Elə bilirdim ki, Kamal Abdulla... - Ulucay Akif yazır...

Ulucay Akif, Kamal Abdulla

Ulucay Akif, Kamal Abdulla

20 sentyabr 2022
# 15:00

Kulis.az Ulucay Akifin ““Sehrbazlar dərəsi” romanı haqqında” yazısını təqdim edir.

Yazıya başlar-başlamaz demək istəyirəm ki, biriminci dəfədir hansısa əsər haqqında məqalə yazıram. Niyə bu qərara gəldiyimi soruşsanız, etiraf etməkdən də çəkinmərəm.

İndiyə kimi Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında həmişə mənfi düşüncədə olmuşam. Çünki oxuduğum heç bir hekayəsində məni təəccübləndirə bilməmişdi (düzdür, bütün hekayələrini oxuduğumu desəm, yalan olar), hətta hekayələrin mövzularının köhnəliyi, bədii məziyyətlərinin olmamağı məni çox qıcıqlandırmışdı.

Kamal Abdullanın istedadsızlığına şəkki-şübhəm yox idi. Hətta düşünürdüm ki, onun əsərlərini tərifləyənlərin hamısı bunu vəzifəsinə, puluna görə edir.

Bu fikirlərim müəllifin “Sehrbazlar dərəsi” romanını oxuyandan sonra alt-üst olmadımı, oldu. Elə bir axşamçağı iş yoldaşım Vüqar Babazadəyə dedim ki, sabah işə gələndə Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanını gətir, görüm nə yazıb? “Görüm nə yazıb?”. Allah şahiddir ki, belə də dedim.

Vüqar səhəri gün kitabı gətirmədimi, gətirdi. Axşam evdə özümə çay süzüb kitabı qabağıma qoymadımmı, qoydum. Açıb oxumağa başlamadımmı, başladım.

Elə nə oldusa, ondan sonra oldu.

“Kamal Abdulla çox akademik yazır...”

“Dili çox akademikdir, başa düşmək olmur...”

““Qoca qarı nənə” kimi ifadələr işlədir...”

“Cümlə qura bilmir...”

Kamal Abdullanın əsərləri haqqında həmişə ən çox deyilən cümlələr bunlar olub. Ən azından mən bu sözləri eşitmişəm onun yaradıcılığı haqqında. Açığı, müəllifdən oxuduğum heç bir hekayədə bəhs edilən akademik mətni görmədiyim üçün bunun da müəllifi şişirtmək, ya da müdafiə etmək üçün istifadə olunan bir cümlə olduğunu düşünməyə başlamışdım.

“Sehrbazlar dərəsi”ni oxuyandan sonra akademik mətnlə rastlaşdımmı? Qətiyyən! Rastlaşmadım. Müəllifin xeyli təriflənən digər iki romanını (“Yarımçıq əlyazma” və “Unutmağa kimsə yox”) oxumasam da, bu romanda akademiklikdən əsər-əlamət olmadığını əminliklə deyə bilərəm.

Hər halda, akademik mətnin nəyə deyildiyini çox gözəl bilirəm. Akademik üslub, akademik dil daha çox elmi işlərin, elmi məqalələrin, dissertasiyaların, monoqrafiyaların və sair kimi mətnlərin yazılmasında istifadə olunur. “Sehrbazlar dərəsi”ndə belə dil var idimi, yox idi.

Bu barədə o qədər danışmışdılar ki, romanı oxumağa başlamazdan əvvəl xeyli qorxuya qapılmışdım, düşünürdüm romanda məni çox sayda başa düşməyəcəyim termin, ayaq qeydi gözləyir. Qorxumdan qələm-dəftər və izahlı lüğəti yanımda hazır saxlamışdım. Şükür Allaha, hansınasa ehtiyac oldumu, olmadı.

Bəs niyə Kamal Abdullanın mətnlərinə “akademik mətn” damğası yapışdırılır? Daha da qəribə olan isə odur ki, bəzi adamlar bunu müəllifi tərifləmək, digərləri isə tənqid etmək üçün deyir. Deyəsən, müəllifin özü də əsərlərinin dilinin akademik olması fikrini şəxsinə tərif kimi qəbul edir. Yəqin, buna səbəb də müəllifin həm də akademik (vurğu üçüncü hecada) olmasıdır. Qoy Kamal Abdulla elə düşünməyində olsun, amma yenə özümə zərrə şübhə etmədən deyə bilərəm ki, oxuduğum romanda akademiklikdən əsər-əlamət görmədim və buna sevindim.

Müəllifi və haqqında deyilənləri bir qırağa qoyub mətnə keçməyin zamanıdır.

“Sehbazlar dərəsi”nin dili akademik deyilsə, nədir? Əsərin dili nağıl dilidir. Həm də nağıllara xas olmayacaq dərəcədə çox poetik bir dil. Bu xoşuma gəlmədimi, gəldi. Bir şairi poetik dildən çox nə sevindirə bilər ki?

Bu romanın dilinin nağıl dilindən əsas fərqi isə odur ki, nağıl dili yüyrək olar deyiblər, amma "Sehrbazlar dərəsi"nin dili heç yüyrək deyil. Mətnin kələ-kötürlüyü oxucunun "qaçmağına" imkan vermir. Az qalsın hər cümlədə hansısa səhv yerə qoyulmuş sözə ilişib üzüstə dəyirsən yerə, özü də guppultuynan.

Etiraf edirəm ki, romanın ilk 2-3 səhifəsini məhz bu kələ-kötürlüyə görə zorla oxudum, hətta bir ara istədim kitabı vıyıldadım bir qırağa, amma sonra bunun müəllifə haqsızlıq olacağını düşünüb dişimi dişimə sıxdım və oxumağa davam elədim.

Qələmlə hər səhv qurulmuş cümlənin altından qalın xətt çəkə-çəkə “ahaaa” deyib qımışırdım. Həmin cümlələrdən sadəcə birini nəzərinizə çatdırıram:

“Şahın özünün isə ünvanına qara daşlar kimi xoşagəlməz kəlmələr yuxarıdan aşağı atmışdılar”

Gördüyünüz kimi, cümlədə xəbər mübtədanı, zərflik təyini tanımır. Yəqin, siz də ilişib yıxıldınız.

Müəllif cümlə strukturundan bu qədərmi xəbərsizdir? İnanmıram. Cümlə qurmaqda bu qədərmi acizdir? Buna da qəti inanmıram. Çünki əsərdə ustalıqla qurulmuş digər cümlələr və ən əsası bu cür primitiv səhvlərin çox olması içimdəki tərəddüdü aradan qaldırır. Ən azından romanın redaktoru olan dəyərli Aydın Talıbzadə müəllifin “səhv”lərini göydə tutmuş olmazdımı, olardı.

Bəs nəyinə lazımdır müəllifin bu gedişlər? Açığı, bilmirəm.

Bircə onu bilirəm ki, hər səhv qurulmuş cümlədə hansısa sözə ilişib guppultuynan yerə çırpılandan sonra ayağa qalxıb üst-başımı çırpdım və yoluma davam elədim. Elə 2-3 səhifədən sonra bu yıxılmalar, guppultuyla yerə çırpılmaların narahatlığı məni tərk elədi. Çünki romanın mistik ab-havası məni ovsunlayıb öz arxasınca apardı.

Demək ki, müəllifin mətndə atmosfer yaratmaq bacarığı dil faktorunu üstələyə bilmişdi.

Bəli, "Sehrbazlar dərəsi"nin kələ-kötür dili yüyrək olmasa da, əsərdə baş verən hadisələrin yüyrəkliyi, gərginlik və mistikası, yaradılan atmosfer oxucunu cazibədar pıçıltı ilə arxasınca səsləyir. Sən də həmin pıçıltının dalınca düşüb gah ucsuz-bucaqsız səhraların yolçusu olan karvana qoşulur, gah da şahın ordusu ilə birgə qiyama qalxmış ucqar bir şəhərə hücum edirsən. Gah Cəllad Məmmədqulu olursan, şahın əmrlərini sorğu-sualsız yerinə yetirirsən, Pərnisaya aşiq olursan... Gah da Karvanbaşı olub atanı axtarırsan, onun ruhu ilə danışmaq üçün sehrbazlar dərəsinə gedirsən, intiqam eşqiylə yanırsan... Amma nə sirri-xudadırsa, sehrbaz Səyyah ola bilmirsən ki, olmursan. Yəqin, müəllif özü bunu istəmir.

Müəllifin ustalığının digər göstəricisi isə eyni anda 3-4 hekayəni rahatlıqla biri-birinə calaması və oxucunu (şəxsən, məni) 3-4 hadisədə eyni anda intizarda saxlaya bilməsi idi. Biri-birinə bağlı olan bu hadisələri müəllif peşəkarlıqla toxuyur, ilmələr (keçidlər) arasında heç bir boşluq saxlamır.

Keçidlər və əhvalatlar arasında boşluq saxlamayan müəllifin bu bacarığının sirri də elə romanın sonunda faş olur. Hansı məqamda? Ağ Dərvişin mürşidi Mənuçöhr ibn Sadiqin “dolğun an” söhbətində. Demək ki, müəllif qəhrəmanlarının dilindən zamanın bütöv olduğuna inandığını həm söyləyir, həm də romanın özündə bunu bizə sübut edir. Zaman keçmişdən, bu gündən və gələcəkdən ibarət deyil. Zaman nəhəng bir “bu gün”dən ibarətdir. Nə baş veribsə və nə baş verəcəksə, elə bu gün baş verir.

Böyük şair, romançı, ədəbiyyatşünas və akademik Ahmet Hamdi Tanpınarın şeirindəki kimi:

Ne içindeyim zamanın,
Ne de büsbütün dışında;
Yekpare, geniş bir anın
Parçalanmaz akışında.

# 4976 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #