Elçin Səlcuq niyə ağlamışdı?

Elçin Səlcuq niyə ağlamışdı?
10 dekabr 2012
# 11:54

Layihə-Ədəbiyyatın kulisi

“Şairinki iki kabab, bir araqdı”. Deyəsən bunu şeirlərindən daha çox lətifələri ilə xatırlanan Hüseyn Arif deyib. İndi bu kəlam öz təyinatını bir qədər dəyişib, Yafəs Türksəs müəyyən məqsədlər üçün bu aforizmdən faydalanır, haqqüçünə deyək ki, çox vaxt Hüseyn qağanın bu deyimi “bərkgedən” şairin karına gəlir.

Şair xanəxarab elə Allahın ver günü kabab yeyib araq içsə, bəs şeiri kim yazacaq? Bizim nəslin payına arağı kolbasayla içmək düşdü. Amma öz aramızdı, kabab yeyənlərdən pis yazmadıq.

Sözüm onda deyil, günlərin bir günü Əlisəmid Kürlə uzun məşvərətdən sonra belə qərara gəldik ki, yaxşı bir bazarlıq edib Buzovnaya, mənim qaldığım bağa gedək. Günü dəqiq yadımdadır, 19 mart. Növbəti gün bayram axşamına düşürdü. Dedik ki, bayramı ikilikdə qeyd edək.

Biz kəndə çatanda artıq axşam düşmüşdü. Bilgəhə gedən avtobusdan düşüb piyada kəndin içinə doğru addımlamağa başladıq. Əlisəmid tez-tez sual verirdi: “Orda bunları bişirməyə peç var?”, “İşığın yanır?”, “Otaq soyuq deyil?” və s.

Mənim qaldığım otağa rayon yerində çovustan deyirlər. Havanın sazağı vardı və yolumuz da xeyli uzun idi. Taksi ilə getməyə isə pulumuz qalmamışdı. “Nobel bağı” deyilən yerdə qarşımıza köhnə dostum Sahib çıxdı. Əlisəmidi tanıyırdı. Hal-əhvaldan sonra məni kənara çəkib dedi ki, ayıbdı, yol uzaqdı, əlinizdə də yük var, qonağa əziyyət vermə, maşınla gedin. Dedim ki, taksiyə verməyə pulum qalmayıb. Dedi düzələr. Yol kənarında dayanıb taksi gözlədik, nəhayət köhnə bir “Jiquli” böyrümüzdə saxladı. Sahib sürücüyə pul verib bizi bağa aparmağı tapşırdı. İndi düşünürəm ki, yox yerdən Sahibi bizim üçün Allah yetirdi. Yoxsa ən azı, iyirmi dəqiqəlik piyada yolumuz vardı. Əlisəmid maşında Sahibi xeyli təriflədi: “Yaxşı oğlandır, onunla dostluq elə” – dedi.

Bağa çatan kimi çöldən işıqları qoşdum, Əlisəmid cəld əl-qolunu çirməyib yemək hazırlamağa başladı. Yemək deyəndə ki, bir az kolbasa, bir az yumurta, çörək, bir də litrlik arağımız vardı. Əlisəmid heyrətlə üzümə baxıb dedi:

- Ay yetim, sən burda necə qalırsan? Burda adam yaşamaz ki!..

Çarəsizcəsinə çiynimi çəkdim. Həqiqətən də çox çarəsiz bir durumdaydım. Yadımdadır, rəhmətlik Elçin Səlcuq gəlib bu bağı, qaldığım daxmanı görəndə ağlamışdı və boynumu qucaqlayıb “gəl içək, bağrım çatladı” demişdi.

Göy üzü ulduzla doluydu. Əlisəmidlə iki şüşə arağın axırına necə çıxdıq, xəbərimiz olmadı. Gecə yarını keçəndə Əlisəmid dedi gəl, yataq. Əynimizi soyunmadan soyuq yatağa girdik. Aradan xeyli müddət keçəndən sonra Əlisəmidin səsi gecənin sükutunu doğradı:

- Sabah bayram axşamıdır. Bəs neyləyəcəksən? Cibində də bir qəpiyin yox...

Bilmədim nə cavab verim. Əlisəmid yorğanı üstündən atıb ayaqlarını çarpayıdan aşağı salladı və siqaret yandırdı. Siqaretin kötüyünü külqabıya basana qədər dinmədik. Sükutu yenə Əlisəmid pozdu:

- Sabah bayramı bizimlə keçirəcəksən!

Əlisəmidə dedim ki, məndən ötrü narahat olma. Dedi yox, sabah Kələntər müəllimin ad gününü bir yerdə qeyd edəcəyik. Həm də bayram axşamıdır da. Səni tək qoymayacağam.

Sonra da yatağa girib xudahafizləşdi:

- Yataq, səhər tez qalxmaq lazımdır.

Səhəri günü Əlisəmidə qoşulub şəhərə gəldim. Əhmədli tərəfdə yerləşən bahalı restoranlardan birində Kələntər müəllimin şərəfinə ziyafət verilirdi. O ziyafətdə rəhmətlik Əlislam Bilal, Vaqif Nəsib, Mübariz Məsimoğlu və indi xatırlamadığım digər şəxslər də vardı. Unudulmaz bir gün yaşadıq. Axşama qədər yeyib-içdik, sağlıqlar bir-birini əvəz etdikcə məclis canlanırdı. Arada Əlisəmidlə baxışlarımız rastlaşanda necə sevindiyini görürdüm. Məni o məclisə Əlisəmid gətirmişdi və gəlişimdən narazılıqlarını baxışlarıyla bildirən adama da bir kəlmə dedi:

- O, mənim qonağımdır!

Yenə axşam çökdü. Hər tərəfdə Novruz tonqalları yanırdı. Əlisəmid rayona, anasının, ailəsinin yanına getməliydi. Qucaqlaşdıq, üz-gözündən məmnunluq yağırdı:

- Hə, bax, bayramda tək qalmadın.

Mən o günü heç vaxt unutmaram...

Əlisəmidi rayona yola salıb kəndə qayıtdım. Evdə məni heç kim gözləmirdi...

# 2499 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
#
#
# # #