Bəsdi, türklərə ağzıaçıq baxdınız! – Sənət adamları “Zəhər tuluğu”ndan danışdı

Bəsdi, türklərə ağzıaçıq baxdınız! – Sənət adamları “Zəhər tuluğu”ndan danışdı
23 dekabr 2021
# 15:25

Xəbər verdiyimiz kimi, dünən “Zəhər tuluğu” filminin qala gecəsi keçirildi. Kulis.az qala gecəsində iştirak edən sənət adamlarından film haqda fikirlərini öyrənib. Həmin fikirləri oxucuların diqqətinə çatdırırıq.

Sənubər İskəndərli (Əməkdar artist)

Film çox xoşuma gəldi. Bir nəfəsə baxdım, darıxmadım. Ümumiyyətlə, elə yerlər var idi ki, şairin sözü olmasın, həm kədərləndim, həm düşündüm. Film də ən əsası düşünmək üçündür, insanlara hansısa mesajları ötürmək üçündür. O mesajlar da var idi, mənə görə, hədəfinə də çatdı. Mən düşünürəm ki, bu Talehin indiyə qədər gördüyüm ən uğurlu işi idi. Bəyənmədiyim məqamları deyə bilmərəm. Nəyə görə? Çünki uşaqlar o qədər əziyyət çəkiblər ki... O əziyyətin qarşılığında da dünən zalda hamı ayaqüstü onları alqışladı və bu da o filmin uğuru idi. Xırda qüsurlar hər işdə, hər filmdə var. Bir az da reallıqları da nəzərə almaq lazımdır. Azərbaycan filminin çatışmazlıqlarını da. Amma film çox böyük, uğurlu bir iş idi.

Rafael İsgəndərov (Əməkdar artist)

Əvvəlcə ilin-günün bu vaxtı belə bir film ərsəyə gətirdiklərindən ötrü uşaqlara təşəkkür edirəm. Kinonun, teatrın olmayan vaxtı, pandemiya dövründə, həqiqətən, çox əziyyət çəkiblər, buna görə, zəhmətlərini dəyərləndirmək lazımdır. Dünən filmdən sonra mən Talehə öz iradlarımı demişəm. Həmişə uşaqlardan söyüşdən az istifadə etmələrini xahiş edirəm. Amma dünən gördüm ki, artıq tamaşaçı belə şeylərə normal baxır. Məni narahat edən başqa məsələ isə o oldu ki, söhbət rayonda, kənddə baş verir, amma aktyorlar Bakı ləhcəsi ilə danışır. Ümumilikdə, uşaqlar iş ortaya qoyublar və olduqca uğurlu alınıb. İnsanların drama ehtiyacı var, məncə. Camaat türk seriallarına baxıb ağlayır. Filmi bəyəndim, musiqiləri çox gözəl idi, aktyorlar əla çıxış etdilər, ssenari də yaxşı idi. Ortaya yaxşı iş çıxarmışdılar.

Kənan MM (rejissor)

Mən orda mənfi heç nə görmədim, nə gördümsə, yaxşı idi. Oturub axtarsan, əlbəttə ki, mənfi şeylər taparsan, bu hər şeydə belədir. Amma həqiqətdə insanlar bu işin pərdəarxasını görmürlər, hansı əziyyətlər çəkilir, hansı çətinliklərlə iş başa gəlir, xəbərsizdirlər. Üstəlik, bir söz var, heç xoşuma gəlmir: kommersiya filmi. Bu kommersiya filmi deyildi, normal dram filmi idi. Bir filmin içində həm dram, həm komediya göstərmək çətindir. Aktyor oyunu çox xoşuma gəldi. Hər şeyi çox bəyəndim. Tamaşaçılar deməsinlər ki, bizdə film yoxdur.

Mən paxıl insanam. Sənətdə, paxıllıq edirəm. Bunun adı az paxıllıqdır. Azca paxıllıq olmasa, rəqabət də olmaz, rəqabət olmasa, inkişaf da olmaz. Düşünürəm ki, Talehin bu filmindən sonra tamaşaçılar artıq komediyaya yox, ciddi bir filmə gedəcəklər. Tarantinonun bir sözü var: “Film bitdikdən sonra başlayır”. Mənə elə gəlir, Talehin filmi o filmlərdəndir.

Dilarə Əliyeva (Əməkdar artist)

“Zəhər tuluğu” filmi olduqca səmimi, həyatın özü qədər gerçək bir film idi. Dialoqlar, orda yaşanan hadisələr çox canlıydı. Sosial mesajları olan bir film idi. Aktyorun oyunu olduqca mükəmməl idi. Rejissor işi, səhnələr, - hər şey, hər şey çox inandırıcıydı. Məni həm kövrəltdi, həm qəlbimə toxundu, göz yaşlarıma səbəb oldu. Olduqca gözəl bir iş idi. Filmin yeganə çatışmayan tərəfi hamımızı üzən bir səbəb idi – müasir çatışmazlıq. O müasir çatışmazlıq bəzi məqamlarda görünürdü. Yəqin ki, filmin yaradıcıları da bunu görüblər. Maddi imkanlar daha çox olsaydı, onlar orda daha çox işlər görmüş olardı. Mən istəyərdim ki, bu cür gözəl işlər ortaya qoyan yaradıcı adamlara imkanı olanlar həm maddi, həm mənəvi dəstək versinlər. Film çox uğurlu alınmışdı. Mən hesab edirəm ki, “Zəhər tuluğu” uzun müddət tamaşaçıların yaddaşından silinməyəcək. Belə bir fikir formalaşmışdı ki, dram filmləri kinoteatrda yaxşı izlənmir. “Zəhər tuluğu” bu stereotipi qırdı və göstərdi ki, yaxşı, səmimi, inandırıcı dram filmi tamaşaçını arxasınca aparmağı və kinoteatra gətirməyi bacardı.

Azər Aydəmir (aktyor)

Bilirsiniz, o filmi ərsəyə gətirənlər dostlarımdı, tanışlarımdı, ancaq mənfi bir şey görsəm, bunu mütləq deyəcəkdim. Mənim gözümdə şəxsən bu filmin mənfi heç bir tərəfi yoxdur. Mənim gözümdə ümid var. Nəyə görə? Dünən orda da dedim, bu filmdən sonra digər janrlarla hörmət, diqqət yaranacaq. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, biz komediyadan başqa bir şey bacarmırıq. Ancaq dünən “Zəhər tuluğu” filminin komandası göstərdi ki, bunu bacarmaq olar və indi, bu gündən etibarən digər rejissorlar, ssenaristlər dram janrında, digər janrlarda maraqlı filmlər ərsəyə gətirmək üçün baş sındıracaqlar. Bu bir eksperiment idi və daşın altına ilk əllərini qoyan Orxanla Taleh oldu (Orxan Mərdan və Taleh Yüzbəyov nəzərdə tutulur – red). Necə ki, bunu Türkiyədə etmişdilər. Yeşilçam və Kemal Sunal filmlərindən sonra janrlar şaxələndi və başqa istiqamətlərdə filmlər çəkildi. Bu o demək deyil ki, komediya filmi daha olmayacaq. Amma bundan sonra komediya çəkənlər on dəfə yox, yüz dəfə fikirləşəcəklər. “Zəhər tuluğu” göstərdi ki, kinematoqrafiyamız formalaşır. Orxan Mərdanla Taleh Yüzbəyovun sənət göstərmək kimi bir iddiası yox idi. Sadəcə onlar sübut elədilər ki, bəsdirin ağzıaçıq türklərə baxdınız, biz də bunu bacarırıq.

Aliyə (teatrşünas)

Bütün deyilən və deyiləcək qüsurlara rəğmən, bu başdan deyim ki, "Zəhər tuluğu"nun bir həqiqəti var ki, film müəllifin, müəlliflərin ağrısını ötürə bilib. Bədii həldə təbii ki problemlər var; istər operator işində, istər təsvir həllində, istər səslənmədə, istər dramaturgiyada (bəzi situasiyalar əsaslanmır və ya çox tez açılır və ya sadəcə tamaşaçını məlumatlandırmaq üçündür, öz-özünə yetişmir) istər xarakterlərin işlənməsində (filmin fokuslandığı Adil personajında, - ki hər iki filmin əsas axtarışı onun niyə zəhər tuluğu olması idi, - klişelər və ümumiləşmələr vardı) Qüsurlar var. Lakin zalda tamaşaçıların reaksiyasından da görünürdü ki bu qüsurlara rəğmən film təsirləndirə bilir. Həm klassik tamaşaçı gözləntisi - şərin islah olunması, “happy end” olmasa da, xoş sonluq təmin olunur.

Film Azərbaycan reallığından çıxış edir və bu reallıq üçün spesifik olmayan bir mənzərə situasiya təqdim edir: yad kişi və hamilə qadın xətti birləşir. Və bu sevgi xətti deyil. Məlum olur ki qadın öz qız körpəsini qorumaq üçün çabalayır və zəhər tuluğu kişi ona başda istəməsə də kömək etməli olur. Filmdə cinsi seçicilikdən, insanların bir-birinə qarşı məsuliyyət duymamasından, qurumların insan qarşısında məsuliyyət duymamasından tutmuş, toplumun psixoloji basqısı ilə yaşayan insan probleminədək bir çox məsələlərə toxunulur. Və bütün bunlar bugünkü Azərbaycan cəmiyyəti üçün olduqca aktual olan "insanın dəyəri" mövzusunu fokusa gətirir: cinsindən, situasiyasından, şərtlərdən asılı olmayaraq, necə deyərlər, duran yerdə insanın dəyərli olması. İzlədikcə görürük ki bu, gerçək ağrıdır.

Elə bilirəm, müəlliflər yalnızca bu ağrını ötürə bildiklərinə görə böyük ekranı haqq edirlər. Uğurlu nümayişlər arzulayıram.

# 10157 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #