Kimdir o sehrli qadın? – Sevinc Elsevərdən yeni şeirlər...             

Sevinc Elsevər, şair

Sevinc Elsevər, şair

6 may 2022
# 17:00

Bu gün tanınmış şair Sevinc Elsevərin doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun yeni şeirlərini oxucuların diqqətinə çatdırır.

Sirli qadın

darıxanda hərə bir şey çəkər ağ kağızda
kimi ulduz, kimi ay, kimi ürək
kimi də ən sadə fiqurları...
mən bir qadın şəkli çəkərəm uşaqlıqdan
illərdi dəyişmir o qadın
yeddi yaşımda çəkdiyim kimi çəkirəm otuz doqquz yaşımda da
nə böyüyür, nə qocalır
nə gözəlləşir, nə çirkinləşir
heç kimə bənzətmirəm onu
rastıma da ona bənzər qadın çıxmadı
yuxumda da görmədim hələ
kimdir, kimdir, kimdir
bilmirəm ki
o sirli-sehrli qadın?!
ancaq məni tək qalıb darıxmağa
qəmlənməyə qoymadı illərdən bəri
burnumu salladımsa
çıxıb gəldi qələmimin ucunda
qara bir xal var onun da sağ yanağının küncündə
dodağının üstündə...

***

yaşıl donunun üstündə
ağ-sarı güllər açan qız
ötür parkın içindən
cilvələnə-cilvələnə
bahardan xəbər verənlərdən biri də
elə bu nazlı qız olur...

Çay kənarında

hay-küylə axır çay
etirazı var
onu qovub başdan eləməklərinə
ayrılmaq istəmir bu yerlərdən
qəzəblə əl-qol atır
vurnuxur
haray salır
bir yerdən sonra yorulub süst düşür
üzüqoylu
eynən mənim kimi
mən də ipə-sapa yatmazdım bir zamanlar onun kimi

Pianoyla qadın

xəstənin alnındakı təri
ehmalca qurulayan tibb bacısıtək
ehtiyatla tozunu alır pianosunun
gənc musiqiçi qadın
qadın oxuyur təmizlik boyunca
piano da mızıldanır qadın dillərinə toxunduqca
evində əşyalar çoxdur
təkcə piano cavab verir ona zümzüməylə
dipdiridir, canlıdır o
döşəmədə yayxanıb
quyruğunu tənbəl-tənbəl bulayan pişiyin özü kimi

Uzaqdan sevgi

uzaqdan baxanda
göz oxşayan
yaxından baxanda
qarmaqarışıq
baş açılmayan
rəsm əsəri kimi bir şeydir sevgi...
uzaqdan baxanda
qızılı sahillərini köpüklü dalğalarla yuyan
mavi, yaşıl yosunlu bir dəniz
yaxınlaşanda
rənglərin quruyub üst-üstə yapışdığı
pinti bir palitra.

***

ömrü boyu
öz ayaqları üstündə durmağı arzulayan
bundan ötrü çapalayan qadın
diz ağrıları tapdı
indi öz ayaqları üstündə durmaq çətin idi
elə də
belə də...

həmişə həyatın üzünə
sevgiylə gülümsəmişdi
həyatsa kinayəylə qəhqəhə çəkmişdi
əvəzində...

Azadlıq

onurğası düzləşsin deyə
geyindirdikləri korseti soyunan kimi
gərnəşir balaca oğlan
bələkdən açılan körpə tək
“Azadam, azadam” deyə sevinir ürəkdən
uşağın azadlıq duyğusuna qibtəylə baxır anası
kaş həmişə belə sadə ola
azadlığı hiss etmək...

# 2674 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #