"Köpəyim qonşularla yola getmir" - Bulud Muradinin şeirləri

"Köpəyim qonşularla yola getmir" - Bulud Muradinin şeirləri
12 sentyabr 2023
# 17:00

Kulis.az “Sözün Güneyi” layihəsindən Bulud Muradinin şeirlərini təqdim edir.

Nəfəslərin quş lələyi
ağzındakı sözcüklər pırıldayır,
uçuşurlar
bir-bir...
Gülləyə dəyib düşürlər
qanaya-qanaya
bu qoca kafenin havalı başına,
yorğun fincanların mavi dodağına...
Adamların gəlib-gedən darıxmaqlarıdır...
Qapıların açılıb-örtülən kirpikləri kimi
qanad çalırdın...
Qanad çal...
Qana...
Nəfəsin quşların qətliamından sonrakı göydür,
Baltaların seçki günündən öncə şəhər...
Bu maskalı nəfəslər
ağacların alın təri.
Mən şeir yazmağa kağız axtaranda
Nəfəsləri...
N...
Eləcə sərin,
rəngi atmış
quşların dodağına dönüb
eləcə...
Dönüb dodağımda quşlara
gülüşləri...
N...
Boş yerimizi göstərir,
bu fincanları gətirən qarı
göyləri bağlayır.
Nəfəslərin aşiqanə bir şeirin sonudur -
bəlli deyil.

***
Daşınıram bu gecə gözlərindən

Daşınıram bu gecə gözlərindən
boşdur pəncərə...
Maviliyini ödəyə bilməm ayın sonunda, sevgilim.
Hüznlərimçün yeri yox
və qorxularıma -
darısqaldır...
Bu körpə sözcüyün ürəyi tutulur axı.
Açıq bir həyatda oynamaq istəyir, qadası!
Başı soyuq gəlinciklərlə
yuyuram, yuyuram günəşlərini, parlamır...

Qaranlıq oturub balkonda qəlyan çəkir,
fit çalır.

Daşınıram,
qonşularla yola getmir köpəyim.
Aynada çılpaq gəzir xəyal
və qadın
xatirələr dəftərində quruyur
kəpənək kimi...
uçur...
Uçur bu törtöküntü şeiri,
yum gözlərini!

***

Aynadan ağaclara

Aynadan ağaclara ürək verirəm
sən quşların adını əvəzləyəndə.
Göyü bir balığın gözlərində,
bütün çayları otağıma gətirdin.
Əllərin qandallı...
İtələdim atdım suya mən
bu yer kürəsini.
Əl verdim,
yağışların adını soruşdum
sənin əvəzinə.
Bütün ağrıları çəkdim mən
əyninə ölçdüyüm şeirlərimdə,
bu rəngsiz rəsmlərdə!
Ayaqların yollara bağlı
yeridim gecənin bu tayından o tayına.
Sənin salamını apardım atlara, çiçəklərə,
şəhəri çiyinlərində saxlayan küçələrə, körpələrə...
Mən verdim vidanı
bütün adamlara, daşlara, quşlara.
Alnım açıq idi,
qara yaxdılar yuxularıma.
Sənin əvəzinə
daşqalaq oldu gözlərimin bacısı
kor biclərin əli ilə.
Quşqalaq oldu döyüb sovurduğum xırmanlar.
Sənə çörək verəmmədim şeirlərimin süfrəsində.
Şərab süzəmmədim suyun sağlığına.
Suyun…
su!
su!
Aynadan çıx, mənə su ver, ürək istəmirəm daha.
Sevgilim,
cığallıq edir əllərindəki bahar.
Gül deyil,
puç!…
….Yanıram.

# 3123 dəfə oxunub

Oxşar xəbərlər

Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

15:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

Azərbaycandan İslam dünyasına yayılan irfan işığı: Seyid Yəhya Bakuvi

12:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər