Kişi polis ailəiçi zorakılıkda kimin tərəfində olacaq?

Kişi polis ailəiçi zorakılıkda kimin tərəfində olacaq?
24 may 2011
# 15:38
Keçmiş ər iki azyaşlı uşağının gözləri önündə, parkın ortasında keçmiş arvadını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdi.

Evli olduqlari müddətdə ailədaxili zorakılıq son həddə olub. Ayrıldıqdan sonra da döyülmək və təhqir, ölümlə təhdid davam edib. Öldürülən qadın dəfələrlə polisə ölümlə təhdid edildiyi haqda məlumat verib. Nəticə: iki azyaşlı ömürlərinin sonuna qədər unuda bilməyəcəyi dəhşətlə yaşayacaqlar, bir gənc qadının həyatı isə yarımçıq qaldı. Bir gənc adam isə ömrünü həbsxana künclərində keçirəcək.

Günahkar axtarmaq gecdir. Bu, ilk deyil, son olacağına isə zəmanət yoxdur. QHT-lər, KİV ailədaxili zorakılıqla bağlı hansısa layihə çərçivəsində öhdəlik şəklində vaxtaşırı münasibətlər bildirir, maarifləndirmə ilə bağlı ağızdolusu danışır. Bəs, əslində necədir?

Qadınların ailədaxili zorakılıq gördükləri təqdirdə sığına biləcəyi heç kim yoxdur. Nə yaxınlar, nə də cəmiyyət, ailəsində problem olan qadına haqq qazandırmır. Efirdə-ekrandakı evlilik proqramlarından isə “Yaxşı at özünə qamçı vurdurmaz” ifadəsini deyənlər də elə qadınların özüdür.
Yəni özünə heyvani münasibəti göstərən qadın başqa əzilən həmcinsinə də dəstək ola bilmir. O ki qaldı psixoloji vəziyyətə, sorğuya görə, əri tərəfindən döyülən qadınların 64%-i sonradan “günahkar idim, döyüldüm” psixoloji vəziyyətində olur. Beləcə, hər cür mənəvi, maddi dəstəkdən uzaq qalmış qadın hər gün təkrarlanan işgəncələrə dözməyə məcbur qalır. Boşanmaq əvəzinə, ölməyi seçən qadınların günahı hamımızın boynuna yazılır. Çünki ailədaxili zorakılıq əsla ailədaxili məsələ deyil. Hippokrat andı içmiş həkim küçədə tibbi yardıma ehtiyacı olan insana xidmət göstərməyi özünə borc bildiyi kimi, ailədaxili zorakılıq görən qadına kömək hamımızın insani borcudur.

Kişi mərkəzçi cəmiyyətində qarşısı alınmaz zorakılıq hissinə qarşı mübarizəni cəsarəti çatan kişilər başlamalıdır. Buna qarşı çıxan qadınlara “feminist”, “lezbiyan” damğası vurmaqdansa, hər kəs insanlıq borcunu yerinə yetirməlidir. Qonşudan gələn, ikrah doğuran kişi bağırtılarına, qadın ah naləsinə vecsiz yanaşmaq, “bizə nə?” deyib yaxanı kənara çəkmək, həmin cinayətə dayaq verməkdir.

Hər on qadından səkkizi ailədaxili zorakılığa məruz qalır. İstər psixiki, istərsə də fiziki. Qadın üçün döyülmək müəyyən müddətdən sonra vərdiş halı alır.

Hər on qadından yeddisi süd vəzilərinin şişi və başqa ginekoloji xəstəlikdən əziyyət çəkir. Pulsuz qadın məsləhətxanaları olduğu halda, on qadından yalnız üçü müalicə ala bilir. Buna səbəb təkcə maddi deyil, həm də evdəki psixoloji məngənədir.

Polisin qadının müraciətlərinə etinasız yanaşması iddiasına geri dönək. Bunun nə qədər doğru olub-olmadığını bilmirik. Bu artıq heç vacib də deyil. Geridə qalanlardan söhbət gedir. Polis-qadın münasibətləri ölkədə hansı durumdadır?

Qadınlar üçün polisə müraciət etmək cəmiyyətdə ən az əxlaqsızlığa bərabərdir kimi qarşılanır. Polis bölməsinə, məhkəməyə ayağı dəymiş qadını ətrafındakılar suçlayır. Vətəndaşlıq hüququndan istifadə edib polisə şikayət ərizəsi vermiş qadına bəs, polisin münasibəti necədir?

Hər iki tərəf bir-birinə şübhə ilə yanaşır. Səbəb? Polis də kişidir. Nəticədə kişidən kişiyə şikayət edilir. Polis də, öz növbəsində, qadına inanmır. Ərindən polisə şikayət edən vətəndaş, ailə münaqişələri səngiyən kimi izahatında yazdıqlarını inkar edir.Qadın polislərin demək olar ki, olmaması vəziyyəti kifayət qədər qəlizləşdirir. Çarə isə hələ ki, qeyri-müəyyən olaraq qalır.

Çoxlarının ağız büzəcəyi bir variant daha var – ictimai qınaq. Bu, əsla effektsiz variant deyil. Arvadına qarşı zorakılıq edən kişi bunun cavabını almayacağından əmindir. Məsələni qanun çərçivəsində həll olunmaq ərəfəsinə çatdırmamaq üçün (andlılar məhkəməsi kimi) ailə təməlini qorumaq, qadınlara qarşı zorakılığa “stop” deyəcək könüllü qurumlar formalaşmalıdır. Bunun üçün nə qrantlar, nə layihələr tələb olunur. Zorakılıq görmüş qadınlar üçün sığınacaq təşkili bu qədər çətindirsə, zorakılığın qarşısını zorakının anlayacağı dildə “danışa bilən” insanlar formalaşmalıdır.

Aydındır ki, sığınacaqlar həddən artıq böyük pullar tələb edir. Sığınacaqda yerləşmiş qadın müəyyən müddət ərzində qida ilə, minimal yaşayış tələbatları ödənməklə, həyati təhlükəsi varsa, cangüdənlə təmin olunmalıdır.

Sadaladıqlarım bir gün içində başa gələcək çıxış yolu olmadığından şəxsi təşəbbüsü çağırmalıyıq. Şəxsi təşəbbüs isə döyülənə məsləhət verməkdən ibarət olmamalıdır. İnsanlıq naminə əzilənə hər cür köməyi əsirgəməməliyik. Əlimizdən maddi kömək gəlməsə belə, aidiyyətli QHT və dövlət qurumlarına xəbər verməliyik. Bunun qarşılığında problemlərimiz olsa belə.

Sahibsiz küçə itlərinin belə sığınacağı olan dünyada küçədə uşaqlarının yanında təpiklənən, təhqir olunan, hətta öldürülən qadınlara sığınmaq üçün yer yoxdur.

Günay MURADLI
# 911 dəfə oxunub

Oxşar xəbərlər

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

Ürəyi kilsədə basdırılan dahi - Onu Fikrət Əmirovla nə birləşdirir?

15:00 1 mart 2024
O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

16:00 27 fevral 2024
Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

12:00 26 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

10:00 24 fevral 2024
Stress, tənhalıq, özünəqəsd...

Stress, tənhalıq, özünəqəsd...

21:00 23 fevral 2024
#
#
# # #