Hər yanıyla gözəl tamaşa: “ALMAZ”

Hər yanıyla gözəl tamaşa: “ALMAZ”
26 yanvar 2017
# 12:11

Emil Bakuvi

Nyu-Yorkdan gələn rejissor Cəfər Cabbarlının “Almaz” dramını “taxtabiti yuvası”nda “qazaxlı aktyorlar”ın ifasında təqdim etdi.

Mən son zamanlar Azərbaycan teatr sferasında belə premyera izləməmişdim.

Hətta o qədər ləzzət elədi ki, ard-arda üç dəfə baxdım tamaşaya. Tamaşa vizuallıq etibarı ilə gözoxşayandır. Estetik baxımdan teatrımızda belə tamaşalar çox azdır.

Cəfər Cabbarlının ilk dram əsərlərindən olan “Almaz” Azər Paşa Nemətovun quruluşunda... Pyesdə bir zamanlar bu kəndin sakini olmuş Almaz təhsil görüb kəndə yenidən qayıdır və yeni qurulan şura hökumətinin yenilikçi ideyalarının təbliği üçün addımlar atır. Və bütün bu ideyalarını həyata keçirmək üçün kənd sakinlərinin narazılıqları ilə üzləşən Almaz pəjmürdə şəkildə öz taleyi ilə barışmalı olur.

Tamaşa bir bütündür. Komponentlər vəhdətidir. İşıq tərtibatından tutmuş, minimum dekorasiya o qədər şıq görsənir ki, artıq zala daxil olanda heyran olursan tamaşaya.

Musiqi həlli tamaşaya bir ovqat, bir ruhsallıq qatır. Aktyorların geyimləri o qədər gözəl və sahmanlıdır, səhnənin gözəlliyinə baxmaqdan doymursan. Rejissorun əsərə yanaşma tərzi isə “Almaz”ın bu gün nə qədər aktual olub-olmamasını göz önünə gətirmir. Yəni, səhnədə bu qədər gözəllik içində aktuallıq axtarmırsan. Tamaşa hər bir cəhəti ilə gözəldir.

Almaz rolunu ifa edən aktrisa Məsmə Aslanqızı danışıq tərzi ilə tamaşaçıların əsəblərinə toxunsa da, ifa etibarı ilə maraqlı idi. Almaz belə olmalı idi ki, öz ideyalarını reallaşdıra bilməsin. Almaz cəsur və idealist biri olsaydı, öz ideyalarını həyata keçirə bilərdi. Ona görə də aktrisanın oyun tərzini maraqlı hesab etmək olar.

Səhnədə bir Hacı Əhməd var, gəl görəsən. Mən gördüyüm qədəri ilə, bu, Nurəddin Mehdixanlının piki idi. Obrazı bütün xarakterik xüsusiyyətləri ilə bütöv təqdim edirdi. O, səhnəyə tam hakimdir. Və mən Nurəddin Mehdixanlının oyun tərzi ilə fəxr elədim. Nə yaxşı ki, onu canlı izləmək imkanımız var.

Firəngiz Mütəllimova... Səhnədə bir Fatmanisə var, bax, özündən keç. Firəngiz xanım səhnəyə gəlişi ilə sanki aktyor yoldaşlarına deyir ki, indi siz durun qıraqda, mən bir həngamə çıxarım ki, tamaşaya dayanın. Olduqca maraqlı, orqanik, xarakterik və daha nələr-nələr bütün müsbət xüsusiyyətlər aktrisanın oyununda cəmləşir.

Ayşad Məmmədov – səhnə plastikası, oyun tərzi, yanaşması və səhnə energetikası ilə bir fərqlilikdir. Aktyor usandırıcı səs tembrindən o qədər ustalıqla istifadə edir ki, insan valeh olur. Və sonda Ayşad bəyin o dahiyanə ifası! Bu, fantastikadır. İnsan hisslərinin yaşantısı.

Rafiq Əzimov – “Qurban olum Məhəmmədin şəriətinə”. Aktyor bu kəlmələri o qədər dəqiqliklə və qalxıb enən tonda söyləyir ki, bu, elə tamaşadır sanki.

Sabir Məmmədov - oyun tərzi ilə maraqlı ifa nümayiş etdirir.

Tamaşa bütün bu gözəllikləri ilə insana zövq verir, ləzzət edir. Baxdıqca, daha maraqlı olur, izlədikcə daha da sevinirsən. Bir dəfə də baxmaq istərdim “Almaz”a. Azərbaycan ədəbiyyatının klassik nümunələrini bu cür ustalıqla sərgiləmək onların bəyənmədiyimiz sənətkarlıqlarını bizlərə sevdirir. Demək, istəsən, maraqlı nə isə təqdim etmək arzusunda olsan, “qazaxlı aktyorlar” da sənə Nyu-York aktyorları qədər maraqlı görünər...

# 1612 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər