Yəhudiləri ayağa qaldıran ifaçı

Yəhudiləri ayağa qaldıran ifaçı
13 noyabr 2017
# 21:00

Bu gün böyük gitara ifaçısı Rəmişin doğum gündür. Kulis.az bu münasibətlə Şərif Ağayarın Rəmişə xalq artisti adı verilən zaman yazdığı "Rəmişin adı" yazısını təqdim edir.

Rəmişə xalq artisti adı verdilər.

Açığını deyim, bu ad-familiya bölgüsü mənə görə çox şərtidir. Amma nədənsə bu xəbərdən təsirlənməyə bilmədim. Kim nə düşünür, düşünsün, mənə görə, için səsi ən böyük həqiqətdir. Mənim də içim qımıldadı. Köksümün altından gitara səsi gəldi. Həm də Azərbaycan dilində anam qədər təmiz və şirin danışan bir gitara...

Yenə açığını deyim... Gitaranı saz qədər sevmirəm, Rəmişi də Ədalət Nəsibov qədər... Və öz-özümə mızıldananda muğamdan çox saz havası oxuyuram. Dua kimi, vird kimi, zikr kimi... Çox vaxt saz çalınanda, xüsusilə yaxşı çalınanda aşıqdan əvvəl ürəyimdə oxuyuram. Ədalət Nəsibov istisnadır amma. Ədalət Nəsibov çalanda oxumağa yer qalmır. O yerdə ki, aşıq oxumalıdır, sazı oxudur. Hətta çox vaxt barmaqları ilə hansı şeiri “dediyini” bilirəm.

Rəmiş də belədir. O, heç kimi müşayiət edə bilmir. Çünki müşayiət haradasa köləlik, boyun əymək, əmrə tabe olmaq kimidir. Rəmiş isə Allahlıq iddiasındadır. Döşündə xanəndəmi dura bilər? Bu səbəbdən, rəhmətlik Qədir Rüstəmovla heç yola getmirdilər. Ən çox da Qədir “nifrət” edirdi ona! Tutduğu ən bahalı toylara Avtandil İsrafilovu aparmaqla cırnadırdı Rəmişi. Sizə bir sirr açım, bir qarabağlı, hələ bir ağdamlı, heç vaxt Avtandilin ifasından məmnun qala bilməz. O nisgil, o ağrı bu qədeşvari çalğıya könül tuta bilməz!

Bilir Rəmiş...

Çox şey bilir...

Rəmişə xalq artisti adı verdilər...

Amma adına görə dəyişik saldı hamı. Rafiq Hüseynov kimdi, a qardaş? Məşhur diktora ikinci dəfəmi ad verirdlər? Çünki Rəmiş hamıdan qabaq babasının ona verdiyi adla tanınmışdı. Məncə, indən sonra da belə olacaq. Təzədən Rəmiş kimi ad çıxarmağa bir ömür gərək, qardaş!

Rəmiş xalq artisti oldu!

İçim sim kimi titrədi bu xəbəri oxuyanda. Bilmədim niyə? Heç indi bu yazını yazanda da dəqiq bilmirəm. Bircə aydın olan odur ki, Rəmiş elə-belə ifaçı deyil. Gitara bədəninin bir parçasıdır adamın. Gitarasız Mir Möhsün ağaya oxşayır. Qolunun-qıçının hansısa olmayan əlil kimi görünür. Həm də o qədər məzlum və yazıq ki! Yüz dəfə şou proqramlarda görmüşəm. Gülə bilmir bu adam! Güləndə ştanq qaldırır elə bil. Məncə təbəssümü sifətində saxlamaq üçün çox əziyyət çəkir. Onun üzü də, burnu da, başı da sallanmalıdır. Xahiş edirəm gələcək üçün heykəltəraşlar bu detalı nəzərdən qaçırmasınlar! Xalq artisti də oldu ya!

Bir iş var ki, Rəmişin hüzurunda bu cür kədərlənib baş əydiyi hər nədirsə adamı ucaldan da elə odur. Çün, düşmədən ƏYAĞA çıxmadı başa badə!

Rəmişə xalq artisti adı verildi...

Yadıma yüz xatirə, yüz əhvalat düşdü. Yazsam sayta yerləşməz... Amma, tovuzlular demiş, birciyini paylaşıram.

Demək, bir gün bunu yəhudi toyuna çağırırlar. Rəmiş gitaranı ha yeyib-tökür xeyri olmur. Dərd-ağrıları, maraq-sevgiləri Qarabağ ladıyla üst-üstə düşməyən qonaqlar tükünü də tərpətmir. Rəmiş Allah olmadığını bütün ağırlığı ilə anlayır ordaca. Amma təslim olmaq istəmir. Qəflətən gitaranın qulağını burub İsrailin dövlət himnini havalandırır. Bütün toy əhli ayağa qalxıb əlini ürəyinin üstünə qoyur!

Rəmiş məni çox ayağa qaldırıb...

Əlimi çox qoymuşam ürəyimin üstünə...

Yəhudiləri bilmirəm, mənim ürəyimdən inilti səsi gəlib!

19.12.2014

# 4316 dəfə oxunub

Oxşar xəbərlər

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

Ömrü sürgündə keçən, Sibirdə quş yumurtası yeyib sağ qalan "xalq düşməni" - Ruhulla Axundov onun həyatını necə məhv etdi?

12:00 9 iyun 2026
"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

"Bir quşun rəsmini çəkmək üçün..." - Jak Preverin məşhur şeiri haqqında bilinməyənlər

15:20 8 iyun 2026
Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

Mən öz həbsxanamı çəhrayıya boyadım... - Əsəd Qaraqaplanın yeni şeirləri

14:00 7 iyun 2026
"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər