Aristokrat, marksist, homoseksual

Aristokrat, marksist, homoseksual
16 avqust 2014
# 08:30

Kulis. az “Baxılası 50 film” layihəsində italyan neorealizmin əsasını qoyanlardan biri, dünya kinosunda adı Antonioni və Fellini ilə yanaşı çəkilən, aristokrat, marksist, antifaşist hərəkatının üzvlərindın biri Lukino Viskontinin (1906-1976) “Tanrıların məhvi” filmini təqdim edir.

Viskonti Milanda aristokrat ailədə doğulub. Onun atası 1914-15 ci illərdə “La Skala” teatrının himayəçisi, “İnter” klubunun prezidenti, anası isə varlı sənayeçinin qızı idi. Gənclik illərindən Viskonti operayla maraqlanırdı. 1930-cu illərin sonunda o, Parisə gedir ve rejissor Jan Renuarın assistenti kimi çalışır.

İKinci Dünya Müharibəsi zamanı italyan kommunistləri ilə yaxınlaşan rejissor Müqavimət Hərəkatına kömək edib və antifaşist fəaliyyətinə görə həbs olunub. Deyilənə görə rejissor həbsdə seksual zorakılığa məruz qalıb.

1943-cü ildə Viskonti Kommunst partiyasının və öz maliyyəsi hesabına amerikalı yazıçı Ceyms Keynin “Poçtalyon qapını iki dəfə döyür” romanı əsasında “Mübtəlalıq” nuar filmini ekranlaşdırır. Evli qadının başqa bir kişi ilə münasibəti fonunda o, ölkənin amansız, yoxsul reallığını göstərir. Bu film italyan neorealizminin ilk müjdəçisi sayılır.

Rejissor italyan neorealizminin zirvələrindən sayılan, balıqçı ailəsindən bəhs edən, qeyri-peşəkar aktyorların oynadığı “Torpaq titrəyir” filmini gerçək naturada, həqiqi interyerlərdə çəkmişdi, improvizəli dialoqlardan istifadə eləmişdi.

Neorealizm çərçivəsində Viskonti Anna Manyaninin iştirakı ilə “Ən gözəl” komediyasını və “Biz qadınlar” qısametrajlı novellasını ekranlaşdırır. Bu filmlər müharibədən sonrakı Romanın təsvirləri, orta təbəqənin həyatından psixoloji etüdlərlə zəngin idi.

Növbəti filmlərində proletar mövzusundan uzaqlaşan rejissor romantizmlə realizmi birləşdirirək “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” filmlərini çəkir.

“Rokko və onun qardaşları” filmində o, sosial problem qaldırır, əyalətlərdən gələn yoxsulların şəhərə adaptasiya məsələsini ekrana gətirir. Çoxplanlı ailə hekayəsi eyni zamanda patriarxal dəyərlərin dağılmasından danışır.

“Rokki və onun qardaşları” Viskontinin kommersiya uğuru qazanan ilk filmi idi. Amma bu film İtaliyada senzuraya məruz qaldı. Geniş prokata çıxmazdan öncə filmdən 45 dəqiqəlik hissə çıxarıldı.

“İnteryerdə ailə portreti” psixoloji dramında real dünyadan ayrı yaşayan, rəsm kolleksiyaçısı olan professoru anladır. Viskonti burda vacib problemi qoyur: incəsənət qapalı məkan deyil, bu, açıq dünyadır və insanlar onda yaşamağa davam edir.

Onun yaradıcılığında yeni etap Cüzeppe Tomazi di Lampeduzanın “Leopard” romanının ekranizasiyası sayılır. Bu filmə görə o, 1963-cü ildə Kannda “Qızıl Palma Budağı” alır.

Hadisələr Palermo şəhərinin və bütün Siciliya krallığının dağılması fonunda baş verir.

Perfeksionizmi ilə (psixologiyada ən yaxşı nəticəni əldə etmək istəyi, bu adamlar üçün qeyri-təkmil iş qəbul olunmazdır) məşhur rejissor kadrlarda o dövrün reallığını tamlıqla göstərməyə nail olmuşdu. Viskonti deyir: “Bu filmdə mən bir insanın və bir cəmiyyətin hekayətini danışmaq, süqutu qəhrəmanımın şüururun prizmasından göstərmək istəmişəm, eyni zamanda tarixi həqiqəti təhrif etməməyə çalışmışam”.

Tomas Mannın romanı əsasında çəkilən “Venesiyada ölüm” həyat və ölüm haqda pritçadır. Ruhi və yaradıcı böhran keçirən bəstəkar Aşenbax gənc oğlan Tadzio ilə maraqlanır. Bu vaxt Venesyada vəba epidemiyası yayılır. Bəstəkar öz həyatının vacib anlarını xatırlayır. Ona yeni rakursdan baxır.

Onun “Günahsız” adlı son filmi italyan şairi və dramaturqu Qabriele Dannunzionun romanının motivləri əsasında çəkilib.

Rejissor filmdə amoralizmi araşdırır, lirik ovqatda sevgidən danışır.

Güman edilir ki, rejissor Tomas Mannın “Sehrli dağlar” əsərini də ekranlaşdırmaq istəyib. Amma “Lyüdviq” flminin çəkilişləri zamanı səhhətində yaranan problemlər buna mane olur.

Viskonti 70 yaşında soyuqdəymədən ölür.

Onun filmləri sosial tarixi yanaşması, italyan və dünya kinosu ənənələrinə dərin bağlılığı ilə seçilir, emosionallığı, opera sənətinə bağlılığı, estetizmi ilə fərqlənir.

Rejissor haqda deyirdilər: “Viskonti ingilis kraliçasından daha çox monarxa oxşayır”.

Viskontinin “Rokki və onun qardaşları” filmində rol alan fransız aktrisası Anni Jirardo deyirdi: “Mən eşitmişdim ki, o yaraşıqlı və ucaboyludur. Amma bu qədərini təsəvvür eləmirdim. Necə də əzəmətli görkəmi var. Viskonti- nəfisliyin, incəliyin təcəssümü idi. Mən başa düşürəm ki, heç vaxt onunla “sən”ə keçə bilmərəm. İşdə o, əsl tirandır”.

Viskonti öz homoseksuallığını gizlətmirdi. Müxtəlif illərdə onun fotoqraf Horst, rejissor Franko Dzeffirelli, aktyor Helmut Bergerlə sevgi münasibəti olub. O, eyni zamanda Avstriya aristokratı İrma Vindiş-Gretzlə qısamüddətli nişanlanıb.

Rejissor Kommunist partiyasına və sol baxışlarına inamı ömrünün sonuna kimi saxlayır.

“Baxılası 50 film” layihəsində rejissorun Avropa prokatında böyük uğur qazanan, faşizm haqda ən yaxşı filmlərdən sayılan “Tanrıların məhvi” (1969) dramını təqdim edirik.

Süjet: Film zəngin ailənin iflasından və “uzun bıçaqlar gecəsi” (1934-cü ildə Hitlerin əmri ilə

nasional-sosialistlərin hakimiyyətə gəlməsində mühüm rol oynamış hərbi təşkilat məhv edildi. Səbəb təşkilatın başçısı Ernest Röhmin qeyri-loyallığı və qiyam hazırlanması barədə şübhələr idi. Onların məhvi tarixə “uzun bıçaqlar gecəsi” kimi düşüb)

tarixi hadisədən bəhs edir.

Almaniya, 1933-cü il. Metallurgiya konsernin rəhbəri Baron İoahim fon Essenbek yaxınlarının əhatəsində ad gününü qeyd edir.

Həmin gün Reyxstaqın yandırılması haqda xəbər verilir. Ata nasist oğlunu konsernin vitse prezidenti təyin edir. Bundan sonra bayram tədbiri tamamilə başqa şəkil alır. Ailə üzvləri arasında amansız intriqa başlayır.

Rejissor Almaniyada nasizmin qurulmasını bir sülalənin simasında göstərir: bəziləri öldürülür, bəziləri qaçır, güclülər hakimiyyətə gəlir.

Bu filmi çəkmək ideyası Viskontinin “Makbet”i müasir versiyada çəkmək ideyasından qaynaqlanıb. Onun müasir tarixlə uyğyunluğu haqda düşünərkən həmin ərəfədə jurnallardan birində Üçüncü Reyxin hərbi sənayesini maliyyələşdirən Krupp ailəsi haqda yazı oxuyur. Süjetə eyni zamanda “Çar Edip” və “Hamlet” süjetlərinin motivlərini də gətirir. Rejissor mifi və tarixi birləşdirir, ailə və sosial məsələləri qabardır.

Film Venesiya festivalında ən yaxşı rejissor işinə görə “Gümüş Şir” mükafatı alıb.

Filmə burdan baxa bilərsiniz.

# 4463 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər