Məmmədnəsir tinində - Həmid Herisçinin yeni hekayəsi

Məmmədnəsir tinində - Həmid Herisçinin yeni hekayəsi
23 noyabr 2023
# 09:00

Kulis.az Həmid Herisçinin "Məmmədnəsir tinində" adlı yeni hekayəsini təqdim edir.

Navalça qarmaqlarından hər dəfə yapışıb bir pillə aşağı endikcə, son şerimdən bir sətiri dönə-dönə təkrarlayırdım:”Mən navalçaları yağışa layiq yol bilməm”.
Hə... ağzım, faldı. Bu paslı navalçalar indi yağışa yox...mənə çox yaraşırdı.
İki-üç dəqiqədən sonra məni artıq bu lənətəgəlmiş hoteldə kimsə aşkarlaya bilməzdi...
Qəribə əhvalat idi lap...
Kinoya oxşayırdı.
Endiyim yerdə kimsə hirsindən bir topa “Topaz” lotareya bilətini cırıq-cırıq etmişdi. Hirsi soyumamışdı. Bir qadın fotoşəklini də, üstəlik, didib parçalamışdı.
Küləyin bircə həmləsi bəsdi bu biabırçılığa.
Qanrılıb geri baxanda gördüm day bu tində artıq heç kim yoxdu.
Bir həsirdi, bir də Məmmədnəsir.

***

Yasamaldakı xudmani, sakit ucuzvari “İron” hotelində tək-tənhaydım. Televozorumda köhnə ağqara “Yeddi oğul istərəm” kinofilmin ilk kadrları sakitcə titrəyirdi -bayquş ulayır, qara qarğa bir quru budaqdan qopub, digərinə doğru qanadlanırdı. Meyvə ağacınını yoğun şah budağında bu dəfə armud yox... alma yox... insan cəsədi yırğalanırdı.
Düzü, nə bu qarğa uçuşunu, nə bu yetim cəsədi axıracan təqib edə bilmədim. Görünür, TV-də yox...öz canlı həyatımda oxşar filmə baxmalıydım. Canlı rejimdə, sulu-sulu görməliydim sonrakı oxşar həyacanlı hadisələri. Atışma səhnələrini. Qədim məzardaşları arasında ölülərlə-dirilərin əbədi, bitib-tükənməyən döyüşünü.
Hiss edirdim- dəhlizə açılan qapının arxasında kimsə var. Əlimi silaha uzatdığım vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi. Eşitdiklərimə təəccübləndim.
- Həmid bəy?
- Özüdü ki, var.
- Təcili olaraq qaldığınız hoteli tərk edin. Özünüzü elə aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə altındadır. Taleyiniz tükdən asılıdır.
Telefonu sağ qulağımdan ayırıb sol qulağıma sıxana qədər danışıq bitdi. Son bəzi çox vacib sözləri eşitmədim. Qulağımdan qaçırdım.
Dedektiv kinofilmlərin ritmi, surəti qəfildən bax bu cür həyatıma sıçradı. Hərəkətlərim əvvəlcədən ölçülü-biçiliydi sanki. Astaca pəncərəni aralayıb eyvana adladım. Su navalçlarından ehtiyatla sallana-sallana aşağı sürüşdüm.

Şəhərdə xeyli dolanıb izimi azdırdım. Qarışdım Nizami küçəsinin mizamsız boz kütləsinə. İzlərimi “Vətən” kinoteatrı tərəflərdə tam dolaşdırıb itirdim. “28 Mall”-un 5-ci mərtəbəsindəki “Cinema Plus” afişaları məni tam məyus etdi-şansızdım. Bütün seansları ötürmüşdüm.

Ölü divarların əlvan film anonsları ilə kifayətlənməli oldum. “Qaçdı-Tutdu Filmi 28 noyabrdan 28 Mall Cinema-da. Axırda bir nəfər sağ qalacaq!” afişasının həyəcanlı elanı deyəsən elə mənim barəmdəydi.

***
Qarşı səkidəki “"Diesel" dükanı payız mövsümünə, deyəsən, məndən hazırlıqlıydı. Manikenlər, satıcılar, elə payızın özü də sanki eyni geyimdəydilər. Əsla seçilmirdilər biri-birilərindən.
Havanın qəfil qaralması ilə aşağıdakı avtomobillərin sürəti ikiqat azaldı.
Sarı payız anında silindi gözlərimdən. Yarımcan mənzərələr, penəcərdən seçilən uzaq üfüqlərini itirdi.
Güllərin, yarpaqların, həyatın, dostların, karyeraların, SİVİ-lərin, iş direktorlarının bizdən küsdüyü, küsüşdüyü vaxtdı.
Köhnə brendlər vitrinlərdən yığışdırılırdı. Təzələrinin anonsu hazırdı.

Belə vaxtlar həyatın hər cür yeni haqq-hesabına, küt zərbəsinə əvvəlcədən hazırlıqlı olmalısan.
Səyyar avtotozsoran mənə yaxınlaşırdı. Sürücü işarə ötürdü, yolundan qaçım. Divara tam kip sıxıldığım vaxt gördüm bıy...30 il əvvəl toyumda tamadalıq eləyən Ağalar...qarşı səkiyə, həmən bax o "Diesel" dükanına tələsir.
Kastinqin başlanmasına az qalırdı. Yeni payız geyim kolleksiyasının ulduzu kim seçiləcəkdi? Ağalar?
“Diesel" qapısındakı uzun, həyəcanlı növbədə mən Ağaları gah itirirdim, gah tapırdım. Qapı aralanan kimi namizədlər Ağalar qarışıq sel kimi içəriyə axdılar. Səhnədə basabasdı. Bir ayağı üstə qalmış namizədlər o birisinə səhnədə yer tapmırdılar.
Daban havadaydı.

Bu zolaqlı piyada keçidi çoxdan xatirələrimdədi. Bir dəfə, həə, bura bir qadınla gəlmişdim. Yüz dollar xırdalamalıydım bir ucuz eşq sevdası ilə. Alınmadı. Xırdalaya bilmədim. Dönərçilərə gərək heç vaxt ağız, əl açmayasan. Məcbur qaldım, o yüz dolarımdan keçim. Hə...o vaxt da od qoydu mənə bu keçid. İndi də oxşar təhlükəyə duçardım.
Dönərçilər indi də əllərində yeniçəri qılıncı qanımı, pulumu, yeni yüz dollarımı hop edib havadaca udmağa tam hazırdılar.

Səslədim Ağaları. Elə səslədim ki, Ağalar çaşdı bu çağrıma. Elə bildi mən yox ey...küsdüyü taleyin, həyatın özü nəhayət, onun ayağına gəlib. Sonmacaldı. Tale də, “Diesel" də eyni seçimi etməli, Ağaları, bu qədər namizədin içində qalib elan etməlidir. İndicə mikrafon xırıldayacaq -“32 saylı namizəd” kürsüyə qalxsın. Qalib pilləsinə öz mübarək qədəmlərini bassın”.
Mən Ağalara tərəf uzaqdan-uzağa, qarşı səkidən boylanıb dartınanda...hə, tale də öz seçimini etdi. El demiş “Allah üzünə baxdı” Ağaların.

Gözlərimiz də bu vaxt görüşüb cütləşdi. Allahla eyni vaxtda Ağaların üzünə baxdıq. Bərk... göz görəcək qədər sevincəkdi o.
Əvvəlki pal-paltarını, üst-başını Allah heç kimə göstərməsin. Əynindəki topuğacan yalınqat boz kabardin Çin plaşı də köhnəydi. O zamankı, 30 il əvvəlkiydi. Boynundakı qalstukunu da elə bil kimsə...aclıq vaxtı... götürüb ağzında yaxşı-yaxşı çeynəmişdi.
Qorxdum deməzdim... azca ehtiyatlandım Ağalardan. Hələ bilmirdim nə vəd edir ikimizə bu 30 il sonrakı görüş.
Tale, deyəsən, mənə də yeni toy hazırlayır. Tamadası da elə həminkidi.

Ultrauzunplaşlı bu qalib maniken. Model.

***

Yüksək oktanlı bu payız romantikama aldanma . Narahatlığım, həyəcanım hələ əsla bitməmişdi. Vebkameralara düşməkdən qorxub çəkinirdim. “Təpəgöz” mühafizə xidmətindən çox şübhəliydim. Kürəklərimdə hiss edirdim nəfəslərini. İti, soyuq, bum-buz gözlərini.
- Şansın gətirdi. Payız səni uda bilmədi. Sən yendin bu payızı. Əla! Təbriklər!- Ağaların boynuna sarıldım. Deyirdim, qoy müşahidə kameraları bizi bir-birimizdən ayıra bilməsin. Bu cür də kadrlardan çıxıb təhlükəsiz, kameradan yetim bir yer tapım.
Ağaları öpüşlərim lap kövrəltdi. Vebkameraların kor nöqtəsini tapınca Ağaları ora dartıb sürüklədim.
- Deyəsən, 30 il sonra təsadüfdən görüşmürük. Bu dəfə həyatımın tamadası ol. Məsləhətə, köməyinə ehtiyacım var. Sən şanslısan. Mən şanssız. Səni seçiblər, məni təkrar emala göndəriblər.
Yaman təklənmişdim. Üzüm də tüklənmişdi. Cod tüklərim qəribə musiqi oxuyurdu mənə. Əlimi vaxtaşırı qəmli sifətimə çəkəndə. Musiqisi, özümküydü. Təkcə özümçündü.
Ancaq Ağalar da eşitdi sanki bu kədərli musiqimi.
- Noolub? Gün hardan çıxıb, ay harda batıb? Nə baş verir?

