Müasir Azərbaycan ədəbiyyatında mükafat qazanan mənasız romanlar

Müasir Azərbaycan yazıçıları

Müasir Azərbaycan yazıçıları

15 avqust 2022
# 11:20

Kulis.az İbrahim İbrahimlinin “Bədi mətndə hadisəçilik” essesini təqdim edir.

Mən dünya ədəbiyyatı ilə çox maraqlanıram və dünyanın ünlü yazarlarının çap olunan bütün dəyərli bədi yazılarını, kitablarını oxumağa çalışıram, o yazıların yaxşı və mənfi tərəflərini bütöv görməyə can atıram. O yaşamı bütün varlığımla yaşamağa cəhd göstərirəm. Bunun bəhrəsini də yetərincə görürəm və yaşayıram. Bu prosesdə mənə yaxşı məqamlar bəxş etməklə bərabər şəxsən mənə çox maraqlı şeyləri məlum edir. Dünya barədə, ədəbiyyat, fəlsəfə barədə çox ciddi bilgilərə malik oluram. Məlumdur ki, müasir dünyamızın əsas məsələsi olan qloballaşma anlamı, onun gerçəkliyi bütün dünya ədəbiyyatını sarıb. Artıq müxtəlif xalqların ədəbiyyatının bir-birinə yaxşı mənada təsiri inkar edilməzdi. Bu bəhrələnmə, təsir bütün xalqların ədəbiyyatına müsbət cəhətlər bəxş etməkdədir, fikrimcə də hələ çox şeylər bəxş edəcək. Vaxt gələcək, (bu gün uzaqda deyil) bu vacib inteqrasiya xalqların və müxtəlif siyasətçilərin bir-birini anlamasına çox kömək edəcək və dünyanın vahid dünya kimi formalaşmasında böyük rol oynayacaq. Bu məqam getdikcə varlığını dünyada daha aydın göstərəcək. Yaşadığımız dünyanın daha da yaxşı olmasına mütləq kömək edəcək, onun imkanlarını mükəmməl gerçəkliklərə və mistik anlamların yaşamlarına istiqamətləndirəcək. Axı bu sıradan olan bir gerçəklik deyil, yetərincə qlobal gerçəklikdi. Mən həmin xəfif gerçəkliyi yaşayanda dünya ədəbiyyatında belə yaxınlaşmanı görsəm də, müxtəlif bədi yazıları, müxtəlif romanları oxuyanda, onların mahiyyətinə varanda diqqətimi çox maraqlı bir məqam cəlb elədi. Deyilən şey çox vacib olduğundan bu cəhətin üstündən sükutla keçmək düz olmaz, şəxsən mənim məsuliyyətsiz bir şəxs olduğumu təsdiq edər. Bildirim ki, həmin bədi mətnlərdə müxtəliflik, rəngarənglik, həmişə yüksək anlamların təbliğ olunması çox yaxşıdır. Hətta bu dünyanın indiki vaxtında çox vacibdir. Məni narahat edən tamamilə ayrı məsələdir. Mən oxuduğum bədi mətnləri, fikirləri, yazı üslublarını bir-birindən fərqləndirəndə həmin yazılarda fiziki hadisəçiliyə ifrat meyl gördüm, hadisəçiliyin ədəbiyyatın çərçivələrindən kənarlaşdığının dərindən müşahidə etdim. Bu meyl qərb ədəbiyyatında ötən yüzilliyin ortalarından başlayan bir prosesdir və bu da postsovet respublikalarına son ötən yüzilliyinin ortalarını əhatə edən dövrdə sirayət edib və bunu ədəbi etalon kimi fetişləşdirib, o şeyləri bədi mətnlərdə bir mühümlük kimi qəbul elətdirib. Artıq qərb ədəbiyyatında fiziki hadisəçilikdən qurtulma prosesi başlayıb (bunun sübutu kimi modern yazıçı Vitold Qombroviçin “Ferdidurka” romanını xatırlayın). Nəhayət ki, qərb yazarları anlayıblar ki, bu cür fiziki hadisəçilik ədəbiyyatın mahiyyətini, mənasını, mütləq mənəvi və ruhi tərəflərini məhv edir. Son vaxtlar qərb ədəbiyyatının nüfuzlu nümayəndələri də etiraf etməyə başlayıb ki, ədəbiyyatı, əsasən də yazılan romanları Hollivud kino reallıqlarına uyğun yazmaq böyük bir yanlışlıqdır və bu ədəbiyyatın inkişafına heç bir təbilik gətirmir, əksinə o ədəbiyyatı böyük mənəvi anlamlardan kənar edir. Gəlin etiraf edək ki, Hollivudda, əsasən, kommersiya və döyüş filmləri çəkilir, ciddi filmlərə elədə çox maliyyə ayrılmır, yaxud da çox az maliyyə ayrılır. Təsadüfi deyil ki, Holivudda çəkilən filmlərin çoxu Hindistan filmlərindən mənaca fərqlənmir, Hollivudun əksər filmləri yeni texnologiyalar və rəngarəng vizual məqam baxımından hind filmlərindən üstün olur, mənaca, mahiyyətcə hind filmlərindən üstün olmur. Təsadüfi deyil ki, Amerikanın bir çox ciddi kinoşünasları son zamanlar bu barədə çox yazırlar, belə bir şeyin çox mənfi mənəvi fəsadlara səbəb olacağını qeyd edirlər, bu proses haqqında ciddi fikirləri cəmiyyətə çatdırılar. Yəni Hollivud kinolarında qlamurluq həddindən artıqdır. Fikrimcə, düz də edirlər. Bu fikrin əleyhinə olan bəzi kinoşünaslar Hollivudun döyüş və kommersiya filmlərində fövqəl insanın obrazlarının təbliğ olunduğunu deyir, deyirlər ki, bu indiki vaxtda insanlara olmazın inam aşılayır və onların iş əmsalını artırır, onların müxtəlif güclü tərəflərini ortaya qoyur. Fikrimcə, bu yumşaq şəkildə desək heç bir əsası olmayan bir arqumentdir. Mən bu tezislə qətiyyən razı deyiləm. Mənimlə razılaşarsınız ki, insanın fiziki gücü hansısa həddə qədərdi, onun Allah tərəfindən müəyyənləşdirilmiş hüdudu var, deyilən filmlərdə nə qədər fövqəl insan təbliğ olunsa da, bəşər övladının fiziki gücü artmayacaq, ona əlavə imkanlar bəxş etməyəcək. Bəşər övladının fiziki imkanları nə qədərdirsə, elə o qədər də qalacaq, axı Allah insana hansı həddə lazımdı, o qədər də imkan bəxş edib, o imkanı kim dəyişə bilər. Məncə, filmlərdə insan ağlının, təhtəlşüurunun və ruhunun imkanlarını təbliğ etmək lazımdır, indiki dünyada onların geniş imkanlarını və müxtəlif yaşam mahiyyətlərini göstərmək daha yaxşı olar, digər mahiyyətsiz şeylər yaxşı olmaz. Məncə, bu aksiyomadır. Düzdü, insan ağlının da həddi var, o da yalnız harasa qədər gedib çıxa bilər, bəşər övladının ağlının dərk etmə imkanları hansısa məqama qədər olsa da, ağlın dərk etmə imkanı onun fiziki gücünün qavramaq imkanlarından qat-qat çoxdur, bu müasir dünyada inkar edilməyən bir teoriyadır və bununla belə, Allah insanda hüdudu olmayan müəyyən anlamlar yaradıbdır və haçan bəşər övladı o imkanlara müraciət edirsə, o imkanı hərəkətə gətirməyi bacarırsa, istədiyinə çox asanlıqla nail olur. Bu insanın təhtəlşüuru və ruhunun imkanlarıdı, düşünürəm ki, insan təhtəlşüurunun alt qatında yaşamağı bacarsa və varlığındakı ruhunun imkanlarına sığınsa bəşər övladı istənilən möcüzələr yaratmaq imkanlarına sahib ola bilər. Məncə, müasir dünyada insanın yaşamı da bunu təsdiqləməkdədir. Əgər diqqət yetirmisinizsə, artıq bir müddətdir ki, Amerikanın və dünyanın kino sahəsində ən nüfuzlu mükafatı olan Oskar mükafatı da hansısa döyüş və ya kommersiya filmlərinə deyil, yalnız ciddi və mahiyyəti yüksək olan filmlərə təqdim edilir, mükafata təqdim edilən filmləri məhz bu rakursdan dəyərləndirirlər, bu belə olsa da, bir çox Amerika yazıçıları Hollivudda hələ ki, yaxşı maddi qazanc olmasına görə bütün romanlarını hadisəçilik əsasında qururlar, o mənfi meyldən imtina etmirlər, yəni artıq qərb ədəbiyyatı kultno (kultno – mənəviyyatın inkarı – red.) ilə məşğuldular. Hələ ki, qərb ədəbiyyatında hadisəçilikdən imtina edilmə meyli total deyil, lakonikdir. Bu belə olsa da, qərb ədəbiyyatında artıq bu mənfi tendensiyadan kənarlaşmaq istəyən yazıçılar var. Bu proses bir çox qərb yazıçılarını avtobioqrafik romanlar yazmağa meyl göstərirlər, mətndə fiziki hadisəçilikdən yayınmağa çalışırlar. Bu ədəbi proses əsasən Norveç və Almaniya ədəbiyyatında, kinosunda müxtəlif cəhətlərini göstərməkdədir, hansısa cəhət kimi diqqət çəkməkdədir, hələ ki, bu belə olsa da, qərb və rus ədəbiyyatının bu tənəzzüldən yayınmaq istəməsi istənilən qədər də deyil. Bildirdiyim kimi, bu ədəbi proses postsovet respublikalarında da gerçəkliyini göstərir, postsovet respublikalarında bu tendesiyaya ifrat meyl var. Rusiya yazıçısı Gözəl Yaxinanın romanları ölkəsində nüfuzlu ədəbi mükafatlar qazansa da, ifrat fiziki hadisələrin üzərində qurulur, fiziki hadisələr xronoloji halda sıralanır və romanlardakı obrazların mənasının açılması tamamilə unudulur, o barədə nəyəsə cəhd edilmir, ən əsası da belə romanlar heç bir fəlsəfi məna daşımır, ədəbiyyata və fəlsəfi fikrə heç bir şey əlavə etmir, romanda mənəvi hadisə yoxdur, bədi mətndə elədir ki, əgər sən yazdığın mətndə fiziki hadisə təsvir edirsənsə, onun mənəvi tərəfini də göstərməlisən ki, yazı bütöv görünsün, bədi dəyər qazansın (müasir Azərbaycan ədəbiyyatında da bu meyl çox güclüdü, ən dəhşətlisi də odur ki, müxtəlif ədəbi nəslə aid olan yazıçılar qərb ədəbiyyatından təsirlənərək belə çiy romanlarla ədəbiyyatımızın layiqli inkişafını təmin etməyi bacarmırlar, ən mənasız məqam odur ki, həmin çiy romanlar da müxtəlif ədəbi mükafatlara layiq görülür). Dünyada olan şöhrətli və şöhrəti olmayan yazıçılar bir şeyi qəbul etmirlər ki, fikrin fəlsəfəsi dövrü çoxdan bitibdir, indi hissin fəlsəfəsi dövrüdür və yalnız ədəbiyyat bu mühüm gerçəkliklərin təməli əsasında yazılmalıdır.

Fiziki hadisəçilikdən törəyən fəlsəfə ilə indiki vaxtda dünyaya və dünyadakı fəlsəfi fikrə ciddi heç nə bəxş etmək mümkün deyil, artıq dünyadakı fikrin fəlsəfəsini klassik fəlsəfə adlandırmaq lazımdır, müasir fəlsəfə deyil. Fiziki hadisədən törəyən fikrin fəlsəfəsi hansısa intellektual yaratmaqdan uzaqdır və əgər hansısa intellektual yaratsa da, bu intellektual yarımçıq olur. Fikrin fəlsəfəsi yalnız fiziki anlayışın gerçəkliyini qabaqlamağı bacarır, digər şeyi qabaqlamaq imkanı yoxdur, hələ ki çox tərəfləri bəlli olmayan hissin fəlsəfəsi bunun əksinədir, hissin fəlsəfəsi elə bir gerçəklikdir ki, o hər bir halda həm fiziki reallığı, həm də mistik anlayışların gerçəkliklərini qabaqlaya və müxtəlif mənəvi anlamalara yönəldə bilir. Bu səbəbdən də dünyadakı bütün elmlərdə və ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə və sairələrdə mahiyyəti hadisəçilik olan gerçəkliklərə müraciət etmək lazım deyil.

Məncə, bu ciddi səbəb ədəbiyyatda fiziki hadisəçiliyin hansı bəsit imkanları olduğunu yaxşı göstərir, yaşamın bu cəhəti bizə deyir ki, birmənalı formada ədəbiyyatda daha dərinə getmək və dünya ədəbiyyatına hansısa yenilikləri gətirmək istəyiriksə, həmin halda bir hissin fəlsəfəsini vasitəsi ilə mistikanın mahiyyətini ədəbiyyata gətirməliyik, fiziki hadisəçiliyi deyil. Fikrimcə, bu indiki halda ədəbiyyatın ən vacib tərəfi olmalıdır, axı bizlər bilmirik ki, Allahın reallığı hansı reallıqdır, məncə, bu bizlərə deyir ki, yaşamın, ən əsası da Allahın bizə məqbul bildiyi yaşayış tərzi mistik gerçəklərin yaşamındadır. Axı Allahın da formasında fiziki hadisəyə əsaslanan heç nə yoxdur.

# 3750 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #