Adamların içi nəmişlik qoxuyur - Amildən yeni şeirlər

Adamların içi nəmişlik qoxuyur - Amildən yeni şeirlər
25 oktyabr 2021
# 15:45

Kulis.az şair Amil Amalın yeni şeirlərini təqdim edir.

Sudan quruya çıxan
üç yüz milyon illik
amfibiyaların təkamülü kimi
yəqin bir gün
intihar edənlərin də
təkamülü olacaq.

Özünü dənizə atanlar
boğulmayacaqlar
balıq olub üzəcəklər,
özünü göydələnlərdən atanlar
qanad açıb uçacaqlar.

***

Günəşin saçaqları
pivə bakalının üstündə
elə bərq vururdu
taleyindən şikayətlənən adam
hər dəfə
bakalın qulpundan tutub
başına çəkəndə,
kənardan
Allaha yumruq göstərirmiş kimi
görünürdü.

***

Bir anlıq gözümdə
gördüklərimi geri qaytardım.

Avtobusdakı cibgir
kiminsə cibinə
pul qoyurdu.

***

Bir qəpik ödəmədən
dünyanın ən ucuz
pulsuz səyahətidir
yumub gözlərini
rənglərin vətəninə
- günəşə
gedib-gəlmək.

***

Araq
sağlamlığa zərərlidir deyə
sağlığına qaldırırlar
adamın.

***

Mən,
saatı bir manat olan
dayanacağam.

Altımda
kanalizasiya boruları,
üstümdə
azadlıq meydanı var.
Altımdan
şəhərin bütün pox-püsürü,
üstümdən
tanklar və "şumaxer"lər keçir…

və adət eləmiş
dilənçilər kimi
tez-tez soruşurlar məndən.

- bağışlayın,
bəlkə üstünüzdə
iyirmi adam ola.

***

Heç kəs soruşmayacaq
bəs varmı şeirləri?
bütün qızların maraqlandığı
- evi, eşiyi, maşını, işi...

***

Heç kimin
gözün üstə qaşın var
deyə bilmədiyi oğlan
döyüşdə
hər iki gözünü itirmişdi.

İndi bundan sonra
təsəlli üçün
az qala deyəsiydilər
- gözün üstə qaşın var.

***

İlahi... necə də
yaşadıqları şəhərə bənzəyir
bu şəhərin sakinləri.

Binaların üz fasadı,
adamların iç fəsadı
hamısı birə-bir
eynidir.

Burda daha çox
dəm qazından ölür
adamlar.

Burda təkcə mənzillərə yox,
insanların da içinə
günəş düşmür,

Adamların içi
nəmişlik qoxur.

Eyvanları sevmir,
bağlayıb
otaqlarına birləşdirir
bu şəhərin sakinləri.

İtlər güllələnir,
ağacları kəsir
binalar ucaldır
bu şəhərin alçaqları,
binaların damına çıxıb
özünü aşağı atır
bu şəhərin cavanları.

Mənzillər kimi
birin-ikiyə,
ikinin-üçə düzəltmədir
otaqlar və ürəklər.

Burda hamı pul dalınca qaçır.
Axşamlar düşən kimi
hər yerdə işıqlar yanır,
amma işıqlı adamlar sönür.

Binaların qəlibləri,
adamların qəlbləri
tez sökülüb gedəndi.

Maklerlər şəhəri,
kirayələr şəhəri...

Burda yelçəkən deyil mənzillər,
ağız deyəni qulaq eşitmir.

Bu şəhərə qar yağmır,
yağsa da yaraşmır,
bu şəhərin canı elə
veyllənən küləkdir.

Hərdən heyrət edir adam,
yəni bu şəhərin
dənizimi var?

Məncə yox,
həqiqətən də dəniz yox,
göldür Xəzər,
göldür.

Elə bax İçərişəhərdəki
bu hündür qala divarları
bəlkə də Xəzəri zəbt edən
ən birinci hasarlardır?

Artıq ürəyim sıxılır,
ürəyim darıxır bu şəhərdə.

Gözəl qızlar kimi
gözəl mənzillərdə də
həyat yoxdur,
alıb yatırıblar sərmayə kimi.

İlahi... necə də
yaşadıqları şəhərə bənzəyir
bu şəhərin sakinləri.

Natəvan mənim bibimdir – Amil Amalın müsahibəsi – Epiloq.az

# 5874 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər