"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?
18 noyabr 2025
# 18:45

Bu gün görkəmli fransız yazıçı Marsel Prustun anım günüdür.

Kulis.az bu münasibətlə Vilyam Karterin "Marsel Prustun qayğı və təkəbbürü haqqında" yazısını təqdim edir.


14 noyabr 1913 tarixində nəşr olunan "Svanların tərəfi" Marsel Prusta gözlənilməz şöhrət gətirdi. Nəşrindən bir neçə həftə sonra kitab haqqında tərif dolu yazılar görünməyə başlamış, Lüsiyen Dodetnin uzun icmal yazısı "Le Fiqaro" qəzetinin əsas səhifəsində yer almışdı. Lüsiyen Dodet Prustu bir dahiyə, kitabını isə klassikə bənzədirdi.

Robert Dreyfus "Le Fiqaro"dakı məqaləsində roman üçün “güclü və gözəl bir əsər” ifadəsini işlədir, Jan Kokto isə "Ekselsior"da romanın bu vaxtacan oxuduğu heç nəyə bənzəmədiyini deyirdi.

Amma, bəlkə də, ən vacibi Dodetnin Prustun uğuru haqqında söylədiyi bu sözlər idi: “İnanıram ki, varlığımızı meydana gətirən bütün bu şeylərin analizi heç vaxt bu qədər gözəl formada yazılmayıb”.



1914-cü ilin avqustunda Birinci Dünya müharibəsi başladı. İşləyə bilən bütün kişilər cəbhəyə göndərildi deyə, nəşriyyatlar bağlandı və Prust özünü birdən-birə qəribə bir vəziyyətin içində tapdı: nə nəşir vardı, nə nəşriyyat, nə də təhvil tarixləri. Savaşın bu qədər uzun çəkəcəyini, əlbəttə, heç kim təxmin etmirdi.

Prust müharibənin sona çatdığı 11 noyabr 1918-ə qədər günlərini narahatlıq içində keçirdi. Gündə yeddi qəzet oxuyur, cəbhədə baş verənləri ordudakı tanışlarından gələn məktublardan və ya icazə üçün ölkəyə qayıdan dostlarından öyrənir, hökumətdəki və ordudakı yüksək vəzifəlilərin açıqlamalarını diqqətlə izləyirdi. Dostlarının çoxu müharibədə öldü. O isə yazmağa davam edirdi.

Əslində, "İtkin zamanın sorağında" romanının böyük hissəsi tənqidçi Şarl-Ogüsten Sönt-Bövə qarşı yazdığı bir essenin əlyazmasından meydana gəlmişdi.

Xüsusilə, "Çiçək açmış gənc qızların kölgəsində" adlı ikinci cilddəki bir çox mövzu və hadisə həmin essedə mövcud idi. Esse həmçinin tematik olaraq Prustun “istəksiz yaddaş” adlandırdığı fenomeni, "Svannların tərəfi"nin giriş hissəsini və " Tapılmış zaman"ın sonlarına doğru təhkiyəçinin bir yazıçı kimi özünü dərk edib fəlsəfəsindən və estetik anlayışından bəhs etdiyi hissəni də ehtiva edirdi.

Əslində, Prust danışacağı hekayə üçün dövri bir təhkiyə qurmuşdu və müharibə illərinin hekayəyə əlavə olunmasını nisbətən asanlaşdıran bu struktur romana canlı bir qat əlavə etmişdi.

Albertinlə "Çiçək açmış gənc qızların kölgəsində" adlı ikinci cilddə qarşılaşırıq. Amma təhkiyəçi Balbekdə yalnız onu dərin şəkildə təsiri altına alan Albertinlə tanış olmur, eyni zamanda bura Germant ailəsinə mənsub Robert dö Sənt-Lu və Şarlüs ilə tanış olduğu yerdir.

Hər nə qədər Şarlüs bu gün belə ədəbiyyatın ən heyrətləndirici obrazlarından biri sayılsa da, bu cildin nəşrindən öncə Prustun ciddi narahatlıqları vardı. "Svannların tərəfi"nin nəşrindən beş il keçmişdi və Prust kitabda bəhs etdiyi mürəkkəb hadisələr zəncirinin unudulmuş olmasından qorxurdu. Ancaq heç nə onun düşündüyü kimi olmadı.

10 dekabr 1919 tarixində Fransanın ən nüfuzlu mükafatlarından biri olan Qonkur mükafatını qazandı. O dövrdə bu cür mükafatlar və mükafatlardakı münsiflərin qərarları üstündə müzakirələr gedirdi. Uzun müddət Prustun bu mükafata layiq olmadığı danışıldı.

Çünki münsiflərə rəhbərlik edən Leon Dodet həm Qonur qardaşları, həm də Prust ilə yaxın münasibətdə idi və səsvermə əsnasında nüfuzundan istifadə etdiyi düşünülürdü. Üstəlik, on nəfərlik münsiflərdən altısının səsiylə mükafatı qazanan Prust Jak Rivyerə yazdığı bir məktubda "Germant tərəfi"ni Qonkur mükafatını qazanmasındakı töhfəsinə görə Dodetyə ithaf etmək istədiyini bildirmişdi.



Bütün bunlar davam edərkən Prust beynəlxalq şöhrətindən son dərəcə məmnun idi. Hollandiya, Belçika və İngiltərə kimi fərqli ölkələrdən oxucuların onun adıyla qurduğu dərnək xəbərlərini böyük məmnuniyyətlə qəbul edir və onunla müsahibə aparan jurnalistlərə romanının demək olar ki, hər ölkədə, hətta Çində belə oxunduğunu, haqqında icmallar yazıldığını söyləyirdi.

Üstəlik, Stendalın böyük romanlarını ingilis dilinə qazandıran təcrübəli tərcüməçi Çarlz Kennet Skott Monkrif "Svannların tərəfi"ndən o qədər təsirlənmişdi ki, nəşriyyatdan və ya Prustdan icazə almadan tərcüməyə başlamışdı.

Romanın üçüncü cildi olan "Germant tərəfi" biri 1920-ci, digəri 1921-ci ildə olmaqla iki hissə halında nəşr olundu. Prustun roman boyunca hakim olan üslubunun, bəlkə də, ən qabarıq tərəflərindən biri olan həcv bu cildə, xüsusilə, təhkiyəçinin Madam dö Vilparizi və Germantes Düşesinin salonlarına dəvət olunduğu səhnələrdə özünü göstərir. "Germant tərəfi" bir çox cəhətdən "Svannların tərəfi"nin və təhkiyəçinin burjua cəmiyyətini kəşfinin davamı xarakterindədir.

Onun təsvir etdiyi (biri "Svannların tərəfi", digəri "Germant tərəfi" olan) iki yol o qədər komik və detallı səhnələrlə doludur ki, təhkiyəçinin insanlar və məkanlar haqqında dərin təhlilləri açdığı pəncərələrlə oxucuya Fransa tarixini və sosial quruluşunu başa düşmək imkanı verir.

"Germant tərəfi"ndəki bu cür səhnələr təhkiyəçinin yüksək cəmiyyətlə bağlı düşüncələrini üzə çıxarır və onların artıq həm daha təkəbbürlü, həm də həddindən artıq steril göründüyünü göstərir. Prust həmçinin dövrün ən sarsıdıcı siyasi hadisələrindən biri olan, antisemitist düşüncələrin həm cəmiyyətdə, həm də ordu və hökumət içində nə qədər yayılmış olduğunu göstərən "Dreyfus proseslərindən" və prosesə reaksiya verən adlardan da bəhs edir.

Prust təhkiyəçinin həyatındakı ən travmatik hadisələrdən biri üçün ayrıca hissə yazır.

Nənənin ölümü ilə gələn çöküş və kədər "Sodom və Qomorra"nın içində yer alan “Qəlb məhbusluqları” adlı hissədə təsvir edilir. Hətta Prust yaddaş və yas haqqında dərin suallar ünvanlyan bu hissəyə o qədər önəm verirdi ki, "İtkin zamanın izində" adını seçməmişdən əvvəl əsərin ümumi başlığının "Qəlb məhbusluqları" olmasını istəyirdi.

Leon Dodetin kiçik qardaşı Lüsiyen "Germant tərəfi"nin ilkin nüsxəsini iki dəfə oxudu və dostunun uğuru qarşısında duyduğu heyrəti məktublarında ifadə etdi. Prustun ağla gələ biləcək hər duyğu və düşüncəni mətninə əks etdirməsi onu inanılmaz dərəcədə sevindirirdi. O, yazıçını bunun üçün təbrik edir və öz fikirlərini nümunələrlə izah etdikdən sonra üçüncü cildin indiyə qədər yazılanların ən yaxşısı olduğunu qeyd edirdi.

Lüsiyen təəccüb içində soruşurdu: “Necə olurdu ki, bütün digər cəhətlərin yanında bunlara da sahib ola bilirsən?” Onun həm Balzakdan, həm də Stendaldan daha çox şey bacardığını söyləyirdi.

Çağdaşı Andre Jid isə Prustun sadəcə varlığının belə digər yazıçılara meydan oxuduğunu yazmışdı: “Siz canavarsınız, cənab, bütün mövzuları tükəndirirsiniz və arxada heç nə qoymursunuz. İndi başqalarından roman yazmağı necə gözləmək olar?”

Prust kitab haqqında təhlil yayımlayan Lui Marten-Şofyeyə yazdığı məktubda təhkiyəçinin ömür boyu davam edən axtarışının necə nəticələnəcəyini deyirdi: “Təhkiyəçi haqqında söyləmədiyim tək bilgi onun sonda yazıçı olmasıdır. Bu baxımdan bütün kitab yazıçılığa duyulan ehtiras kimi adlandırıla bilər, lakin bu ehtiras son cildədək kəşf edilməmişdir".


# 80 dəfə oxunub

Oxşar xəbərlər

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını  niyə “lənətli fəlakət” adlandırmışdı?

Kommunizmi sufi təliminə dəyişən yazıçı - O, Nobel mükafatını niyə “lənətli fəlakət” adlandırmışdı?

10:00 17 noyabr 2025
XIX əsr Paris modasının siması  - O, hansı məşhur rəssamların sevimli modeli idi?

XIX əsr Paris modasının siması - O, hansı məşhur rəssamların sevimli modeli idi?

17:15 14 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

Əsərləri Milli İrlandiya Qalereyasında saxlanılan rəssam - Onun hansı tablosu rekord qiymətə satılmışdı?

15:08 10 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər