediləcəkdir. Qismət olsa…
- Sizcə mühəndislikdə dünyaya ayaq uydura bilərikmi? Hansı sahələrdə daha rəqabətə davamlı ola bilərik? Dünya səviyyəli İT mühəndislərimiz var, məsələn. Başqa hansı sahələr bizə uğur gətirə bilər?
- Azərbaycan dünya bazarında rəqabətə girə biləcək hər hansı bir texniki məhsulun hazırlanması potensialına malik deyil. Bunun bir çox səbəbləri var. Bizim mühəndislik elmi əsasən sovet sistemində formalaşmış metodlara əsaslanır. Ona görə də onun hazırladığı mühəndislərdə yaradıcılıq keyfiyyətləri çox aşağıdır. Amma bu o demək deyil ki, azərbaycanlılar bir xalq kimi mühəndis kimi işləmək qabiliyyətinə malik deyillər. Əksinə, bu mühitdən asılıdır. Son 20 ildə AzTU-nun ən azı 10 yetirməsi Almaniyanın müxtəlif mötəbər ali məktəblərində doktoranturada təhsil alıblar və hal- hazırda orada çalışırlar. Onu da demək yerinə düşərdi ki, xaricdəki soydaşlarımız arasında ən çox uğur qazananlar da elə mühəndislərdir. Xaricdə təhsil alan bu soydaşlarımız nə vaxtsa geri qayıdıb, vətəndə yaradıcılıq fəaliyyəti ilə məşğul olmaları yaxın zamanda real görünmür. Bunun üçün iqtisadi şərait hələ mövcud deyil. Ola bilsin ki, İT sahəsində kreativ gənclər sərbəst şəkildə hər hansı alqoritmik problemin həlli üçün proqramlar işləsinlər və onu bazara çıxarsınlar. Amma burada da Şərqdə mövcud olan, ucuz işçi qüvvəsi hesabına yaranmış rəqabətlə üzləşmək qaçılmazdır.
Bəs Azərbaycanda mühəndislərə ehtiyac yoxdurmu? Əlbəttə var. Onların neft sənayesi və digər sahələr üçün xaricdən alınmış bahalı avadanlıqları işlətmək üçün əməkləri danılmazdır.