Gecə keçəndən sonra başlayan oyunlar - Kiçik hekayə

Gecə keçəndən sonra başlayan oyunlar - Kiçik hekayə
15 fevral 2021
# 16:06

Kulis.az Azər Əhmədovun "Gecə keçəndən sonra başlayan oyunlar" kiçik hekayəsini təqdim edir.

Gecə keçəndən sonra başlayan oyunlar

Mətləb Rəhimova

Gecə saat ikinin yarısı, Braziliya-İngiltərə dörddə bir final oyunu başlayacaq az sonra. Oyun Şizuokada, mən 14 saat geridə olan Nyu Heyvnda.

İndi bu sətirləri yazarkən 1982-ci il çempionatı düşür yadıma. Televizorumuz işləmədəyindən qonşuda baxırdım. SSRİ-Braziliya oyununu xatırlayıram, Ederin vurduğu sehrli qolu, “Pişik Dasayev”in tullanıb top tutmalarını. Əslində oyun xırda nüansları ilə az qala tam olaraq yadımdadır. Yaddaşımın güclü olmasına hərdən utanıram da, amma məsələn Susloparovun (indi bu futbolçunu kim xatırlayar?) ikinci hissədə əvəzetmədə oyuna daxil olmasını, bizim də buna ümidlənməyimiz indi də yadımdadır. Fasilədə həyətə də çıxmışdıq, Göydə ulduz ulduzun qarnına girmişdi, qıpqırmızı idi səma. Onda da gecə saat ikidən keçmişdi evə döndüyümdə. Anam qapının dalından “qayıt hardan gəlmisən ora, mənə sənin kimi sözə baxmayan oğul lazım deyil” desə də, həyatımın (gələcək həyatımın) ən möhtəşəm gecələrindən birini yaşadığımı 7 yaşlı uşaq ağlımla fəhm edə bilmişdim.

Mənim ilk uşaqlıq xatirələrimdən biri də futbol haqdadır. 1978-ci il çempionatının finalında Argentina-Hollandiya görüşməsindən bir səhnə, Argentinanın qapı xəttinə yaxın məsafədən vurduğu qol necəsə yadımda qalmışdı. Sonralar youtube’da axtarış edib tapmışdım ki, bu xatirə, böyük ehtimal, həqiqətdir. Daha öncəki dünya çempionatlarında isə mən həyatda olmamışam. Onlar barədə atamın söhbətlərindən eşitmişəm. Pele, Jarzinio, Tostao, Kryuf haqda həyəcanla danışardı.

Telefon. Zəng edən özünü təqdim edir, ad-soyadını deyir, tanımıram.

- Buyurun, eşidirəm sizi.

- Sizdə kabel var, eləmi?

- Bəli.

- Dünya çempionatı oyunlarına baxa bilirsizmi?

- Bəli.

- İndi Braziliya-İngiltərə oyunu başlayacaq.

- Bəli

- Baxırsızmı?

- Bəli.

- Olar mən də gəlib baxım?

- …

- Olarmı?

- Olar… olar, gəlin.

Gələcək uşağımın anasını oyadıram.

- Tez ayaĝa dur, evə qonaq gəlir.

- Kim gəlir?

- Bilmirəm.

Şəhər mərkəzinə yaxın kiçik və köhnə (ev sahibəsi “köhnə” yox, fəxrlə “qədim” deyir) üçmərtəbəli evin ikinci mərtəbəsində yaşayırıq. Evin ön qapısından pillələkənlə ikinci mərtəbəyə qalxırsan, birinci və üçüncü mərtəbənin girişi isə arxadandır. Biz ikinci mərtəbədəki ikiotaqlı mənzildə oluruq, birinci və üçüncü mərtəbələrdə isə ev sahibəsi üç fərqli ərindən olan üç uşağıyla yaşayır.

Aşağı düşüb giriş qapısından xəlvət bayıra baxıram. Küçə lampalarının zəif işığında uzaqdan kiminsə gəldiyi görünür. Bir az da yaxınlaşır, qaradərili cavan bir oğlandır. Yaxına gəlib qapını döyür, qorxa-qorxa açıram. Sifəti azca tanış gəlir. Məlum olur ki, təxminən üç həftə əvvəl futbol oynamışıq, orda mən demişəm ki, kabelim var, futbollara baxacam, bu da eşidib, yadında saxlayıb məni. Nömrəmi şəhərin telefon kitabından tapıb.

Bir hissəsi mətbəx olan qonaq otağımızda ikimiz oturub oyuna tamaşa edirik. Afrikanın Hind Okeanındakı kiçik adası Mauritusdanmış. Amerikaya cəmisi bir aydır gəlib. İlk dəqiqələrdə bəlkə silahı var deyə oğrun-oğrun göz qoyuram ona, amma az sonra ikimizin də başımız oyuna qarışır. Tez-tez həyəcanından atılıb-düşür, ekranın bu tərəfindən o tərəfinə oyunçulara məsləhətlər verir. Atılıb düşməsəm də mən də çox həyəcanlıyam. “Yox ee, Braziliya udmalıdır”, təkrar-təkrar deyir. Ronaldinio sərbəst cərimə zərbəsindən qol vuranda o da, mən də ayağa qalxırıq. Dünyanın xoşbəxtləriyik o an…

İndi bu sətirləri yazdığım vaxt… yenə sərin bir yay gecəsidir, saat ikidən keçib. Həyətdə durmuşam, başımı qaldırıb göydəki ulduzlara tamaşa edirəm. Gərək 1970-ci il dünya çempionatının final oyunlarını tapıb baxam. Nələrmiş o oyunlarda atamı həyəcanlandıran, bilmək istəyirəm.

2020, Farqo, Quzey Dakota

# 3223 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər