Qardaş, ölüm nəmənədir? – Akif Səməddən seçmə şeirlər

Qardaş, ölüm nəmənədir? – Akif Səməddən seçmə şeirlər
6 iyul 2021
# 21:00

Kulis.az mərhum şair Akif Səmədin anım günündə onun seçmə şeirlərini təqdim edir.

Getmədim

Getməliydim bu şəhərdən vaxtında,
Ürəyimi bada verdim, getmədim.
Arzuların qanadında uçurdum,
Qanadları oda verdim, getmədim.

Üzə durdum qürbət eldə ölmədim
Ölmədimsə, ürəkdən də gülmədim
İşıq gələn dev eviymiş, bilmədim
Səs gələnə səda verdim, getmədim

Ayrılıqmı, aydınlıqmı, qoxur dan
“Diqəmi”mi, “Ruhani”mi oxur dan
Məndən ötrü göz yaşları axıdan
Yurd yerini yada verdim, getmədim

Gedir

Axşamlar sabaha kimi
Səhərin davası gedir
Gülnən arı arasında
Zəhərin davası gedir

Ağ yağış aynadan bəlli
Köçürük doymadan bəlli
Oynayan, oynadan bəlli
Nəmərin davası gedir

Sədi bilir, Cami bilir
Şərab nədi camı bilir
Məndən özgə hamı bilir
Nələrin davası gedir

Ömür yaman uzundur

Qonmağa budağı yox,
Kölgəlik yarpağı yox,
Öpməyə torpağı yox,
Ömür yaman uzundur.

Əcəlin nazı yaxşı,
Ölümün sazı yaxşı,
Hər şeyin azı yaxşı
Ömür yaman uzundur.

Bu dağlar göymü, yermi?
Bu göy göymü, yer yermi
Yaşamağa dəyərmi?
Ömür yaman uzundur.

Dərvişlik

Bu dünya binnət olalı,
Gəlib cahana dərvişlik,
Səhraya qaçan Məcnuna,
Olub bəhanə dərvişlik.

Hamının işi Allahlıq,
Halallıq sabah-sabahlıq,
Hanı dərvişanə şahlıq,
Hanı şahanə dərvişlik?

Güzgüyə baxdıq utandıq,
Özgədən nələr umandıq,
Daha nə şahlıq sultanlıq,
Allah, daha nə dərvişlik?

Gözəllər var aynaqabaq,
Camalından olmur doymaq,
Qızıl-gümüş tabaq-tabaq,
Dostum, şaha nə dərvişlik?

Çoxdan enib sözə qürub,
Çalınmır İsrafil suru
Arvad-uşaq üzə durub,
Akif, yahu, nə dərvişlik?

Məni

Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb "babı"dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.

Hardasan

Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?

Eşqlə sərsəri gəzirəm,
"Mən"dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?

Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?

Sən ona bax

Gül-çiçək dərəndə,
Sən Ona bax, Ona.
Güzgüyü görəndə,
Sən Ona bax, Ona.

Sultansan, qulu ol,
Yolçusu, yolu ol,
Ürəyi dolu ol,
Sən Ona bax, Ona.

Onnan istə izin,
Ayağa sürt üzün,
Qızıla yum gözün,
Sən Ona bax, Ona.

Dolan, dildə adı,
Kimdi könül odu,
Denən Odu, Odu...
Sən Ona bax, Ona.

Gözün-könlün toxsa,
Heçcə nəyin yoxsa,
Hamı sənə baxsa,
Sən Ona bax, Ona.

Birdi, beşdimi

Məni səhv yazdığım misra yandırır,
O misra görəsən birdi, beşdimi?
Dağın o üzündə noğul paylanır,
O üzə tələsən birdi, beşdimi?

Çaxır çox qalanda sirkə yaranıb,
Pələngdən əvvəlcə tülkü yaranıb,
Dünya gözəllərlə birgə yaranıb,
Sayasan, dərəsən, birdi, beşdimi?

Dünya yaranışdan, Akif, sirdi sirr,
Sirlərin əlində olmuşuq yesir,
Güllü gözəllərin telinə bir-bir
Gülləri hörəsən, birdi, beşdimi?

Əylən

Bu nə yeriş,bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər yoxsa, sabahlar,
Gümandı, ay geden əylən.

Gulə can verən arıyıq.
Yönü sevdaya sarıyıq.
Ölüm heç nədi, ayrılıq,
Yamandı, ay gedən, əylən.

Açıb yasəmən kolları,
Açılıb bizə qolları,
Tanı getdiyin yolları,
Dumandı, ay gedən, əylən..

Yazığın gəlsin

Yarəb adamam, adıma,
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin.

Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.

Ay qaranlıq, qar işıq,
Gecə gündüzə yaraşıq,
Qanım qanlara qarışır,
Qanıma yazığın gəlsin.

Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin...

Başa düşmədim

Zər ilə qoşa atıldım,
Nərdi başa düşmədim.
Namərdi başa düşdüm,
Mərdi başa düşmədim.

Nə ağırmış söz işi,
Söz işindən göz işi,
Sevinc qaçdı öz işi,
Dərdi başa düşmədim.

Yolları daşa düşdüm,
Bir ömür qışa düşdüm,
Eh... birdə başa düşdüm,
Birdə başa düşmədim.

Gəldim

Qırxa əliboş yetmədim,
İnfakt qoşasınnan gəldim,
Dərd gəcavədə şah qızı,
Sultan, paşasınnan gəldim.

Qırxdı, mənzilə az qaldı,
Bir-iki ağlar söz qaldı,
Sevincim misqal-misqaldı,
Dərdin xaşasınnan gəldim.

Çəkəmmədim gül qəhrini,
İçdim torpağın zəhrini,
Talatdım Vaqif şəhrini,
Tapdaq Şuşasınnan gəldim.

Qabağına qatdı külək,
Akifə qanaddı külək,
Bilmədim ağrılı ürək,
Daşlı baş - hansınnan gəldim

Ölüm nəmənədi

Elə divarlar aşmışıq,
Qardaş, ölüm nəmənədi?
Elə yüklər daşımışıq
Qardaş, ölüm nəmənədi?

Ölüm nədi? – Adi divar,
Həllac Mənsur var, Hadi var,
Fağır ölümün adı var,
Qardaş, ölüm nəmənədi?

Sevənlər aşiq olmasa,
Qan bircə qaşıq olmasa,
Bu arvad-uşaq olmasa,
Qardaş, ölüm nəmənədi?

Güllər, çiçəklər dərmişik,
Guya pünhana sərmişik.
Məqbəri bizlər hörmüşük,
Qardaş, ölüm nəmənədi?

Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?

Akif Səmədə

Ay insafsız elə bilmə
Yadam mən Akf Səmədə
Dərd ha deyil, düşmür çiçək
Badamdan Akif Səmədə

Anam məni daş doğmadı
Gözlərində yaş doğmadı
Ağac yaxın daş doğmadı
Adamdan Akif Səmədə

Demə, yollar buz-qarıymış
Fələklər bizə yarılymış
Bircə qarış yol varıymış
Adamdan Akif Səmədə

# 19524 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər