Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?

Hadisə yaradan hadisəsiz film - Hilal Baydarovun filmləri niyə darıxdırıcıdır?
8 dekabr 2025
# 12:00

Kulis.az Orxan Həsəninin Hilal Baydarovun "Boşluğa xütbə" filmi haqqında təəssürat yazısını təqdim edir.


Keçən həftə “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində Hilal Baydarovun “Boşluğa xütbə” filminin premyerası baş tutdu. Əvvəlcə 82-ci Venesiya Beynəlxalq Film Festivalı, daha sonra isə Tokyo Beynəlxalq Film Festivalı kimi nüfuzlu kino festivallarında göstərilən ekran əsəri nəhayət, Azərbaycan tamaşaçısına təqdim olundu.

Dünyada təsdiqlənib ölkəmizə qayıdan filmlər tamaşaçılar tərəfindən adətən daha böyük rəğbətlə qarşılanır.

Əvvəla onu deyim ki, Hilalın bütün filmlərində ədəbiyyat bir obraz kimi iştirak edir. Qəhrəmanların monoloqları uzun şeirləri xatırladır. Xatırladır, yox, uzun şeirlərdir. Kəsəsi, bu filmlərdə poetik əhval özünü yüksək səviyyədə göstərir.

“Boşluğa xütbə”, düşünürəm, Hilalın əvvəlkilər ilə müqayisədə ədəbiyyatın ən çox iştirak etdiyi, iç-içə keçdiyi filmidir. Şah İsmayıl, Məhəmməd Füzuli, Qaraca çoban kimi obrazlar əsərdə rol alır. Əsas narrativ Şah İsmayılın dirilik suyunu tapmaq üçün yola düşməsidir. O, yola düşür və beləliklə, metafizik-epik bir axtarış başlayır.

Əsas süjet bundan ibarətdir.

Ənənəvi kino həvəskarları, kinoda hadisə axtaran tamaşaçılar üçün bu film diqqət cəlb etməyəcəkdir. Hətta darıxdırıcı da ola bilər. Belə işlərin öz tamaşaçıları var.

Bu, yalnız Azərbaycanda belə deyil. Fransa, İran, Yaponiya, Latın Amerikası, Skandinaviya, hətta ABŞ kimi böyük kino ölkələrində belə poetik və ya “art-house” filmlər həmişə məhdud auditoriyaya xitab edib. Bunun səbəbləri struktur və estetik seçimlərlə bağlıdır.

Kütləvi tamaşaçı ardıcıl hadisə axarı, dinamika, aydın konflikt gözləyir. Poetik kino isə süjeti parçalayır və ya tamamilə başını buraxır. Xatırlatmalıyam ki, belə əsərlər kino sənəti ilə maraqlananlar üçün yaradılıb, gündəlik stresdən qaçmaq, fikrini dağıtmaq istəyən geniş kütlə üçün yox.

“Boşluğa xütbə” də eyni qəbildəndir. O, ənənəvi kinonun üstündən xətt çəkib, kinonu yenidən kəşf edir, yenidən adlandırmağa çalışır.

Ənənəvi kino hadisəni, “Boşluğa xütbə” kimi ekspressiv kinolar isə hissi göstərmək istəyir. Bunu Hilal kəşf etməyib. Antonioni, Tarkovski, Bela Tarr, Godfrey Reggio kimi rejissorların filmlərinə baxanlar üçün söhbətin nədən getdiyi aydın olacaqdır.

Hilal bu janra özünəməxsus bir rəng qatır.

“Boşluğa xütbə"də hər kadr bir cümlədir. Bəzi hissələrdə süjetdən qopmalar olsa da, kadrlar bir növ, şeir misraları kimi ardıcıllıq yaradır.

Azərbaycan kinosu uzun illərdir ki, eyni dairədə fırlanırdı. Sosial dramlar, yerli problemlərin xırda məişət çərçivəsində həlli, nəhayət, dövlət sifarişlərinin ağır, didaktik hekayələri.

Etiraf etməliyik ki, Azərbaycan kinosu illərdir “hiss etdirmək” yox, “izah etmək” prinsipi üstündə gedirdi.

Və birdən-birə bu boşluğa Hilal Baydarov girdi.

Əslində, boşluq demək olmaz.

Azərbaycan poetik kino nümunələri arasında Cəmil Quliyevin “Cansıxıcı əhvalat”, Hüseyn Mehdiyevin “Özgə vaxt”, “Məkanın melodiyası” filmlərinin adını çəkə bilərik.

Hilalın filmləri isə bu janra özünəməxsus bir çalar verdi. Bu cəhdlər uğurludur, uğursuzdur, tamaşaçıya xitab edir, etmir, bunları zaman göstərəcək.

Poetik kino tarixində Tarkovski var, Paracanov var, Anqelopulos var. Hərəsi bir məktəb yaradıb.

Təəssüf ki, bizdə belə davamlılıq yoxdur. Bir rejissor başlayır, digəri başqa yerdən davam edir, amma xətt yaranmır.

Poetik kino üçün ən vacib məqam ardıcıllıqdır. Fikrin irs yaratmasıdır.

Hilalın cəhdlərini cəsarətli və alqışalayiq hesab edirəm və düşünürəm ki, onun filmləri Azərbaycan kinosunda poetik kino ənənə yaradacaq.

# 2721 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər