“Ata” sözünü kitabdan cırıb-yeyən zabit

“Ata” sözünü kitabdan cırıb-yeyən zabit
12 iyul 2019
# 18:22

Travma

hekayə

Əsgərlik vaxtı bir neçə ay hərbi hospitalda yatmışam. Hər qəbildən adam vardı orda. Bir baş leytenant gətirdilər. Nitqi tutulmuşdu. Həm də əsməsi vardı. Heç kimin üzünə baxmırdı. Hiss edirdim ki, ağzında dolayıb saxladığı o balaca dilində böyük sirlər, danışılması çətin əhvalatlar gizlənib. Normal yemək də yemirdi. Deyirdilər, iki qızı hamamda qazdan boğulub, ona görə psixi travma alıb.

2-3 gündən bir yanıma təzə kitablar gətizdirirdim. Fikir vermişdim, bu zabit hər dəfə əlimdə kitabla yanından keçəndə nəsə demək istəyirdi. Bəlkə də qızlarının faciəvi ölümü onu əbədi susqunluğa aparmışdı. Yenə əlimdə kitab palataya keçəndə qolumdan yapışdı. Əsən qolu məni də silkələdi. O biri əli ilə kitabı göstərdi. Dedim, oxumaq istəyirsiniz, komandir? Başını buladı. Kitabı ona verdim. İki gün otaqdan çıxmadı. Çıxmışdısa da, mən görməmişdim.

Üç-dörd gün keçdi, kitabı qaytarmadı. Elə oldu, məni hərbi hissəyə apardılar, kitabı geri almağa imkanım olmadı.

İyirmi gün keçmədi, yenə həmin müti hospitala qayıtdım. Zabit yerində yox idi. Hospitalın nəzarətçisindən harada olduğunu xəbər aldım. Dedi, yazıq zabitin tamam başı pozuldu, müvəqqəti Maştağadakı dəlixanaya apardılar. Düşündüm ki, görəsən mənim kitabımı hara qoyub.

Aradan dörd-beş gün keçdi. Günorta yeməyinə gedirdik. Bufetdə boşqabımı dadsız bulğurla dolduranda gördüm, kitabım mətbəxdədir. Yemək bişirən qadına dedim, onu ver mənə, mənim kitabımdır. Dedi, eh, ay bala, sənə elə gəlir, burada bir zabiti bu kitaba görə dəlixanaya apardılar. Kitabı mənə tərəf uzadıb, "bax" dedi. Əlimə alıb, vərəqlədim. Bəzi səhifələr cırılmışdı.

Yemək bişirən qadından nə baş verdiyini soruşdum. Dedi, bax, bu kitabın bir neçə vərəqini qışqıra-qışqıra yeyirdi, tutub sakitləşdirdilər. Sonra da dəlixanaya apardılar.

Sən demə, zabit kitabdakı “ata” sözü olan bütün səhifələri cırıb yeyirmiş...

Orxan İsmayıl

# 4449 dəfə oxunub

Oxşar xəbərlər

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Ələmut - Mehdi Dostəlizadənin yeni hekayəsi

Ələmut - Mehdi Dostəlizadənin yeni hekayəsi

12:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər