Çağdaş ədəbiyyatımızın ən gözəl şeirlərindən biri

Çağdaş ədəbiyyatımızın ən gözəl şeirlərindən biri
26 aprel 2020
# 12:30

Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Bayatlı Odərin “Ölümdən sonra başlar şair ömrü” şeirini təqdim edir.

Noldu birdən-birə, Mixail Yuriyeviç,
İndicə gülürdünüz?!
İndi qəbir tüfəng lüləsitək dar,
Elə bilirdiniz hamının Allahı var?

Diz çökün, cənab Martınov, diz çökün!
Fələyin zülmü çox, Allahın mərhəməti!
Diz çökün! Bir şair də söndü -
Sevdalar yaşılı, ocaq kösöyü,
Üstündə Allahı, üstündə göyü.

Gözlər hədəqədə, ölüm sinədə,
Alın yazısına, qara günə də,
bazarda soğanın qiymətinə də,
bir bəhanə gərək, bir bayıs gərək
Güllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,
Dünyanın nə qədər pis sabahı var.
Hamsına, hamsına şairlər bayıs!
Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları, oxşamayan təzə sözü,
Güllələyin damarlara sığmayan təzə qanı!
Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
Güllələyib güllələnmək əsridi,
Güllələyib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qıratı darda,
Dəlləklər gəzirlər karetalarda.
İndi ağlayanlar güləcək gorda,
Gorda ağlayanlar güləcək harda?

Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından,
Dünyanın tələsik yır-yığışından,

Günahlı, günahsız şairlər ölür.
Güllələyin şairləri!

Ancaq tövbə gecəsi əynində soyxa,
qorxa-qorxa
Puşkinin yarasın öpməyə yüyürsün Dantes,
bir kilsə qapısında səhərəcən
böyürsün Dantes;
Bir də yol verin, yol verin cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa...

# 4851 dəfə oxunub

Oxşar xəbərlər

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

10:00 18 iyun 2026
Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

15:00 17 iyun 2026
Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

12:00 17 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər