Gənc yazardan yeni hekayə: Şlaqbaum

Gənc yazardan yeni hekayə: Şlaqbaum
8 may 2021
# 15:39

Kulis.az gənc yazar Orxan Cuvarlının yeni "Şlaqbaum" hekayəsini təqdim edir.

- Tak-tak-tak.

Pəncərədən gələn taqqıltı səsi onu yuxudan oyatdı. Sərsəm halda yuxuya nə zaman getdiyini xatırlamaq istəsə də, aydınlaşdıra bilmədi. Yuxudan hər qəfil oyanışında belə olurdu. Çətinliklə də olsa, yuxunun caynağına keçdiyi anı yadına sala bilmirdi. Gözlərini ovuşdura-ovuşdura bir daha xatırlamağa çalışdı. Daha bir dəfə, daha bir dəfə…

- Tak-tak-tak.

Pəncərədən daha bir taqqıltı eşidildi. Səsi lap unutmuşdu. Kim ola?! Dəstəyi burub özünə çəkdi. Aralı pəncərədən tanış eynəkli sima boylandı.

- Ay salamməleyküm, Şərəf dayı. Hər vaxtın xeyir!

- Aqibətin xeyir, oğul bala, buyur, keç içəri.

Uğurun gülümsər çöhrəsi bu xırda pəncərədə tez-tez görünürdü. Heç vaxt əliboş gəlməzdi. Pəncərədən qəzetə bükülmüş təndir çörəyini içəri uzatdı. Çörəyin ətri otağı bürüdü.

Kirimişcə qapını aralayıb içəri keçdi. Qapını həmişə belə diqqətlə, səmirsiz açardı - elə bil qapıdan üzr istəyirdi. Utancaq idi. Danışanda çox vaxt adamın üzünə baxmazdı. Əlvan rənglərdə geyinməyi xoşlayırdı. Həmişə zövqlü geyim məsələsinə xüsusi diqqət yetirirdi. Yenə həmənki səliqəsində idi. Sarı paltosunu və şlyapasını ehmalca asılqandan asdı. Toxunma qırmızı şərfini nədənsə çıxarmadı.

- Çəliyin əskikdir, Kamal paşa! - Şərəf siqaret çəkənlərə xas xırıltılı səslə Uğura sataşdı.

Həmişəki zarafatları idi. Geyim-keçiminə görə onu Atatürkə oxşadırdı. Uğur ucaboy idi, yaraşıqlı sifəti vardı. Həqiqətən də, yerişində alicənab bir əda, qəribə bir şəst hiss olunurdu. Gur saçlarını arxaya darayırdı. Eynəyinin arxasındakı gözləri yorğun və ağıllı görünürdü.

- Şərəf dayı, o qədər deyəcəksən ki, axırda mən də çəliklə gəzəcəm. - Uğur gülə-gülə bunu deyəndə artıq masanın arxasında əyləşmişdi. Şərfinin ucuyla buğlu eynəyini silirdi.

- Uğur bala, deyəsən yenə dözə bilməmisən? - Şərəf başıyla çörəyin qırağını işarə etdi.

- Demə e, Şərəf dayı. Bilirsən də, təndir çörəyi zəif yerimdir, illah da təzə bişə.

- Hələ bu nədir ki?! Rəhmətlik nənəmin təndirəsərdə yapdığı çörəkləri yesən, bunlara gözünün ucuyla da baxmazdın.

Şərəf bunu deyəndə artıq çörəyin bir qırağından da o qoparmışdı. Çeynəyə-çeynəyə davam etdi:

- Uğur bala, hər şeyin ən gözəli bizim çağlarda qaldı. Yağın ən yaxşısı, balın ən təmizi, çörəyin ən ətirlisi, ətin ən ləzzətlisi, meyvə-tərəvəzin ən dadlısı.

- Şərəf dayı, atam da o vaxtlardan həsədlə danışardı.

- Ay atan rəhmətlik! Özgə vədə idi, oğul. Adamları da başqa idi. İndi ara qarışıb, məzhəb itib.

- Ehh, indi az qala hamı bir-birinə nifrət edir, - Uğur dərindən köks ötürüb çörəyi tən ortadan böldü. Xırçıltını hər ikisi eşitdi.

Şərəf ayağa qalxıb çaydanın altını yandırdı. Səhərlər tünd çay içməsə, günü yaxşı keçmirdi. Dar macalda da olsa, mütləq bir stəkan çayı başına çəkməli idi. Xırda soyuducuya tərəf əyildi, bir boşqab doğranmış pendir və yağı götürüb masaya düzdü. Yarılanmış cem bankasını Uğura uzatdı. Bu soyuducuda nə də olmasa, məşğulat etməyə həmişə nəsə tapılırdı.

- Uğur bala, gör sənə nə çay dəmləyəcəm. Rayondan gətizdirmişəm. Qiyamət çaydır.

Uğurun başı yeməyə qarışmışdı. Xırda pendir dilimlərini səliqəylə çörəyin arasına doldururdu. Şərəfin uşaqlıq vaxtları yadına düşdü. Nənəsi hər yuxa bişirəndə dürməkləyib ona verirdi. O dürməyin dadını dünyanın heç bir ləzzətinə dəyişməzdi. Üzündə təbəssüm bunları fikirləşə-fikirləşə çay süzməyə başladı.

- Şərəf dayı, sənə də əziyyət verirəm, halal elə.

- Əşi, nə əziyyət, daş daşımıram ki, ay canım? Bu otaqda tək oturmaqdan lap başıma hava gəlib.

Şərəfin otaq dediyi yer vur-tut dörd-beş metrlik bir budka idi. Şərəf məhəllənin qarovulçusu idi. Kənar maşınları, şəxsləri məhəlləyə buraxmırdı. Növbəli şəkildə işləsə də, iş yoldaşı möhkəm xəstələnmişdi. Neçə gündür işə o çıxırdı. Maaşı bir şey olmasa da, başını girləyirdi. Pensiyasını da hesaba qatanda gəlirini tək adam üçün ortabab qazanc saymaq olardı.

- Bəs Fərəc haralardadır? - Uğur qabağındakı pürrəngi çaydan bir qurtum alıb soruşdu. Çayın əntiqə ətri vardı.

- Yamanca soyuqlayıb. Bayaq zəng eləmişdi. Zarıya-zarıya dil-ağız elədi ki, bir-iki gün də yola verim. Bircə evə getsəydim, arxayın yatardım.

Şərəfin evi uzaqda deyildi. Axşam, ya səhər növbəni dəyişəndə on-on beş dəqiqə şam ağaclarının altı ilə üzü evinə tərəf gedirdi. Özü də yeriməkdə pərgar idi. Yaşına uymayan qıvraqlığı vardı. Hərdən elə olurdu ki, növbədən çıxsa da, yorğunluq hiss eləmirdi. Onda şəhəri gəzmək həvəsi yaxasını buraxmırdı.

Şərəf ata tərəfdən bakılı idi, bir neçə il rayonda nənəsinin himayəsində qalsa da, sonralar şəhərə qayıtmışdı. Onu əsl Bakı vurğunu saymaq olardı. Mətbəxindən dənizinə, neft buruqlarından mazut qoxusuna qədər bu şəhərə aşiq idi. Bakını əlinin içi kimi tanıyırdı, küçələrini əzbər bilirdi. Bunda bir vaxtlar taksi şoferi işləməyinin də payı az deyildi. Şəhəri hər piyada gəzdikcə Bakı haqqında təsəvvürləri daha da aydınlaşırdı.

Bir dəfə Uğura demişdi ki, səhərlər Bakının bütün eyibləri üzə çıxır. Tıxacından səs-küyünə, izdihamlı parklarından ağzına qədər dolu kafelərinə qədər. Bunlar Şərəf kimi yaşı yetmişi haqlamış köhnə bakılılar üçün əməlli əziyyət idi. Ona görə də Bakını gecələr daha çox sevirdi.

Arada Bakının küləksiz, sərin, səmirsiz gecələri olur. Onda vağzal tərəfdən işıq dirəklərinin ölgün, sarı işıqlarının müşayiəti ilə köhnə Basin küçəsinə qalxırdı. Bu gecə gəzintilərində boz asfaltlar, naqolay səkilər, kələ-kötür qəmbərlər addımlarını hey udurdu.

Həvəsi olsa, ordan Şahmat məktəbi tərəfə, sonra İstiqlaliyyət küçəsinə, ordan da Filarmoniya bağına, bulvara keçirdi.

Həmin gecələrdə küçələrdə bir insan hənirtisi də duymaq olmur. Şəhərin asudə yolları, işıltılı vitrinləri, boş parkları onda daha xoş görkəmə bürünür, Bakının bənzərsiz, saf gözəlliyi onda daha çox gözə görünür.

Sahildəki skamyalardan birinə dirsəklənəndə xəfif gilavar üzünə vurduqca başa düşürdü ki, istəsə də bu şəhərdən ayrıla bilməz. Arada xam xəyallara düşürdü. Oğul-uşaqdan heç nəyi yox idi. Bəlkə də, Uğura və onun yaşlarında olan gənclərə ürəkdolusu, yanğı ilə oğul bala deməsi də buna görə idi. Həyat yoldaşı on il olardı ki, rəhmətə getmişdi. Hərdənbir uşaqlıq dostları onu Rusiyaya, Türkiyəyə, Makedoniyaya və başqa ölkələrə dəvət edirdi.

Amma Xəzərin sahilinin mehli, küləkli, ilıq, yağmurlu, dumanlı, ayazlı gecələrində tək biletlik gediş düşüncələri, bir də qayıtmamaq ehtimalları arabir Nargin tərəfdəki buylardan gələn səs, uzaqdan verilən gəmi fitləri ilə birlikdə Xəzərə tökülürdü.

Onda zehni durulurdu və aydın şəkildə başa düşürdü ki, Xəzər təkcə dünyanın ən böyük gölü deyil və okeana çıxışının olmamasının elə də əhəmiyyəti yoxdur.

Belə səfərlərdə beynində ağlına haradan ilişdiyini bilmədiyi bir şeir fırlanırdı:

“Ufuklardan ufuklara
ordu ordu köpüklü mor dalgalar koşuyordu;
Hazer rüzgârların dilini konuşuyor balam,
konuşup coşuyordu!
Kim demiş `çört vazmi!`
Hazer ölü bir göle benzer!
Uçsuz bucaksız başı boş tuzlu bir sudur Hazer!
Hazerde dost gezer, e.....y! ..
düşman gezer!”

Uğurun gümrah səsi qulaqbatıran sükutu pozdu və onu reallığa qaytardı:

- Şərəf dayı, doğrudan da, əntiqə çay imiş, - Uğur bunu stəkanı tumarlaya-tumarlaya dedi.

İkisi də siqnal səsinə dik atıldı. Uğur pəncərədən tanış Mersedesin nömrəsinə baxdı:

- 755-dir, Şərəf dayı.

Şərəf yanındakı düyməni sıxdı. Şlaqbaum asta-asta qalxmağa başladı. Sükanın arxasındakı şişman gənc qırıq siqnalla təşəkkür edib məhəlləyə girdi.

- Səndən yaxşı olmasın, yaman mərifətli oğlandır. - Şərəf cemi çörəyə yaxa-yaxa razılıq əlaməti kimi başını yellədi.

- Hə, o gün həyətdə rastlaşdıq, hal-əhval tutduq. Təzə köçüblər, mənim üst qonşum imiş. Yaxşı cərrahdı, deyirlər.

- Yox əşi, bizim bu toppuş? - Şərəf gülə-gülə xəbər aldı.

- Adlı-sanlı ürək həkimi imiş. Ölünü dirildənlərdən. Almaniyada oxuyub. Bəlkə, anamı da yanına apardım. - Uğur bunu deyib burnunun ucuna sürüşmüş eynəyini barmağıyla geri itələdi.

Uğur da bu məhəllədə yaşayırdı. Atasını üç il əvvəl itirmişdi. Evin bütün yükü ailənin aman-zaman bircə balasının çiyinlərində idi. O gün bu gündür, anasının səhhəti hər keçən gün pisləşirdi. Müalicə, dava-dərman yazığı lap heydən salmışdı. Günbəgün anasının göz görə-görə əriməyi onu lap sarsıdırdı.

- Əminə bacı neynir? - Şərəf bir siqaret odladı.

- Həmişəki kimi. Şikayətləri yaman artıb, kəsilə-kəsilə qalmışam, - Uğur baxışlarıyla icazə alıb cibindəki qutudan siqaret çıxardı. Kibriti çəkdi, dərin bir qullab vurub gözlərini qıydı, divara zilləndi. Uzun müddət gözünü bir nöqtədən ayırmadı.

- Dərd eləmə, oğul bala. Dərd verən Allah dərmanını da verir. Həm demirsənmi yaxşı həkimdi?

Uğuru sıxıb-sıxcalayan həkim tapmaq problemi yox, maddi məsələlər idi. Atası öləndən sonra atasının şəriki ailələrinə düşmən kəsilmişdi. Atasının inşaat şirkəti vardı. Kişinin qılıncının dalı da kəsirdi, qabağı da. Yaşadıqları bu binanı da o şirkət tikmişdi. Onu mühəndislik oxumağa da elə atası məcbur eləmişdi, İtaliyanın ən şöhrətli universitetlərindən birində oxutmuşdu. O da çalışqan idi, heç vaxt üzlərini qara eləmədi.

Nə vaxt ki şəriklərinin yaramaz əməlləri üzə çıxdı, vergi məsələlərində ilişdilər. Atası halal adam idi, buna dözə bilmədi. Günlərin birində iş yerindəcə keçindi.

Əllərində-ovuclarında olan hər şey məhkəmələrdə əllərindən çıxdı. Bircə bu ev qalmışdı. Əminə xanımın qızılları da satılıb qurtarmaq üzrə idi. Uğur axırıncı bazarlığı da anasının qolbağını satıb etmişdi. Amma atasının şərikinin - Kərimovun səbəbsiz hirsi keçmək, ürəyi soyumaq bilmirdi ki bilmirdi. Sanki bütün bu yaramazlıqların, haqsızlıqların baiskarı Uğur idi. Bunlar azmış kimi, atasının ona iki yüz min manat borclu olduğunu müxtəlif adamları araya salıb tez-tez Uğura çatdırırdı.

- Bir qapı açılmır, Şərəf dayı. Hansı qapıya əl uzadıramsa, üzümə bağlanır.

- Hər qışdan sonra bir bahar olur, oğul, ürəyini sıxma. Axırıncı görüş nooldu? Oğlansan, ya qız?!

- Hər şey yaxşı başlayır. İşə dəvət edirlər, gedirəm. Danışırıq, maaşı, işi razılaşırıq. Deyirlər ki, bizdən xəbər gözlə. Sonra yerli-dibli yoxa çıxırlar. Elə bil belə söhbət heç olmayıb. - Uğur siqaretdən son qullabı acgözlüklə aldı. Burun pərələri genişləndi, burnundan tüstü həlqəsi çıxarıb siqaret kötüyünü külqabıya basdı.

Şərəf bayaqdan onu müşahidə edirdi. Hərəkətlərində nəsə bir əsəbilik var idi. Danışdıqca özünü cilovlaya, təmkinini qoruya bilmirdi. Gözaltı torbaları şişkin görünürdü. Deyərdin, illərin yorğunudur. Elə bil ki, dünyanın bütün qəm-qüssəsi bu torbalarda cəm olmuşdu. Baxışlarında çarəsizlik, boşluq sezilirdi. Şərəf uşaq deyildi, qazdan ayıq idi. Az şey xəbər alsa da, çox şey bilirdi.

- Yaxşı, bəs bu alçaq səndən nə istəyir?!

- Heç özü də bilmir ki, nəyin ədavətini aparır.

Kərimov sonralar necəsə yol-yolağasını tapıb vergi dolaşığından çıxa bilmişdi. Dövran onun dövranı idi. Sözü hər yerdə keçirdi. İndi ona gözün üstə qaşın var deyən tapılmazdı. Bütün bu naməlumluqlarda şübhəsiz ki, onun barmağı var idi. Bu, fərziyyə, güman deyildi. Uğur fərqli adamlardan eşitmişdi ki, Kərimov görüşməyə getdiyi şirkətlərin müdirlərinə əməlli göz ağardır, hədə-qorxu gəlir. Yoxsa o heç də bacarıqsız mühəndis deyildi. Uşaqlıqdan bu mühitin içində böyüməsi onu daha da təcrübəli etmişdi. Bu sahənin cikini də, bikini də bilirdi. Xaricdə aldığı təhsil, qatıldığı seminarlar, beynəlxalq konfranslar onu erkən püxtələşdirmişdi.

Yenə siqnal səsi gəldi. Uğur pəncərə tərəfə əyildi:

- 424-dür, Şərəf dayı.

Şərəf düyməni basdı. Şlaqbaum yorğun-yorğun yuxarı qalxdı. Xanım sürücü zərif bir təbəssümlə minnətdarlıq etdi. Şlaqbaum eyni yorğunluqla enməyə başladı.

Şərəf bu təkrarlanan prosesdən heç vaxt sıxılmazdı. Hərdən elə olurdu ki, təklikdən cəzanə gəlib şlaqbaumla danışmağa başlayırdı:

- Hə, nə deyirsən, Şlaqbaum müəllim, bu yoldaşı buraxaq?

- Şlaqbaum müəllim, qaşqabağın yerlə gedir, kim damağına dəyib?

Bir dəfə Uğur təsadüfən bu birtərəfli dialoqun şahidi olmuşdu. Sonra ikisi də uğunub getdilər. Arada o da içəri girəndə zarafata salıb şlaqbauma da təzim edib, salam verirdi:

- Əlahəzrət Şlaqbaum müəllim, sizi də xoş gördük.

Şərəf əlinin altındakı düymənin yerini əzbər bilirdi. Hərdən gecələr çimir eləyəndə bu prosesi qeyri-ixtiyari icra edirdi. Arada evində yatanda çarpayının müxtəlif hissələrini düymə bilib sıxırdı.

- Ay səni evinəcən, Kərimov. Deməli, oğlu yaşda uşaqla ədavət aparır, həmi?!

- Kərimov lap sənin bu şlaqbaumun kimidir, Şərəf dayı. Həmişə mənim önümdə əngəl olacaq. Tək fərqi odur ki, düyməsi yoxdur, olmayacaq da.

Qapı açıldı. İkisi də bu dəvətsiz qonağa sarı qanrıldılar.

- Ay salamməleyküm, Şərəf kişi, Uğur kişi!

Əhməd idi - məhlənin boşboğaz sakinlərindən biri. Otağa girən kimi öskürə-öskürə içəridəki tüstünü əliylə sağa-sola dağıtdı. Elə bil milçək qovalayırdı.

- Rəhmətliyin balaları, az o ciyərlərinizə zülm edin, - kəlmə-kəlmə öskürməyə davam etdi.

Bu qəfil gəliş nə Uğuru, nə də Şərəfi açdı. Əhməd çənəsinin çüyü çıxana qədər adamın ürəyini çəkirdi. Oğul lazım idi ki, onun zarafatlarını, söhbətləri arasındakı rabitəni tuta bilsin. Birini qoyub başqasına keçirdi.

- Ay Uğur kişi, haralardasan, görünmürsən heç?

“Kişi” sözü Əhmədin leksikonunun ayrılmaz tərkibi idi. Bütün həmcinslərinin adının axırına mütləq bunu əlavə edirdi: Şərəf kişi, Uğur kişi, filankəs kişi, bəhmankəs kişi... Hərdən Şərəfə elə gəlirdi ki, bu sözü Əhmədin dilindən alsan kimsəsiz, yalın bir adama çevrilər.

Uğur cavab vermək xətrinə dodaqaltı nəsə mızıldandı. Əhməd əl çəkənə oxşamırdı:

- Sənin dədən əsl kişi idi. Aydın kişi olmasa belə təmiz, səfalı məhəlləmiz olmazdı. Allah onun qalan ömrünü sənə versin, Uğur kişi. Düz demirəmmi, Şərəf kişi?

- Lap düz buyurursan. - Şərəf bunu elə bir ötkəm səslə dedi ki, Əhmədin cınqırı çıxmadı.

Boşboğaz olsa da, Əhmədin Uğurun atası haqqında dedikləri tam həqiqət idi. Aydın kişi ağsaqqal adam idi, kamalı, ədəbi vardı. Böyüklə böyük idi, kiçiklə kiçik. Bina tikiləndən sonra icra başçısı ilə danışıb məhəlləni abadlaşdırmışdı, balaca bir park saldırmışdı. Qaş qaralanda təqaüdçü qocalar ikibir-üçbir axşam gəzintisinə çıxırdı. Uşaqların cingiltili gülüşləri parkı başına alırdı. Aydın kişinin xətrini bütün məhəllə istəyirdi. Məhəllədəki ağbirçəklər arabir Uğuru görən kimi hal-əhval tuturdular. Həmişə də söhbətləri eyni cümlə ilə bitirdi: “Sənin atan evdən yox, eldən gedib, oğul”.

Bütün bu xoş sözlər, şübhəsiz ki, Uğurun ürəyincə idi. Şərəfin ona qarşı həlim münasibəti də haradasa Aydın kişiyə minnətdarlığının bir təzahürü idi. Uğur da çox yönü ilə onu xatırladırdı.

- Ay Şərəf kişi, sənə zəhmət, bizim o əmanəti verə bilərsənmi? - Əhməd dəvətsiz-filansız çörəkdən bir qırıq qoparıb cem sürtdü.

Bura təkcə qarovul növbətçisinin budkası yox, həm də məhəllə sakinlərinin saxlanc yeri kimi idi. Şərəf də buna öyrəşmişdi. Masanın siyirməsindən cığaraya bükülü bağlamanı Əhmədə uzatdı.

- Sağ olasan, Şərəf kişi. Bircə bu cemlərin sirrini demədin ki, arvada öyrədək, - Əhməd şaqqanaq çəkib güldü.

Sapsarı dişlərinin arasındakı tək qızıl dişi görkəmini daha da eybəcərləşdirirdi. Gec də olsa, otaqdakı gərginliyi o da duydu. Özü soruşub, özü cavab verirdi. Əhmədin üzünün suyu o qədər tökülmüşdü ki, bir az tələsməsə, burda saatlarla çənə döyə bilərdi.

- Yaxşı, kişilər. Mən getdim. Allah amanında!

Əhmədin sısqa çiyinləri qapının arxasında görünməz olandan sonra Şərəf iki əlini bir-birinə möhkəm çırpdı:

- Pah atonnan! Səy oğlu səy, axşam-axşam baş-beynimizi nətər apardı, əəə.

- Sən də böyük səbr yiyəsi imişsən, Şərəf dayı. - Uğur gicgahlarını ovuşdura-ovuşdura dedi.

Otaqdakı gərginlik pillə-pillə azaldı. Şərəf bir siqaret daha yandırdı.

- Bu axmaq sitizəni rədd elə, öyrənmiş canam. Bəs neyləmək fikrin var, oğul bala?

Uğur çiyinlərini çəkdi. Bu hərəkətdə nəsə bir qədərə təslimiyyət, mütilik hiss olunurdu. Fağırlaşdı, susdu, masanın kənarını tumarlaya-tumarlaya bir müddət heç danışmadı. Özü burda olsa da, fikri, xəyalı çox-çox uzaqlarda idi. Qərarlaşdıra bilmirdi ki, iki yüz min manatı haradan, necə tapsın?

Birdən nəsə xatırladı, tələsik cibindən çıxardığı şax, qırmızı yüzlüyü masanın üstünə qoydu:

- Şərəf dayı, çox sağ ol, çətin vaxtımda vermişdin.

- Ay zalım, bu işsiz-gücsüz vədəndə hara tələsirsən? Qoy cibinə, tələsən yerimiz yoxdur ha. - Şərəfin üz cizgiləri ciddiləşdi. Həqiqətən də, bu ani hərəkət heç ürəyincə olmamışdı. Bu yüzlüyün Uğurun cibindəki son pul olduğunu bilsə, heç bir qüvvə onu pulu götürməyə razı sala bilməzdi.

- Şərəf dayı, vallah, varımdır, utansam, heç götürərdim? Götür, olmasa, yenə istəyərəm, - Uğur israr etdi. O qədər israrlı idi ki, yalan danışdığını heç kim anlaya bilməzdi.

Təkidləri, inadı qırılmaq bilmədi. Şərəf narazı halda siyirmənin gözünü çəkib pulu bloknotun üstünə qoydu.

- Oğul bala, amma söz ver ki, nə vaxt, nə lazım olsa, dayın burdadır, ölməyib. Gəl, istə, çəkinmə. Cavansan, yüz dərdin-odun var. Mən qoca kişiyəm, pul nəyimə gərək? Bizdən keçdi, bala. - Şərəf bu sözləri şaqraq səslə dedi.

Söhbətə bir az məzə, xoş ovqat qatmaq istəyirdi. Uğurun dilxorluğu heç xoşuna gəlməmişdi. Gözləri çox sönük görünürdü. Onun şad-şalayın vaxtlarını da xatırlayırdı. Həmişə ağ “Prado”su ilə harasa tələsərdi. Amma Allah var, hər zaman arada hörmət-izzət saxlayıb, salam-kalamı əskik etməyib. İndi onu əlini hər şeydən üzmüş vəziyyətdə görmək ağır gəlirdi.

Uğur sağollaşıb gedəndə axşamüstü idi.

***
Bakının hündürlükdən necə də qəsvətli göründüyünü Uğur ilk dəfə idi ki, hiss edirdi.

Göz işlədikcə uzanan, kibrit dənələrini xatırladan göydələnlər gecənin sərt ayazında sanki bir-birinə qısılmışdı. Tikililəri müqayisə etməyə başladı. Görəsən, bu tikililərdən neçəsini atasının şirkəti tikmişdi? Hündürmərtəbəli binaların arasında təzə tikilməyə başlayan binaların yaratdığı mənzərə sağlam dişlərin arasındakı mırıq diş kimi idi. Burda da peşəsindən əl çəkmirdi. Görəsən, soldakı binanın tikinti materialları hansı ölkədən gətirilib? Görəsən, bu binanın tikilməsi neçəyə başa gəlib? Bəs arxadakı o bina niyə çəpəki durur? Ən sağdakı bina yaman axar-baxarlıdır. Görəsən, bu binalardakı mənzillərdən birini iki yüz min manata satıb borcları bağlamaq olar?

Beynini gəmirən bütün fikirləri qovmaq istədi. Amma bacarmırdı, Bakının əzəmətli görünüşünə bu qəlbilikdən doyunca baxmaq, düşünmək istəyirdi. Darıxırdı, çox darıxırdı. Binalarının ən uca təpəsində həyatını çək-çevir edirdi. Amma heç olmasa bir anlıq hər şeyi – işsizliyini, üzləşdiyi haqsızlıqları, rastına çıxan idbar adamları, anasının xəstəliyini, borclarını unutmaq istəyirdi.

İndi, bax elə bu dəqiqə onun kimi yüzlərlə darıxan adam var. Biri telekanalları çevirib müxtəlif reklamlara, filmlərə, verilişlərə ötəri nəzər salır, biri pəncərəni açıb qarşıdakı binanın işıqlarına baxır, biri eyvanda siqaret çəkir, biri ulduzları sayır, biri sükana tumar çəkə-çəkə işıqforun dairəsindəki qırmızı işığın haçan yaşılla əvəzlənəcəyini gözləyir.... Yüzlərlə, minlərlə darıxan adam. Bax, o darıxanlardan daha biri çox uzaqda yox, bir neçə metr aşağıda, şlaqbaumun düyməsini haçan sıxacağını düşünür. Bir az əyilib budkaya tərəf baxmaq istədi. Məsafədən gözü qaraldı, başı hərləndi. Uşaqlıqdan yüksəklik qorxusu var idi. Özünü ələ almağa çalışdı. Burdan baxanda şlaqbaum iynəni, budka nöqtəni xatırladırdı. Məhəllə adamsız idi. Ağaclar arabir əsən küləyin təsiri ilə xısın-xısın sağa-sola əyilirdi.

Gözlərini yumdu. Bəs anası neyləsin?! Ürək həqiqətən də, saat kimidir. Bir gün daşı yatır. Di gəl ki, saatın daşını dəyişmək mümkün olur. Ürəyə güvənmək olmur. Niyə belə oldu axı? Niyə?!

Bir anlıq gözlərini yumub İtaliya günlərinə qayıtdı. Oradakı həyatı lent kimi gözünün qabağından keçdi - Romada, Milanda getdiyi operalar, daddığı şərablar və qadınlar, yediyi pizzalar, yerli pendirlər, rennesans tablosu italyan qızları, sədaqətli dostluqları, gərgin dərs qrafiki, məşq günləri, yay səyahətləri, kitab təqdimatları, film gecələri, hər şey, hər şey... Qayğısız günlər. Təkcə bu günü yaşamaq, dünəni eyninə almamaq, sabahı fikirləşməmək.

Gecənin ayazı iliklərinə qədər işləyirdi. Soyuqdan dodaqları səyriməyə başlamışdı. Son dəfə anasını düşündü, Bakının uzandıqca uzanan gecə görkəminə qibtəylə baxdı. Şərəf haqlı idi. Bakının eyibləri səhərlər üzə çıxır. Gecə şəhərin çiyinlərinə məsum, saf bir pərdə asmışdı. Acı-acı gülümsündü. Gözlərini yumdu, ayaqlarını yerdən üzdü.

***
Şərəf radioda eşələnməkdən birtəhər olmuşdu. Aparıcıların oxşar tonlarından yaman bezmişdi. Dalğada maraqlı mahnı axtarışında idi. Radionun xırıltılı səsində, gecə seanslarında bir ürəkaçan nota rast gələ bilmirdi. Birdən radiodan “Bayatılar” eşidildi. Kişi sevincək oldu. Uşaq kimi əl çaldı. Zümzüməylə mahnıya qoşuldu, bilmədiyi hissələri mızıldanıb ötüşdürürdü.

“…Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var…”

Mahnı tam da havaya uyğun idi. Doğrudan da, nə qış getmişdi, nə də yaz görünürdü.

Qəfil tappıltıya diksindi. Tez radionun səsini aldı. Nə idi belə?! Əvvəl ağlına gəldi ki, bəlkə, pişiklər yenə nəyisə aşırdı?

Yun sırıqlısını geyinib qapıya tərəf getdi.

Yer ayaqlarının altından qaçdı. Başını əllərinin arasına aldı, dizləri üstə yerə çökdü. Sarı palto əlvanlığını itirmişdi, elə bil gecə kimi solğunlaşmışdı. Yaş asfalt Uğurun şərfinin rəngini almağa başlamışdı. Qırıq eynəyə və bir az aralıda tərs çevrilən şlyapaya baxmağa ürəyi gəlmədi.

Səssiz-səmirsiz ağlamağa başladı. Qıraqdan çiyinlərinin atılıb-düşməsindən ağladığını anlamaq olardı.

Birdən Şərəfə elə gəldi ki, Yer üzündə ondan və şlaqbaumdan başqa Uğura ağlayan kimsə yoxdur.

***

Polis sirenalarının cingiltili səsi gecənin tükürpədən sükutunu dəlib keçdi.

Gecə idi.

Bakı hər səfərkindən daha səssiz görünürdü.

Kazan / 2021

# 5347 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #