Şəhidin adını daşıyan məktəb tövləyə, hinə çevrilib-

Şəhidin adını daşıyan məktəb tövləyə, hinə çevrilib-
12 noyabr 2012
# 08:45
Avtomobildən düşüb hər iki tayı açıq olan darvazadan içəri keçirik. Yemək qoxularının bir-birinə qarışdığı həyətin düz ortasında peyinlə dolu traktor lafeti durub. Ağ-qara forma geyinən uşaqların qaçıb-oynamasından hürkən toyuqlar küncə qısılıb qorxulu nəzərlərlə ətrafa boylanır. Ön tərəfi boyanan binanın arxa tərəfində taxta-dəmir tullantılarından düzəldilmiş eyvanlar yan-yana düzülüb.

Bu təzadlı təsvirdən sonra beyninizdə nə formalaşdığını bilmirəm, amma bura Bərdə rayonunun Əlyanlı kəndinin məktəbidir.

Bir az irəli getdikdən sonra “Xoş gəlmişsiniz” və “Namiq Paşayev adına Əlyanlı kənd tam orta məktəbi” yazılan lövhələri oxumaq olur. Azərbaycan kəndlərində orta məktəblər adətən həmin kənddə, bölgədə doğulmuş, böyümüş və müharibədə şəhid olmuş insanların adını daşıyır.

15 may 1970-ci ildə Bərdənin Əlyanlı kəndində anadan olan Namiq Paşayev də 17 mart 1992-ci ildə Goranboy rayonunun Şəfəq kəndi uğrunda gedən döyüşlərdə həlak olub.

Müharibə zamanı Ağdam rayonundan olan məcburi köçkünlər bu məktəbdə məskunlaşıb. Məktəbin bəzi sinifləri ev, bəzi sinifləri toyuq hini, bəzi sinifləri isə tədris otağıdır. Məktəbin həyətindəki tikililərdən birini köçkünlər tövlə kimi istifadə edir. Həyətin ortasındakı lafet də buna görə dayanıb.

Adını demək istəməyən müəllim ilə söhbətləşirəm. Məcburi köçkünlərin burada məskunlaşmasının onlara çox problem yaratdığını vurğulayır. Sinif otaqlarının çoxu köçkünlər tərəfindən tutulduğu üçün dərslər iki növbədə keçirilir. Ümumi məktəbin yalnız yeddi sinfində dərs tədris edilir. Müəllimin dediyinə görə, 1994-1995-ci illərdə üç növbədə dərs keçirlərmiş: “Elə olurdu gecə çıxırdıq məktəbdən, amma bütün çətinliklərə baxmayaraq məktəb dayanmadı. Ayaq üstə qala bildik. İndi də problemlərə baxmayaraq ali məktəblərə qəbul olanlar var”.

Müəllimlə söhbətdən sonra köçkünlərin birinin qapısını döyürəm. Yaşlı bir qadın qapını açır. Dərhal başqa bir qadın yaxınlaşır və sərt şəkildə nə istədiyimi soruşur. Jurnalist olduğumu, söhbət edib, foto çəkmək istədiyimi bildirirəm. “İndiyə kimi çoxu gəlib-gedib, heç bir xeyri olmayıb”,-deyərək qapını üzümə örtür.

Bir neçə dəqiqədən sonra məktəb zəngi- “neredesin ay yüzlüm” mahnısının melodiyası eşidildi. Bayıra çıxan şagirdlərin qışqır-bağırı artıq ətrafı bürümüşdü.


Emil Bağırov
# 2782 dəfə oxunub

Oxşar xəbərlər

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

09:00 1 may 2025
Perseyin papağı - Həmid Herisçidən yubiley hekayəsi

Perseyin papağı - Həmid Herisçidən yubiley hekayəsi

12:00 30 aprel 2025
"Rusiyanın qiyaməti qopur" - Çəmənzəminlinin Ukraynadan tarixi müraciəti

"Rusiyanın qiyaməti qopur" - Çəmənzəminlinin Ukraynadan tarixi müraciəti

09:00 30 aprel 2025
Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif

10:50 29 aprel 2025
Körpə Tanrının yaratdıqları - Murad Köhnəqalanın yeni hekayəsi

Körpə Tanrının yaratdıqları - Murad Köhnəqalanın yeni hekayəsi

09:00 29 aprel 2025
Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

09:00 28 aprel 2025
# # #