Babamı güllə öldürdü, nənəmi... - Allahşükür Ağanın yeni şeirləri

Babamı güllə öldürdü, nənəmi... - Allahşükür Ağanın yeni şeirləri
1 sentyabr 2023
# 14:01

Kulis.az Allahşükür Ağanın şeirlərini təqdim edir.

Kənd yolunda araba

Yollarda astaca – astaca gedir
Təkərlərin cırıltısı.
Atır çökəklərə atmaca, gedir.
Çıxıb maşınların yoluna
Upuzun yolları qısaca gedir.

Bir araba yonca,
Yol boyunca,
Arxayınca
Gedir, gedir ləng gedir
Elə bil ki, kənd gedir.

Bir uşaq düşüb dalınca
Biri də üstüncə gedir.
Dəli yoncanın ətri
Şəhər maşınlarını
yenə yaman məst edir.

At arabası,
Ot arabası
Üstündə yabaya bax.
Arabanın işinə bax,
Arabada havaya bax.

Atın iştahası
Qaçir hərdən arxaya,
Bir az keçir yorğaya.
Arabayla bir qaçır,
Uşaqların neçəsi.
Sevindirir hər yanı
Təkərlərin nəğməsi.


Qayıdıram


Atılıb düşürəm
Qayıdıram torpağa.

Küləklər əlim,
Şimşəklər dilim.
Buludlar telim,
Gedirəm torpağa.

Bir az ağlamağımla,
Bir az oynamağımla,
Gedirəm.

Deyirlər torpaqlar azalıb
Qayıdıram torpağa.

Bir parça suyuydum,
Bir qalaq daşıydım,
Bir çəngə buluduydum,
Adam kimi qalxdım ayağa.

Buludlar,
Daşlar,
Sular azalıb
Qayıdıram yerimə...


Bir saata qayıdıram

Açılan səhərlərin atəş üzünə and olsun,
Mən öləndən sonra yazıram şeirlərimi.
Məsələn, bir saatlıq ölürəm.
Gedib şeir gətirirəm bir saatlığa,
Çiçək dəstələri kimi
Sonra dirilirəm.

Mənim şeirlərim bu dünyada olmur,
Ölürəm, açılır başqa bir sabah,
Başqa bir pəncərə…
Ölməklə sağ olmağın arasında
Nazik bir qapı var.
Nə kilidi var, nə açarı.
Gedirəm açılır,
Gəlirəm
Bağlanır.
Dayanın, bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə.
Burda olun,
Bir saata qayıdıram.

Səs salmayın

Xəbər gözləyən nənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki
Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.

Kababı köz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz allah, səs salmayın...

Məsələn

Məsələn deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik-
Bir – birimizi nədən tanıyarıq?

Məsələn, bizim adımız
Nə olar onda.
Sən məni tanımazsan
Mən səni tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.

Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn hələ yatma,
Hələ oyanma.

# 2748 dəfə oxunub

Oxşar xəbərlər

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

15:00 16 mart 2026
Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

16:15 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Mən, sən, o və telefon – Anarın hekayəsi

Mən, sən, o və telefon – Anarın hekayəsi

12:00 14 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər