Darıxıram, ömrüm-günüm... - Səhər Əhməddən 8 Mart şeiri

Darıxıram, ömrüm-günüm... - Səhər Əhməddən 8 Mart şeiri
8 mart 2020
# 10:30

Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.

Mənə yaman maraqlıdı,
Səninçün kiməm axı?!
Ögeylərin ən doğması,
Doğmaların ən yadı.

Nə bilim ki, niyə yoxsan,
Bu dəqiqə hardasan?!
İş başındasanmı, yoxsa
Sükan arxasındasan?!

Bəlkə, adım dilindədi,
Yenə zikr eləyirsən?!
Hərdən qorxub çəkinirsən,
Hərdən şükr eləyirsən?!

Bəlkə, indi şəkillərdən
Sənə əl eləyirəm?!
Özümsə burda oturub,
Tənlik həll eləyirəm.

Düşünürəm ki, görəsən,
Evdəsən ya çöldəsən?!
Mən olan A nöqtəsinə
Hansı paraleldəsən?!

Yəqin ki, qaçaqaçdasan,
Nə işlər var başında.
Bilirəm ki, yadındayam,
Lələk yandırmasam da.

Bir telefondu, bir daxma,
Bir də susqun mən axmaq.
Darıxıram, ömrüm-günüm,
Zülm işdi darıxmaq.

Baş götürüb gedə bilsəm,
Gizlənməyə yer olsa.
Bir daha geri dönmərəm
Iki dünya bir olsa.

Amma cəsarətim yoxdu
Bu qapıdan çıxmağa.
Çoxdan məhkum olunmuşam
Bu evdə darıxmağa.

Nədi ki həyat dediyin,
Bir ömürlük müəmma.
Təkadamlıq kamerada
Bircə nəfəslik səma.

Gecikmə, qurbanın olum,
Ölüm yetişmədən gəl.
Bir-bir sönür ümidlərim,
Qaranlıq düşmədən gəl.

De ki, “Şəngülüm, Məngülüm,
Aç qapını, mən gəlim”.
Bir az sən sus, mən danışım,
Bir az sən de, mən gülüm.

Gəl, sözünə güvəndiyim,
Oduna qızındığım.
Hərf-hərf, heca-heca,
Adına yazıldığım.

Boğuluram öz içimdə
Gəl məni çölə çıxar.
Bir xilas kəməri uzat,
Gəl məni məndən apar.

Demirəm ki, əlində gül,
Qoynunda çiçək olsun.
Üzündə həmin təbəssüm,
Sinəndə ürək olsun.

Tələsik nəbzimi yoxla,
Denən “qorxma, sən sağsan”.
De ki, edam hökmü yoxdu,
Gözün aydın, azadsan.

Bircə damcı şəfa gətir,
Bir az güc, bir az Vətən.
De ki, sən yuxu görmürdün,
Denən, “mən həqiqətəm”.

De ki, qələbə bizimdi,
Atəşkəs pozulmayıb.
De ki, bugün saytlarda
Bəd xəbər yazılmayıb.

Söylə, “bax bahar qayıdır,
Arzular cücərəcək”.
De ki, sabah bayramındı,

8 Martın mübarək!

# 9217 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər