İşıq və kölgəylə oynayan rəssam - SƏRGİ

İşıq və kölgəylə oynayan rəssam - SƏRGİ
14 iyun 2016
# 16:08

İşıq və kölgə... Bu, hamıya tanış olan sadə anlayışları fəlsəfi kateqoriya, dialektik ziddiyyət, müqabil tərəflərin mübarizəsi və vəhdəti kimi səciyyələndirmək olar.

Ancaq bu adi sözlərin arxasında dərin fəlsəfi mənanı aşkar etdikdə dünyanın bütün mürəkkəbliyini və varlığın qayda-qanunlarının sarsılmazlığını anlamağa başlayırsan.

Gənc və istedadlı rəssam Cəmil Hüseynov da ictimaiyyətin diqqətini bədii üsulların fəlsəfi kateqoriyalarla kəsişməsinə yönəltmək məqsədi ilə öz ilk fərdi sərgisini məhz "İşıq və kölgə oyunu" adlandırıb.

İyunun 11-dən 13-dək “Qız qalası” rəsm qalereyasında təşkil olunan sərgi sənətsevərlər tərəfindən yüksək qiymətləndirildi. Üç gün davam edən sərgi böyük maraqla qarşılandı.

Bu, bir savaşdır. İşıq və kölgənin mübarizəsi və dinc yanaşı yaşamasıdır. Rəssam məhz bu parlaq mənzərəni ilk fərdi sərgisində çox böyük ustalıqla nümayiş etdirə bilib.

Cəmil Hüseynov 1987-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Qərb Universitetini “İnteryer dizayneri” ixtisası üzrə bitirən Cəmil, bədii təhsilini davam etdirmək üçün İtaliyanın Florensiya şəhərinə yollanır, 2010-cu ildən 2013-cü ilə qədər burada Çarlz Sesilin studiyasında təhsil alır. Məhz burada o, sənəti dərindən öyrənməyə başlayır və qədim fırça ustadlarının sənətinin sirlərinə yiyələnir. Gənc rəssam Van Deyk, Rubens, Velaskes, Rembrandt, Tisian və Karavaco kimi sənətkarların əsərlərindən ilham alır. Lakin onları təkrarlamır, öz üslubunu yaradır. Lakin bununla belə öz əsərlərinə sanki dahi sənətkarların yaradıcılığının yüngül hənirtisini qatır.

Cəmil Florensiyada təhsil illərində portretlər qalereyasını yaradır. Onların hər biri öz-özlüyündə unikaldır, müəllif heyrətamiz şəkildə bütün emosiyaları, baxışları və əhval-ruhiyyəni tam dəqiqliklə əks etdirməyə nail olur, onların hamısını birləşdirən də məhz budur. Çılpaq naturalar yüksək ahəngdarlığı və mütənasibliyi ilə fərqlənir. Rəssam dünyaya özünün sərrast və qəti baxışı ilə baxmağı təklif edir. O, dərindən düşünməyə və təhlil etməyə çağırır, birmənalı şəkildə diqqəti əsərlərinə cəlb edir.

Rəssamın natürmortları olduqca maraqlıdır. Onlar ənənəviliyi və realistliyi ilə fərqlənir. Əsərlərə hətta ötəri baxış belə onların əhval-ruhiyyəsini və ən xırda nüanslarını duymağa kifayət edir.

Sənətkarın əsərləri ənənəvi təsvir üslubu ilə fərqlənir. O, kifayət qədər məhdud palitradan istifadə edir. Lakin boyaları qarışdıranda təbiətə ən yaxın təbii rəng almağa müvəffəq olur. Rəssam işıq və kölgə ilə sanki oynayır, onun əsərlərini də canlandıran məhz bu üsullardır.

İşıq və kölgələrin oyunu kətanı sanki gözəgörünməz torla örtür və onun əsərlərinin ən güclü cəhətlərini üzə çıxarır.

# 1826 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər