Görən, Allah təkdi, yoxsa Onu təkləyiblər? - Qulu Ağsəsin şeirləri

Görən, Allah təkdi, yoxsa Onu təkləyiblər? - Qulu Ağsəsin şeirləri
9 noyabr 2023
# 15:00

Kulis.az Qulu Ağsəsin yeni şeirlərini təqdim edir.


Külli-aləm,

bəni-Adəm,

göyün yeddi qatı,

torpağın altı...

hansı bilər? -

görən, Allah təkdi,

yoxsa, Onu təkləyiblər?..



***

Şəhərə duman yağıb,

elə bil yumurtanın sarısını çıxarıb,

yerinə Bakını salıblar,

hər yan

ağ,

ağ,

ağ...

Küçədə üç adamla

öpüşdüm bu gün.

biri də adımı düzgün demədi,

duman,

yağ,

yağ,

yağ...



***

"İnsan niyə ikiüzlüdü, axı?!" -

ilk dəfə

sevdiyinin

o üzündən,

bu üzündən öpəndən sonra

üçüncü üzünü

axtarmışdı dodağı...



***

Baxırsan ki:

axşam yazdığı iki sətir

səhər müəllifə qoşulub

çörək dalınca gedir...

Baxırsan ki:

Yer adlı bu şar

hələ çox hərlənəcək

nə qədər ki,

təzyiqi var...

Baxırsan ki:

əməllicə uzanıb ömür -

deyirlər, daha heç kəs

bir-birindən ötrü ölmür...

Baxırsan ki:

dünən bir baxışa bənd olanlar

bu gün əsiridi baxış sayının,

İlahi, bağışla,

bu gəlişimdə imkan olmadı -

nə sənin üzünü doyunca görüm,

nə də dünyanın...



***

Dünyanın o başında -

səni neçə şahlar satıb,

Qadın,

necə şairlər qələmə alıb,

səni bütün kişilər

sevib-aldadıb,

Qadın...

Dünyanın bu başında -

mənə ancaq üzr istəmək qalıb

sənin qarşında...



***

Dünən bir yağış yağdı -

Uşaq noğulu,

damlaları tərli,

yol yorğunu;

Yerə düşən kimi

biri qaçıb

dənizin kirli üz-gözünü təmizlədi,

islanmasın deyə,

tindəki heykəl

əlindəki kitabı

qoltuğunda gizlədi...

Deyirəm, imkan olsa,

bir gün yığışıb -

mahnı kimi

təzədən sifariş verək bu yağışı!

Dünən bir yağış yağdı -

dizimdəki quru yelə,

adam qocalanda

axsamır ha,

sadəcə, ayağını sürüyür

son mənzilə...



***

Mənimki

tək adamlarla yox,

heç heyvanlarla da tutmur...

Bir məktəb payızı -

kəndimizdən köçməsinlər deyə

qara daşı o üzünə çevirdim,

amma durnalar geri dönmədi...

Bir əsgər yayı -

azdığım səhrada

boz küçüklə rastlaşdıq -

mən sevincdən hürdüm,

amma o, şeir demədi

(ta üçüncünü dənəmədim)...

İndi axşamlar

sahilə gedirəm,

oturub qumun üstündə

dənizdə batan

qayaya dua edirəm...

# 2496 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər