Qadının kişiyə sarılmamış qolları – Yeni Şeirlər

Qadının kişiyə sarılmamış qolları – Yeni Şeirlər
30 oktyabr 2019
# 15:31

Kulis.az Saqif Zeynalın yeni şeirlərini təqdim edir.

***

Gedən sən tək deyilsən
Əvvəl-axır hamı gedir
Zaman-zaman olur hər şey!

Küləklər ayrılıq zümzüməsimi
Küləklər ayrılıq havası çalır
Gedənlərdən arxaya
Əkiz ayaq izi qalır

Gedişlərin rəngi-ruhu
Dadı-tamı eyni olur
Bütün ayrılıqların tərkibi
Düsturu eyni olur

Bir az həsrət
Bir az hicran
Bir az da yoğurub
Nəsə zəhrimar qayırmağa
Mənasız göz yaşları

Kişiyə qadının sarılmamamış qolları
Payıza çılpaq budaqları qalır ağacların
Quşlara yenə göy üzü
Balıqlara su üzü
Şairlərə sözün düzü qalır

Gedən sən tək deyilsən
Əvvəl-axır hamı gedir
Gedənlərin ayaq izləri
Mərmi kimi səpələnir küçələrə
Mina kimi gömülür yollara

Ya quşlar dənləyir küçələrdən
Ya uşaqlar geyinib
Evə sürüyür ayaqlarında
Zaman-zaman olur hər şey...

İthaf

Görüşdük qatarda
Eyni vaqonda illər sonra...
Üz-üzə əyləşən oturacaqlarda...

Bu yarımaz tale rast saldı bizi
Sənə demişdim axı
Taleyin də üzü dönə bilər
Hər şey dəyişə bilər

Eynəklər arxasında baxışlar kədərli
Ən soyuq ən zalım baxışlar belə kədərli

Susduq şüşə pəncərələrdən danışdı gözlər
Beynimizin içindəsə qatar
Hər yerdə ayrılıq dayanacaqlar
Nədənsə qatarlar
Elə keçmişdən danışar
Keçmişi xatırladar taq taq taq...

Hərdən də Fil öfkəli fit səsi
Dərindən nəfəs almaq
Yanmış xatirələrin qəlyan tüstüsünü
Havaya buraxmaq susmaq, susmaq...

Üzünün cizgilərində kəsiləsi "yağlı dil"lər
Budaqtək uclarından quruyası əllər

Ovcumda quş kimi
Quş kimi titrək əllərin
Yaşıl damarların toruna düşmüş
Qırışlar ipək kimi yumşaq
Hisslər yenə də məsum
Yenə də uşaq...

Zülfündə tora düşmüş baxışlarım
Saçlarının bəyazlığına bürünmüş
Üşümüş...

Gözlərinin yaddaşında bir fotoluq işıq
Gəncliyim boylandı illərin o üzündən
Sən demə qocalmazmış heç
Qocalmazmış gözlərin ayna yaddaşı...

Vaxt bitdi,
Düşən düşdü
Gedən getdi
Tərk etdi bir-biri
Qaldı havada ayrılığın əlləri

Biz də xəyaldan ayıldıq ayrıldıq
Yollandıq günəşin qürub çağına
Qatar nəğməsini oxuya-oxuya getdi
Ayrılıq ayrılıq ayrılıq...

***

Səni suların saflığına
Balıqların paklığına
Bəyaz yaddaşına bağışlayıram...

Bir zümzüməlik dua kimi
Pıçıldayıram səni hər gün
Pıçıldayıram dodağımın altında
Üfürürəm üzü qırışmış sulara...

Gözü yaşarmış sulara...

Yerin dərin ovuclarından
Buxarlanır duzlu dəniz suları
Sular da Tanrıya dua edirlər
Buxar olur duaları...

Qarışıb suların göz yaşlarına
Çəkilir göylərə çəkilir duam
Çatır Tanrının bulud dərgahına...
Səni bağışlayıram...

Səni suların saflığına
Balıqların paklığına
Bəyaz yaddaşına bağışlayıram...

***

Bir də düz adamların
Başqa yolu olmazmış heç

Yolun düzlüyünü seçməkmiş
Həm də güclü olmaq
Məğrur olmaq

Bunu uşaq olanda
Atamın gücünün yalnız mənə
Məni aldatmağa çatdığını
Anlayanda öyrəndim

# 3175 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Mir Cəfər Bağırov kim idi? - Elçin

Mir Cəfər Bağırov kim idi? - Elçin

17:00 2 may 2024
Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
# # #