“Təpəgöz”lər, yəni müşahidə kameraları, şükür, tam hərəkətsizdilər. Gözləri ölüydü.
Cürətləndim. Ürəyimi boşaltdım Ağalara.
- Heç. Ölülərlə dirilərin davasına düşmüşəm. Qalmışam ortalarında. Bu “Təpəgöz”lər bilmirəm kimdən sifariş alıblar. Hər addımımı güdürlər.- deyəndə ikimiz də vebkameralara gözlərimizi bərəltdik.
Qarşımızdan qocaman bir kişi ötürdü. Payızın özüydü. Biganə qalmadım bu mənzərəyə. Qayıtdım yüksək oktanlı öz payız romantikama. Düzü, əsəblərimin yüz atmosfer təziqini azca azaltmaq, alçaltmaq istəsəm də...

Ağaların cavabı məni diksindirdi.
- Dabanı daim elə bil havadadır, bax, bu qocanın. Çəkmələrini də tam geyməyib.
Sonra divara sıxılmış dilənçini də gözüylə nişanladı. Onun əlləri də havadaydı.
Bu nadir kadrlar, həyat mənzərəmizi tamamladı, bütövləşdirdi elə bil. Görmədiklərimiz qəfil gözlərimizə sancıldı.
Orta əsr fırça ustalarına bax. Bütün qəhrəmanların əli, ayağı, dabanı havadadı. İndi heç kim bunu görmür. Əsərlərində göstərmir.
Ağaların bu “göz şikarı” titrətdi məni. Buna deyələr “durnanı gözündən vurmaq”.
Daxilimdə pıçıldadım- “Bunu görən, mənim dərdimi də bütöv görər. Yol göstərər mən canıyammışa.
- Yaxşı. Qısaca. Nolub? Adam dilində danış. –Ağaların səbri tükəndi.
- Heç, Ağalar. Bunu oxu. “Müsavat”dakı növbəti araşdırmanın zibilidi. –deyib, cibimdən çıxardığım əzik qəzetdən dramatik parçalar oxumağa başladım.

“Mənfi qüvvələr, ölülərlə dirilər də sanki yarışa, rəqabətə girişmişdilər mən yazıqla. Hara gedirdim, hansı uzaq ünvana özümü çatdırırdım, hə, görürdüm bax, bu yad, qorxulu qüvvələr ya məni önləyiblər, yaxud məndən sonra ora gəlib öz çirkin əməllərini törədiblər. Minillik məzardaşlarını parçalayıb üyüdüblər. Qədim pirlərə necə deyərlər “ütü çəkib” yerlə bir ediblər. Məsəl üçün, Zirədəki məşhur Qələndərxana ərazisində bu göreşənlər çox gözəl qədim məzardaşlarından birini hamının gözü qarşısında param-parça etmişdilər - adamın ürəyi ağrıyır indi həmin nadir abidəyə baxanda...
Gəncədəki Şah Abbas məscidinə özümüzü çox gec çatdırdıq. Bəlli oldu ki, oxşar şər qüvvələr buranı da əməlli-başlı qarət ediblər. Şah xəzinəsini qamarlayıb özləriylə aparıblar.
Günümüzə bir bax... Belə çıxırdı ki, İraqda, Suriyada qədim antik abidələrini, ziyarətgahları söküb yerində goreşənlik edən İŞİD-çilərin bir qolu elə bizim Azərbaycanda da istədiyini edir. Bir nəfər də demir onlara ki, ay balam, belə olmaz, özünüzü yığışdırın, bəsdir kənd-obalarda qədim abidələri sökdüyünüz.

Əksinə, hiss edirdim ki, bu şər qüvvələrin hakim qüvvələr arasında güclü havadarları, himayədarları mövcuddu.
Gec-tez bu iki zidd qüvvə, hardasa bir uzaq nöqtədə, bir yad yerdə görüşüb öz aralarında haqq-hesab çürütməliydilər. Belə bir fürsət, şükür, axır ki, əlimə Mərəzə tərəflərdə keçdi. Qəsəbənin Seyid İbrahim ocağından xeyir-dua alıb altdan geyindim, üstən qıfıllandım. Az getdim, üz getdim, gəlib yetişdim Müşfiqabad dini icmasının sədri Süleymanov İlşad Əlseyran oğlunun hüzuruna. Onunla söhbətimiz tutdu.
Bəlli oldu ki, məni təqib edən şər qüvvələr bu yaşlı kişiyə də göz verib işıq vermirlər.

Həmin müasir göreşənlər, İŞİD-çilər kimi hərəkət edirdilər - dağıtdıqları məzarlıqlar, pirlər, digər başqa abidələr altında ləl-cəvahirət, qır-qızıl axtarırdılar. Hərdən bəxtləri gülürdü. Belə ovlardan qənimətlə qayıdıb qazanclarını bəzi dövlət rəsmiləriylə bölüşürdülər.
İlşad qardaşımızı bu cür iblislərlə tək-tənha buraxmaq azca qeyrətimə toxundu.
Mərəzənin Seyid İbrahim ocağından xeyir-dua alaraq İlşad kişiylə görüşə tələsdim”.

***
- Bilirsənmi, Həmid. – Ağalar 30 il əvvəlki öz tamada səsinə qayıtdı. – “Gizli Azərbaycan” verilişini aparan elə gizli qüvvələrlə də toqquşmalıydı bir gün. Sən kimi qızıl, sirr axtaran nə desən, tapacaq. Atasının SAVAK-dakı dosyesini, nənəsinin kəbin kağızını, bir kəllə qənd, üç manat pul, vəssəlam, şod tamam. Qızıldan, sirlərdən başqa.

“28 Mall”-u çoxdan tərk edib gəlib çatmışdıq daha təhlükəsiz, “Təpəgöz”süz, vebkamerasız bir köhnə tanış məhrəm ünvana. Yorulmuşduq. Nə varsa, öz gerçək çəkisindən ağırdı bizimçün. Didilmiş əl çantamızdan tutmuş əl telefonlarımıza qədər. Heç kim, day, bu adi yüklərin o biri qulpundan, yaxasından yapışana da oxşamırdı. Köməksizdik.
Divarlarında, külqabılarında çox siqaret söndürmüşdülər bu çayxananın. Süfrələrində də siqaret yanıqları vardı. Xallı pişik, tez gəlib ayaqlarımıza sürtündü.
Uzaq küncdə səs-küydü-“Dur burdan! Lifçiyimin üstündə oturubsan!”

Yorğunluğumu, yuxusuzluğumu, bədənimin yarısını çayxana masası üzərinə sərdim. Masa üstündən uzandım, dartındım, sancıldım Ağalara. Başım, boynumdan ayrılmışdı elə bil. Havada, öz-özünə asılmışdı. Başımı bu cür bir müddət masa üzərində saxladım. Sonra bütün ağırlığımı, ağlımı masa üzərinə tökdüm.
- İndi mənim də dabanım, əllərim havadadı. Dabanı havadayam...
O mənə də orta əsr fırça ustası gözüylə baxdı elə bil. Müasirlərin görmədiyi vacib ştrix kodlar aşkarladı hər tükümdə. Hər üz ifadəmdə. Son baxışını bədənim boyu aşağı sürüşdürüb çəkmələrimdə dayandı.
- Hə. Dabanın doğrudan da havadadı. –son hecanı çox uzatdı Ağalar. Çox. Döndərdi muğamata.
Lap darıxdım cavabında.
- Neynəyim? Məni ölülərlə dirilərin bu savaşına elə-belə salmayıblar. “Gizli Azərbaycan” televerilişini də elə-belə verməyiblər. Efirimi güdürlər. Gözaltı etdiklərimi anında soyurlar.
- Deyirsən, sənə televerilişi qəsdən veriblər?
-Hə...
- Deyirsən, bu “Təpəgöz”lər oranı da soyurlar, buranı da? Diriləri də, ölüləri də? Düzmü anladım mesajını?
- Düz.
Keçmişdik qısa cümlələrə. Söhbətimizin dramatikliyi lap artımışdı.
Ağaların əynindəki yeni paltarlara ancaq indi diqqət verdim. Gördüm artıq köhnəliblər. Qırışıblar. Çirk basıb yaxasını. Qollarının ucu da artıq qaralıb. Ağalar da gördü bu çirkləri. Qara ləkələri. Qırışları.
Başını xeyli sağa-sola buladı.

Uşaqlar, pəncərə sevirlər, ancaq qapılardan qorxarlar. Biz də bu çayxanada qəfil qapı tərəfdən qorxduq. Eyni anda baxdıq bu qaranlıq səmtə.
Köhnə Bakıda hər taqqıltı səsinə əvəvlcə pəncərə açılardı. Sonra taqqıldatdığın qapı. Ağsaçlı, kəlağayılı birisi aşağı boylanardı pəncərədən. Zəif gözləri ilə səni birtəhər tapıb qoparardı həyatın, həyətin qatı zülmətindən. Adını bir az gec xatırlayıb axırda çağırardı- “Həmid...”
Nənəm tez gəlib əlimdən vurardı ki, bəs şuluqluq eləmə. Boşuna döymə yad qapıları.
Bu dəfə əlimdən kimsə vurmadı.

Əvəzində çayxana qapısı taqqıldadı. Sonra telefonum ayılıb dirildi. Cingildədi.
Gecə vaxtı ən uzaqlarda zavallı bir küçük zingildədimi? Vəssəlam. Bəsimdi. Eşidəcəm. Bu dəfəki telefon zəngi də o uzaq küçük sədaların xatırlatdı. Nömrəsinə azcana gec baxdım. Ürəyimin bir küncündə dedim “Təpəgöz” olacaq.
Eləydi.

Sabiq MTN sədriydi. Deyirdi, gəl evimə. Səni qapıda gözləyirlər. Gecikmə.
Ağalar susdu. Sükutu xeyir-duaya bənzəyirdi.
Bircə kəlməyə gücü çatdı -“Get!”.

***
Naməlum avtomobil. Başımda kisə. Gizli ünvan.
Ancaq bütün bunlar bircə dəfə göz açmağımla öz əhəmiyyətini tam itirdi.
Doğma ünvanımı görüncə azca gözlərim yaşardı. Köhnə evimdi. Öz evim.
Satmışdım bu evi yad birisinə. Necə gəlib sabiq MTN sədrinin haram malına dönüb?Necə? Necə?

Necə?

Doğrudanmı bu “Təpəgöz” mühafizə şirkəti qəzetlərin dediyi kimi “oranı da soyur, buranı da”?
Düzü, evi hərracda satdıqdan sonra qəribə mistika yaşadım. Evimə, xahiş edirəm gülməyin, əvvəlcə Roman Polanskinin “The Ghost Write” filmində qayıtdım. Dəqiq deyirəm, 1.18-ci dəqiqəsində. Ünvan eyniydi-ev 74, mənzil 69.

Gözlərim yekələndi. Ekran qarşısında bərələ-bərələ qaldı.
Evimə sahiblənən Pol Emmetdi. Özü də gör bir kim? -Amerika Mərkəzi Kəşfiyyat İdarəsi “Xarici resurslar” şöbə müdiri...
Ağsaçlı, kübar ədalı Pol Emmet evimə tam sahiblənmişdi. Kabinetimdəki kaktuslarımı saxlayıb, gül-çiçəklərimi, deyəsən, zibilliyə atmışdı. Kitabxanama da əl gəzdirmişdi. Rusca kitablar yox idi daha taxçalarımda. Deşil Hemmet dedektivləri, ingiliscə, ön sıralara düzülmüşdü. “Həmid, Emmet, Hemmet” qafiyəsini mahir meyxanaçı kimi qəfil havadaca tutdum.
Bu qafiyə sırası indi, sabiq nazirin “Samit” adında döndü tamam-segaha. Öz son nöqtəsini tapdı.
Adlarımızdakı oxşarlıq bu dəfə də sifətimizdə, hətta kölgələrimizin hərəkətlərində də təkrarlandı. Bir an hiss etdim ki, kölgələrimiz artıq bizdən tam azaddırlar. İçəridə, iş kabinetimdə qarşı-qarşıya əyləşiblər. Bizdən əvvəl şirin-şirin salamlaşırlar.

Tez içəri – öz kabinetimə cumdum. Saniyələr iti sürətlə axırdı. Gərək özümü kölgəmə çatdıraydım.
- Salam. – deyib, kölgəmi yumşaq təxtin üzərindən azcana kənara sıxışdırdım.
Ay gidi dünya. Taxt bu nöqtəsində, Emmetin ağır çəkisinə təslim olmuşdu. Xeyli aşağı çökmüşdü.
İlk dəfə burda öz yadlığımı hiss etdim. Ancaq bildirmədim.
Hə...İndi növbəti möcüzə yaşayırdım bu silsilə “EV” serialda. Ev sahibi bu dəfə sabiq MTN sədriydi.
- Bu evə təzə köçmüşəm. ATA Universitetinin dəvəti ilə. Bakı gözəldi. Heyif Xəzərə baxmır bu mənzil.
Xəzərsiz mənzilim, hə, məni 30 il darıxdırmasa da, Samiti artıq darıxdırmışdı. Nöqsanların birini,- hələ toya gedəsini!- deyirdi o. İlk dəfə mən də bu qədər Xəzərsiz yaşamağıma təəssüfləndim. Güzgüm həminki köhnə yerindəydi. Əksimi çox kədərli gördüm orda. Elə bil gerisayım etmişdi. 37-ci il yaşanırdı orda.
- Hə... Məqalələriniz haqda xəbərdaram. –Samit iti barmaqlarıyla masamı taqqıldatdı. Masam döndü musiqi alətinə. Pianoya. Musiqisi, təkrarsızdı.
Niyə mən masamın bu yatmış istedadını Emmet kimi oyatmadım heç vaxt? Niyə bu musiqinin müəllifi Samit oldu?
Musiqi yazılarımın mətni ilə davam etdi.

***
“Başımıza nə desən, gələ bilərdi...
Hava yağmurluydu. Kənd çayxanasında isti sobaya söykənib telefonumun nə vaxt səslənəcəyini gözləyirdim.
Axır əl telefonum silkələnib titrədi. Zəngvuran çox qəribə yerdə görüş təyin etdi. Gəldim çıxdım Mərəzənin İlanlı obasındakı palçıq vulkan ərazisinə... Hə, ya mən püskürməliydim burda, yaxud arxamdakı bu yatmış təbiət möcüzəsi...
Düzü, püskürən nə mən oldum, nə arxamdakı vulkan tacı. Vulkan olub püskürən təzəcə tanış olduğum İlşad müəllimin elə təkcə özüydü.

Yerinə, vallah, kimsə bir başqası olsaydı, sərgüzəştlərdən mütləq başına hava gələrdi bəlkə. Təsəvvür edin, sizə səhər çağı zəng edib deyirlər “Ay aman, özünü tez çatdır bura, Mərəzənin Ceyrankeçməz qəbristanlığına. Əcdadlarına məxsus bütün məzarlar darmadağın edilib!”. Elşad müəllim əvvəlcə qulaqlarına inanmır. Tezbazar başılovlu gəlir göstərilən ünvana. Gördüyü mənzərəni öz məhşər günü bilir əvvəlcə:
- Məzarlıq əvvəlki halında deyildi. 53 məzarın hamısı sökülüb dağıdılmış, ekskavatorun timsah dişinə verilmişdi. Sıralarında bacım Sədaqətin, qardaşım Nizaminin məzardaşları da vardı... Gözlərimə inanmırdım.

***
- Kriminalistikanın yazılmamış bir qanunu var-“Canini axtararkən, ehtiyatlı olun. Axırda gəlib özünüzü taparsız. Bu təhlükədən, çalışın, mütləq sığortalanasız”. Düzü, nümunə gətirdiyim bu ifadənin ruscası, daha şairəna, daha təsirlidir: "Главное в следственных действиях - это не выйти на самих себя”.
Hə...Samit müəllim düz deyirdi. Necə deyərlər kitabın düz ortasından. Oxşar mistik marşrutu tam cızmışdım. Gəlib yetişmişdim öz doğma ocağıma. Özümə.
Bir də “Təpəgöz” vebkamerasına.
Özümdə aşkarladığım müstəntiq istedadı, düzü mənə xoş gəlmirdi bu vaxt. İstəyirdim bu xislətimi tez dəf edib yenidən yazıçı istedadıma qayıdam. Deyilənlərə diqqətlə qulaq asır, hadisələrin gur axarında azmamağa çalışırdım.

Sabiq MTN rəisi hansı evə yiyələndiyinə, məncə, agahdı. Heyif çox gec anladım bunu.
Təsadüf yox idi məni təqib edən son hadisələrin ssenarisində. Yenə də soyuq divarlara sıxılmışdım. Yadıma “28 Mall”dakı səhnə düşdü...Necə səyyar avtotozsoran mənə yaxınlaşırdı. Sürücü işarə ötürdü, yolundan qaçım. Divara tam kip sıxıldığım vaxt gördüm bıy...30 il əvvəl məni tutdurmaq istəyən Samit artıq evimdə əyləşib. Ömür-gün yoldaşımın hədiyyəsini-burun epilyatorunu əlində möhkəmcə sıxıb xışıldadır.

Yadıma bir başqa xatirələr də düşdü.
Oxşar xışıltı o vaxt da qulaqlarımdaydı.

***

“Gəlib yetişdik məlum ünvana.
“Yeddi oğul istərəm” kinofilminin ilk kadrları neyçünsə gözlərim qarşısında canlandı - bayquş ulayır, qara qarğa bir ağacdan ayrılıb digərinə doğru uçur. Düzü, bu uçuşu axıracan təqib etməyə səbrim çatmadı. Ayağım nəyəsə toxundu bu vaxt. Görüb aşkarladığımdan dəhşətə gəldim.

- Görürsüz də bu şərəfsiz əməllərin acı nəticəsini...uşaq qabırğasıdır, - İlşad bəy, kürəyimdən yapışıb məni geri dartdı. Sonra əlavə etdi:
- Bu da çanaq sümükləri...kəllə-qafalar...
Köhnə məzarlıqdan əsər-əlamət belə qalmamışdı - onu dünyadan amansızcasına silib-süpürmüşdülər.
Qədim məzardaşları da ortada yoxdu. Bilmirəm niyə, hansı səbəbə onları da aradan götürüb birdəfəlik yox etmişdilər. “MTN-çilərmi etmişdi bunu, yoxsa xalq arasında adına “vəhhabi” deyilən şər qüvvələr?” sualına belə cavab verərdim- “hər ikisi”...

***
- Süni intelektdi.
Sabiq nazirin dəmlədiyi çay da mətbəximizdəndi. Anamkıydı. Yasəmən çayı. Dadı məni çox təsirləndirdi. Samit müəllim üzümə baxıb gülümsədi:
Ağzım havadan asılı qaldı bircə an. Ağzımın azacıq əyrisi vardı, -güzgüdə gördüm,- o da itdi. Çənəm əvvəlki yerinə oturdu.
Samit bunu da gördü elə bil.
- Aşağıda sizi naviqatorlu avtomobil gözləyir. O sizi sağ-salamt evinizə qaytaracaq. Sükan arxasında həminki süni intelektdi.
“Evinizə qaytaracaq” təklifi, düzü, tam absurddu. Tam yaddı qulaqlarıma.
Ancaq neynək. Razılaşdım.

***

- Təhlükəsizlik kəmərini bağlayın. Ünvan Kövkəb Səfərəliyeva küçəsi. Ev...
Tərsliyə bir bax. Naviqatordakı səs də Ağalarınkıydı. 30 il sonra həəə...bir başqa toyuma züy tuturdu, tamadalıq edirdi o.
Son toyuma deyərdim.
Səsi, elə bil mənlə məzələnirdi. Dördyol ayrıcında məcbur etdi avtomobildən çıxım.
- Məmmədnəsir tini. Dördyol ayrıcında dörd dilənçini görürsünüzmü, hə?- Ağalar məni doğma şəhərimlə sanki yenidən tanış edirdi.
- Həəə. – son “ə” səsini bütün azərbaycanlılar kimi çox uzatdım. Biz adətən, ən həssas məqamlarda bu səsi həmişə uzadırıq. Kərbəlaya, Məşhədə qədər uzadırıq sanki bəzən.
- Yaxşı. Mühərriki söndürün. Avtomobilimizi 50 metr sağda, “Ordubad” kafesinin önündə saxlayın.
- Oldu. Nə qədər nəzir verim o canıyanmışa? 10 manatmı?- adi tələffüz qaydalarına dönüşüm zarafatsız ötüşmədi.
Ağalardan səs çıxmadı bu dəfə. Qapı sakitcə, öz-özünə arxamca örtüldü.
Ətrafıma oğrun-oğrun yox...oğru kimi göz atdım.

Dördyola, deyəsən, həyatın tam tərs qanunları hakim idi. Hədsiz eybəcərliyi həəəə...darıxdırıcı olsa da... Ancaq sağ-solundakı vahiməli “AntiSalon”, “The Girl Hairdressers” gözəllik salonlarına iynə ucu qədər mane olmurdu. Əksinə, bu ünvanlara marağı birə min artırırdı. Müştəri sayını da.

“Halloween Bayramı üçün yapışqan stikerlər. Sifariş - Fikir Reklam - 050 879 91 11” elanına, kimsə məümmalı şəkillər, işarələr, şifrəli məlumatlar artırmışdı.
Hə...deyəsən, Azdramanın payız repertuarını burda Halloween önləmişdi. Elə mənim xəyali payız afişalarımı da.
Divardakı “Ey insanlar, qulaq asın mənə, bir əclaflıq etdim dünən yenə” şüarına bir başqa xəttlə “Xəbər gedib çatsın lap MTN-ə!!!” nidası artırılmış yerdə həəə... dayandım. Fikirləşdim, niyə bəziləri ürək sözlərini məhz kor, lay divarlara açırlar? Səbəb nədi?

Ürəyimə damdı-divardakı yazıların davamı...indicə bax görərsən... bir nəfərin əl tatusunda davam edəcək.
Ağzım faldı, vallah. Qəfil kimsə düz burnumun ucunda öz tatulu əlini açdı.
Ağsaçlı dilənçinin ovucu mənimkindən dərin idi.
Qadın laldı.

Tərsinə addımlayan kölgələrim divarda gah böyüdü, gah kiçildi. Əvvəl kölgəmi tanımadım, sonra özümü.
Əl-qolum, bədənimin bütün üzvləri yad göründü mənə. Tam özgəydim özümə qarşı.
Oxşar hissləri, görünür, çoxları burda keçirmişdi. Hiss etmişdi ki, bu lal, qara divarları imzalamasa, heç...qanı getdi.
Nəhəng KAMAZ-ın arxadan vuran gur işığı kölgəmi divə çevirdi. Divarı tam zəbt etdi bu div.
Tatulu əl qəbirdənmi xortladı bu vaxt? Yoxsa elə mənim daxilimdən? Özümdən? Yoxsa divardakı ən gözəgörünməz çatların birindənmi?
Ovucunun içi çox...çox dərin idi...dünyanın bütün nəzir pulları sanki sığardı bu dilənçi ovucuna.
Arxaya bir xeyli laldinməz addımlayıb axır soyuq divara dirəndim. Gördüm yox eyy...divara öz ürək sözlərimi yazmasan, bu divdi, əldi nədi bilmirəm...məndən əlini üzən deyil.
- Əvvəl divara yazacaqsan ürəyindəkini. Sonra öz bədəninə.

Nə? Kim dedi bu sözləri? Bodi-art aşiqləri, həəə? Bilinmədi. Ancaq, acı həyat etiraflarımı bir gün nağıldakı kimi bu Məmmədnəsir tinində əvvəl kor divara, sonra...
Çox-çox sonra isə öz bədənimə, lap sonunda məzar daşıma yazacağım indidən bəlliydi.
Paslı navalçaların son nəğmələrinə dözmədim. Kömürlə divarda “Navalçaları yağışa layiq yol bilimirəm” etirafımı həkk edib, dərindən köks ötürdüm.
Bu vaxt solumdakı yumaq tam açıldı.
Gördüm qarşımda bir həsirdi, bir də Məmmədnəsir.

***

Yolum açıqdı. Geriyə öz “Mazda”ma qayıdıb mühərriyi işə saldım. Sürət yığıb anında irəli şığıdım.
- Təhlükəsizlik kəmərlərini unudun. Məmmədnəsir tinindən sonra heç bir kəmər sizi təhlükədən qorumayacaq. Əyləclərə güvənməyin. Təhlükəli əraziyə daxil oluruq. İşıqları da söndürün, ümidlərinizi də, siqaretlərinizi də – naviqatordakı Ağaların səsi bir pillə də qalınlaşdı.

Bir gün hamı öz məlum, tanış, ən adi ünvanına eynən bax indi mənim kimi dönüb qayıdacaq. Təhlükəsizlik kəməri öz-özünə açılıb düşəcək çiyinlərin üzərindən. Avtomobilinin, evinin, doğma küçələrinin bütün çıraqları, siqnalları, siqaretləri sönəcək. Sükan, tam tabeçiliyindən çıxacaq..

Təkərlərin atmosfer təziqi düşücək sıfıra. Sürət göstərən ox işarəsi dönəcək əvvəlcə Amurun məhəbbət, sonra Əzrailin qara ölüm oxuna. Qəfil öz yerindən qopub düz ürəyinə sancılacaq.
Avtomobilin yan güzgüsündən bütün rəhmətliklər sənə göz vuracaq. Mikrofonundan deyəcəklər ki, yığma çarpayını götür gəl cəhənnəmin 8-ci mikrorayonuna.
Coğrafiya müəllimin, Cəfər Qiyasi yadındadı, necə adi xətkeşi öz cəza əlatinə, qılıncına çevirmişdi. Cavablarınızı yubadanda xətkeşi havaya qaldırırdı. O çevrilmələr, bir başqa cür davam edəcək TV kanallarında.

Sonra qələmlər, yun çubuqları dönəcək silaha. Düşəcək düşmənlərinin, qonşuluqdakı paxılının ixtiyarına.
Hə...həyətda əslində düz yox...tərs qanunlar işləkdi. Əvvəl həkim gəlir xəstənin üstünə, sonra Əzrail. Terrorçudan əvvəl jurnalist, telekamera gəlir labüd qəza nöqtəsinə. Sonra avara tamaşaçılar. Polis... Sonra...lap axırda terrorçu.
Qısası, belədi.

Bizdən sonra bir həsir qalacaq, bir də Məmmədnəsir.

P. S. Xalq yaddaşımızdakı “Məmmədnəsir”, qədim assuriya hökmdarı Novuxadonossordan yadigardı. Yazığı burda tutub lüm-lüt soyublar. Oranı da talayıblar, buranı da.
Eləyiblər bir həsir, bir də Məmmədnəsir.


# 12877 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Nobel mükafatına layiq görülən Han Kanq kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Han Kanq kimdir? - DOSYE

15:54 10 oktyabr 2024
"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

09:00 9 oktyabr 2024
O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri

O boyda eşq sarayı, necə yanıb töküldü? - Musa Yaqubun şeirləri

15:10 8 oktyabr 2024
Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

10:30 8 oktyabr 2024
Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

Platon, deyəsən, xəstələnib - Kamal Abdullanın hekayəsi

15:03 7 oktyabr 2024
Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

Bəyaz fillər - Ernest Heminqueyin hekayəsi

11:49 6 oktyabr 2024
# # #