Dedi: Könlümdə o, gizlicə candır! - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi

Dedi: Könlümdə o, gizlicə candır!  - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi
9 fevral 2026
# 17:00

Bu gün dahi özbək şair və mütəfəkkir Əlişir Nəvainin (1441 – 1501) doğum günüdür.

Kulis.az bu münasibətlə ilk dəfə orijinaldan (qədim özbək dilindən) Akif Azalpın tərcüməsində Əlişir Nəvai “Xəmsə”sindən vəznini saxlamaqla
“Fərhad və Şirin” poemasından Xosrovla Fərhadın deyişməsini təqdim edir.

Şükuhundan yetib Xosrova təsir,
Qılıb eşqin odu könlünü əsir,

Unutdu eyləməyi qətli-bidad,
Onunla sorğu-sual etdi bünyad.

Dedi: Hardansan, ey məcnuni-gümrah?
Dedi: Məcnun vətəndən olmaz agah.

Dedi: Nədir sənə aləmdə peşə?
Dedi: Sevgidə məcnunluq həmişə.

Dedi: Bu işdə zəhmətin əbəsdir.
Dedi: Eşq odu peşəm olsa, bəsdir.

Dedi: Eşqin odundan de fəsanə!
Dedi: Kəs yanmadan tapmaz nişanə.

Dedi ki: Yandığını eylə məlum.
Dedi: Ondan irür tac əhli məhrum.

Dedi: Nə çağdan oldun sevgidən məst?
Dedi ki: Ruh deyildi tənə peyvəst!

Dedi: Bu sevgidən imtina eylə.
Dedi: Bu sözləri özgəyə söylə.

Dedi: Aşiqə nəyin çox əzabı?
Dedi: Firqət günü eşq iztirabı.

Dedi: Eşq əhlinin nədir həyatı?
Dedi: Görüşdə canan iltifatı.

Dedi: Dilbər adın söylərmi yadın?
Dedi: Dil qeyrətindən çəkməz adın!

Dedi: Könlün kimə sirli məkandır?
Dedi: Könlümdə o, gizlicə candır!

Dedi: Vüsalını edirsən arzu?
Dedi: Sevincimin baisidir bu!

Dedi: Yad alsa ləbindən bəhəri,
Dedi: Elə yadın olar zəhəri!

Dedi: Dodağının can alsa dadı,
Dedi: Yalnız budur canım muradı.

Dedi: Köksünü etsə parça-parça?
Dedi: Könlümü də verrəm asanca!

Dedi: Könlünü incitsə cəfası,
Dedi: Canımı da etsin fədası!

Dedi: Eşqin xeyiri yox, ziyandır!
Dedi: Faydası aşiqə əyandır.

Dedi: Bu eşqi atmaq yaxşıraqdır.
Dedi: Bu adət aşiqdən iraqdır.

Dedi: Al zəri, eşqi tut nihanı!
Dedi: Torpağa verməm kimiyanı!

Dedi: Canın fəraqdan bəlakeşdir?
Dedi: Vəslin ümidi var ki, xoşdur!

Dedi: Şahla yarışa etmə vərdiş!
Dedi: Eşq içrə təndir şahla dərviş!

Dedi: Canına sevgidən ələm var.
Dedi: Sevgidə candan kimə qəm var?

Dedi: Ölkə verim, keç bu həvəsdən!
Dedi: Bu xahişi et başqa kəsdən!

Dedi: Eşq içrə qətlin hökm edərəm!
Dedi: Eşqində məqsədə yetərəm.

Dedi: Onda deyil səndən iraq qətl!
Dedi: Bu sözlərindən yaxşıraq qətl!

Çətin keçsə də qızğın sorğu-sual,
Cavablar şahı asan eylədi lal.


# 2454 dəfə oxunub

Oxşar xəbərlər

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

Müdriklik, tənhalıq və ölümün kətan üzərində metaforası - "Bayquşla avtoportret"

11:30 15 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?

17:00 14 avqust 2026
Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri

16:30 14 avqust 2026
Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

Sardanapalın ölümü, Dantenin qayığı və azadlıq barrikadası... - Ejen Delakruanın məşhur əsərləri

16:40 13 avqust 2026
Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

Fransız operasının parlaq imzası - Onu niyə “qadın ruhunun musiqiçisi” adlandırırdılar?

14:50 13 avqust 2026
15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz -  Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

12:00 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər