Səyavuş Aslan maşinisti ağacla niyə döydü? – MƏZƏLİ ƏHVALATLAR

Səyavuş Aslan maşinisti ağacla niyə döydü? – MƏZƏLİ ƏHVALATLAR
22 fevral 2017
# 15:27

Kulis.Az professor İlham Rəhimlinin sənət adamları barədə toplayıb işlədiyi məzəli əhvalatları təqdim edir.

Hürsəm, zatıma lənət!

Səyavuş Aslanın Musiqili Komediya Teatrında işləyən vaxtları imiş. Bir gün növbəti təzə tamaşanın premyera günü onun Gürcüstandan qonaqları gəlir. O, premyeraya azacıq içkili gəlir. Səhnə maşinisti Qulu həmişə təzə tamaşa olanda Səyavuşdan şirinlik istəyir, o da onu heç vaxt əliboş qaytarmır. Bu dəfə necə olursa Səyavuş ona pul vermir, hətta zarafata salıb onu yüngülvari söyür də. Fikirləşir ki, Qulunun araq pulunu tamaşanın axırında verərəm. Tamaşadan sonra təbriklər, alqışlar, şəkil çəkdirmək və sair... Bir sözlə, aləm yaxşı mənada dəyir bir-birinə...

Qulu gəlir Səyavuşun qrim otağına. Üzünü qrimini silib, paltarını dəyişən aktyora tutub pul istəyir. Nəyə görəsə hirslənmiş Səyavuş onu acılayır. Qulu da, eləmə tənbəllik, qalxır direktor Şəmsi Bədəlbəylinin otağına. Şikayət edir ki, Səyavuş Aslan onu təhqir edib söydü. Şəmsi müəllim otaqda mədəniyyət nazirinin müavini Məmməd Ziyadovla söhbət edirmiş. Səyavuşun xətrini çox istəyən Şəmsi Bədəlbəyli əlacsız qalıb səhəri gün Səyavuş Aslana töhmət elan edir. Həmin töhməti də asırlar elanlar lövhəsindən.

İşə gələn kimi bu məsələni Səyavuşa çatdırırlar. O, özü gəlib elan lövhəsindəki töhmət əmrini oxuyur. Pərt olur və dilxor-dilxor gəlir Şəmsi Bədəlbəylinin yanına. Salamsız-kəlamsız deyir:

– Şəmsi müəllim, o töhməti mənə...

Şəmsi müəllim yerindən qalxıb irəli gəlir, onu bağrına basıb gülə-gülə deyir:

– Ay Səyavuş, zalım oğlu Ziyadovun yanında az qaldı ağlaya... Əlacım yoxdu... Fikir eləmə, tapşırmışam, bir saatdan sonra o elanı lövhədən çıxardacaqlar. Beş-on günə Bakı kəndlərindən birində tamaşa oynayarsınız, sənin bu töhmətini ləğv edib, əvəzinə təşəkkür verərik.

Səyavuş yarı incik halda:

– Görək də... – deyib, otaqdan çıxır.

Beş-on gündən sonra başqa tamaşa oynanılır. İkinci pərdədə hadisələr kənd evinin həyətində baş verir. Həmin epizodda tamaşaçı salonu ilə səhnənin yarısının arasında çəpər var. Bu, üç metr uzunluğunda, bir metr yarım hündürlüyündə olan ağac şivlərindən hörülmüş təbii çəpər idi. Həmin çəpər iki yerdən dayaqlara bərkidilir və həmin dayaqlar da səhnəyə mıxlanırdı. Bu işi də Qulu görürdü.

Səyavuş tamaşanın başlanmasına iki-üç saat qalmış gəlir Qulunun çəkic-mismarını daşıyan fəhlənin yanına. Cibinə iki-üç manatlıq basıb tapşırır:

– Bu üçlüyün birinə araq alıb tamaşadan əvvəl Quluynan içərsən. O biri üçlüyü saxlayarsan özünə. Amma əvəzində ikinci pərdədə çəpərin dayaqlarını Quluya gec apararsan. Soruşsa ki, niyə gec gəldin, denən dayaqlar dekorların altında qalmışdı, güclə çıxartdım.

Həmin fəhlə də «baş üstə» deyib, gedir mağazadan araq almağa. Arağı, kolbasa çörəyi alıb gəlir. Arağın yarısını tamaşadan əvvəl içirlər, yarısını da saxlayırlar tamaşadan sonraya.

Bəli, birinci pərdə sona çatır. Səyavuş tamaşanı idarə edən rejissor köməkçisinə tapşırır ki, mən səhnənin o biri tərəfindən sənə əl edəndə pərdəni açarsan. O da, «Oldu, Səyavuş müəllim», - deyir. İkinci pərdədə dekorların dəyişməsi Səyavuşun «ssenarisi» üzrə gedir. Qulu aşağı əyilib çəpərin dayağının birini döşəməyə mıxlayır. İkincisini mıxlamaq istəyəndə Səyavuşun işarəsi ilə pərdə açılır. Orkestr musiqini başlayır. Bədəncə sısqa olan Qulu çəpərin dalından çıxa bilmir. Əgər çıxsa, tamaşaçıların gülüşünə səbəb olacaq, onda da zavallını ya işdən çıxaracaqlar, ya da səhnə maşinstliyinin rəhbərliyindən endirəcəklər adi fəhləliyə. Həm də ayağa qalxsa, dayağı mıxlanmamış çəpər aşacaq. Buna görə əlacsız qalır, büzüşüb oturur çəpərin dibində. Həm də çəpərdən bərk-bərk yapışır ki, aşmasın.

Həmin pərdə Səyavuşun oynadığı epizodla başlayır. Onun əlində ağac var, guya kimisə haraylayır, onun səsinə çəpərin dalında it hürür. Səyavuş da ağacla özünü qoruyub «Ay it, hürmə!» - deməlidir.

Fonoqramada it hürüşü verilir. Səyavuş da ağacla Qulunun harasına gəldi vurur, amma tamaşaçı Qulunu görmür. Səyavuş hər Qulunu vurduqca özündən əsərdə olmayan mətn uydurub deyir:

– Köpək oğlunun qudurmuş tulası, yadında qalsın ki, hər yoldan ötənə hürmək olmaz. Nə qədər çox hürsən, o qədər çox kötək yeyəcəksən. Üstəlik, yeməksiz-içməksiz qalacaqsan.

Tamaşaçılar bu səhnəni alqışlarla qarşılayırlar. Səyavuşun epizodu bitir və o, səhnədən çıxır. Başqa epizodlar oynanılır və Qulu hələ də çəpərin dalındadır. Nəhayət, vaxt çatır, pərdə bağlanır. Aktyor bufetində çay içən Səyavuş düşür səhnəyə. Gəlib görür ki, Qulunu uzadıblar səhnənin qırağına, kimi onun bədəninin zərbədən zol düşən yerinə yod çəkir, kimi göyərən göynərtiyə buz qoyur, kimi ona su içirdir...

Səyavuş acı təbəssümlə ona baxır, o da yazıq-yazıq altdan yuxarı Səyavuşa.

İmamverdi Bağırov onu tənbeh edir:

– Utanmırsan, ay Səyavuş, gör bu yazığı nə günə qoymusan?

Səyvuş Aslan coşur:

– Bəs o utanmır, hər dəfə məndən pul alıb sağ ol deyir, sonra da gedib mənim verdiyim pula araq alıb içir. Bir dəfə pul verməmişəm, qaçıb Şəmsi Bədəloviçin yanına şikayətə ki, Səyavuş içkilidir. - Üzünü Quluya tutur - Necəsən, indi mən də gedim Şəmsi müəllimə deyim ki, Qulu piyandır? Dekorasiyanı gec qurdu, az qaldı tamaşanı proval eləyə. Gedim deyim? Yoxsa day bir də xəbərçilik edib hürmüyəssən ki?

Qulu yazıq-yazıq dillənir:

– Demə, Səyavuş... Sənə qurban olum, demə... Bir də sənə hürsəm mənim zatıma lənət!

# 1638 dəfə oxunub

Oxşar xəbərlər

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər