"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli
17 noyabr 2025
# 14:06

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynlinin Orxan Cuvarlının “Musson küləkləri” hekayəsi haqqında “Musson küləkləri”nin gətirdiyi qarışıq düşüncələr" yazısını təqdim edir.

Yazmağı hamı bacarmır. Yaxşı yazmağı isə lap az adam bacarır. İşlətdiyin hər kəlməni öz yerinə oturtmaq, tikişi tikişin üzərinə salmaq bacarıqdır. İnsanın düşüncəsi, yalnız onun özü üçün vizual olan xəyalındakı kadrların, təsvirlərin gözəlliyi, zənginliyi, estetikası onun dünyagörüşündən, intellektindən, zövqündən, düşüncə əxlaqından asılıdır. Təxəyyülündəkini hərfə, sözə, cümləyə, hekayəyə çevirib öz düşüncəsini bizim üçün də görüntüyə çevirmək, ən əsası da bunu bacarmaq isə ifadəsinin gücündən, dilinin zənginliyindən və yazı əxlaqından asılıdır. Söz dərzisi olmaq təsvir etmək istədiyinin yalnız ölçülərini bilməklə bitmir, onun ruhuna bələd olmaq, hisslərini, həyəcanlarını, ən geci, onun özü ilə eyni vaxtda duymaq, hər çəpəki, gizli baxışının ünvanını tutmaq, ürəyinin döyüntüsünü səsə çevirə bilməkdir. Və bu, asan deyil.

Yağış yağır, şimşək çaxır – adi təbiət hadisəsinin bu dünyadakı həyatımızda nə qədər mənası var... Biz onu quraqlıqdan cadar-cadar olmuş torpağın nəmlənmək həsrəti ilə, xoşbəxtlərin sevinc, bədbəxtlərin kədərdən doğan göz yaşları ilə və daha nələrlə ifadə edə bilərik. Təbiət həmişə insanın varlığı ilə həmahəngdir, mütləq ki, bir-birini tamamlayır. Təbii, hər ikisi bir qələmin məhsuludur. Sadəcə, eyni hala sevinmək və ya kədərlənmək artıq insan talelərinə aid məsələdir və çox uzun və dərin mövzudur.

Nazim Hikmətin “İnsan mənzərələri”ndə biz bəxti gətirib bu dünyada doğulmuş insan tipləri arasında əslində, bəxtsiz, talesiz, bu dünyada doğulduğuna peşman olanların həyat hekayələrini də görmüşük. Görmüşük və ordakı özümüzü tanımışıq. Saçımız, başımız, əynimiz fərqli olsa da, hisslərimizdən, bu dünyanın üzərimizdəki oxşar dəsti-xəttindən tanımışıq. Hisslərin insan üzərindən təsviri: kədəri, sevinci, fərəhi və s.

Orxan Cuvarlı təzəcə üzə çıxardığı “Musson küləkləri” hekayəsində əl atıb hisslər çeşidindən tənhalığı çıxarıb. Tənhalığın ardınca bir insan ömrünün finalı gəlirsə, bu, həmişə kədərlidir. Yaxşısı-pisi bəlli olan bu dünyamızdan ən inanclımız üçün belə, qeyri-müəyyənliyi ilə qorxu doğuran başqa bir dünyaya keçidin yaxınlaşması və bu halın insanın hələ də bu dünyada davam edən güzəranındakı davranışlarına sirayət etməsi çox kədərlidir, amma gerçəkdir. Həyat acı həqiqətləri çox vaxt bizim sevdiyimiz rənglərin, canımızın parçası sandığımız şəxslərin, qoynunda xumarlandığımız təbiət hadisələrinin arxasında gizlədir. Bunu içində olduğumuz həyatın bu üzlərini gördükcə anlayırıq, görmədiklərimizi də təxmin etməyi öyrənirik.

İnsan doğulur, yaşayır və günlərin birində yolun sonuna çatır – insan ömrü barədə oturuşmuş fikrimiz belədir. Amma əsl həqiqəti – insanın yolun sonunamı çatdığını, yoxsa yolun bir yerində bir həqiqətə əlini vurub, toxunub musson küləkləri kimi səmtini dəyişərək gəldiyi yerə qayıtdığını biz Orxan Cuvarlı kimi yalnız təxmin edə bilərik...


# 216 dəfə oxunub

Oxşar xəbərlər

"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər