Müğənni, yoxsa feysbuk fenomeni... - Nura Suri nazirliyi niyə indi ittiham edir?

Müğənni, yoxsa feysbuk fenomeni... - Nura Suri nazirliyi niyə indi ittiham edir?
18 noyabr 2025
# 13:06

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Şou-biznesdə elə simalar var ki, onlar haqqında danışanda əvvəlcə sənətindən yox, yaratdığı səs-küydən danışmağa məcbur olursan. Bəziləri bir mahnı ilə yadda qalır, bəziləri isə skandallarla. Amma elələri də var ki, nə mahnısı, nə də hər hansısa bir fəaliyyəti ilə xatırlanır. Sadəcə sosial şəbəkələrdə yaratdığı səs-küylə diqqət çəkirlər.

Bu “cərəyan”ın ən görkəmli nümayəndəsi isə feysbukun xalq artisti Nura Suridir.

Onun haqqında danışanda ilk ağıla gələn musiqi deyil, səs deyil, ifa deyil. O, pafoslu açıqlamalar verən, xırda hadisələri şişirdib intellektual görünməyə çalışan, sosial şəbəkə profilindəki bir qrup insanın əlinə oynayan biri kimi görünür. Bəlkə də, buna görədir ki, illərdir “müğənni” titulu daşısa da, cəmiyyətin yaddaşında daha çox sosial media fenomeni kimi qalıb.

Nura Suri illərdir sənətdədir, amma bu uzun yolun kənarlarında ağaclar, güllər bitməyib. Səhra yoludur bu yol…

Onu səhnədə tanıdan, möhürünü vurduğu bir mahnısı yoxdur. Hər müğənninin ən azı bir ciddi mahnısı, hamının eşidib yaddaşına həkk etdiyi bir işi olur. Amma və lakin...

Onun musiqi fəaliyyəti haqqında danışanda adam fikrini cümlə halına gətirməkdə çətinlik çəkir. Nə deyəsən? Hansı mahnıya istinad edəsən? Hansı layihəni nümunə göstərəsən?

Ən qəribəsi də budur ki, özünü daim “sənətçi” kimi təqdim edir, amma bu sənətin harada başladığını, harada bitdiyini ayırd etmək çətindir. Bəzən səhnədə görünür, amma bu çıxışlar daha çox özünütəsdiq xarakteri daşıyır. Sənət onun üçün vasitədir, məqsəd deyil.

Nura Surinin sosial şəbəkə “fəaliyyəti” isə ayrıca bir mövzudur. Onun sosial mediadakı çıxışları sənətindən daha çox müzakirə olunur. Sosial şəbəkədəki obrazı sənətçi kimliyindən ayrıdır.

Nura bir status yazır: şəhərdəki tıxacdan narazıdır.

Bir status daha yazır: kiminsə geyim tərzini tənqid edir.

Növbəti gün isə hansısa hadisəyə münasibət bildirir, amma bunu elə pafosla edir ki, sanki dünya siyasi xəritəsini tərtib edən strateqdir.

Əslində isə bu tənqidlərin çoxu xırda, gündəlik məişət mövzularıdır. Di gəl onları elə təqdim edir, sanki cəmiyyətin intellektual tribunasından çıxış edir. Maraqlısı budur ki, bu tənqidlərin heç birinin davamı olmur. Bir gün böyük iddia ilə yazdığı fikri ertəsi gün “unudur”.

Bu gün biz Nura Surini müğənni kimi tanımırıq. Hətta deyə bilərik ki, onu “müğənni” kimi tanıdan hansısa fakt yoxdur. Biz onu daha çox sosial media fenomeni kimi görürük. Hər gün yeni status yazan, özünü gündəmə uyğun formada təqdim edən, səs-küy yaratmaqla məşğul olan bir obraz…

Əslində, bu, sosial şəbəkələrin yaratdığı yeni “şöhrət mexanizmi”nin nəticəsidir: səhnədə uğur qazanmasan da, statusun bəyənilsə, şərhlər yazılsa, müzakirə yaratsa, sən avtomatik olaraq məşhura çevrilirsən. Nura Suri də məhz belə bir mexanizmin məhsuludur.

Bir sənətçi ən çox nə ilə yadda qalır? İfa ilə, mahnı ilə, layihə ilə, səhnə ilə. Nura Suridə bunların heç biri qalmayıb. Onun sənət yolunda ən çox müzakirə olunan anlar sosial şəbəkədəki mübahisələrdir. Kimsə ilə atışması, kiminsə fikrinə qıcıqlanması, kiməsə acıqlı status yazması…

Nura Suri müsahibələrində, çıxışlarında, statuslarında daim böyük iddialarla danışır: sənətdən, mədəniyyətdən, estetikadan, sosial mövzulardan… Amma bu iddiaların heç biri fəaliyyətində qarşılığını tapmır. Hətta musiqi sahəsində iddia ilə nəticə arasındakı uçurum daha da dərindir.

Musiqiçiləri, sənət adamlarını tənqid edir, özü isə həmin tənqidlərin səviyyəsinə çatacaq iş ortaya qoymayıb.

Cəmiyyətdəki problemlərdən danışır, amma bu problemlər barədə dediyi sözlər daha çox emosional təsir yaratmağa hesablanır, məzmun isə çox vaxt boş olur.

Ən böyük təzad isə budur: tənqidi də vaxtında etmir. Hər şey bitəndən sonra danışır, gedişatı izləyib rahat mövqe tutur və ən əsası, özünü hər zaman haqlı göstərir.

Məsələn, elə bir-iki gün qabaq Mədəniyyət Nazirliyi ilə aralarında baş vermiş hansısa hadisədən yazmışdı. Hadisə də it ilində baş veribmiş. Mənim Mədəniyyət Nazirliyini müdafiə eləmək fikrim yoxdur. Süddən çıxmış ağ qaşıq deyil ora da. Mənə sadəcə maraqlıdır ki, Nura Suri niyə illər sonra bu şeylərin "üstünü açmaq" qərarına gəlib? Adama deyərlər ki, elə onda deyərdin, onda yazardın, onda danışardın da...

Nə bilim... Məsələnin çox üstünə gedib Nura Surinin sosial media qəzəbinə tuş gəlməyim mən də.

Elə onu deyirdim ki, biz Nura Suri timsalında yeni bir məşhurluq modelini görürük: işlə yox, paylaşımla tanınan, sənətlə yox, şərhlərlə gündəmə gələn, mahnı ilə yox, statusla müzakirə olunan bir model.

Nura Suri musiqi sahəsində qalıcı bir iz qoya bilmədi, amma sosial şəbəkədə özünə auditoriya yaratmağı bacardı. Onu izləyənlər isə onun dinləyiciləri deyil, sadəcə şou xarakterli paylaşımlarını oxuyan sosial şəbəkə istifadəçiləridir. Dinləyici auditoriyasının yaranması üçün gərək əvvəlcə düz-əməlli repertuar olsun.

Dediyim kimi, Nura Suri səhnə adamı deyil, sosial media fenomenidir. Onun fenomen olması sənətinin yox, sosial medianın gücü ilə bağlıdır.

Bu, zamanın reallığıdır, sənətin yox.

Özü bununla qane olursa, nə deyə bilərik? Olsun.

# 696 dəfə oxunub

Oxşar xəbərlər

Yadigar Muradov dəfn olundu

Yadigar Muradov dəfn olundu

13:49 18 noyabr 2025
"Şərh yazmasanız, bağrınız yarılar..." - Sosial şəbəkələrdə yatıb - duranlar

"Şərh yazmasanız, bağrınız yarılar..." - Sosial şəbəkələrdə yatıb - duranlar

13:15 18 noyabr 2025
Kinematoqrafçılar İttifaqı yeni layihə:  “Öz filmini yarat!”

Kinematoqrafçılar İttifaqı yeni layihə: “Öz filmini yarat!”

12:05 18 noyabr 2025
"Disney"in süni intellektlə bağlı qərarı tənqid edildi

"Disney"in süni intellektlə bağlı qərarı tənqid edildi

11:10 18 noyabr 2025
İspan pop ulduzu yeni albomu ilə rekorda imza atıb

İspan pop ulduzu yeni albomu ilə rekorda imza atıb

10:50 18 noyabr 2025
İki evlilik və bir ömürlük həsrət - Emin Sabitoğlu kimdir?

İki evlilik və bir ömürlük həsrət - Emin Sabitoğlu kimdir?

10:30 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər