Mənim sevgililərim: İlk öpüşdüyüm

Mənim sevgililərim: İlk öpüşdüyüm
17 aprel 2011
# 12:16
Kulis.az Murad Köhnəqalanın “Mənim sevgililərim” lahiyəsini təqdim edir.


Müəllif girişi: İnsanlar unikal olduğu kimi onların taleləri də, başlarına gələn olaylar da unikal olur. Heç kimin taleyi olduğu kimi digərininkinə bənzəyə bilməz. Bədii ədəbiyyatda, sənətin müxtəlif formalarında əks olunan insan taleyi digər insanlar üçün olduqca maraqlıdı.

Bütün sənətlərin sirri insanın başqalarının taleyinə biganə qalmamasında, onunla maraqlanıb həyəcanlanmasındadı. Olur ki, hətta bir insan maraqlı tale yaşayan başqasının heyranına çevrilir. İnsan sevir, nifrət edir, dözür, əzab verir, həzz alır, düşünür, yaradır, dağıdır, ölür, öldürür...

Bir sözlə, beləcə burulğanlar qoynunda yaşayır. Bütün bu hislərin bir yerdə yaşanmasına həyat deyilir. İndiyə qədərki ömürdə mən də çox hisslər yaşamışam, lakin duyğularımın ən gözəli və ən xoş xatırlananı sevgi ilə bağlı olanlarıdı. Həyatımdan çoxlu gözəl xanımlar keçib, onlarla birgə yaşadığım maraqlı məqamlardan epizodları sizlərə çatdırmaq istəyirəm.


İlk dəfə öpüşdüyüm

Bir dəfə məktəbdən gələndə evdə bir qonaq gördüm. Sən demə, bu kişi Gədəbəyin Şınıx kəndindən gəlibmiş. Nənəmin bir bacısı Gədəbəydə yaşayırdı, hündür, qırmızıyanaq bu kişi də uzaq qohumlarımızdan idi. Onda mən 9-cu sinifdə oxuyurdum. Yeməyimi yeyəndən sonra nənəm dedi, qonağı Cindar Səmədgilə apararsan.

Cindar Səmədin evinin yerini dəqiq bilməsəm də, hansı səmtdə olduğunu bilirdim. Cindarın yaşadığı kənd bizə qonşu olsa da o kənd qonşu rayonun kəndi idi. Onun hündür və yaraşıqlı evinin yanından bir neçə dəfə keçmişdim. Cindar o tərəflərdə ən varlı adamlardan sayılırdı...

Darvazanın yanındakı çöl qapısının zəngini basdıq. Qapını ortayaşlı bir kişi açdı: “Kim lazımdı?” – dedi. Cindarı soruşanda dedi, burda gözləyin, gəlirəm. Biz həyətə daxil olduq. Kişi (sonralar bildim ki, bu adam həyətdə qulluqçu imiş) pilləkənlə yuxarı ikinci mərtəbəyə qalxdı. Az keçməmiş aşağı düşüb, qalxın yuxarı, dedi. Biz yuxarı, ikinci mərtəbənin aynabəndinə qalxdıq. Mən çox həyacanlı idim, indicə, haqqında mistik əhvalatlar dolaşan Cindarı görəcəkdim.

O, geniş aynabəndin ortasına qoyulmuş uzun stolun arxasında oturub çay içirdi. Gədəbəyli qonaq içəri girən kimi Cindar ayağa durub onunla, sonra da mənimlə əl verib salamlaşdı. Gözləndiyindən fərqli olaraq onun sifətində heç bir ağırlıq sezilmirdi. Əksinə, xoşsifət, yaşlı olsa da çox yaraşıqlı bir kişi idi.

Cindar qonağın qolundan tutub nəzakətlə öz yanında oturtdu. Mən isə onlarla üzbəüz əyləşdim. Onlar üzü çölə, aynabəndin şüşələri tərəfə, mən isə üzü içəridəki otaqlara tərəf oturmuşdum. Cindar qonaqla əsasən Gədəbəydən olan tanışları haqda danışırdı. Onların söhbətinə o qədər də fikir vermirdim. Məni maraqlandıran o idi ki, görəsən, Cindar bu kişinin itiyinin yerini düz deyəcəkmi.

Birdən qarşıdakı otaqların birinin qapısı açıldı və gözəlliyi ilə adamı sarsıdan bir qız aynabəndə çıxdı. Qapını açan kimi məni gördü və ani olaraq bir əli qapıda duruxdu. Adətən, adam çoxdan görmədiyi tanışını qəfil görəndə belə duruxur. Baxışlarımız toqquşan kimi bədənimdən, mənə indiyə qədər tanış olmayan, xoş bir cərəyan keçdi. Ağsifət, üzünə baxanda birinci dodaqları nəzərə çarpan bir gözəl idi. O vaxtlar orta məktəblərdə çox zaman qızlara saçlarını gödək kəsməyə icazə vermirdilər.

Ancaq bunun kəsik qara saçları çiyinlərinə güclə çatırdı. Əynində ağ məktəbli köynəyi və kip idman şalvarı vardı. Köynəyin ətəyini şalvarın üstünə buraxmışdı. Qabarıq sinəsi və mükəmməl bədəni məni alt-üst eləmişdi. Qonaqla söhbətləşən Cindar arada sanki xəbərdarlıq mənasında məni yüngülcə süzdü. Hiss elədim ki, özümü itirdiyimi kişi də anlayıb.

Sonra üzünü qonağa tutub: “Nəvəmdi,” – dedi. Yumşaq bir səslə qıza müraciət elədi: “Qonaqlara çay gətir.” Qız saçlarını yana ataraq aynabəndin girəcək tərəfinə, mətbəxə getdi. Birazdan gümüşü podnosda üç fincan çay gətirdi və fincanları bir-bir qabağımıza qoydu. Mənim çayımı qoyanda sallanan saçları az qaldı mənə toxunsun, lakin toxunmadı. Fincanın nəlbəkisi ilə ağ barmaqlarının vəhdəti məni heyran elədi.

Həyatımda belə gözəl mənzərə görməmişdim. Saçları mənə toxunmasa da nəfəsini saçımda hiss elədim. Çox gərgin idim, istəyirdim oradan tez çıxaq və mən bu qız haqda sonrakı fikirlərimi, planlarımı sərbəst düşünə bilim. Qəfildən növbəti bir şok da yaşadım. O, əl uzadıb babasının biz gələnə qədər çay içdiyi fincanını götürəndə şalvarının dizdən biraz yuxarı, yan tərəfində sökülmüş yer gördüm. Sökük yerindən baldırının bir damcı əti görükdü. Mən şok qarışıq qəribə hislər keçirdirdim. Çaydan cəmi bir qurtum ala bilmişdım.

Qonağın dərdi vardı, kənddə onun üç inəyini, bir dənə də danasını oğurlamışdılar. Cindara baxdırmağa gəlmişdi. Yolda mənə deyirdi, onun dəyəri cəhənnəm, bircə oğrunu tapsaydım, sonrasını özüm bilirəm neynəyəcəm.

Çayı içəndən sonra qonaqla Cindar fal otağına keçdilər. Babası yanımızdan gedən kimi qız da yan otağa keçdi. Mən biraz özümə gəldim. Lakin daxilimdə xəzinə tapmış bir adamın hədsiz sevinci vardı. Bir də baxdım, qız otağın pəncərəsindən pərdəni aralayıb mənə baxır. Burdan ona ürəyimdən keçənləri necə çatdıra bilərdim?

Gücüm yalnız üzünə baxıb gülümsəməyə çatdı. Vəhşi hərəkətlə saçlarını yana atıb o da mənə gülümsədi. Sonra mənə tərəf... dilini çıxardı. Onun bu son jestinin ümidsizliyi məni xeyli üzdü. Öz-özlüyümdə bu gözəlin mənə münasibətini təhlil eləyirdim. “Yaxşı, pəncərədən baxdı, bu yaxşıdı, mən güləndə o da güldü, bu da əla, bəs dilini niyə çıxardı?”

Mən haldan-hala düşürdüm, vəziyyət saniyəbəsaniyə, dəqiqəbədəqiqə dəyişirdi. Dəryada gəmiləri batmış kimi oturmuşdum. Birdən onun otağının qapını yenə açıldı və o, mənim yanıma, aynabəndə daxil oldu. Həyəcanlandım, ama xeyli ürəkləndim, zarafat deyildi, babası burda deyildi, ancaq o, mənim yanımdaydı.

Sən demə, mənim kədərli durmağıma dözə bilməyib. Boynunu yana əyərək, elədiyi hərəkətdən peşman, mehriban bir səslə: “Niyə çay içmirsən?” – dedi. “İçirəm” – səsimi zorla çıxardım. “İstəyirsən çayını təzələyim” – onun səsi o qədər saf və gözəl idi, eləbil, gəl “gizlənqaç oynayaq” deyirdi. Bildim, dilini çıxardığına görə könlümü almaq istəyir. Fincanı qabağımdan götürəndə ona əlimi vurmaqdan özümü güclə saxladım. Nəfəsi düz qulağımın dibində eşidildi.


(davamı olacaq)
# 1531 dəfə oxunub

Oxşar xəbərlər

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

Allahın sonuncu əl işi - Cavid Qasımovun yeni şeirləri

15:00 13 may 2024
Bu da bu cür həyatdır – Elçinin hekayəsi

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

09:05 13 may 2024
Qatarda - İsi Məlikzadənin hekayəsi

Qatarda - İsi Məlikzadənin hekayəsi

11:20 12 may 2024
Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

17:00 10 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

12:00 10 may 2024
Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

09:02 10 may 2024
# # #