Arzuları güllələnən uşaqlar – Yeni şeirlər

Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
12 aprel 2021
# 13:30

Kulis.az Arif Gürşadoğlunun şeirlərini təqdim edir.

Dağ çiçəyim

Dağ çiçəyim!
Həyatıma min rəng qatan,
Özü təkcə ağ çiçəyim.

Dağ çiçəyim!
Zərrə qədər
xəyanətim olsa sənə,
Qəbrim üstə
dəstə-dəstə yağ, çiçəyim.

Dağ çiçəyim!
İllər boyu üşüsəm də,
Yaz ətrini duyacağam.
Ömründən kədəri-qəmi,
Ömrüm ilə yuyacağam.

Dağ çiçəyim!
Solmamançün, yağış olub,
Gözlərimdən yağıram mən.
Ləçəklərin məndən küssə,
Bil ki, “daş”dan baxıram mən.

Qəbir - nəzir qutusu

Məzar yerimiz yoxdu,
Qəbir-qəbir ölürük.
Göylər qan ağlıyır, biz
Arsız-arsız gülürük.

Dağlardan endik düzə,
Tanrı mat qalıb bizə,
Yağış deyil bu, göylər
Tüpürür üzümüzə.

Göyqurşağı gəzirik,
Leysanlardan bezirik,
Qəbir-nəzir qutusu
Biz Tanrıya nəzirik...

Arzuları güllələnən uşaqlar

Atası yox, anası yox - yaşadı,
Bir qarnı ac, bir qarnı tox yaşadı,
Arzuları özündən çox yaşadı,
Arzuları güllələnən uşaqlar.

Ah-naləsi Tanrıyacan ucaldı,
Ucaldıqca naləsindən güc aldı,
Uşaq yaşda arzuları qocaldı,
Arzuları güllələnən uşaqlar.

Yurdu yoxdu - qürbət eldə dil açar,
Ay sovuşar, gün çiçəklər, il açar,
Mərmilər də ürəyində gül açar,
Arzuları güllələnən uşaqlar.

Yurd yerləri viran qaldı, köç oldu,
Köçhaköçdə ümidləri heç oldu,
Arzuları-diləkləri puç oldu,
Arzuları güllələnən uşaqlar.

Öləndə kişitək öləsən gərək

Uca zirvələrə ucalmaq üçün,
Ətəyin qədrini biləsən gərək.
Ağrıdan-acıdan sızıldasan da,
Namərd qarşısında güləsən gərək.

Vətəndə Vətənsiz bilinməməkçün,
Tarixdən tarixsiz silinməməkçün,
Düşmən qabağında bölünməməkçün,
Yavan çörəyi də böləsən gərək.

Həsrətlə, kədərlə, dərdlə qoşasan,
Töhmətdən, möhnətdən uzaqlaşasan,
Yurdunla-yuvanla qucaqlaşasan,
Öləndə kişitək öləsən gərək.

# 3764 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər