Azər Əhmədovun qısa hekayələri

Azər Əhmədovun qısa hekayələri
25 yanvar 2021
# 17:11

Kulis.az Azər Əhmədovun qısa hekayələrini təqdim edir.

Mürəbbə əhvalatı

Bir neçə gün əvvəl arvadımla “İran dükanı”na getmişdik; ora yolumuz az düşdüyündən bilirdik səbətləri doldurub qayıdacağıq. Novruz ərəfəsi olduğuyçün dükanda adam əlindən tərpənmək olmurdu, koka-kola qabını atsan yerə düşməzdi, bəlkə iynə ataydın ki, yerə düşəydi. Elə ayrı vaxtlarda da həmişə adamla dolu olur bu dükan.

Əsasən mürəbbə üçün getmişdik (mən buna görə getmişdim, arvadımı bilmirəm). Getdik gördük, pah, bir dəm-dəsgah var. Qoz mürəbbəsi, gilas mürəbbəsi, əncir mürəbbəsi… növbənov. Őzü də ucuz, bankası iki dollar yarım. Başqa heç yerdə tapılmaz, yəni heç rus, türk dükanlarında da görmədik.

Arvadım səbətləri doldurduqca mən ortalıqda var-gəl eləyib camaata fikir verirdim. Hamı farsca danışırdı. Bilirəm ki, ordakıların ən azı 30-35 faizi azərbaycanlıdır, di gəl, bu dildə bir söz deyən yoxdu. Qanım qaraldı, inanın, o boyda yola da heyfsilənməyib acıqla heç nə almadan çıxıb getmək istəyirdi adam, di gəl, mürəbbələri necə almayasan? Bir qadın nəsə soruşdu məndən, hirslə qayıtdım ki, mən axı fars dilini bilmirəm, mənimlə niyə farsca danışırsız? Sonra türkcə danışıram deyincə başladı öz dilimizdə danışmağa, yanındakına da təqdim elədi, o da ağız büzüb salam verdi. Sonra yenə başladılar farsca danışmağa.

Belə hadisə çox olub. İranlı tanışlarımın arasında azərbaycanlılar da var. Deyim ki, mənim iranlı tanışlarımın hamısı tərbiyəli adamlardır, amma çoxunda az da olsa şovinizm var, bəzilərindəsə lap çoxdur. Bəziləri yarıazərbaycanlıdırlar, biz farsıq deyirlər. Tam azərbaycanlı olanlar da özlərini iranlı kimi təqdim edirlər, yalnız təklikdə mənimlə ayrı cür danışırlar.

Bir neçə dəfə iranlılarla kəskin mübahisəm düşüb İrandakı azərbaycanlıların haqları üstündə. Maraqlıdır ki, həmin o azərbaycanlı tanışlarım o mübahisələrdə mənim yox, farsların tərəfində durub mənimlə atışıblar, çox zaman rus tanışlarım da keçib onların tərəfinə. Mən tərəfdə isə bir yəhudi dostum olub, amma gözünə döndüyüm, hamısının cavabını verib.

Nə isə, mürəbbələri alıb gətirdik evə. Qoz, gilas mürəbbələrini çayla içə-içə tək o dükandakı qanqaraçılığını deyil, inanın, bütün qəribçiliyin dərd-qəmini canımdan çıxartdım. Bir gün belə, iki gün belə, sonra baxaq görək nə?! Mürəbbələr Ermənistanda hazırlanıb, üstündə də “Noyan” yazılıb. Və sonra da yazılıb “Yerevan” və sonra da ünvan yazılıb: “15A Emiryan küçəsi, 375010, Yerevan, Armenia.” Arvadım tez hamısının üstündəki kağızı cırdı. Mən də hələ mürəbbənin qalanına əl vurmamışam. Bilmirəm neyniyim, bir tərəfdən mürəbbə erməninindir, o biri tərəfdən də… mən axı hardan tapım qoz mürəbbəsini?

2005, Santa-Barbara, Kaliforniya.

Qonaqlıq

- SəəƏƏlaaaaaam! Xoş cəlibsiz, xoş cəlibsiz!

Həsən “eləcə əlimi uzadıram mən, nə vaxt “salam” sözünü deyib qurtarsalar, əlimi boşlasınlar; sözü belə çəkib uzatmağa məndə boĝaz hardadır?” deyir.

Bizi xoş qarşılayırlar. Mahmud yaşı 50-yə yaxın bir güney azərbaycanlısıdır. Az sonra xanımı da yuxarı qatdan düşüb gəlir. “Azər xan, çox şərəfləndrdiniz bizi, nə yaxşı gəldiniz”. Xanım Həsənin xalası qızıdır. Ciddi görkəmi olsa da ağzını açıb danışan kimi şux təbiətli, mehriban və zarafatcıl bir xanım olduğu bəlli olur. Azca dolu olsa da cəld hərəkətli, oynaq birisidir. Məni farsca da salamlayır. Anlamadığım 3-4 cümlə deyib nümayiş etdirir ki, farsca da rahat və sərbəst danışır, amma heç bir yekəxanalıq hiss olunmur bu hərəkətində. Nə gözəl bir qarşılama, düşünürəm. “Buyurun, Azər xan, keçin”, - xanım təkid edir.

Həsənlə arvadı Sevdanı Dakotaya daşındığım ilk günlərdən tanıyıram. Gözəl bir yay günü, yolun kənarında dayanmış, yandakı pəncərəsini də azca aşağı salmış Honda Civic avtomobilindən “Pəncərədən daş gəlir” mahnısını eşitmişdim. Bu qədər sürreal bir mənzərə… Özümü itirmədən, yerdən babat bir daş tapıb pəncərəni taqqıldatmışdım… Dostuq o vaxtdan, ikisi də məni eləcə adımla çağırırlar, Həsənin kiçik bacısı Nabat isə Azər bəy deyir mənə. Nə qədər həvəslə desə də açmır məni bu bəy söhbəti - quru bəylikdən nə çıxar? Babamın adı Bəylər idi, acığı gələrdi adından – “bəy” bəydir, bəs “lər” nədir? Amma bu xan söhbəti döşümə yatır. Şəstlə içəri keçirəm.

- Bir zəncanlı qonağımız da var, indi cəlmələdir. Cəlsin cörərsiz. O da sizin kimi purafesordur.

Sevda, Nabat mətbəxə keçirlər, biz kişilərsə qonaq otağında rahat kreslolara yayxanıb İrandan-Turandan danışandan sonra qayıdıb bir də İrandan danışırıq.

- Baba, vəəz xərəbdir. Sanksiyalar İranın belin qırıb. Belə getsə İran çökəcək.

Mahmud danışdıqca hərdən gözləri parıldayır, hərdən də sifəti tutulur, anlamaq olmur ki, İrandakı vəziyyətə sevinir, yoxsa kədərlənir.

- Dədəmlə danışdım, deyir, mollaların hakimiyyəti bitəcək. Dədəmə deyirəm, baba, sən nəə söyünürsən, bə bu sənin öz kişvərindi daa, yaman günə qalır axı. O da deyir, daa neyniyax, bizdik dəəl ki, bu işlər. Mən də deyirəm İran hökumətinə hələ bu da azdır. Obama cələndə elə bildux bu köpəyoğlu ubaamadı daa, bizim adamdı, yəni bilisən, farsca “o bizimlə” deməkdir, u-ba-ma! Daa nə bilax ki, cəlib belimizi qıracaq. Vəəz çox xərəbdir, baba.

Az sonra zəncanlı qonaq da gəlib çıxır. İçəri girən kimi “Azər ağa, çoxdan eşitmişdim sizin haqda, çox məmnun oldum” deyir. Sonra da ayaqyolunun harda olduğunu soruşub qaça-qaça gedir. Ev sahiblərinin baxışmasından anlayıram ki, təzə qonağımızın nəsə xəstəliyi var, özünü saxlaya bilmir.

Yaraşıqlı və zəngin bir süfrə salınır. Evin xanımının çox qabiliyyətli olduğunu içəri girən kimi zənn eləmişdim, baxıram ki, zənnimdə heç yanılmamışam. Fisincan, kəşke-badımcan…

- Keşkə xanımınız da gəlsəydi, Azər xan, tanış olardıq.

Üzrxahlıq edirəm ki, gələ bilmədi.

- Azər ağa, siz riyaziyyatın hansı sahəsində…

Mızıltılı bir cavab verirəm.

- Azər bəy həm də şeir yazır... utancaqdır, həə…

Başımı aşağı salıram, qoy utancaq olduğum görünsün.

- Azər, dovğa istəyirsən?

- İstəyirəm - sevincək cavab verirəm.

- Azər müəllim, sizin universitet…

Ortalıqda qalmış, baxıram ki, vəəz xərəbdir. Masanın o başına, bu başına boylanıram. Küncdə oturmuş Sevdaya sataşır gözüm. Məzə ilə mənə baxır. Gülməkdən uğunub gedir.

2011, Farqo, Quzey Dakota…

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
# # #